Kulis.Az Şade Nağızadənin "Master və Marqarita" - Mixail Bulqakovun lənətli romanı” yazısını təqdim edir.
"Master və Marqarita" romanını düz 7 dəfə oxumuş bir insan kimi, bu haqda yazdıqlarımın sizin üçün maraqlı olacağını düşündüm.
Öncəliklə romanla ilk tanışlığım haqqında qısaca danışmaq istəyirəm.
Təxminən 13 yaşım olardı. Yaxın dostum Fərəh əlində Həndəsə kitabı və bir yığın dəftərlə alma ağacının altında dayanıb yeni tapıntısı haqqında həvəslə danışmağa başladı. Onun mistik hadisələr və qadağan olunmuş romanlarla maraqlandığını çox yaxşı bilirdim. Odur ki, bir az da yaxınlaşıb bu gizli tapıntı haqqında daha ətraflı öyrəndim.
Əsrarəngiz tapıntı Bulqakovun bənzəri olmayan möhtəşəm əsəri "Master və Marqarita" romanı idi. O pafoslu cümlələr qurur, romanın tayı-bərabəri olmayan dəyərlərə sahib olduğundan danışırdı. Əlbəttə diqqətimi artıqlamasıyla çəkdiyini yəqin ki, özünüz də anlamısınız. Sadəcə romanın SSRİ-də qadağan olunduğunu öyrənmək belə səhəri gün qaçaraq kitabxanaya getməyimə səbəb olmuşdu.
Əfsuslar olsun ki, o zamanlar “Lənətlənmiş Roman” hələ Azərbaycan dilinə tərcümə olunmamış, rus dilində olanı isə başqa adam tərəfindən oxumağa götürülmüşdü. Biz təxminən bir aya yaxın hər gün kitabxanaya doğru uzanan yolu bir neçə dəfə qət edirdik... Və sonda o möhtəşəm əsəri əlimizə alanda sevincdən özümüzü itirmiş halda evə doğru qaçmağa başladıq.
Rus dilini o qədər də yaxşı bilmədiyim üçün Fərəh romanın tərcümə işini öz üzərinə götürdü. Gündəlik 5-10 səhifə oxuduqdan sonra oxuduqlarını mənə danışır, bütün detalları ətraflı təsvir etməyə çalışırdı.
Lakin Fərəh yay tətili bitdiyinə görə Bakıya - öz evinə qayıtmalı olanda kitab və kitabın sonluğu ilə bağlı bütün xəyallarım yarımçıq qaldı. Onu kitabxananın tozlu rəfləri arasına geri qaytarıb nə vaxtsa tərcümə olunacağına ümid etməyə başladım. Oraya hər gedişimdə kitabın Azərbaycan dilində nəşr olunub-olunmaması ilə maraqlanırdım...
...Və nəhayət düz bir il sonra o möhtəşəm roman artıq mənim əllərimdə idi. Onu necə həyəcanla və vərəqlərini yeyərcəsinə oxuduğumu ağlınıza belə gətirə bilməzsiniz. Roman o qədər maraqlı və mənim ruhuma xitabən yazılmışdı ki, dərinliklərə endikcə onun səhifələrində özümü tapmağa başladım. Sanki bu qəribəliklər, İblisin bir şəhərin taleyi ilə əylənməsi nəticəsində Moskvada yaranan xaos mənim xasiyyətimdəki bütün gizli detalları aşkara çıxarırdı. Bu roman məni şam kimi əridir, uşaq kimi oynadır, saçlarımı yandırır, narkotik kimi öz təsirinə salır, ağır işgəncələrə, əzablara məruz qoyur və dadlı keks payını mənimlə bölüşürdü.
Bu yerdə maraqlı bir sual ağlınıza gələ bilər, insan axı bir romanı nə üçün 7 dəfə oxuyar?!
Onu qeyd etmək istəyirəm ki, bu romana əsla və əsla adi bir roman kimi baxmayın. Onun həqiqətən lənətli olduğundan əmin olmalısınız. Heç vaxt onu oxuyan insanların həyatı öz axarı ilə getmir. Hətta roman film halında ekranlaşdırıldığı gündən bəri aktyor və aktrisalar müxtəlif tipli faciəli hadisələrlə qarşılaşmışdılar. Belə ki, 1972-ci ildə çəkilmiş filmdə İuşa (İsa) obrazını canlandıran aktyor Andrey Vayda sirli şəkildə öldü. Həmin il İtalyan rejisor "Master və Marqarita" filmini ekranlaşdırdıqdan sonra film İtaliyada qadağan olundu və rejissor ölkədən qovularaq yad bir ölkədə səfilliklə dünyasını dəyişdi. 1990-cı ildə romandakı Voland (İblis) obrazını canlandıran Viktor Avilon ruhlardan və cinlərdən qorunmaq üçün üstündə xaç gəzdirməyə başladı. Lakin xaç ona heç bir təsir göstərmədi və o xərçəng xəstəliyinə tutuldu.
Aktyor Dimitri Dujev tələbəlik illərində bu romanın hər hansı bir personajı üzərində çalışdığı üçün kiçik bacısı bilinməyən bir səbəbdən vəfat etdi.
Qəribəsi burasındadır ki, Vladimr Bodko bu lənətli romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film izlənməyə başlayandan sonra rolları canlandıran Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin və Valeri Zalatuxin öz həyatları ilə əbədi olaraq vidalaşdılar.
Bu misalları artıra bilərəm belə ki, yaxın dostum Fərəh romanı oxuduqdan sonra öz həyat yoldaşını itirdi. Rəfiqəm Tinanı isə 2012-ci ilə avtobus vurdu. O gündən sonra beynindən güclü xəsarət alan rəfiqəm saysız-hesabsız qarabasmalarla əlləşməyə başladı. Əgər mənim başıma nəyin gəldiyini bilmək istəyirsinizsə, qısaca deyim, hər şeyimi hissə-hissə itirib bir baş daşından boylanmağa öyrəşdim...
Roman haqqında qısaca onu demək istəyirəm ki, 11 ilə yazılmış bu roman Bulqakovun sonuncu romanıdır. İlk dəfə 1928-ci ildə "Caynaqlı Mühəndis" adı altında yazılan romanın ilk nüsxəsi müəllif tərəfindən yandırılmış, ilk tam versiyası isə SSRİ-də 1973-cü ildə nəşr olunmuşdur. Qəribəliklərindən biri də Müəllif Mixail Bulqakovun katolik olduğu halda İblis təsvirini sırf islamda bəhs olunan "Məsihid-Dəccəl"in əlamətlərinə uyğun olaraq verməsidir.
"Master & Margarita" elə romandır ki, az adam oxuyur, oxuyanların 50%-i anladığını deyir, anladığını deyənlərin 20%-i həqiqətən anlayır, həqiqətən anlayanların 10%-i böyük zövq alır və zövq alanlar o qədər təsirlənir ki, 2 dəfə oxumaq ehtiyacı duyur...
Bulqakov o qədər usta bir yazıçıdır ki, əsəri oxumaq üçün orta təhsil, anlamaq üçün dünya görüşü, savad və dini bilik, zövq almaq üçün fəlsəfi dərinlik və şəxsən öz adıma deyirəm ki, 7 dəfə oxumaq üçünsə fövqaladə azart lazımdır...
Bu lənətli roman Getenin "Faust" (İblis) romanindan ilhamlanaraq qələmə alınmışdır.