Kəndin müdafiəsi üçün tank alan Səxavət Məmmədov - Onun qəbrinin üstü niyə götürülməmişdi?

Kəndin müdafiəsi üçün tank alan Səxavət Məmmədov - Onun qəbrinin üstü niyə götürülməmişdi?
23 oktyabr 2024
# 17:00

Bu gün xanəndə Səxavət Məmmədovun doğum günüdür.

Kulis.az bu münasibətlə Gülyaz Əliyevanın onun haqqında yazdığı "Azad bir quşdum..." yazısını təqdim edir.

Onun səsi azad bir quş kimi musiqi səmasının ənginliklərində zirvələrə yüksəlir, elə hey qanad çalır, uçduqca uçurdu. Cəfər Cabbarlının bu misraları sanki onun səsi üçün yazılmışdı:

Azad bir quşdum,
Yuvamdan uçdum...

Necə yanıqlı və zil səsi vardı. İlk dəfə 1988-ci ildə Xankəndidə tələbələr qarşısında canlı ifasını dinləmişdim və o gündən bu səsin sehrinə düşmüşdüm. Onu dinləyən tələbələrin alqış səsi kəsilmək bilmirdi. Ayaq üstdə alqışlayırdılar. Səxavətin səsi elə bil "Segah" üçün yaranmışdı. "Segah"a yatımlı idi, sanki ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındaydı. "Ay bəri bax", "Uca dağlar", "Yar bizə qonaq gələcək", "Ay çiçək", "Sarı bülbül" "Sona bülbüllər" və s.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Salonu ovsunlamışdı elə bil. Ondan sonra səhnəyə çıxan titullu müğənniyə qulaq asan yox idi. Hamı söhbət edirdi. Bunu görən həmin Xalq artisti segahın içərisinə tələbələri sancan sözlər əlavə edib oxudu... Bundan və müəllimlərin tənəli gözağartmalarından sonra tələbələr dinləmək lazım olduğunu anlayıb qulaq asmağa məcbur oldular. Onda başa düşdüm ki, xalqın müğənnisi olmaq üçün "Xalq artisti" adı almaq kifayət deyilmiş...

1990-cı ildə təyinatımı Abdal-Gülablı kəndinə almış, 1-ci il idi ki, orada müəllim kimi fəaliyyətə başlamışdım. Abdal-Gülablı Dağlıq Qarabağın erməni kəndləri ilə sərhədində yerləşirdi. Ermənilər hələ o vaxtlar Ağdam şəhərinə cürət etməsələr də, Abdal-Gülablı kəndini tez-tez atəşə tutur, kəndə qrad atırdılar. Rusların verdiyi silahlarla silahlanmış ermənilərin cavabını vermək üçün əhalınin əlində heç nə yox idi . Bu zaman kənddə Səxavət Məmmədov adını tez-tez eşidirdim.

Səxavət Məmmədov Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdu. Kəndin, Vətənin təəssübünü çəkən bir vətəndaş kimi əlindən gələn köməyi əsirgəmirdi. O zaman gecələr kəndi erməni basqınlarından qorumaq lazım idi. Hərədə bir-iki ov tüfəngi var idi.
Ermənilər isə məqsədli surətdə silahlandırılmışdı.
Ucqarlarda vəziyyətin gərginliyi hələ Bakıda oturanlara tam ciddiliyi ilə çatmırdı sanki.

Belə bir vaxtda Səxavət Məmmədov Bakıdan öz maddi dəstəyi ilə yardım edir, Gülablının ermənilərdən qorunması üçün yardım edirdi. Hətta kənddə olan yeganə tankı o almışdı. Gülablı sakinləri ona çox güvənirdilər.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini elə öyrənmişdi ki, 1976-cı ildə artıq "Hümayun" xalq ansamblının solisti idi. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edirdi.

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Həqiqətən, onunla yoldaş olan, bir yerdə çalışanların hamısı müğənninin çox səxavətli olduğunu söyləyirlər. Sanki Səxavət adı onun səxavətliliyinə görə Allah tərəfindən göndərilmiş bir ad idi. Deyirlər, insana qoyulan ad onun xarakterinin formalaşmasına təsir edir. Bu, Səxavətdə özünü çox bariz şəkildə göstərirdi.

1991-ci ildə artıq ermənilər Dağlıq Qarabağda Volski hakimiyyətinə güvənərək kəndə daha çox qrad atır, gecə basqınları edirdilər. Bu zaman kənd cavanlarından ibarət özünümüdafiə dəstələrinin yaradılmasında, maddi cəhətdən təminatında Səxavət Məmmədovun dəstəyi çox böyük idi. O, tez-tez kəndə baş çəkir, cavanlara ürək-dirək verirdi...

1991-ci ilin 30 sentyabrı indiki kimi yadımdadır.

Səhər tezdən Ağdam şəhərindən Gülablıya gələrkən məktəbdə bir hüznün, bir qəm-kədərin şahidi oldum. Uşaqlı-böyüklü hamı yas içində idi. Kənd ağır itkinin xəbərini almışdı. Səxavət Məmmədov indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişmişdi... Onun meyitini Bakıdan gətirib öz doğma kəndində basdırdılar.

Müharibə vəziyyətində olmasına baxmayaraq, bütün kənd Səxavət Məmmədovu son mənzilə yola saldı. Ermənilərlə danışıq aparmışdılar ki, meyit basdırılanadək kəndə atəş açmasınlar. Onlar sözlərini tutmadılar. Atəş altında olsa da, Səxavət Məmmədovu torpağa tapşırdılar. Lakin Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədov gənc yaşında bu dünyaya göz yumdu. Özündən sonra isə işıqlı xatirələri, hədsiz səxavəti ilə bağlı əhvalatları, yaratdığı "Qarabağ” instrumental ansamblı, bir də möhürünü vurduğu bu mahnı qaldı. Sanki bu mahnını zəngulə vuran səsi ilə özü üçün oxumuşdu:

Azad bur quşdum,
Yuvamdan uçdum.
Torpağa düşdüm,
Bu gənc yaşımda...

Bu gün Səxavət Məmmədovun doğum günüdür. Qəbri nurla dolsun...

Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.

Şirin bir xatirətək qalacaqdır həyatda,
Sevərək yaşayanlar, sevilərək ölənlər...

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #