"Bu hekayəni az adam başa düşəcək" - Hekayə müzakirəsi

"Bu hekayəni az adam başa düşəcək" - Hekayə müzakirəsi
13 sentyabr 2023
# 14:44

Kulis.az “Hekayə müzakirəsi” layihəsindən Ulucay Akifin "Gözlənilməyən bir qətlin tarixçəsi" hekayəsi haqda yazarların fikilərini təqdim edir.

Kamal Abdulla: "Mənim dilimə iradı olanın Azərbaycan dilindən xəbəri  yoxdur" - Müsahibə

Xalq yazıçısı Kamal Abdulla:

“Bu hadisə ancaq və ancaq ağacların kənddən qaçdığı zaman baş verə bilərdi.

Bu hadisə adamın öz qismətinin - ölümünün arxasınca kəndə qayıtdığı zaman baş verə bilərdi.

Mən çoxdandır ki, faciənin içində komediya, komediyanın içində faciə gizlənən bir hekayə oxumamışdım.

Mirzə Cəlildən, Əbdürrəhim bəydən gələn bir ənənənin bu gün nəfəs aldığını görmək çox xoşdur.
O, taqətsizdir, halsızdır, bir sürü üzüntüləri var, amma nəfəs alır. Onun canı var, yaşayır. Sən həm gülür, həm də kədərlənirsənsə və bunları necə ifadə etdiyini canfəşanlıqla gözə soxmursansa, deməli, sənətin içindəsən”.

O günü görməmiş ölmək istəmirəm" - Əkrəm Əylisli ilə müsahibə

Əkrəm Əylisli:

"Mətn mənə bayağı göründü. Çünki hekayənin dil materialı onun fantasmaqorik mövzusu ilə üst-üstə düşmür. Belə fantasmaqorik mövzunun dil materialı da gərək fantasmaqorik olsun. Bu hekayə isə adi, sönük, yekrəng və çılım-çılpaq məişət dilində yazılıb. Burada sözün adi, bəsit və informatik məzmunu var. Ahəngi, ovqatı, içi, ağrısı yoxdur. Hiss olunur ki, Ulucay dostumuz Markesvari magik realizmə can atır. Bu sehirkar ədəbi cərəyanın adını və ünvanını bilir, amma çox təəssüf ki, dilini bilmir".

Aqil Abbas: “Hər əsgərimizin həyatı bir romandır”

Aqil Abbas:

“Hekayə xoşuma gəldi, süjet xətti maraqlı qurulub, dili şirindir. Bir balaca redaktə də oluna bilərdi. Axırı xoşuma gəlmədi, çünki inandırıcı görünmədi. Amma Paşinyan və ona oxşayanların sonunu göstərmək kimi simvolik götürəndə, ola bilər. Ümumilikdə, süjet xətti, mövzu xoşuma gəldi, hekayədə çox gözəl təsvirlər vardı. Süleymanın həyətindən çıxa bilməməyi, bağını təmizləməsi indiki Azərbaycanın, Qarabağın təmizlənməsidir. Bu cür simvolik yanaşılıb. Hekayədə ən çox xoşuma gələn müəllifin dili, səmimiyyəti idi. Məsələn, uşaqların Paşinyanın götünü təpikləməsi... Belə yazmaq lazımdır. Yazı gərək ütülənməsin. Bu hekayə də ütüsüz, olduğu kimi yazılıb”.

Qismət: "Məqsəd yaxşı əsər yazmaq yox, məşhur olmaqdırsa..." - Müsahibə

Qismət:

"Axırda deyəcəyimi başda deyim: mürəkkəb mövzunun tələsik ifadəsi.

Doppelqanqer – yəni oxşarlar, dünya ədəbiyyatının ən spesifik, çətin motivlərindən biridir. Adətən bu motiv kimlik böhranı, dünyadakı dəyişmələrin cəmiyyətdə, cəmiyyətdəki dəyişmələrin fərdlərin daxili aləmindəki metamorfozları ilə bağlı olur. Bu, indiki çağda da aktuallığını itirməyən universal motivlərdən biridir. Yeni dövrdəki nümunələrindən biri üçün Xavier Mariasın “Qualta” hekayəsinə baxa bilərsiniz.

Ulucayın bu hekayəsi də daxil olmaqla, yeni nəslin istedadlı müəlliflərində son dövrlər novellaya canatım var, ancaq bu mətnlər nədənsə hələlik daha komik skeç, gülməli səhnəcik, finalın dodaqqaçdıya hesablanması şəklində qurulur. Ulucayın hekayəsi cavanlıqda kənddən hörmətli bir kişinin qızını – öz Xürrəmi Xuramanı qaçırdan qanuni “sultan” Süleymanın yaşa dolduqca üzdən Paşinyana bənzədiyi üçün “qanunsuz” Süleymana çevrilməsi üstündədir.

Bu məqamda Nicat Məmmədovun tərtib və tərcümə etdiyi, rus dilində “Qanun” nəşriyyatında çıxan “Çağdaş Azərbaycan hekayələri”nə yazdığım önsözdəki bir abzası yenidən xatırlatmalıyam: “...üç-dörd hekayədən bir ya vaxtilə, ya da elə hekayənin nəql edildiyi zamanda Rusiyaya getmiş kimsə geri qayıdır – Azərbaycana, Bakıya, öz kəndlərinə. Bu “geri qayıtmaq” motivi hekayə dünyasının “check-point”i kimidir, qəhrəmanlar, anti-qəhrəmanlar, məcbur qalmış, ya da “azmış oğullar” hansı etapda uduzsalar, “oyun”a həmin yerdən başlayırlar.”

Azərbaycan hekayəsi kənddən şəhərə gələn, şəhərdən kəndə qayıdan, ya da dolanışıq üçün Rusiyaya gedən, illər sonra (niyəsə çox vaxt 30 il olur?!) qayıdan kişi temasından xilas olmalıdır. Çağdaş yazıçının təfəkkür coğrafiyası rayon-şəhər-Rusiya üçbucağından daha geniş olmalıdır. Məncə, bunun mümkün yollarından biri də xarici aləmin səthi qatını təsvir etməkdən çıxıb, daxili aləmin vizasız, şengensiz dünyasına baş vurmaqdır. İnanıram ki, gənc nəsil bunu ən yüksək səviyyədə həll edəcək".

Rəşad Məcid: “Anardan sonra Yazıçılar Birliyi...” – Müsahibə

Rəşad Məcid:

"Hekayənin dili yüyrəkdir, axıcıdır. Oxucunu maraqda, intizarda saxlayır. Amma qəfil məlum olan, bu qədər ajiotaj yaradan səbəb ortaya çıxanda o qədər də inandırıcı görünmədi.

Müəllifin nəzərdə tutduğu ideya, aşılamaq istədiyi fikir tam aydın olmadı, tərəddüdlü fikirlər oyatdı.
Əgər müəllif erməniyə oxşamağın təhlükəli olmağına, bizi erməniyə oxşamaqdan çəkindirməyə çağırış edirsə, o qədər də uğurlu həll deyil. Düşmənə bioloji, təsadüfi oxşarlığın bu qədər əks-səda doğuracağına da skeptik yanaşıram. Yox, əgər bizdə də bəzi məqamalarda erməni xisləti özünü büruzə verirsə, bunda təhlükə görürsə, bunu daha parlaq çatdırmaq olardı.

Hər halda, mənə müəllifin çatdırmaq istədiyi ideya tam aydın olmadı".

Dəli əlində qalmışıq - Aqşin Yenisey yazır...

Aqşin Yenisey:

“Hekayənin janrı və içindəki zaman düz seçilməyib. Ona görə inandırıcılığına xələl gəlir. Qarabağda müharibə getdiyi, əsl Paşinyanın hər gün efirdə göründüyü bir vaxtda insanlar necə kimisə Azərbaycanda Paşinyana oxşatdıqları üçün döyüb öldürə bilərlər? Hekayədəki hadisələr ən azı, müharibədən on il sonraya təsadüf etsəydi və hekayənin janrı fantezi seçilsəydi, bu problem olmazdı. Digər bir tərəfdən də Paşinyan Azərbaycanda nifrət yox, gülüş hədəfidir. Kəndlilərin onu öldürməsindənsə "zaçumarit" etməsi daha inandırıcı olardı. Ulucay şairdir, nəsrə yeni başladığı üçün bu elementar qüsurları hələlik bağışlamaq olar”.

Yazıçı Mirmehdi Ağaoğlunu tanıyaq

Mirmehdi Ağaoğlu:

“Adətən bu cür hekayələr qara yumor kimi yazılır, onda daha uğurlu olur. Lakin müəllif ayrı yol seçib, məlum mövzunu tragediyaya çevirə bilib və nəticə də əldə edib. Bu, təkcə qəhrəmanın tragediyası deyil, eyni zamanda təsvir edilən dövrün tragediyası, psixoloji vəziyyəti, gərginliyidir: Affekt halında olan toplumun psixoloji vəziyyəti. Ulucay tələsmədən, aramla yazıb bütün baş verənləri. Maraqla oxudum. Bəyəndim. Hərçənd başqa sonluq da vermək olardı, ancaq bu da xoşuma gəldi. Sadəcə iki nüansla razılaşmıram. Birincisi, hekayə gərək oxucunu öz reallığına inandırsın, burada qəhrəman Paşinyana oxşamasın deyə başına parik də qoya bilərdi, saqqal saxlayardı, eynək taxardı, panama geyərdi, plastik əməliyyatı yoxlayardı... - nə çoxdur indi vasitələr - və bütün bu çırpınmaların burulğanında hekayə daha inandırıcı alınardı. Amma qəhrəmanın bu cəhdləri etmək yerinə, burdan vurub kəndə getməyi... Və kənd mövzusunun təzədən (bu hekayə ilə) ədəbiyyatımızın mərkəzinə gəlməsi məni açmadı. İnsafən deyim ki, Ulucay qəhrəmanını kəndə aparsa da, həmən hissələr də dolu-dolu yazılıb, bununla işim yox. Sadəcə mənə görə, Paşinyana oxşayan bir personaj kəndə qaçmaqdansa, estetik əməliyyat olunsa idi, ədəbiyyatımızın mövzu imkanları müsbət istiqamətə genişlənmiş olardı. Bir də qəhrəmanın ölüm səhnəsini uşaqların onu qovması kimi deyil, meyiti dəfnə aparan vəcd halındakı kütlə ilə qəfil qarşılaşması kimi versəydi, daha inandırıcı alınardı.

Əlbəttə, bu mənim bir oxucu kimi görmək istədiyimdir. Müəllif hekayəni ayrı cür yazıb və öhdəsinə götürdüyü “tapşırıq”ların da öhdəsindən məharətlə gəlib.

Ulucaya uğurlar arzu edirəm. Ümid edirəm ki, bundan sonrakı hekayələrində personajları Bibi-Heybətdən o tərəfə keçməyəcək”.

Milyon illik tənhalıq - Fəxri Uğurlu yazır...

Fəxri Uğurlu:

“Mövzu komik hekayənin mövzusu ola bilərdi, ancaq müəllif nədənsə qələmini ciddi tutmağa üstünlük verib. Qəhrəmanın yaşını nəzərə alsaq, o Paşinyana yox, Paşinyan ona oxşayır. Belədə bu bənzərlikdən başqa mənalar hasil oluna bilərdi, bir şərtlə ki, fakt oxucuya söyüş səviyyəsində, "bizdən olub bizə oxşamayan" səviyyəsində təqdim olunmaya. Bir faktı da vurğulayım ki, dönmə ermənilər bizə daha qəddar münasibət bəsləyiblər, bunun da ciddi psixoloji səbəbi var: onlar öz erməniliyini sübuta yetirmək üçün ermənidən də artıq ermənilik eləməyə çalışırlar. Bu zaman, bəlkə, ağıllarına da gəlmir ki, öz babalarına, doğmalarına güllə atırlar.

Bir daha deyirəm - mövzu komik planda, bu da olmasa, tragik planda işlənə bilərdi. Müəllif tragikomik plana üstünlük versə də, bu yanaşma uğurlu alınmayıb. Final əsla inandırıcı deyil. Təhkiyə ənənəvidir. Dilinin redaktəyə ehtiyacı var”.

Şərif Ağayarın romanı Fransada çap olundu

Şərif Ağayar:

“Məncə, oxşamaq məsələsini tapıb, lakin bədii həllini tam verə bilməyib. Hekayə hədəfdən yayınır, dağılır, fokusu itir, üstəlik, hadisələr həddən artıq sürətlə baş verir. Sanki harasa tələsir. Özü də qaranəfəs. Bir az da çağdaş konyunktura mane olub yazara. Hadisələrə, bənzəyənə və bənzədilənə ədalət pəncərəsindən baxa bilməyib. Oxuduqca öz-özümə sual verdim: müəllif bu hekayəni niyə yazıb? Həm də belə tələskənliklə... Hekayədə yazıçı təmkini çatışmır. Elə bil ev tapşırığını unudub, dərs başlayar-başlamaz şötdələyib. Ya da toyxanada mahnı sifariş verib, çalğı başlamamış şıdırğı oynamağa başlayıb. Lakin ümumi yazı manerası, dili, koloriti, müəyyən incə müşahidələr və daha çox da bundan əvvəlki – müəllifin çox yaxşı bildiyi, içindən keçirdiyi və daha səmimi olduğu Bayıl-Bayır həyatı ilə bağlı hekayə göstərir ki, uğurlu mətnlər yaza bilər. Hətta yaza bilər yox, yazacaq. Sadəcə içinin kökləndiyi mətləblərə diqqət etməlidir. Əks halda, bəzən hamımızda olduğu kimi, xaric səslər çıxacaq”.

Samirə Əşrəf:

“Çox xoşuma gəldi. Bu, Ulucaydan oxuduğum ikinci hekayədir. Birincini də çox bəyənmişdim. Bilirəm, Ulucay bu mətnin üzərində xeyli işləyib, ancaq yenə də mən olsaydım, bəzi yerləri redaktə eləyərdim. Hekayənin axıcılığı, üslubu, nəqletməsi, texnikası, dramaturgiyanı yaratması çox gözəl idi. Son dövrlərdə oxuduğum ən gözəl hekayədir.

Qadının qardaşının ölümü və onun kəndə gəlişi, qardaş dərdi yanında ərinin probleminə laqeyd yanaşması və digər məqamlar çox gözəl verilmişdi. Qadının qardaşının ölüm xəbərini eşidəndən sonra ərinin yanından yel kimi ötüb keçməsi çox gözəl idi.

İntizarla gözlədim ki, görəsən, hadisə nədən ibarətdir. Ailəsi ilə sağollaşmasını, qadınla arasındakı lakonik dialoqunu, özünü gizlətməsini çox bəyəndim.

Razılaşmadığım məqamlar da var. Hekayənin adı və Paşinyan söhbəti. Başa düşürəm, Ulucay hekayəyə qara yumor qatmaq istəyib, amma, məsələn, kişi gedənə qədər mən elə bildim ki, vətən xainidir. Hekayənin dramaturgiyasını o qədər güclü qurub ki, mən ağır hadisə gözləyirdim, nəinki Paşinyan söhbəti.

Ulucayın hekayəni 60-cılar nəslinin nümayəndələri kimi realist üslubda yazması belə mənə toxunmadı".

Xudavi - Rəvan Cavid

Rəvan Cavid:

“Ulucay "Pul axtaranlar"da da eyni şeyi etmişdi: gözlənilməz, lal dinməz final. Bu onda üsluba çevrilir artıq. Başqa bir məsələ isə bu iki hekayənin Ulucayın şeirləri ilə eyni ritmi daşımasıdır. Onun şeirlərində lirik təsvirlərin yerini dramatik hadisələr tutur. Hekayələrində də uzun-uzadı təsvirlərin yerinə həyatdan kəsilmiş müəyyən kadrlar var. Hekayə müharibəyə ironiya və müharibənin ağır psixoloji travmaları haqqındadır. Azərbaycanlıların müharibə mövzusundakı ifrat pafosu, lağlağılılığı, səviyyəsiz yumoru təsvir olunub. Ulucay kosmopolit hekayə yazıb.
Bəzi hekayələr yazıldığı dövrdən sonra məşhurlaşır və təsir dairəsi daha çox genişlənir. Bu hekayə də elədir. Belə bir dövrdə, insanların hələ müharibəni unutmadığı bir zamanda belə bir hekayəni çox az adam başa düşəcək. Sual da verə bilərlər: bu hekayə niyə var? Niyə yazılıb? Hekayənin həqiqi dəyərini alması üçün müharibə, həqiqətən, bitməlidir”.


# 3112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #