Xalq artisti, məşhur diktor Rafiq Hüseynlinin APA-ya müsahibəsi
...Vədələşdiyimiz yerdə dayanıb sağa-sola boylanıram. Görürəm, uzaqdan bir nəfər əl edir. Rafiq Hüseynlidir. Hə, özüdür ki, var! Öz aramızdı, xəstəyə-filana oxşamır, göz dəyməsin, lap əladır. Görüşüb, hal-əhval tuturuq, ikicə addım atırıq, nə soruşsa, yaxşıdır?
- Sənin pivə ilə aran necədir?
- Lap yaxşı.
- Onda pivə içə-içə söhbət edək.
- Rafiq müəllim, sizə içki olmaz axı.
- Olar, olar. Pivənin bu xəstəliyə dəxli yoxdur. Qulaq as, sən içib işə getsən, problem yaranmaz ki?
- Rafiq Hüseynli ilə içib getmək olar.
Gülür. Bu dəfə bir az da heyrətlənirəm. Cibindən üçcə gilə siqaret çıxarıb birini mənə təklif edir, götürmürəm.
- Evdən çıxanda üç dənəsini oğurlamışam.
- Qutunu götürməyə Səbinə xanım icazə vermir?
Deyəsən, sualımdan bir az alınır. Mənə elə gəlir, xətrinə dəyirəm.
- Yox, cibimə qutu qoyanda, çox çəkirəm.
Kafenin lap uzaq küncündə yerimizi tutub, söhbətə başlayırıq. Mən soruşuram, o cavab verir...
Hə, bunu da deyim, uzatmadan söhbətə başlayaq: əziz Rafiq müəllim, həkimlərinizdən gizli içib-çəkirsinizsə, bu “satqınlığın” babalı Sərvərin boynuna. Necə deyərlər, əlim dinc dayanmadı, biz jurnalistlərin ipinin üstünə odun yığmaq da olar, yığmamaq da...
* * *
- Rafiq müəllim, şəkil çəkməyə icazə vermədiniz. Amma baxıram, maşallah, lap yaxşısınız...
- Tamaşaçının gözü qarşısında, necə deyərlər, imici dəyişmək olmaz. İnsanların yaddaşında necə həkk olunmuşamsa, elə də qalmaq istəyirəm. Ona görə gərək üzrlü sayasınız.
- Tamaşaçının nazı ilə həmişə oynayıbsınız?
- Hər halda, istəmişəm ki, onların qarşısında öz hörmətimi qoruyub-saxlayım. Bilirsən, buna naz deməzdim. Müxtəlif cür tamaşaçı olur. Görürsən, biri məhəbbətlə, başqası paxıllıqla, digəri hətta düşmənçiliklə yanaşır. Əlbəttə, diktor olanda istəyirdik ki, tamaşaçıların hamısı bizi bəyənsin. Amma bu, qeyri-mümkündür. Zövqlər, dünyagörüşü müxtəlifdir. Kiminsə Rafiq xoşuna gəlirdi, kiminsə Roza Tağıyeva. Hər halda, çalışmışam cəmiyyətdə özümü elə göstərim ki, tamaşaçı efirdə bir cür, həyatda tamam başqa cür olduğumu düşünməsin. Efirdə də, həyatda da sadə olmuşam. Heç vaxt özümdən razı olmamışam. Ona görə kimsə “özündən razısan” deyəndə, bu, mənim üçün söyüşdən pisdir. Bu cür adamların dərhal cavabı gəlir - ya yumruqla, ya da...
- Hər halda, sizi sevənlər daha çox olub...
- Başıma bu xəstəlik hadisəsi gələndən sonra gördüm yox, doğrudan da məni sevənlər çox olub. Tamaşaçılardan, mətbuatdan, dostlardan çox böyük diqqət gördüm. Açığını deyim, belə gözləmirdim. Düşünürdüm ki, hə, deyəcəklər, xəstələnib, Allah şəfa versin, vəssalam! Amma əməlli-başlı çağırışlar oldu, mənim haqqımda xoş sözlər yazıldı, nə qədər telefon zəngləri oldu. Bir maraqlı şey danışım: təsəvvür elə, o qədər adam zəng vurmuşdu ki, Bakıya qayıdanda məlum oldu, telefona 300 manat borcum var (Gülür). Xaricdə olduğuma görə bütün zənglər mənim hesabıma yazılırdı.
- Zəngini və yolunu gözlədiyiniz adamlar çox oldu?
- Oldu! İki-üç nəfərdən zəng gözləyirdim, heç maraqlanmadılar. Sonradan zəng edib üzr istəyirlər, deyirəm, üzr nəyə lazımdır axı, maraqlanmayıbsan, yaxşı edibsən, burda nə var? O-bu, həmin adamlarla əlaqəni kəsmişəm. Özüm də bilmirəm, mənim o dostlarım niyə belə elədilər. Deyirdilər, guya səni narahat etmək istəmirdik, xəstə adamsan, istəmirdik səni yoraq. Nə bilim, vallah, boş söhbətlərdir.
- Vaqif Səmədoğlu deyir, məndən xəstəlik haqqında soruşanda əsəbiləşirəm, acığım tutur. Siz də eyni hissləri yaşamırsınız ki?
- Yox, acığım tutmur. Sadəcə, istəmirdim kiminsə mənə yazığı gəlsin. Ona görə indi də müsahibə verəndə, istəmirəm kimsə şəklimi görüb desin ki, bu yazıq nə günə düşüb. O çətin dövrdə çəkiliş üçün heç kimə icazə vermədim. Bilirsən, bu xəstəlik elə xəstəlikdir ki, istər-istəməz insan daxilən çox narahat olur. Sonuncu dəfə Türkiyədə müayinə olunanda həkimlər dedi ki, hər şey qaydasındadır. Amma ola bilər, bir ildən, beş ildən sonra yenə qayıtsın. Buna heç kim zəmanət verə bilməz.
- Vaqif Səmədoğlu ilə danışıbsınız?
- Bax, elə o sözünə görə danışmamışam. İstəməmişəm narahat edim. İkimiz də eyni vəziyyətdə olmuşuq, necə danışım? Vaqif Səmədoğlunu çox istəyirəm, uzun illər dostluğumuz olub, onu çox sevirəm, şəfa diləyirəm. Amma o dövrdə xəstənin xəstəyə zəng etməyi bilmirəm... bəlkə pis təsir edə bilərdi. Amma tez-tez maraqlanırdım, Anarla danışırdıq, halını soruşurdum. Niyə zəng etmədiyimi sözlə ifadə etmək çox çətindir. Vaqif Səmədoğlu ilə danışmağa daxilən hazır deyiləm. Yəqin o da mənim keçirdiyim hissləri keçirib ki, indiyə qədər zəng vurmayıb, hal-əhval tutmayıb.
- Yəqin ölümə qalib gəlmək hissini də ifadə etməkdə çətinlik çəkərsiniz...
- Məni ölümdən xilas elədilər. Ona görə ömrüm boyu Mehriban Əliyevaya borclu qalacağam. Mehriban xanımdan o qədər diqqət gördüm ki. Bir kəlmə müraciətlə hər şey elədi. Tapşırıq vermişdi ki, Almaniyada, Türkiyədə - harada istəyir, müalicə olunsun. Türkiyəyə müayinəyə gedəndə də bütün xərclərim ödənir. Vaxtilə biz böyük maaş almamışıq ki, altımıza var-dövlət yığaq, belə vəziyyətə düşəndə xərcimizi özümüz çəkək.
- Rafiq müəllim, soruşmaq bəlkə bir az yaxşı çıxmır, amma sirr deyilsə, müalicəyə nə qədər xərc çıxıb?
- Bunu indi hesablamaq çox çətindir. Məsələn, bir müayinənin qiyməti 1600 manatdır. Əməliyyat təxminən 26 min manat tutdu. Nə bilim, yəqin 80 min manat xərclənər. Bəlkə daha çox...
- Dövlət səviyyəsində göstəriş verilməzdən əvvəl dostlarınız kömək üçün sizi axtarmışdılar?
- Dostlarım ilk vaxtlar kampaniyaya başlamaq istəyirdilər, mən razı olmadım. Mən Əhliman Əmiraslanova minnətdaram ki, diqqətini üstümdən əskik etmədi. Ona da ömrü boyu minnətdaram. Özü də o qədər yaxınlığımız olmayıb, amma onun nə qədər böyük, sadə insan olduğunu gördüm.
- İstəyirəm, sizə tez-tez verilən suala mən də cavab istəyim: Rafiq Hüseynli Azərbaycan televiziyasına nə gətirdi?
- Televiziyaya səmimiyyət gətirdim. İlk vaxtlar mənə xəbər oxumağa icazə vermirdilər. Sonra gördülər, yox, bu adamın səsi, danışığı bəyənilir, sevilir. Xəbərlərin özünü də adam dilində çatdırmaq lazımdır. Xəbərləri oxuyanda həmişə deyirdim ki, bir qoca hansısa dağ kəndində yaşayır, heç nədən xəbəri yoxdur, mən hər şeyi ona elə çatdırmalıyam ki, başa düşsün.
- Təzə efirə çıxanda Mərkəzi Komitədən zəng edib “Onu efirdən rədd edin” deyən adam kim idi?
- Yox, adını demərəm. Böyük vəzifədə idi. Həmin adam sonradan zəng vurub dedi ki, səhv eləmişəm. Əslində o adamda mən təqsir görmürdüm. Çünki mənim ilk çıxışlarım biabırçılıq idi. Deyə bilmərəm ki, ilk gündən hər şey yüksək səviyyədə idi.
- Necə yəni biabırçılıq idi? Siz müsabiqədən keçib diktor olmuşdunuz...
- Nə olsun? Efirə çıxmaqla müsabiqədən keçmək başqa-başqa şeylərdir. Kameranın qırmızı işığı yananda, istər-istəməz adam özünü itirirdi. Efirə gələn adamlar deyirdi ki, sən Allah, Rafiq, çox sual verib bizi incitmə. Mən də onlara deyirdim, gələndə 100 qram vurun, qorxu canınızdan çıxsın, hər şey əla olacaq.
- Özünüz necə, içib efirə çıxmısınız?
- Yox, qorxunu canımdan çıxarmaq üçün içib efirə çıxdığım olmayıb. Bir-iki dəfə gəlib məclisdən aparıblar ki, xəbərləri oxumalısan. Amma tamaşaçı bunu heç vaxt hiss eləyə bilməzdi.
- 90-cı illərdə televiziyadan öz ərizənizlə uzaqlaşıbsınız. Səbəb kimi yalanla barışmadığınızı demisiniz. İstərdim, bu haqda bir az geniş danışaq...
- Cəmiyyətdəki siyasi oyunlar televiziyaya da sirayət etmişdi. İstəyirdilər, məni də həmin oyunlara qoşsunlar. Məsələn, deyirdilər ki, bu xəbəri mütləq Rafiq oxusun. Tutalım, Sumqayıtda bir hadisə olurdu, deyirdilər, xuliqanlar filan-filan elədilər. Mən bilirdim ki, belə deyil. Yaxud təyyarə vurulurdu, deyirdilər, hansısa qayaya çırpılıb, partlayıb. Bilirdik, belə deyil, yalandır. Amma məcbur edirdilər ki, sən diktorsan, oxumalısan. Hətta mənim bir kollektivdə çalışdığım insanlar haqqında informasiya göndərirdilər ki, bunlar satqın çıxdı və s. Ona görə etiraz edib işdən çıxdım. Özü də hardasa iş tapmaq ümidim yox idi. Sonradan dedilər, guya Rafiq kooperativ açıb. Bunu mən hansı pulla edə bilərdim?
- Bizneslə məşğul olmayıbsınız?
- Yox, nə danışırsınız?! Heç vaxt! O vaxt bir “prorab” zəng vurmuşdu ki, Rafiq müəllim, sizin adınızı yazım, heç olmasa maaş alasınız. Çünki tamam işsiz qalmışdım. Dostlarım sağ olsun, o dövrdə çətinliklə dolanırdım, köməklik etdilər, vəziyyətdən çıxdım.
- İndi dolanışığınız necədir?
- Babat! Varlı deyiləm. Nə qədər maaş alsam da, bəs eləmir. Əsas odur ki, uşağımın, ailəmin ehtiyaclarını ödəyirəm.
- Sonralar televiziyaya dəvət olunmadınız? Məsələn, Məmməd İsmayıl sədr olanda, nə əcəb sizi dəvət eləmədi?
- Nə Babək, (Babək Hüseynoğlu 1993-1996-cı illərdə AzTV-nin sədri olub - red.), nə də Məmməd İsmayıl, heç biri dəvət eləmədi. Məmməd Murad rəhbər olanda məni sədr müavini götürdü. Bir il işlədim, gördüm yox, mən istədiyim deyil, ərizəmi yazıb çıxdım. Daşkənddə film üzərində işləyirdim, Nəcəf Nəcəfov zəng elədi ki, Elçibəy sizinlə görüşmək istəyir. Görüşdük, çox səmimi qarşıladı. Elçibəy təklif etdi ki, Məmməd İsmayıla müavin olum, qəbul etmədim.
- Niyə?
- Nə bilim, dedim, mənim zövqüm tamam başqadır. Mən Qərbə baxıram, onlar Şərqə baxır. Ümumiyyətlə, müavin getmək istəmirdim.
- Belə başa düşdüm, Elçibəydən sədr vəzifəsini gözləyibsiniz, o da təklif etməyib…
- Yox, yox, gözləmirdim (Gülür). Qətiyyən! Sədr olmaq fikrim olmayıb. Mərkəzi Komitədən mənə sədr vəzifəsi təklif olunmuşdu, istəməmişdim. Mənimki ancaq televiziyadır. Radio və televiziya bir yerdə mənlik deyildi. Sədr olanda, gərək həm də radioya rəhbərlik edəsən, ona görə qəbul etmədim. Ümumiyyətlə, heç vaxt vəzifə dalınca qaçmamışam. Çünki populyar adam idim, vəzifə nəyimə lazım idi? Məsələn, mən ömrümdə rüşvətin nə olduğunu bilməmişəm.
- İndi soruşsam, deyəcəksiniz mənə rüşvət təklif olunmayıb?
- O qədər… Rayonlara çəkilişə gedirdik, birinci katiblər bizi qəbul edirdilər. Özü də onlar məni çox böyük adam hesab edirdilər. Millət elə bilirdi ki, televiziyanın rəhbəri elə mənəm. Bir fabrik müdiri vardı, görüşdük, söhbətin axırında bir bağlama pulu qəzetə büküb, cibimə qoymaq istəyirdi. Dedim, bu nədir, belə şey olmaz. Təkid elədi: dostlarla yeyib-içərsiniz. Dedim, heç vaxt qəbul edə bilmərəm ki, sabah bu veriliş efirə gedəndə dostlarınızla yeyib içə-içə deyəsiniz “Rafiq də gəldi, onu yola saldım, getdi”. Bunu qəbul edə bilmərəm. Sonra həmin adam bizim sədrin yanında çıxış eləyəndə danışdı ki, evdə arvad-uşağa deyirəm, gülürlər ki, pul götürməyən adam olar?
- Azərbaycan cəmiyyətində sizi narahat edən ən böyük problem nədir?
- Azərbaycan dilinə görə çox narahatam. Biabırçı vəziyyətdir. Televiziyada çıxış edən adam rus sözləri işlətməməlidir. Bizim yumor ustalarımız elə bilir, rus sözlərini işlədəndə adamlar çox güləcəklər. Efir rus sözləri ilə doludur.
- Müstəqil kanallardan hansına baxırsınız?
- Baxmalı nə verirlər ki? Daha çox ANS-in xəbərlərinə baxmağı xoşlayıram. ATV-nin xəbərləri çox maraqlı olur, sosial problemləri qaldırırlar, onların həllinə çalışırlar. Belə...
- Peşəkar aparıcılardan kimlərin adını çəkə bilərsiniz?
- Bir dəfə mən müəllimə sual vermişdim ki, şəxsiyyətə pərəstişə münasibətiniz necədir? Müəllim maraqlı cavab vermişdi: şəxsiyyət varsa, pərəstiş də olacaq. Həmişə demişəm: aparıcı şəxsiyyət olmalıdır. Elə səviyyədə aparıcı olmalıdır ki, ona şəxsiyyət kimi hörmət edilməlidir. Yoxsa bu gün ciddi verilişə çıxıb, sabah yüngül verilişdə əl-qol atırsansa, deməli, sənin imicin korlanır. İndi aparıcıların çoxu tamadalıq edirlər. Sözsüz ki, AzTV-nin aparıcıları bunu etmirlər. Amma başqa kanalların aparıcıları toylara gedirlər. Tamadalıq da məktəbdir, gərək onu bacarasan. Başqa məsələ də var: aparıcını bir kanaldan qovurlar, gedib başqasında işləyir. Mən istəyirəm, aparıcı bir kanalda uzun illər işləsin, onu görən kimi bilim ki, hansı kanala baxıram. Mənə çox böyük məbləğdə pul təklif ediblər ki, toyda tamadalıq edim, razı olmamışam. Özümə sığışdıra bilmərəm ki, mən danışanda kimsə yemək yesin, deyib-gülsün. Bilirsiniz, hər kəsin pula ehtiyacı var, başa düşürəm, dolanmaq çətindir, adam məcbur olub, tamadalıq edir. Amma o da var ki, həmin aparıcılar bahalı maşında mənim yanımdan keçirlər, köhnə “Mercedes”imə baxıb deyirlər, bu da bizim məşhur aparıcımız. Bahalı maşın almağa mənim imkanım yoxdur. Aldığım maaş ancaq dolanışığıma çatır. Allaha şükür, şikayətçi də deyiləm. Özəl prodakşnlarda, “Azərbaycanfilm”də filmlərə mətn oxuyuram, dolanışığım çıxır. Özü də ucuz oxumuram. Mən səsimin qiymətini bilirəm.
- Azərbaycan kinosundakı islahatları, kinostudiyada aparılan işləri necə qiymətləndirirsiniz?
- Şübhəsiz, müəyyən işlər görülüb, islahatlar aparılıb. Kinostudiyanın direktoru Müşfiq Hətəmov mənə çox yaxın, təmiz, gözəl insandır. Bilirsiniz, elə şeylər var ki, onlar Müşfiqdən də asılı deyil. Kinostudiya təmir olunmalıdır. Bunun üçün də külli miqdarda vəsait lazımdır. Mədəniyyət və Turizm Nazirliyi də filmlərin sayını artırıb, çalışırlar ki, keyfiyyətli filmlər çəkilsin.
- Kimləri oxuyursunuz?
- Gözəl jurnalistlər, köşə yazarları var. Onları bəyənirəm.
- İstəyirəm, sosial-ictimai məsələləri burda saxlayıb, məsələn, sizin uşaqlığınızdan danışaq...
- Mənim uşaqlığım olmayıb. Əvvəla, 14 yaşımda atamı itirmişəm. Atamdan sonra ailəmizin çətin günləri başladı. Anamın iki diplomu vardı, atam onu işləməyə qoymurdu. Atam ticarətdən yaxşı qazanırdı, anamın işləməyinə ehtiyac olmurdu. Mənim də yoldaşım işləmir. Evdə ANS üçün ssenari yazır. Otuz seriyasını yazıb bitirib, əlavə 30 seriya da sifariş veriblər. Xanım üçün bundan yaxşı nə ola bilər? Özü də hara düzəldim? Politologiya İnstitutunu bitirib, istəmirəm AzTV-yə getsin, orda işləsin. Çünki başım çox ağrıyardı. Birdən zəif aparıcı olsa, mənim haqqımda nə deyərlər? Deməzlər ki, özü evdədir, bir aparıcını yetişdirə bilmədi?
- Müsahibənizdə demisiniz ki, Şuşadan fərqli olaraq, İçərişəhərdə məni evdən bayıra buraxmırdılar ki, gedib pis uşaqlara qoşularam. Pis uşaqlara qoşulub nə edə bilərdiniz? Məsələn, siqaret çəkə, qız dalına düşərdiniz?
- (Gülür) Yox, qız dalına düşə bilməzdim, çünki İçərişəhərin öz qanunları vardı. İçərişəhərdə yaşayan qızlar Qoşa Qala qapısından içəri girəndə özlərini evdəki kimi hiss edirdilər.
- Qız üstündə dalaşmısınız?
- Bir dəfə qız üstündə məni bıçaqlayıblar. Bir yerdə işlədiyimiz qızlarla yol gedirdik, onlara söz atdılar, dava düşdü. Əlimi sinəmə atanda gördüm, qan içindəyəm. Apardılar “Semaşko” xəstəxanasına. Polis sual-cavab elədi, ad vermədim.
- Rafiq Hüseynli deyəndə, ilk ağıla gələnlərdən biri niyə qadın olur?
- Onu siz bilərsiniz (Gülür).
- Qadının ürəyini fəth etməyin “resept”ini deyin, cavanlar bəhrələnsinlər...
- İlk növbədə kişi olmaq lazımdır. Kişi kişi kimi hərəkət etməlidir, kişi kimi davranmalıdır. Açığını deyim, heç bir qızla təkidlə tanış olmağa çalışmamışam.
- Memuar da yazmırsınız...
- Yaza bilmirəm. Bir müddət əvvəl yazmağa başladım, gördüm, yox, alınmır, ancaq özümü tərifləyirəm. Ona görə mənim haqqımda yazsalar, yaxşı olar. Məsələn, Ramilə Qurbanlı istədi, gəlib yazdı. Yazın ki, Rafiq Hüseynli bir dənədir, ondan yoxdur. (Gülür)
- Siz həm də 17 yaşlı oğul itirmiş atasınız. Bu haqda heç vaxt geniş danışmayıbsınız. Çətin deyilsə, mənimlə bölüşməyinizi istərdim…
- Heç bilmirəm o adamı buraxdılar, ya yox. Çünki on dörd, on beş ildən sonra işlər bağlanır. Sənədlər yoxdur, qalmayıb. Maraqlanmışam, deyiblər belə bir şey yoxdur. Oğlum birinci kursu cəmi 3-4 ay oxudu. O yaşasaydı, mənim indi nəvələrim vardı. Bilmirəm, niyə belə oldu...