Məşhur tərcüməçinin qızı: “Mənim doğulmağımı istəməyib”

Məşhur tərcüməçinin qızı: “Mənim doğulmağımı istəməyib”
29 dekabr 2014
# 09:00

Kulis.az “Atamın xatirəsi” layihəsindən radio jurnalisti Günel Natiqin, atası, məşhur tərcüməçi Natiq Səfərova həsr etdiyi “Kələmin içindən çıxmış qızın nağılı” essesini təqdim edir.

Atam böyük bacımdan sonra oğul arzusundaymış. Lakin mən dünyaya gəlmişəm. Çox pərt imiş. Gündəliyində yazır ki, məni işdə elə təbrik edirlər, elə bil iki qızı mən özüm dünyaya gətirmişəm...

Bir neçə gün beləcə ötür. Bu müddət ərzində atam mənim beşiyimə yaxın gəlmir, səsim belə onu qıcıqlandırır. Və günlərin birində anam qonşuya gedir. Mən isə buna bənd imiş kimi ağlamağa başlayıram. Anamın gəlib çıxmadığını görən atam əlacsız qalıb beşiyə özü yaxınlaşmalı olur.

Atam deyirdi, mən beşiyinə yaxınlaşar-yaxınlaşmaz sən ağlamağını kəsdin və diqqətlə mənə baxmağa başladın. Və birdən qəribə bir şey baş verdi; sən gülümsədin və özünü sevdirməyə çalışan pişik balası kimi əzilib-büzüldün. “O andan mən səni çox sevməyə başladım”, - deyə atam nağıl edirdi.

Bəzən deyirdi, biz səni kələmin içindən tapmışıq və bunu elə bir şirinliklə nağıl edirdi ki, mən ona qısılaraq təkrar-təkrar söyləməsini xahiş edirdim. Zibilliyin içində bir kələm varmış, atam təsadüfən yaxınlaşanda kələmin yarpaqlarının arasında qəşəng bir uşaq görmüş, zir-zibildən təmizləyərək evə gətirmişdi.

Mən uzun-uzun bu əhvalata gülür, hədsiz həzz alırdım. Atam nağıl söyləməyi sevərdi və onun nağılları başqa nağıllara bənzəməzdi. Səsinin ahəngi bu nağıllardakı hadisələri müşayiət edər, sanki canlı təsvirini yaradardı. Sonralar mən anladım ki, bu nağıllar qədim pritçalar imiş. Atam bunu mənim uşaq şüurumun anlayacağı şəkildə sadələşdirirmiş və özündən əlavələr edərək mənə söyləyirmiş.

Mən lap balaca olanda astma xəstəliyinə tutulmuşam. Müalicə uzun çəkib, anam mənimlə birgə bir neçə ay xəstəxanada yatmalı olub. Əsəb xəstəliyindən əziyyət çəkən atam həyatda ən böyük stressi bəlkə də o vaxt almışdı. Atam deyirdi, sən çox zəif və balaca idin. Xəstəlik səni heydən salmışdı. Səni bu halda görmək məni sarsıdırdı. Hər gün xəstəxanaya – sizə baş çəkir, səninlə oynayır, başını oyuncaqlarla qatırdım. Evə getmək vaxtı gələndə sən sanki hər şeyi anlayır və arxamca ağlamırdın, eləcə kirimişcə ananın qucağında oturub heysiz-heysiz ardımca baxırdın. Bu səssiz baxışlar məni qapıya qədər ötürür və sonra da rahat buraxmırdı...

Mən atamın gözündə heç böyümədim. Mənə həmişə “Yuxularımda səni balaca qız kimi görürəm”, - deyərdi - “Bəlkə ona görə ki, sənin o balaca vaxtların mənim yaddaşımda çox dərin iz qoyub. Məni elə sarsıdıb ki, səni elə o balaca, müdafiəyə ehtiyacı olan uşaq kimi düşünürəm...”

Bəlkə buna görə atam haqqında hər dəfə yazmaq istəsəm də fikrimdən vaz keçmişəm. Çünki onun haqqında yazanda özümü həmin o balaca və çarəsiz qız kimi hiss edirəm. Və özümə güvənmirəm. Bu aciz qız nə yaza bilər ki.

Bəzən məni gəzməyə aparardı. İçərişəhərə, muzeylərə və əlbəttə ki, oyuncaq mağazalarına gedərdik. Maaşının azlığına baxmayaraq, üzümü güldürmək üçün mənə bahalı oyuncaqlar alar, “amma anana qiymətini söyləmə” - deyə tapşırardı. Bəzən mənə elə gəlirdi, bütün şəhər onu tanıyır. Çünki hər addımbaşı onu saxlayır, hal-əhval tutur, qucaqlayıb-öpürdülər. Atam mehriban və xeyirxah idi, hər kəsi öz dilində dindirməyi bacarırdı.

Mən ona baxıb addım atmağı öyrənmişdim. Bəlkə ona görə yerişimiz də bənzəyirdi. Atamın özünəməxsus yerişi vardı və şəhərə gəzməyə çıxanda rastımıza çıxan tanış-biliş oxşar yerişimizə işarə edib gülərdilər. Mən isə utanmaq yerinə fəxr edərdim...

Mən özümə qapalı, bədbin bir uşaqdım. Atam bunu hiss edər, məni daha çox əzizləyərdi. Böyük bacım anamla yaxşı anlaşırdı, mən isə uşaqlıqdan atamın mühitində böyümüşdüm, ümumiyyətlə qadınlar nədən söhbət edər, necə söhbət edər, xəbərsizdim. Atamla futbola baxır, tennis oyunlarını seyr edirdim. Atam idmanı sevirdi. Yüngül atletikanı, boks yarışlarını, ən çox da futbolu. Maraqlı idi ki, dünya çempionatlarının dəqiq proqnozunu verirdi. Mən adətim üzrə mübahisə edir və hər dəfə də haqsız çıxırdım.

Atamın iş otağı yox idi, çünki mənzilimiz cəmi iki otaqdan ibarət idi. Heç yazı masası da yox idi, çünki onu qoymağa nə yer var idi, nə də ki, almağa həvəs. Evdə o qədər çatışmayan şey var idi ki. Atamın yazı yazdığı masanın bir ayağı qırıq idi. O, masanın yuxarı başında oturub yazardı, mən aşağı başında. Bəzən mən masaya dirsəklənəndə tarazlıq pozulur, atamın qələm tutan əli əsirdi. Tez səhvimi anlayır, masayla dostlaşmağa çalışırdım. Çünki bu masada atam öz dünyasını və bu dünya içində bizim dünyamızı yaşadırdı.

Bütün gecə oturub yazardı. Nəinki bundan gileylənər, əksinə böyük zövq alardı. Tərcümə edəndə çay içər və siqaret çəkərdi. Çayı çox vaxt özü süzərdi. Çünki bu vaxt həm bir neçə dəqiqəlik işdən ayrılıb dincəlir, həm də yazdıqları haqqında düşünmək üçün vaxt qazanırdı. Bədii tərcüməylə bağlı böyük arzuları vardı. “Karamazov qardaşlarını” dilimizə çevirmək istəyirdi. Təəssüf ki, bunun üçün imkan və şərait yox idi. Bəzən məşhur deyimi təkrarlayırdı: “Eləyirəm tərcümə, xırda-xuruş xərcimə”. “Xırda-xuruş tərcümələr” deyəndə kimlərəsə yazdığı kitabları və dissertasiyaları nəzərdə tuturdu.

Müsahibələrinin birində “İndi nə işlə məşğul olursuz?” sualına həmişəki incə yumoruyla İlya İlf və Yevgeni Petrovun “On iki stul” əsərindən sitat gətirmişdi: “Deyir, o, bütün dünya elmlərinə yiyələndikdən sonra süpürgəçi işləyirdi”.

Hər dəfə evə gələndə mənə nə isə alıb gətirərdi. Pirojna, konfet, hətta artıq gənc qız olmama baxmayaraq, oyuncaq. Bilirdim ki, o, bizə görə yaşayır. Hər şey mənasını itirəndə onu həyatda tutan yeganə varlıq biz idik.

Heç vaxt məni üzümə tərifləməzdi. Ümumiyyətlə, tələbkar və məsuliyyətli adam idi. Yazı ideal səviyyədə olmalı idi, əks halda onu yazmağın mənası yoxdur. Mənim radio proqramlarım haqqında bir dəfə də olsun xoş söz söyləmədi, demək olar ki, dinləmədi də. Mən bunu təbii qəbul edirdim. Amma bu yaxınlarda bir telefon söhbəti hər şeyi dəyişdi. Bizə yaxın olan bir rus qadını – onun atama hədsiz hörməti var idi, - mənə dedi ki, Günel, bilirsən, o səninlə necə fəxr edirdi? “On vseqda qovoril...” Qadının sözlərini qırıq-qırıq eşidirdim, çünki mənim kimi onu da qəhər boğurdu. Beləcə heç nə demədən səssizcə ağladıq və heç nə demədən səssizcə dəstəyi asdıq.

Atamdan sonra evdə hər şey əvvəlki kimidir. Bircə o masa yoxdur. Atamdan sonra bir ayağı sınıq o masa dəyərini itirdi və gözümüzdən düşdü. Yəqin masa özü də öz gözündən çoxdan düşmüşdü.

Atam yuxularıma tez-tez gəlir. Elə bil heç nə olmayıb. Aradan illər ötməyib. Elə bil bu vaxt ərzində biz - o, anam və mən kiçik evimizdə bərabər yaşamışıq. Yenə gün boyu olanları ona nağıl edirəm. O da bığaltı gülümsünür. Və hər dəfə yuxudan oyananda varlığının sevincini yaşamağa macal tapmamış yoxluğunu dərk edir və onu yenidən itirirəm.

Və beləcə həyat davam edir...

# 1159 dəfə oxunub

Müəllifin son yazıları

# # #