Ədəbi suprematizm haqqında esse

Ədəbi suprematizm haqqında esse
11 yanvar 2020
# 17:40

Kulis.az Əli Şirin Şükürlünün “Kvant fizikasından ədəbiyyata” adlı essesini təqdim edir.

Ədəbi Suprematizm nəzəriyyəsinin növbəti hədəfi Kvant fizikasının uzun bir dövr ərzində düşüncə adamlarını şübhədə saxlayan bəzi mülahizələri gerçəkliyə çevirən çox möhtəşəm nəticələridir. Elmi təsdiqini tapsa da, bu gün də öz sehri ilə heyrətə, şübhə dolu məqamlarıyla müəyyən tərəddüdlərə səbəb olur bu nəticələr. Elə bu səbəbdən həmin nəticələrin doğurduğu fəlsəfənin bədii mətnlərdə ifadə texnikasını konsepsiyamızın əsasını təşkil edən “elmi informasiya – fəlsəfi düşüncə - bədii təfəkkür” (Eİ – FD – BT) üçlüyünün komponentlər ardıcıllığının yaratdığı modelin sınağından keçirməyə qərar verdik.

Kvant fizikasının elmi baxımdan inkar edilməsə də, insan məfkurəsinin sərhədlərini aşan və daha çox metafizik məna daşıyan nəticələrinin fəlsəfəsini bədii mətnlərə gətirməyə nail olsaq, bunun nə böyük həzz aşıladığının şahidi olarıq. Əslində, bu elmi qənaətlərin özü yaradıcı təfəkkürü lərzəyə salan, bir çox hadisələrin həm də fəlsəfi təsvirini cızan fikir şəbəkəsi, fəlsəfi tezislər təşnəsidir.

Kainat təkcə maddi deyil. Klassik fizikaya görə işıq zərrəcik yığınıdır. Eynşteyn isə 1905-ci ildə işığın kvantlara – enerji porsiyalarına (bunlara foton deyilir) bölündüyü nəticəsinə gəlir. Baxın, Kvant fizikası nə deyir: İşıq təkcə zərrəcik deyil, o həm də dalğa halındadır. Bir sözlə, işıq maneəyə rast gələnə qədər dalğa (enerjiyə bürünür), maneyəyə rast gəldiyi zaman isə zərrəcik (qum dənəcikləri şəklində maddə) kimi davranır. Bu hələ harasıdır. Gəlin davam edək. Növbəti araşdırmalar daha möhtəşəmdir: təkcə işıq deyil, atomu təşkil edən zərrələr (elektron, proton kimi zərrəciklər) də eynən işıq kimi, ya dalğa (enerji), ya da zərrəcik (maddə) olaraq davranırlar, yəni bəzən görünür, bəzən də yox olurlar – kvant davranış forması deyilir buna. Beləliklə, bütün kainat, maddi dünya nədirsə, təkcə maddi deyil, o həm də enerjidir. Çünki kainatda nə varsa elementar zərrəciklərdən təşkil olunub – elementar zərrəciklər necə, onlardan ibarət dünya da o cür. Fizikadan metafizikaya keçid. Möhtəşəmdir, deyilmi? Uzun bir dövr müxtəlif aspektdən (həm dini, həm də fəlsəfi dünyagörüşü nəzərdə tuturam) söylənilb, isbatı üçün dəridən-qabıqdan çıxılan fikirlərin elmi təsdiqi; maddi dünyanın təməli enerjidir. Bunu fizika deyir a, təbiət qanunlarını öyrənən bir elm.

Atomun içindəki zərrəciklərin gah görünən, gah da görünməz olması ilə bağlı kəşf isə gerçək zənn etdiyimiz dünyadakı görüntülərin bir kölgə, bir illuziya olduğunu təsdiq edir. Niyə təsdiq edir? Platonun “İdeal dünya”sını xatırladınızmı? “Fiziki dünya aydın, həqiqi ideyalar aləminin bulanıq təsviridir (kölgəsidir)”.

Deməli (doğurdanmı?!), biz mövcud olduğumuz dünyayla birgə həqiqi, gerçək dünyanın yalnız təsviri, özü də bulanıq təsviri, kölgəsiyik (?!).

Əksim və mən

Gedirəm,
kölgəm gah irəlidə,
gah də geridə.
Gah da çəkilir qeyri-məyyənliyə.

Dayanmışam qarşısında:
güzgü - əksim hərəkətdə.
Çəkilirəm,
əksim gizlənir zülmətdə.

Oturmuşam.
Qarşımda fotolar – şəkillərdə
düzbucaqlı xatirələr.
Baxmıram,
yox olur hadisələr.

Kölgə (gedirəm),
güzgüdə əksim (dayanmışam),
fotolar (oturmuşam)

mən (gedirəm, dayanmışam, oturmuşam).

Nə sirr var bunlarda,
yəni kölgədə, güzgüdə, fotolarda? –
həm mənəm,
həm də mən deyiləm.

Nə sirr var? –
birini deyim:
mən üçölçulu – fəzada hərəkətdə,
onlar müstəvidə - ikiölçülü təsvirim.

Nə sirr var məndə,
nə sirr var? –
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm, şəkiləm, kölgəyəm.

Dünya yalnız biz ona baxdığımız zaman mövcuddur. Sonrakı nəticələr əvvəlkilərdən heç də az maraqlı deyil. Adama polemika, mübahisə, hətta dava-dalaş üçün kefi istəyən qədər material verir: insanın gerçək qəbul etdiyi dünya yalnız onun şüurunun məhsulu olaraq var olur – bu dünyada nə varsa, yalnız insan ona baxdığı zaman mövcuddur. Əgər ona baxan şüurlu məxluq yoxdursa, məkan-zaman müstəvisində heç bir varlıq yoxdur. Bir sözlə, bizim gerçək qəbul etdiyimiz dünya, əslində, gerçək yox, yalnız bizim qavrayış imkanlarımızla müəyyən edilən dünyadır. İnandınızmı 20-ci əsrdə elmin gəldiyi bu nəticəyə yoxsa yox, bilmirəm. Amma mənim yadıma bu fikirlərin üzərində təxminən 150 il əvvəl israrla dayanan zavallı filosof-idealist C.Berklinin (sağlığında alimin gəldiyi fəlsəfi nəticələr tez-tez lağlağı obyektinə çevrilirdi) Paradokslar nəzəriyyəsi düşdü. Paradokslar nəzəriyyəsi: bütün dünya yalnız bizim təsəvvürümüzdə mövcuddur. Predmet ona görə mövcuddur ki, biz ona baxırıq.

Elmin və fəlsəfi düşüncənin gəldiyi qəribə, arabir də şübhə doğuran fikirlər hələlik kifayət edər, məncə? Bu yerdə bədii hissəyə keçək bəlkə. Bəlkə elmin, fəlsəfənin söylədiklərinə elə bədii mətn həyat verə bildi:

Foto: metafizik düşüncə

Mənim şəklimdi. Pəncərə qarşısında dayanmışam.
Pəncərədən ağac görünür, yarımçıq.
Neçə yaşım var orda o zaman, dəqiq deyə bilmərəm.
Orda o zaman nə düşünürəm, indi xatırlamıram.
Yarımçıq ağac təsviri; yarımçıq təsvir varsa,
demək, ağac ya tam olub nə vaxtsa,
ya da elə tamdı, şəkildə yarımçıq düşüb, sadəcə.

İndi isə baxıb şəkilə düşünürəm, hər şey
pəncərənin o şəkildə yarımçıq göstərdiyi ağac kimi
yarımçıqdı: nəyi nə qədər görüb, nə qədər anlayırıqsa,
elə o qədərdi, inan və başqa ölçü axtarma israrla.
Nə varsa ətrafda, yalnız və yalnız
biz ona baxıb gördüyümüz zaman mövcuddu təkcə:
yum gözlərini, hər şey itəcək bir anın içində
bulanıq təsviri təsəvvüründə,
aç indi, hər şey yenidən canlanacaq.

O şəkildən üzü bəri zaman-məkan içində
çox hadisələr ardıcıl canlanır yaddaşımda:
bəzisi sürətlə, tez-tələsik ötüb keçir, bəzisi asta-asta.
Amma bütün yaşananlar ilişib qalıb, hələ də
ayrı-ayrı zaman parçalarında – işdi, geri qayıda bilsə,
üz-üzə gələr adam öz-özüylə, qarşılaşar keçmiş gələcəklə.
Maraqlıdı, zənn edək, tanıyıb bir-birini
keçmiş və gələcəkdə yaşayan eyni adam ayaq saxladı,
sonra?.. Yoxsa ötüb keçərlər yad adamlar kimi,
fikir vermədən bir-birinə?

Əgər o şəkil canlı bir mənzərəyə çevrilsə qəfil və
mən üzümü çevirsəm, pəncərə də itəcək dərhal, ağac da.
O vaxt o otağı yaxşı tanıdığımdan
öncə qapını görəcəyəm, bilirəm; qapı - təkcə otaqdan deyil,
bəzən elə özümüzdən çıxıb getmək üçün bir vasitə.
Sonra başqa mənzərə açılacaq qarşımda,
yeni mənzərə - tam (bu da bir aldanış əslində)
və yarımçıq təsvirlərdə.

Əgər o şəkil canlı mənzərəyə çevrilsə qəfil və
mən indi burdan seyr etsəm o mənzərəni,
o zamandakı mən də çönüb ordan baxsa mənə
və nəsə soruşsa, mən də cavab versəm həvəslə,
dəyişən bir şey olarmı fəzanın geriyə buraxdığı
zaman-məkan müstəvisində. Yəni,
o məndən bu mənə yaşananlardan
nəyisə dəyişmək olarmı, görəsən? Və nəyi?..

İndi bildiz nə demək istəyirəm bayaqdan bəri?

İnsan eyni zamanda həm bu, həm də digər dünyalarda. Paralel aləmlər varmı? Yoxsa bunlar da fantastika həvəskarı bəzi düşüncə adamlarının, məsələn, yazıçıların, şairlərin, rəssamların fantaziyalarıdı. Yox. Bunlar bəlkə də nə vaxtsa fantastika olaraq insanları cəlb edə bilərdi. Amma, xeyli zamandı yox. Kvant fizikasının inanılmaz nəticələr zənciri paralel aləmlərin varlığı barədə mülahizələrə qədər uzanır və hazırda heç bir elm sahəsi Paralel kainatlar nəzəriyyəsinin həqiqiliyini inkar etmir.

Paralel kainatlar nəzəriyyəsi də kvant dünyası ilə bağlı bir nəzəriyyədir. İrəli sürülən ehtimallardan biri belədir: hər hansı bir elementar zərrəciyin dəqiq yerini ona görə hesablamaq mümkün deyil ki, o, ola biləcəyi bütün mümkün yerlərdə eyni zamanda olur. Hər hansı bir seçim zamanı elementar zərrəciklərin mikrodünyası ikiləşir. İkiləşən o dünyaların hər biri də iki dünyaya bölünür (yenə də ikiləşir) və s. Beləliklə, sonsuz paralel dünyalar yaranır və hər bir elementar zərrəcik bu sonsuz kainatların hər birində eyni zamanda mövcud olur. Bu mikroaləm üçün mümkündürsə, demək, Kainat üçün də mümkündür; Kainat da hər an saysız-hesabsız Kainatlara bölünür və müşahidə oluna bilən hər bir hadisənin ehtimal olunan bütün versiyaları çoxlu sayda paralel aləmlərdə eyni zamanda mövcud olurlar. Yəni bu dünyada olan hər birimiz bizi əhatə edən hadisələrlə birgə digər paralel dünyalarda da eyni zamanda varıq. Yalnız bir qədər fərqli versiyalarda. Bunu nə ilə müqayisə etmək olar: bir oyun zərinin 6 üzü var. Zəri atmazdan əvvəl bilirik ki, o, 6 üzündən biri üstə düşəcək və hər bir üzü üstə düşməsi ehtimalı eynidir. Amma atıldığı zaman o yalnız bir üzü üstə düşür. Qalan üzlərinin hər birinin düşməsi hadisəsi isə digər paralel dünyalarda baş verir. Zərin atılması zamanı müşahidə oluna bilən 6 hadisənin hər biri müxtəlif bir-birinə paralel dünyalarda eyni zamanda baş verir. Deməli, bizim dünyada bu essenin müəllifi olan şəxs eyni zamanda başqa dünyada onun oxucusudur, başqa bir dünyada isə bu esseni dərc edən mədəniyyət portalının redaktorudur və s.

Kvant nəzəriyyəsinin bir çox digər heyrətamiz nəticələrindən, eyni zamanda bu sahə ilə ya birbaşa əlaqəsi olan, ya da bir çox mülahizələrinin izahı bu sahə ilə bağlı olan nəzəriyyələr barədə söhbəti uzada bilərik. Amma mən yalnız, çox maraqlıdı deyə, hələlik ikisi üzərində dayanacağam.

Kanadanın Nəzəri Fizika İnstitutun tərəfindən təklif olunan bir modelə görə, bizim dünya anti-materiyadan qurulan paralel bir dünyanın güzgüsü ola bilər. Böyük Partlayış zamanı iki bir-birinə simmetrik olan kainat yaranıb: biri bizim yaşadığımız kainat, o biri isə bizim kainatın ”güzgü təsviri” olan digər kainat. Birində zaman gələcəyə, o birində isə tərsinə, keçmişə axır. Və bu kainatlar Kvant nəzəriyyəsinin prinsiplərinə uyğun olaraq bir-birinin tam surəti yox, yalnız bir-birinin oxşarı olaraq mövcuddurlar. Çox maraqlıdır. Yəqin ilk dəfə bu tezislərə rast gələnlər onların çox maraqlı bir fakt olduğunu inkar etməzlər:

Hər günü son gün kimi yaşayanlar
bilirlər indi yoxdu, yalnız gələcək var -
bilirlər hər an keçmişə dönür durmadan,
hər an keçmişə çevrilir yaranan
və zamanın çevrə boyunca
tərsinə dönüşünə inanırlar.

Məsələn,
fərz edək iki nəfər:
mən və o –
çox da ola bilərik -
sabah tanış olmuşuq,
bu gün yoxuq,
dünən yenidən görüşəcəyik. (“21 dekabr – son gün” şeirdən bir parça)

Biosentrizm nəzəriyyəsi qəti qərar verib ki, ölüm yoxdur. O, insan şüurunda yaranan bir illüziyadır. İnsan bu dünyada ölürsə, başqa paralel dünyalarda yaşamağa davam edir. Bu mühakimə də Kvant nəzəriyyəsinə əsaslanır: istənilən bir hissəciyin müşahidə və ya ehtimal oluna bilən bütün variasiyaları eyni vaxtda müxtəlif kainatlarda mövcud olurlar. Yenə də Paralel dünyalar, Kvant nəzəriyyəsi.

Bütün bu söylənilənlər inanılmazdı, eləmi? Amma həm də maraqlıdı. Sənət üçün nə çox material verir, nə qədər istəyirsən mövzu tap, fəlsəfi təsvir ver, fantaziya qur. Amma unutma ki, bütün bunların əsasında elmi araşdırmalar dayanır. Sənət təsvirlərlə danışan fəlsəfədir (Kamyu). Biz də Kvant nəzəriyyəsindən, ondan alınan nəticələrdən və fəlsəfəsindən, məncə, bir esse üçün kifayət edəcək qədər söz açdıq. İndi isə, gəlin, yenə də fəlsəfəni böyük zəhmətlə və səylə qurduğumuz modelin (Eİ – FD – BT) köməyilə elmin bizə bəxş etdiyi bədii təsvirlər və bədii vasitələrlə danışdırmağa çalışaq.

Mən və mən

Otaqdayam. Paraleliped şəklində olur adətən
bütün otaqlar: döşəmə, tavan, divarlar - düzbücaqlı.
Bir sözlə, otaqda hayana baxsan hər şey çərçivədə sanki.
Və beləliklə, otaqdayam, mən və əşyalar doldurub məkanı:
masa, televizor, güzgü və sairə.

Pəncərədən boylanıram fərqli mənzərə görüm:
baxıram, mənəm, gedirəm harasa. Çəkilirəm pəncərədən.
Çəkildikcə gözdən itir o, yəni mən. Getdikcə gözdən itirəm.
Çəkilib geri dönürəm; qarşıda yenə mən,
dayanmışıq üz-üzə.

Gedib qayıtdın, deyəsən?soruşuram. Nəsə deyir – eşitmirəm.
Əlimi uzadıram görüşüm özümlə. Axı harasa gedib, gözdən itmişdi
bir az əvvəl. Əlimi uzadıram, o da uzadır. Görüşə bilmirik.
Məsafə olmasa da, arada nəsə var, elə bil. Soyuq nəyəsə toxunur
barmaqlarım. Soyuq nəyəsə ...
güzgü qarşısında dayanmışam özümlə üz-üzə.
Üz-üzə dayanmışıq. Arada güzgü – məsafəsiz məsafə.
Nəsə söyləyir o, eşitmirəm amma.
O necə, yəni güzgüdəki mən - anlayırmı məni görəsən?!

01.01.2020

# 4235 dəfə oxunub

Müəllifin son yazıları

# # #