Pul axtaranlar - Ulucay Akifin yeni hekayəsi

Ulucay Akif, yazar

Ulucay Akif, yazar

9 may 2023
# 09:00

Kulis.az "Hekayə günü" layihəsində Ulucay Akifin "Pul axtaranlar" adlı yeni hekayəsini təqdim edir.

Dünən uşaqlıq dostum Ceyhunla rastlaşdım. 15 ildir görüşmürdük. Məni gördüyünə sevindi. Hal-əhval tutandan sonra İbişin haralarda olduğunu, neylədiyini soruşdum. Ceyhunun üzündəki təbəssüm sındı.

***

Bayılın “20-ci sahə” adlanan ərazisi Badamdar dağının ətəyində, dənizin sahilində ayrıca bir qəsəbədir. Bura nə şəhər kimi şəhərdir, nə də kənd kimi kənd. Gecə-gündüz dayanmadan işləyən neft quyularının, buruqlarının olduğu “20-ci sahə”dən mazut qoxusu heç vaxt çəkilmir.

Qəsəbənin "Dvatsatının kruqu" adlanan mərkəzi hissəsində, adamlar yol qırağına düzülmüş piştaxtalarda, maşınların baqajında mer-meyvə, vedrələrdə təzəcə tutulmuş diri balıq, göy-göyərti, beşi bir manata limon, corab satırlar. Satıcıların, dilənçilərin, taksi sürücülərinin səsi biri-birinə qarışır.

Yayda bizim məhəllələrə tez-tez qarpız-yemiş dolu arabalar, hər yeri dəmir-dümürlə yüklənmiş sınıq-salxaq maşınları ilə taqqataq səslər sala-sala, buranın yoxuşlarını güc-bəla qalxan, enişlərini enən, yarımca saata bütün məhəllələri ayaqdan salıb, yavaş-yavaş gözdən itən dəmir yığanlar gəlir.

Əvvəllər əllərində torbalarla məhəllələri gəzib, xlor, aseton, kislota, nöyüt, mebel yağı satan xalaların səsi qulağımızdan getməzdi. O illərdə “20-ci sahə”nin kələ-kötür küçələrinə, balaca məhəllələrinə yolunuz düşsə, mütləq haradasa İbrahim və Ceyhunla rastlaşardınız.

Bu iki qardaş məhəlləmizin ən qəribə uşaqları idi. Aralarında iki-üç yaş fərq olardı.

Böyük qardaş Ceyhunun hündür boyu, ciddi siması vardı. Qalın, çatma qaşları, qara gözləri zəhmini daha da artırırdı. Yekəpər, iri cüssəli olsa da, heç kim ondan qorxmurdu. Xasiyyəti görünüşünə uyğun gəlmirdi. Biz belə düşünürdük, çünki kimləsə dalaşdığını görməmişdik.

Qısaboylu, qırmızıyanaq, şabalıdı gözləri olan İbrahimin üzündən isə hiyləgər təbəssümü heç vaxt əskik olmurdu. Diribaş, qıvraq idi. İbiş deyirdik ona.

Davası düşəndə, gücü çatmasa, yerdən daş götürüb dalaşdığı adamın başına çırpırdı. Söz altında qalmağı heç xoşlamırdı. Bir deyənə beşini qaytarırdı.

İbişlə Ceyhun hər gün pul axtarmağa çıxırdılar. Uşaqlar topalaşıb oynayanda, “biz pul axtarmağa gedirik” deyib aralanırdılar. Səhərdən axşama kimi “20-ci sahə”nin bütün məhəllələrini: indiki "Bayıl Arena"dan tutmuş – o vaxtlar bu stadion təmirsiz idi, ona "Dvatsatı stadionu" deyirdik – Badamdar dağının ətəyindəki Ləzgilər məhəlləsinə, oradan böyük neft çəlləkləri olan Akapenə qədər bütün küçələri gəzib pul axtarırdılar. "Dvatsatının kruqu"nda, "Fəhlə əlləri" parkında, bazara gedən yolda, məktəbin həyətində... Adamların çox olduğu yerləri xüsusi diqqətlə axtarırdılar.

Yolun bir qırağıyla İbiş, o biri qırağıyla Ceyhun gedirdi. İti baxışlarıyla yolun hər dəlmə-deşiyini, künc-bucağını yoxlayırdılar. Rastlarına çıxan daşları təpikləyə-təpikləyə gəzən bu iki qardaş günün istənilən saatı qəfil qabağınıza çıxa bilərdilər.


Badamdar dağı hündür deyil. Diqqətlə baxsan, lap uzaqdan dağa çıxan adamı, ətəyində qaçan iti də görmək olur. Hündür olmasa da, bura çıxanda, bütün Bakı ayağının altında qalır. Bibiheybət məscidinin minarələrindən tutmuş Əhmədliyə, Günəşliyə kimi hər yeri, "Alov qüllələri"ni, Bulvarı, Teleqülləni, “Şeytan çarxı”nı, stadionu, içində nöqtə boyda qaçan futbolçuları da görmək olur.

İbiş tez-tez dağa qalxırdı. Ora pul axtarmaq üçün çıxmırdı. Dağa qalxmaq İbişin ən böyük əyləncəsi idi. O, dağa çıxanda ya qurd kimi ulayır, ya da üzünü aşağı tutub çox pis söyüşlər söyürdü.

Dağın başından söyüşlər eşidiləndə, bilirdik ki, İbiş dağa çıxıb. Söyüşləri onu eşidən hamıya ünvanlayırdı. Biz də ya məhəllədən, ya da stadiondan söyüşlərini özünə qaytarırdıq. Xalalar pəncərəyə çıxıb əsəbiləşirdilər:

– O tərbiyəsizdi, sizə nə olub?! Baş qoşmayın!

Özümüzü elə aparırdıq, guya söyüşlərə dözə bilmirik. Əslində, nə İbişin söyüşləri bizim, nə də bizim söyüşlərimiz onun xətrinə dəyirdi.

İbişin bu hərəkətinə məhəlləmizin kişiləri çox əsəbiləşirdilər. O, hər dəfə dağa qalxıb söyməyə başlayanda, Rövşən əmi deyirdi, ”o qoduğ aşağı düşsün, tutub basacam dama, ağlı başına gəlsin!”.

Rövşən əmi polis idi. Böyüklər ona polis Rövşən deyirdi. Öz aramızda biz uşaqlar da hərdən ürək eləyib onu belə çağırırdıq. Reks adında qara, azman bir “nemeski avçarka”sı var idi. Rövşən əmidən qorxsaq da, itindən qorxmurduq. Reks ancaq dilini çıxarıb yelləməyi bacarırdı. Ağzının seliyi dayanmırdı. Heç hürmürdü də.

İbiş dağdan məhəlləyə enəndə, elə bil polis Rövşən dediklərini unudurdu. Onu tutub dama basmayacağını bilirdik, çünki İbişin atası ilə möhkəm dostuydular.

Bir dəfə Rövşən əmi dağdan düşən İbişi qulağından tutub "Bir də dağa çıxıb söyüş söysən, səni içəri basacam! Bildin, qoduğ oğlu qoduğ?!" dedi. Qulağını buraxan kimi İbiş "Qoduğ sənsən, sənin oğlundu!" deyib, götürüldü. Rövşən əmi ancaq İbişin arxasınca daş atmağa fürsət tapdı. Bizim qabağımızda pərt olmamaq üçün bir-iki söyüş də söydü.

Ceyhunla İbişin atasının harada, nə işlədiyini bilmirdik. Çox vaxt Rövşən əminin həyətində araq vura-vura, nərd oynayırdılar. Zarafatcıl, deyib-gülən adam idi. Məhəllənin arvadları öz aralarında ona "alkaş Vaqif" deyirdilər.

Anaları haqqında isə heç nə bilmirdik. Məhəllənin arvadlarından da nəsə eşitməmişdik.

İbişin oynamaqla arası yoxuydu. Ceyhun isə hərdən bizə qoşulub, futbol oynayırdı. Topa bir-iki dəfə təpik vurandan sonra “biz getdiy e!” deyib oyundan çıxırdılar. Çox vaxt bunu deyən İbiş olurdu. O, ancaq pul axtarmaq, pul tapmaq istəyirdi.

İbişlə Ceyhunun yerə baxa-baxa uzaqlaşmasına maraqla tamaşa eləyirdik.

– Odeee, getdi pul axtaranlar! – kimsə deyirdi.

Ceyhun lağ edənlərə əsəbiləşirdi. İbiş “fikir vermə, gəl getdik” söyləyib qardaşını yenidən işə kökləyirdi.

Qəribəydi ki, hər dəfə necəsə yerdən pul tapırdılar.


Onların hər dəfə yerdən pul tapmağına təəccüblənirdik. Eyni yollardan, eyni küçələrdən keçirik, bizim qabağımıza niyə çıxmır? Biz niyə tapmırıq?

Düzdür, bizim də aramızda pul tapanlar olurdu. Elə mən özüm neçə dəfə yerdən pul tapmışdım. Amma İbişlə Ceyhun qədər yox...

Pul axtarmaq İbişlə Ceyhunun peşəsinə çevrilmişdi. Elə bil adamların əllərini harada ciblərinə saldığını, pullarını harada itirdiklərini duyurdular.

“Ftaroy”dan “Muxtarov”a, Bibi-heybət məscidindən məktəbin həyətinə qədər hər yerdə gözləri yerə dikili gəzirdilər. Bəzən öz aralarında əraziləri bölüşdürür, İbiş bir tərəfə, Ceyhun o biri tərəfə yollanırdı. 1-2 saatlıq axtarışdan sonra yenidən görüşürdülər.

Məhəlləyə qayıdanda, marağımıza güc gələ bilməyib yanlarına gedirdik ki, nə qədər pul tapdıqlarını öyrənək.

– Mən heç nə tapmadım eee…

– Mən də tapmadım...

Ceyhunun kefi pozulan kimi İbiş “Zarafat eləyirəm! Alaaaa! 1 manat!”, deyib gülə-gülə qəfil arxa cibindən bir manat çıxardı.

– Hardan tapdın?

– “Bərəkət”in qabağından!

"Bərəkət" bizim məhəllənin aşağısında, stadionun yanında kiçik baqqal dükanı idi. "Ət-bərəkət" də deyirdik ora, amma ətdən başqa hər şey satılırdı. Əhəd əminin dükanı idi “Bərəkət”.

Aramızdan kimsə təəssüflənirdi: “Ay daa, bayaq mən də ordan keçdim e!”.

İbişin sifətində hiyləgər təbəssüm yaranırdı. Az qalırdı, ürəyim partlaya. Bayaq mən də Bərəkətdən çörək aldım, necə görmədim o manatı yerdə?!


Hərdən Ceyhun qardaşını tək qoyurdu.

– Bu gün gəlmirəm. Sən tək get, həvəsim yoxdu.

– Özün bilərsən. Mən getdim.

İbiş minaaxtaran detektorlar kimi gözlərini yerə zilləyib uzaqlaşırdı. Gözdən itənə kimi Ceyhun onun arxasınca baxırdı.

Ceyhun “işə çıxmadığı” vaxtlarda şalvarının balaqlarını qatlayıb bizlə futbol oynayırdı. Sol ayağı ilə vurduğu topları hələm-hələm qapıçılar saxlaya bilmirdi. Heç bir futbolçunu tanımırdı, amma biz ona sol ayağı ilə vurduğu zərbələrə görə Karlos adını vermişdik. Özü də oyuna girəndə “Çəkilin, Karlos gəldi!” deyirdi.

Amma çox oynamağa hövsələsi çatmırdı. “Gedim, görüm İbiş hardadı?” deyib aradan çıxırdı. Bəlkə də, şərikini tək qoyduğu üçün narahat olurdu.

O illərdə əlimizə keçən bütün pulu Pokemon kartları, Turbo saqqızından çıxan şəkilləri yığmağa xərcləyirdik. Hamısını Əhəd əminin “Bərəkət”indən alırdıq.

Dükana əlimizdə pul, dəstəylə girirdik. Əhəd əmi bizi görən kimi kefi yerinə gəlirdi. Ağbaş, lopabığ, arıq kişi idi. Güləndə üst çənəsindəki qızıl dişləri görünürdü.

Hədiyyə kitabçaları olan “Cırtdan” külçələri, kukuruzları var idi onda. İçindən nömrəli şəkillər çıxırdı. Hədiyyə kitabçalarındakı bütün şəkilləri tapıb dolduranda, nəsə udurdun. Futbol topu, qol saatı, fincan, tozsoran, çaydan... Kimdə hədiyyə udmaq üçün hansı nömrə qalsa, bütün uşaqlara, hətta qonşu məhəllələrə də hay salırdı ki, o nömrəni tapsın, lap pul verib alsın. Uşaqların anaları da bu həyəcana şərik olmuşdu. Öz aralarında uşağına neçə nömrəli şəklin lazım olduğunu danışırdılar, soraqlayırdılar.

Kimdə hansı şəklin qaldığını, axtardığımız şəkli kimdən tapa biləcəyimizi isə hamıdan yaxşı Əhəd əmi bilirdi. Axtardığımız şəkli Əhəd əmidən pulla aldığımız da olurdu.

Bir dəfə çörək almaq üçün “Bərəkət”ə girəndə, Əhəd əminin tez əlindəki hədiyyə kitabçasını qəzetin altında gizlətdiyini gördüm. Özünü elə apardı ki, guya qəzet oxuyur. Eynəyini çıxarıb mənə “nə lazımdı?” sualını verəndə, gizlətməyə çalışsa da, ayıb iş üstündə tutulmuş adamlar kimi səsinin əsdiyini hiss elədim. Onda başa düşdüm ki, Əhəd əmi niyə hər dəfə aldığımız kukuruzları, külçələri yanında açıb nömrələrinə baxmağımızı istəyirmiş...

Yay günlərində məhəlləmizə pambıqsatanlar gələndə, hamı tez qaçıb evdən pul istəyirdi. Pambıqsatanların arabalarının üstündəki qutularda bükülmüş kağızlar olurdu. Hər pambıq alan uşaq birini seçirdi və kağızda yazılan hədiyyə nədirsə, onu udurdu. Fosforlu qolbaqlar, içinə su doldurub fısqırtmaq olan üzüklər...

Pulumuzu ən çox da kompüter salonlarında xərcləyirdik. Elə günlər olurdu ki, səhər girdiyimiz kompüter salonundan hava qaralanda çıxırdıq. Son qəpiyimizə kimi futbol, maşın, dava oyunları oynayırdıq.

Bir də görürdün salonu işlədən göygöz Tofiq içəridəki uşaqlara səslənirdi:

– Nihat kimdi burda?

Salona sükut çökürdü.

Bilirdik ki, Nihat kimdirsə, anası gəlib. Nihat tez kompüterin qabağından qalxıb, qaçırdı çölə.

Ya da analarımız gəlib bizi döyə-döyə oradan çıxarırdılar. Ən qorxduğumuz da bu idi.

Əlimizə keçən pulu belə şeylərə xərcləyirdik onda.

İbişlə Ceyhun isə bunların heç biriylə məşğul olmurdu. Onları heç yayın cırhacır istisində bircə dəfə dondurma yeyən də görməmişdik.

Tapdıqları pulu nəyə xərclədiklərini bilmirdik.

İbiş neçə dəfə elə mənim yanımda yerdən pul tapmışdı.
Küçədə yeriyəndə birdən tez əyilib yerdən qəpik, ya kağız pul götürüb mənə göstərirdi:

– Buna baaaax!

Mənə tərəf tutub göstərdiyi qəpiyin, ya manatın arxasında həmin hiyləgər gülüşünün necə böyüdüyünü, bütün üzünə, yanaqlarına, gözlərinə necə yayıldığını görürdüm. Göstərdiyi pulu cibinə qoyub yoluna davam edirdi.

Onun yanında gəzəndə mən də özümdən asılı olmadan diqqətlə ayağımın altına, yolların, küçələrin künc-bucağına baxırdım, qabağıma çıxan daşları təpikləyirdim. Amma heç nə tapmırdım.

– Buraların altı-üstü puldu e! Yaxşı axtarsan, taparsan – İbiş deyirdi.

Qəsəbəni əlinin içi kimi tanıyırdı. Hansı evdə kim qalır, kim harada işləyir, saat neçədə işə gedir, neçədə qayıdır, kimin qapısında it var, itin adı nədir, neçə toyuq-cücəsi var, hansı mağaza saat neçədə açılır, neçədə bağlanır, obyekt sahibləri saat neçədə, harada nahar eləyir, bir sözlə, hər şeyi bilirdi.

Bir dəfə onunla gəzəndə, əliylə bir evi göstərib dedi:

– O evdə indi heç kim yoxdu.

Evə diqqətlə baxdım. Uzaqdan həyətdəki böyük ərik ağacı görünürdü.

– Hardan bilirsən?

– Bilirəm də. Rayona gediblər. İki-üç günə qayıdacaqlar. Gəl, zabordan hoppanıb bir az ərik yeyək.

İbişin təklifi ağlıma batdı. Köməkləşib dırmaşdıq daş hasara, tullandıq həyətə, cumduq ərik ağacına. Ən yetişmiş, ən iri, sulu və şirin ərikləri dərib yeməyə başladıq.

Ağacdan düşəndən sonra İbiş evin həyətində gəzişməyə başladı. Əllərini pəncərənin şüşələrinə dirəyib bir xeyli evin içinə baxdı. Sonra bir müddət ehmalca evin qapısını dartışdırdı. Bir azdan mənə “bəsdi, gəl gedəy eee” deyib hasara dırmaşdı.

Onun bu hərəkətləri məni narahat eləsə də, üstünü vurmadım, dalınca hasara dırmaşdım və həyətdən çıxdıq.

***

Ceyhunla İbiş məhəlləmizdən nə vaxt köçdülər, hara köçdülər, bilmədim. Onların yoxluğu bizdən heç nə alıb aparmadı. Ceyhunla 15 il sonra “Fəhlə əlləri” parkında rastlaşanda, “20-ci sahə” elə də dəyişməmişdi.

“Fəhlə əlləri” parkı yüngülvarı təmir olunmuşdu, “kruq”da böyük marketlər açılmışdı. Marketlərin qarşısında mer-meyvə, göy-göyərti, balıq satanlar isə hələ də var idi. Üç-dörd lotereya köşkü də gətirmişdilər bura. İbişlə Ceyhun kimi yerdən pul tapmaq eşqində olan qəsəbə adamlarının ən çox toplaşdığı yer də bu köşklərin qarşısı olmuşdu.

– İbişi tutdular da, içəridədi... – Ceyhun dedi. Onun bir vaxtlar mənə çox zabitəli görünən simasının necə yazıqlaşdığının, zəhmli gözlərinin necə yorğun və kədərli gözlərə çevrildiyinin fərqinə vardım.

– Nə danışırsan?! Niyə?!

– Oğurluğa görə.

– Nə oğurluğu? Haçan?

– Həəə, oğurluğa görə. Evlərə girirdik. İkimizi də tutdular. Papam polis Rövşənin əliylə pul verib məni çıxartdı, amma ha çalışdısa, İbişi buraxdırammadı. Hələ məhkəməsi olacaq. Mənə də ev dustaqlığı veriblər.

Şalvarının sol balağını yuxarı qaldırdı, ayağındakı elektron qandalı göstərib, gülümsədi.

Bir az da ordan-burdan söhbət eləyib uşaqlıq illərimizi yada saldıq. Rəhmətlik Əhəd əmidən, polis Rövşəndən, "Bərəkət"dən, pokemon kartlarından, "Cırtdan" külçələrindən...

Ceyhun İbişlə pul axtarmaqlarından başqa hər şeyi xatırladı. Heç mən də o söhbəti açmadım.

Sağollaşıb öz yoluna gedəndə, Ceyhunun arxasıyca xeyli baxdım... Hərdənbir qarşısına çıxan balaca daşları təpikləyir, gözünü yerdən heç qaldırmırdı.

# 5783 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
# # #