Dədə Ədalət: "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə

Dədə Ədalət:  "Araq zəhrimar ağlımı başımdan alanda..." - Xatirə
31 oktyabr 2024
# 09:00

Kulis.az Nahid Hacızadənin İsmayıl Şıxlıya həsr etdiyi "İllərin xatirə işığında" silsiləsindən bir xatirə yazısını təqdim edir.

Divanda uzanıb qəzetlərə baxırdım. Telefon səsləndi, qalxıb heysiz-həvəssiz dəstəyi götürdüm.

- Alo, eşidirəm.

- Nahid müəllimdi?

- Bəli, mənəm, buyurun.

- İsrail Mustafayevdir sizi narahat edən.

Deyəsən, ilk dəfəydi ki, o bizə zəng edirdi. Ona görə də səsini anışdıra bilmədim.

- İsrail müəllim, - dedim, - tanımadım səsinizi, dövlətli olacaqsınız.

- Əzizim, mənə qarğıma. Təki sağlıq-salamatlıq olsun. Elə bununla da birtəhər çulumuzu sudan çıxarırıq... Heç soruşmursunuz, sizi nə üçün narahat eləyirəm.

- Əli Vəliyevin sözü olmasın, deyərsiniz, bilərəm.

- Bu gün bir planınız yoxdur ki?

- Belə havada nə plan olasıdır ki? Adam başını bayıra çıxara bilmir.

- Orası elədir. Ancaq mən İsmayıl müəllimin tapşırığı ilə sizə zəng edirəm.

- Özünüz bilirsiniz ki, İsmayıl müəllimin adı gələndə əlimdə yağım daşsa da, heç bir plan söhbəti ola bilməz.

- Nahid müəllim, - dedi, - sizi bir saz qonaqlığına dəvət etmək istəyirəm.

- Mən hazır, - dedim. - İsmayıl müəllim olan məclisdə iştirak eləmək mənim üçün şərəfdir.

O, ürəyimi oxuyurmuş kimi sevincək:

- Osman qağa da orada olacaq, - dedi.

- Yəqin ki, Ədalət gəlib, həəə?

- İsmayıl müəllimin ismarıcı ilə gəlib. Ustad, deyəsən, onun başına bir az ağıl qoymaq istəyir. Yazıqdı, gözümçıxdıya salıblar.

- İsrail müəllim, bilirəm, - dedim, - hamısını çox gözəl bilirəm. İsmayıl müəllim bu barədə həmişə yana-yana danışır. Yeri düşəndə məndən onun xahişini eləyir. Deyir: "Nahid, səndən bircə xahişim var. Gözün Ədalətin üstündə olsun. Allah ona o boyda istedad verib. Ancaq di gəl, öz qədrini bilmir. Bəs bizə nə olub? O, xalqın sərvətidir. Kimin əli çatır, az-çox imkanı var, gərək qayğısını əsirgəməsin. Yoxsa iş-işdən keçəndən sonra nə qədər təəssüf eləsək, yanıb-yaxılsaq da xeyri olmayacaq".

- İsmayıl müəllim dəlisidi Ədalətin. Ona görə də üstündə belə əsir.

- Ədalətə də Allah insaf versin.

- Bax, bunu düz deyirsən, qardaş.

Günorta üstü harada görüşəcəyimizi vədələşib dəstəyi qoydum.

Taksi məni deyilən ünvana çatdıranda gün günorta idi. Bloka girəndə qulağım saz havası aldı. Ədalət "Baş sarıtel" çalırdı. İstər-istəməz yavaşıdım. Pilləkəni qalxıb, mənzilin düyməsini basanda saz qəfil susdu. Mən içəri girəndə məclis tərpəndi. İrəli yeriyib ilk növbədə qocaman sənətkarımız Osman Sarıvəllinin əlini sıxdım. Sonra xalq yazıçısı İsmayıl Şıxlı, şair Məmməd Aslan və aşıq Ədalətlə görüşdüm. Hamısı mənə ürəkdən "Xoş gəldin" elədi.

Xudmani bir süfrə açılmışdı. İsrail müəllim üzünü məclisdəkilərə tutdu:

- Mənim əzizlərim, bizim bu kasıb komamızın qapısını açdığınıza görə hamınıza minnətdarlığımı bildirirəm. İsmayıl müəllimdən başqa hamınız ilk dəfədir ki, bizim evdə çörək kəsirsiniz, halal xoşunuz olsun. Bu istirahət günü biz İsmayıl müəllimin istəyilə Ədalət sazının başına cəm olmuşuq. Deyirəm yeyək-içək, Ədalətin sazını dinləyə-dinləyə gözəl bir gün yaşayaq.

Osman Sarıvəllinin qırışığı açıldı:

- Ay uşaqlar, vallah, ələdüşməzdi belə bir gün. Sağ olun ki, mən qocanı da yada salmısınız. Bununla da ömrümü uzatdınız. Elə bilin ki, Həccin qulpundan yapışmısınız. Ona görə də axşamacan heç yana getdi yoxdu.

- Osman qağa, Ədalət Bakıya gələndə ürəyimdən siz keçdiniz. Bilirəm saz sizin üçün nədir. Qoşmaya meyliniz elə sazdan başlamayıbmı?

- Düz deyirsən, ay İsmayıl, doğru sözə nə deyəsən. Mənim də, elə sizin də mayamız saz havaları ilə yoğrulub. Ədaləti min yaşasın. Saza təzədən qanad verdi, ömrünü uzatdı onun.

İsmayıl müəllim:

- Osman qağa... - sözünün axırını ləngitdi. - Ədalətin barmaqlarında ilahi bir sehr var. Ancaq di gəl ki... - Osman Sarıvəlli başını qaldırıb zənlə İsmayıl müəllimin üzünə baxdı. - Burada hamımız yazı-pozu adamıyıq, Ədaləti də çox istəyirik. Sənəti qarşısında baş əyirik.

- Bunlar hamısı düzdür. Ancaq biz onu çox istəməklə iş bitmir. Biz istəyirik ki, özü öz qədrini bilsin. Papağını qabağına qoyub fikirləşsin ki, mən kiməm, yolum-yolağım hayanadır? Hər addım atanda ölçünü-biçini, mizan-tərəzini unutmamalıdır, həmişə sərvaxt olmalıdır bizim bu Ədalət. Yoxsa gəlib durub uçurumun başında. İkicə addım qalıb ki, dərənin dibinə düşüb kəllə-mayallaq olsun.

Osman Sarıvəlli səsini qaldırdı:

- Ay Ədalət, a sağ olmuş, bu deyilənlər nədir belə? Niyə əsəbiləşdirmisən İsmayıl müəllimi? Əgər bu sözləri Peyğəmbər kimi bir adam deyirsə, gör onda iş nə yerdədir.

Ədalət sıxıla-sıxıla:

- Ay ustad, - dedi, - İsmayıl qağa bunları məni istədiyindən deyir. Mən də hərdən "başısoyuqluq" edirəm. Bir iş görəndə əvvəlini, axırını fikirləşmirəm. Araq zəhrimar da ağlımı başımdan alanda oluram dəli-divanə. Belə vaxtda, elə bil, saz da məndən küsür, ağlım da, barmaqlarım da "şaltay-baltay" vurur. Ədalət çalğısından əsər-əlamət qalmır, olur bozbaş suyu.

Osman Sarıvəlli:

- Ay Ədalət, ay eloğlu, bunları ki, başa düşürsən, deməli, ağıllı adamsan. Sənə də, sənin sazına, sənətinə də zaval yoxdur.

- Elədir, ay ustad, vallah-billah, elədir.

Ev sahibi İsrail müəllim söhbətin baş alıb getdiyini, badımcan dolmasının soyuduğunu görüb nigaran-nigaran:

- A qadanızı alım, - dedi, - söhbət qaçmır, çörəyinizi yeyin, sonra da...

Osman Sarıvəlli:

- Qonaq ev sahibinin quludu.

- Osman qağa, qulu yox, gülü.

- Fərqi yoxdur, olsun gülü.

Əlimiz süfrədən çəkiləndə Ədalətin sazı dindi, nə dindi!...

O, gözlərini yumub çox şövqlə çalırdı. Sanki bizi də unutmuşdu.

- Yaşasın belə ürəyi! - Osman müəllim uca səslə dedi, sonra üzünü İsmayıl müəllimə tutdu. - Deyirəm ustad bir "Şərili" ilə bizi sehrləsin.

- Osman qağa, bilirəm, siz bu havanı çox sevirsiniz.

- Sevirəm söz deyil, mən onun dəlisiyəm.

Ədalət çalmağa başladı. Osman Sarıvəlli uyuyub, elə bil, dünyadan qopmuşdu...

Ədalət çalmağına ara verəndə İsmayıl müəllim mənə sarı döndü:

- Ay Nahid, Məmməd Aslanla sənə ona görə əziyyət vermişəm ki, gərək birləşib bu Ədaləti haqq yoluna qaytaraq.

Məmməd Aslan da, mən də eyni vaxtda ürəklərimizin səsini bir-birinə qoşduq:

- Qaytaraq deyirsiniz, qaytaraq!

- Onda gəlin belə eləyək... Bizim gözəl şairimiz Məmməd Aslan aşıq poeziyasının mahir bilicilərindəndir. Ürəyimdən keçir ki, "Ədəbiyyat və incəsənət" qəzetində yaxşı bir məqalə yazsın, tutarlı söz desin. Televiziyanın qüdrəti də hamıya məlumdur. Sənin bu yaz "Səhər görüşləri"ndə verdiyin o süjet kimin yadından çıxar? Yazın nübar vaxtı... Göyəzən qalası... Aşağıda Ədalət çalır. Yuxarıda bülbül saz havası üstündə rəqs edir. Özü də necə rəqs edir... O vaxt sənə zəng eləyib təşəkkürümü bildirəndə demişdim ki, televiziya Ədalətin ömrünə ömür caladı, onu yaşatdı.

İsrail Mustafayev də İsmayıl müəllimin səsinə səs verdi:

- Doğrudan da, o süjet möcüzə idi. Ədalət sazının möcüzəsini əyani göstərən bir telehekayət idi!

- İndi könül istər Ədalət haqqında belə məqamlar ekrandan tez-tez bizə gülümsəsin. Gərək hamımız çalışaq ki, bu yetim fəxri addan-zaddan bir şey də alsın.

- Ay Ədalət, ay qadan alım, bunlar hamısı yaxşıdır, - dedi, Osman Sarıvəlli, - ancaq biz süddən yanığıq. Bu gün bizi doyuzdur.

- Baş üstə, ay ustad, baş üstə!

Ədalət sazı sinəsinə götürdü. Bizim isə ürəyimizə nur çiləndi...

Gözlənilmədən şair Məmməd Aslan ayağa durdu.

- Ay ustad, - deyə o, Osman Sarıvəlliyə üz tutdu.- Bayaqdan bəri Ədalət bizi sazla feyziyab edirdi. İndi isə mən gələcək saatlarımıza körpü salmaq istəyirəm. Sözüm isə şeirlədir. İsmayıl Şıxlı mənim müəllimim olub - çox sevimli müəllimim. Neçə illər qabaq ona şeir həsr etmişəm. Bunu bəlkə, heç özü də bilmir. İndi sizin qarşınızda həmin şeiri oxumaq istəyirəm.

- Ay Məmməd, nə yaxşı, nə yaxşı. Biz səni dinləyirik, - dedi Osman müəllim.

Məmməd Aslansa həyəcanlı, titrək səslə şeiri oxumağa başladı:

"Sənin sözün-söhbətin"

İsmayıl Şıxlıya

Əsiri olmuşam söz-söhbətinin.

Dərsindən-dərsinə yaşamışam mən!

Bir dadlı, bir ölməz hissə çevirib,

Səni ürəyimdə daşımışam mən!

Ciddi baxışların dərin, mənalı,

Təbəssüm sakindir dodaqlarında.

Gur şəvə saçların sığala yatmır,

Yığmaqdan yorulub barmaqların da.

Başın əydəmlidir sinənə doğru,

Beyninlə ürəyin yaman dəmsazdı!

Gözlüklə gəlmisən sanki cahana,

İki gözlə görmək dünyanı azdı...

Sənin söhbətinə şirinlik qatır

Zil qara bığının titrəyişi də.

Tük də danışarmış, tük də dinərmiş:

Bığ dindi, az qaldı qulaq eşidə.

Acıqlı görmədik bir dəfə səni:

Nur yağan bir üzdə nə qəzəb, nə kin?!

Qulağa çatınca yadda qalardı -

Sənin sinədəftər söylədiklərin.

Esxillə, Homerlə gələrdin birgə;

Bayronla, Hüqoyla, neçə dahiylə.

Deyərdik: Prometey insan eşqinə

Hələ də döyüşür od Allahıyla...

Bizi aparardı öz dünyasına -

Gahdan Aristotel, gahdan Evripid...

Bir igid qurbağa öldü davada,

Ağlarsan, möhkəm ol, özünü bərkit!

Sənət mücahidi, korifeyləri

Sənin xəyalında tutmuşlar qərar.

Bəşəri məhəbbət öyrəndik səndən:

Yaxşılar çox olsa, dünyaya nə var?!

Sevdik institutda bir ata kimi

Hamıdan, hər kəsdən biz artıq səni.

Həvəslə oxuduq yazdıqlarını,

Amma kitabından daha çox səni!

Əsiri olmuşam söz-söhbətinin,

Dərsindən-dərsinə yaşamışam mən!

Bir dadlı, bir ölməz hissə çevirib,

Səni ürəyimdə daşımışam mən!..

İsmayıl Şıxlı xəfifcə gülümsədi:

- Ay Məmməd, sağ ol, çox sağ ol. Ancaq mən sizi belə öyrətməmişdim, axı? Məni utandırdın, şair.

# 1789 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #