Yazarlardan ehsan qadağasına MÜNASİBƏT

Yazarlardan ehsan qadağasına <span style="color:red;">MÜNASİBƏT
11 sentyabr 2014
# 12:51

Kulis.az internet jurnalı öz yazarları arasında yas mərasimlərində israfçılıq və dəbdəbənin ləğvi ilə bağlı sorğu keçirdib.

Seymur Baycan: “Axırıncı yazımda təxminən buna münasibət bildirmişəm. Əlbəttə, çox yaxşı olardı ki, insanlar özləri özlərini tənzimləməyi bacarsınlar. Ağın çıxarmasınlar. Təəssüflər olsun ki, bizim insanlar sərhədləri müəyyən edə bilmirlər. Sadəliklə bayağılığın, azadlıqla əxlaqsızlığın sərhədlərini bilmirlər. Bunda da həmişə əndazəni aşırlar. Çünki darıxırlar. Ona görə də yas, toy məclisi bunların yeganə əyləncəsidi. Hər şeyi orda edirlər. Orda görüşürlər, orda oynayırlar, maşınlarını göstərirlər. Orda ata-anaya diqqət göstərirlər. Çox yaxşı olardı ki, bu tənzimləmə maarifləndirmə yolu ilə aparılsın. İnsanlarla başa salınsın. Görünür ki, çox az adama çatır. Digər tərəfdən baxanda dövlətin müdaxiləsi də ürəkaçan deyil.”

Vüsalə Məmmədova: “Başqa yolu yoxdur! Bu “müsəlman məclisi”dir və müsəlman da qılınc müsəlmanıdır. Heç bir insan doğmasını itirib deyə molla nazı çəkməli deyil. Bir neçə il əvvəl bir qohumumuz rəhmətə getmişdi. Ailə üzvləri öz dərdləri ilə əlləşdiyi vaxt molla əlimizə uzun bir siyahı verdi ki, çayın yanında bu xuruşların hamısı olmalıdır. Olmazsa nə olar soruşanda mənə “yoxsa ölünüz urvatsız olar” dedi. Çox istəyərdim ki, bu qadağalar təkcə ehsana yox, bütün yas mərasimlərinə qoyulsun. İnsan niyə öz doğma torpağına qovuşmaq üçün pul ödməlidir? Özü də 1000 manatdan başlayan qiymətlərlə? Bu absurddur! İnsan torpağa çevrilmək üçün pul ödəyir... Qadağalar olmalıdır və birinci məzar yerinin pulla satılması qadağan olunmalıdır... Bu torpaq bizim heç olmasa cəsədimizə pulsuz yiyə durmalıdır. Nəhayətində biz yerin altında obyekt açmağa, pul qazanmağa yox, ona çevrilməyə gedirik. Arzum: Torpağa giriş pulsuz olsun. O olandan sonra mərasim xərcləri özü qaydasına düşə bilər”.

Sevda Sultanova: “Biz internetlə, televiziyayla dünyada baş verənlər haqda məlumat alırıq, aktual trendlərdən xəbərdarıq, müasir geyinirik və sair, amma toy-yas mərasimlərinə qəbilə təfəkkürü ilə yanaşırıq. Yas mərasimləri mahiyyətindən uzaqlaşaraq bütün mənada qonaq qarşılama mərasimlərinə çevrilib. Yəni baş çəkənlər yas sahibinə təsəlli verməkdən, dərdinə şərik olmaqdan çox, yas sahibi qayğılanır ki, masada hər şey qaydasındadırmı, plov dəm-dəsgahı ilə verildimi, mer-meyvə yerindədirmi, filankəs yaxşı yeyib-içə bildi? Qəbilə təfəkkürü ilə düşünürük ki, birdən nəsə yerində olmaz, qonum-qonşunun yanında biabır olarıq. Və bunun üçün az qala bütün varidatımızı xərcləyirik. Yas-toy mərasimləri qarın doyurma məclisidir. Bu, azərbaycansayağı istehlakın idbar formalarından biridir. Necəsə bunu dəyişmək lazımdır. XXI əsr insanı maarifçiliklə dəyişmirsə, inzibati yollara əl atılması məqbuldur. Həm də təkcə bunu yox, yaslarda mollaların mərsiyə oxuyub camaatı ağlatmasını da yığışdırımaq lazımdır”.

Şərif Ağayar: “Bizim yas mərasimləri israfçılıq baxımından çox bərbad vəziyyətdədir. Qəribədir, bunu hamı etiraf edir, amma praktikaya gələndə heç kim qabağa düşmür. Çünki, biz həyatımızı kənardakılara çox hesablayırıq. Hətta xalqımızın belə bir “müdrik” söyüşü də var: “Ehsansız ölən dədən belə olsun!” Bu, çox incə, həssas məsələdir və müqavimətini itirmiş cəmiyyətdə heç vaxt öz-özünə tənzimlənməyəcək. Ona görə düşünürəm ki, dövlət bu məsələdə çox kəskin addımlar atmalıdır.

Dəfələrlə şahidi olmuşam ki, qohumu rəhmətə gedən kasıb insanlar ehsan üçün ya sələmə, ya kreditə pul götürüblər. Belə yerdə bilmirsən güləsən, yoxsa ağlayasan. Bir yana baxanda adamları qınamaq da olmur. Ətrafın necə, sən də elə! Atanı ehsansızmı yola salacaqsan?! Nankor övlad!”

İlqar Rəsul: “Yas mərasimlərində israfçılığa yol verməmək ilk növbədə əlbəttə ki, dünyasını dəyişən adamın ailəsinə xeyirdi. Hətta həmin adam imkanlı olsa belə. Amma imkanlı adamın israfçılığını müəyyən mənada anlamaq da olur. Sadə dillə desək, "adamın varıdı, eləyir". Problem ondadır ki, orta təbəqənin, və imkansız təbəqənin adamları da bir çox hallarda yas mərasimlərində israfçılığa yol verirlər. Məsələnin psixoloji tərəfini anlamaq əlbəttə ki, çətin deyil. Yəni kimsə kimdənsə geri qalmamağa çalışır. Əlbəttə bəsit məntiqdir. Amma işləyir.

Məsələnin mənəvi tərəfinə gəlincə, burada vəziyyət bir qədər dəyişir. Bu məsuliyyət imkanından asılı olmayaraq hər kəsin üzərinə düşür. Əgər imkanlı təbəqənin adamları öz hüzrlərini mümkün qədər sədə şəkildə yola versələr, heç şübhəsiz ki, bu zamanla digər təbəqələrə də təsir edə bilər və israfçılıq tədricən azalıb aradan çıxar.

Amma bir çox hallarda nəinki imkanlılar, heç mediada çıxışlarında yas mərasimində israfçılığa qarşı olan ictimai fəal adamlar da öz dediklərinə əməl etmirlər...

Bir neçə il əvvəl böyük qardaşım dünyasını dəyişdi. Yas mərasimində süfrəyə heç bir artıq şey qoyulmasına imkan vermədim. Dədə-baba qaydası yəni. Təxminən qənd, limon, xurma. Hətta meyvə də qoyulmadı süfrəyə. Mən bunu yas mərasimlərində qonşuların özlərini göstərmək üçün içkidən başqa ağıla nə gəldi masaya düzdükləri bir yerdə edirdim. Anam bir az sıxılırdı süfrənin belə sadə olmasına görə. "Qonşular nə deyər" düşüncəsi yəni. Amma yox, kimsənin nə deməsi mənə maraqlı deyildi. Cəmiyyətdə o şeylərə ki, qarşı çıxırıq, birinci özümüzdən başlamalıyıq. Yəni insan yeri gələndə başqalarına nümunə olmağı bacarmalıdır. Əlbəttə ki, əgər o özünü cəmiyyət üçün yararlı biri hesab edirsə...

Bacarmaq demişkən, israfçılığa qarşı çıxan dostlarımdan bir neçəsi qardaşımın yasında süfrəni sadə görəndə minnətdarlıq elədi. Hətta-biz dedik, bacarmadıq, amma sən bacardın-deyən də oldu...

Təxminən iki il sonra anamın da yas mərasimində süfrə çox sadə oldu. Süfrəyə çay içmək üçün zəruri şirniyyat və hüzürün üçüncü günü aş verildi. Vəssalam. Kənardan kimsə də məni qınamadı və qınaya da bilməzdi. Qardaşımla anama gəlincə, mən onlar üçün əlimdən gələni sağlıqlarında etmişdim. Hətta bəzən ən imkanlı adamların belə öz yaxınları üçün etmədiklərini və ya etmək istəmədiklərini...

Yəni bacarırıqsa yaxınlarımıza, diqqətdə, qayğıda, sevgidə israfçılıq edək məncə. Onu da sağlıqlarında...”

Mirmehdi Ağaoğlu: “Yas mərasimlərinin yerli-dibli yığışdırılmasının tərəfdarıyam. Yasa gedib çadırda oturmaq, buna vaxt ayırmaq, bunun üçün uzaq yol qət eləmək artıq vaxt itkisidir. Guya yasa gedib nə təsəlli edirik ki, “Allah rəhmət eləsin” deyirik, vəssəlam. Bunun da adını təsəlli qoyuruq. İstər İslam qaydalarına görə, istərsə də bir insan kimi borcumuz ölən adamın dəfn edilməsidir.

Buna görə də mən yas məclisindənsə dəfndə iştirak etməyin tərəfdarıyam. Vacib olan da budur. Təsəvvür edin, kimsə ölür, yas çadırı qurub yolu tuturlar. Bir nəfər ölüb canını qurtarıb, min nəfər, iki min nəfər adam bir ölüyə görə tıxacda qalmalı, qışın soyuğunda, yayın istisində alternativ yollardan istifadə etməli, əziyyət çəkməli olur. Söyür, lənət yağdırırlar. Onda verdiyin ehsan da zay olur.

Məncə bunlar zamanla həll olunacaq. Çünki kapitalizm sistemi özü ən yaxşı islahedicidir. O, özü hər şeyi yoluna qoyur, insanları yönəldir. Əvvəllər yas məclisləri yeddi gün olurdu. İndi hamı işindən bərk yapışdığına görə yası da üç gün edirlər. Hətta bəzi adamlar var ki, işdən çıxa bilmir deyə ölüsünün yas məclisini şənbə-bazara salır. Bütün bunlar göstərir ki, adətlər filan önəmli deyil, adamlar məcburiyyət qarşısında islahatlara gedir.”

# 3865 dəfə oxunub

Müəllifin son yazıları

# # #