Kulis.az Elməddin Süleymanovun “Melodiya” essesini təqdim edir
I: ƏLVİDA
“Evlərinin tininə burulmamış maşını saxladı. Təhminə elə maşının içindəcə Zaurun boynundan öpdü:
- Əlvida – dedi və tələsik maşından çıxıb iti addımlarla evlərinə tərəf addımladı.
“Əlvida. Sağ ol. Hələlik.” Vida sözlərinin heç bir fərqi yoxdur. “Hələlik” deyib ömürlük ayrılmaq olar. “Əlvida” deyib üç gündən, üç saatdan, on beş dəqiqədən sonra yenidən görüşmək də…”
(“Beşmərtəbəli evin altıncı mərtəbəsi” II. Fəsil. / Anar, 1978.)
Əvvəlcə söz var idi və söz, tanrıydı.
Buradakı tanrı sözünü, köhnə yunancaya məxsus melodiya sözüylə dəyişdirmək xoşuma gəlir. Eynilə belə: Əvvəlcə söz var idi və söz, melodiya idi. (Sözün musiqiyə təntənəli qayıdışı).
Qeyd etmək lazımdır ki, hər sözün melodiyası olmur. Lakin bu göy üzünün altında dilə məskən olmuş elə ifadələr var ki və xüsusiylə bu ifadələr eyham vurduqları, kəsb etdikləri mənalarla da səsləniş-vurğu baxımından lirik, sentimental, xoşbəxt, poetik və ya hüznlü əlaqə içinə girirlərsə – o sözlər “sadəcə bir söz” olmaqdan çıxıb hərəkətə bürünürlər.
Həyatımın uzun illəri boyunca dilimin əvəzsiz yaddaşlarından biri olan “əlvida” sözü də belələrindəndir. Mənası etibariylə xeyli köklü kədərə malik bu sözün digər dünya dillərindəki qarşılığıyla, “bir daha görüşməməyin”, “bir daha görməmənin – bilməmənin iztirabı” lirikasını müqayisə edirəm.
Amerikalılar “farewell” sözündən istifadə edirlər; “farewell” ə sinonim olaraq isə “goodbye” sözü işlədilir. “Goodbye” sözündə kədərin hərəkəti nəzdində əskiklik duyğusu hiss edilir; o, daha çox “hələlik” – indi və burada – “görüşərik/görüşəcəyik” optimistliyini ötürür. Ancaq “farewell” elə deyil. Bu ifadənin varlığında xüsusi, ağır, ifadə edilməsi çətin olan bir yanğı gizlənir…
Fransızlar “au revoir” (ouğva), Ruslar, “прощай”, çexlər “sbohem” (qəribədir: onlar daha çox “gülə-gülə” mənasında vidalaşırlar), Polyaklar “pożegnanie” sözlərinə ehtiyac duyurlar. Kədərli kişilər və qadınlar vətəni İtaliyada “addio”, Portuqallarda “adeus” (hər iki ifadə adagio – ağır templi musiqini xatırladır) deyə vidalaşırlar.
Eyni zamanda mərkəzi Avropa dillərinin əksəriyyəti “adius”-dan istifadə edirlər.
Makedonlarda vidalaşma anları bir az daha mistik motivə dönüşür; onlar “збогум”-dan istifadə edir. Yəni, Tanrıyla ol. Səni, ona tapşırıram. Dərinliyə endikdə çox təsirli bir əlvidadır bu…
Ayrılıq (seperation) anları bir çox halda arzu edilən son an olmadığı üçün əlvidalar, heç nəyin geri qayıtmayacağı/əvvəlki tək olmayacağı fonunda şüurdan dilə “dünyəvi kədərlə” ötürülürlər.
Birinə – ələlxüsus bir yurda, sevilən bir kəsə əlvida sözünü işlətmək xeyli çətin vəziyyətdir. Daha da çətini – əgər o çıxılmaz bir hal, qəti olandırsa – əlvidanı reallaşdırmaqdır. Bu hərəkəti nə tanrılar, nə sözlər, nə də melodiyalar ifadə edə bilər…
II: NİYƏ
Hər nəticənin yaxşı-pis bir səbəbi olur və iddia etmək mümkündür ki, insan yaradılış tarixi boyunca nəticəni üzə çıxardan səbəblə daha çox maraqlı olub. Nəticənin həlledici olması üçün səbəbin inandırıcılıq dərəcəsi mütləqdir. – Bu vəziyyətdə isə insan qarşı tərəfə “niyə” sualını ötürür.
“Niyə” xeyli yüklü, ağır bir sualdır. Bakının qızmar yay səhərlərinin birində bu sual haqqında qısa araşdırma etmişdim. Araşdırmanın – qısıtlı – nəticəsinə əsasən deyə bilərəm ki, təkcə sentimental və lirik dil qrupuna aid edilən Azərbaycanca da deyil, demək olar kökü və yaşı hardasa insanla eyni olan digər bəzi dillərdə də bu sual, qarşı tərəfə çarəsizliyin ifşası üçün ötürülür və qarşı tərəf sözügedən sualın ağırlığı altında əzilir.
Fikir verək: Fransızlar “pourquoi” (pu’kva), Portuqallar “porque” (porke), İtalyanlar “perche” (perke) deyir. Orta avropalılara nəzər saldıqda Xorvatlar “zašto”, Çexlər “proč”, Macarlar “miért”, Ruslar “почему”, Estonlar “чаму” deyirlər.
Demək olar bütün dillərdə “niyə” sualı həm də səbəb dilənçisi mövqeyində olur; və əgər fikir versək, bütün intonasiyalarda (xüsusilə lirizmin vətənlərində) səbəblər oxşar kədərlə axtarılır. Niyə, çünki çarəsizəm.
Pourquoi, chéri? – deyə soruşur bir fransız kişi qadınından. Xəyanət edən ərinə belə səslənir italyan bir qadın: Perche, Marcello? Прощай! Почему, дорогая? Bir yanğı, bir peşmançılıq və günah yatır sanki “niyə” sualında. Eynilə Yusifin dilindən eşidildiyi kimi: “Məni niyə gözləmədin?”
Bəlkə də heç səbəb yoxdur…
III: DUYĞUNUN DİLİ
Dünya dillərində hərəkətin irimiqyaslı mənasını ifadə edən, lakin bunun bir cəzası kimi, başqa dillərdə qarşılıqları olmayan bəzi sözlər mövcuddur.
Məsələn təkcə Çex dilinə məxsus, litost ifadəsi var. Litostu ən sadə halıyla açıqlamaq cəsarətində olsaq, onu, insanın varlığında yatan yazıqlığının çölə çıxma halı kimi təsvir edə bilərik.
Milan Kundera “Gülüşün və unuduşun kitabı” adlı romanında Litosta ayrıca bir hissə ayırıb, sözün daxili mənasını personajlarının həyatıyla kəsişdirir.
Mən isə qısa olaraq iki misalla belə açıqlamağa cəhd göstərim:
Misal 1: Bir insan sırf bərbad halda akordeon ifa etdiyi üçün özünü asmağa qərar veribsə və bunun dolaylı səbəbi, özünü asacaq insana bərbad olduğunu xatırladan akordeon müəllimidirsə və o insan özünü öldürdükdən sonra, ölümüylə, o müəllimin də öldürüləcəyinə (və ya sonsuz kədərin varlığıyla günü gündən məhv olacağına) əmindirsə, bu onu xoşbəxt etməyə (bəlkə də özünü öldürməyə) yetərlidir. Bu üzə çıxan xoşbəxtlik-məmnunluq anı, litostdur
Misal 2: Eyni zamanda litost iki insan arasında yaranan ehtiraslı sevgiylə də açıqlanır. Belə ki, bir qız və bir oğlan təsəvvür edək: Sevgilidirlər. Göldə üzməyə gedirlər. Qız professional üzgüçüdür. Oğlan isə orta sıravi insanlar kimi üzməyi bacarır. Oğlan təhtəlşüur olaraq özünü əzdirməmək üçün əsəbi halda üzməyə, istedadlı olan qızdan daha yaxşı olduğuna özünü inandırmağa çalışır. Hərəkətləri bunu büruzə verir. Qız isə bunun fərqindədir, yavaş-yavaş üzür. Yarışırlar. Qız professional olduğu üçün, instinkt məsələsi araya girdiyinə görə finala bir az qalmış sürətlənərək oğlana qalib gəlir. Bu an isə oğlanın litostu üzə çıxır. O, qıza sillə vurur. Sillənin səbəbi isə, misal olaraq, o qızın başqa oğlanla vaxtı ilə niyə yatdığıdır. Yox, əslində səbəb litost, yəni qızın ondan daha yaxşı olmasıdır. Lakin o çarəsizdir. Heç kim ondan yaxşı üzdüyünə görə birini vurmalı deyil. Bunu dolayı yolla, başqa səbəblərlə örtmək mümkündür və bu hal, litostu yaradır.
Milan Kunderanın bir digər romanı “Bilməmək”də nostalgiyaya duyulan həsrət haqqında belə bir passaj var: İspan dilindəki “añoranza”, “añorar” (nostalji duymaq, darıxmaq) feilindən gəlir, o da latınca “ignorare” – “bilməmək” sözündən yaranmış katalon dilindəki “enyorar”dan yaranıb. Bu etimoloji izahatın işığında nostalji “bilməməyin acısı” olaraq ortalığa çıxır. Uzaqdasan və mən sənə nə olduğunu bilmirəm. Bəzi dillərin nostaljini izah etməkdə çətinlikləri var. Fransızlar nostaljini ancaq yunan köklü “nostalgie” ismi ilə ifadə edirlər və felləri yoxdur. Belə ifadə edirlər: “Je m’ennuie de toi” (Sənin üçün darıxıram).
Amma “s’ennuyer”(darıxmaq) sözü zəifdir, soyuqdur, istənilən halda belə ciddi bir duyğunu tam ifadə etmir. Almanlar nostaljini yunanca çox nadir halda istifadə edirlər və “Sehnsucht” deməyə üstünlük verirlər: orada olmayana duyulan istək. Amma “Sehnsucht” heç vaxt olmayana (bir macəraya) qarşıda duyula bilər və mütləq “nostos” düşüncəsini ehtiva etməz. “Sehnsucht”un içinə dönüş ifadəsini qata bilmək üçün, yanına bir tamamlıq əlavə etmək lazımdır: “Sehnsucht nach der Vergangenheit, nach der verlorenen Kindheit, nach der ersten Liebe” (Keçmişə, itirilmiş uşaqlığa, ilk sevgiyə həsrət).
Digər tərəfdən Portuqalların istifadə etdiyi “Saudade” ifadəsinə diqqət kəsilək; sözügedən ifadə “artıq olmayan, gedən birinə, orada olmayan və olmayacaq olana qarşı hiss edilən kədəri başa salmağa çalışır.
Yekunlaşdıraq: Dilin kasadlığı sanballı duyğuları ifadə etməkdəki acizliyiylə ölçülür. Belə halda isə biz ya duyğularımıza, ya da onları təsvir edəcək sözlərə inanmağı tərgitmişik.
Lakin bir də belə: Duyğuları yaşamayan biri onları sözlərlə açıqlamağa ehtiyac hiss etməz.
Sözlər artıq uzun zamandır gücünü itirib.