Yiyəsini unutdum, məni tutan qarğışın – Yeni şeirlər

Yiyəsini unutdum, məni tutan qarğışın – Yeni şeirlər
12 iyun 2020
# 15:24

Kulis.az Sara Selcanın yeni şeirlərini təqdim edir.

Çoxdanın susqunuyam,
Pıçıltı da uca gəlir.
Qürubların sonunda
Apaydın gecə gəlir.

Hər kösöv alışmır ki
Atıldığı ocağa.
Bəzən susub baxırsan
Olandan olacağa.

Əllərimdən yapışıb
Dizlərini atırsan.
İnsan Tanrı deyil ki
Bağışlamaq bacarsın.

***

Söz kəsdirir üstümü,
Havasına düşürəm.
Başa düşməyənlərin
Davasına düşürəm.

Hərdən özümə dolur,
Gah özümdən qopuram.
Şeir məni çağırır
Mən də şerə hopuram.

Sözlər axır ruhumdan
Ürəyimin ovcuna.
Nəğmə olmaq öyrədir
Neçə sevda acına.

Misralanır əlimdə
Hər gecə hərf-hərf.
Sözlə məlhəm tapar
Neçə ürəkdən dəli.

Yazıldıqca böyüyər
İçimdə nur topası.
Kiməsə həyan olar
Son şerimin nidası!

***

Zəifləyib bu aralar Şeytanın hücumu,
Hərdən qəm yeməklə pozuram orucumu.
İndi günahlar da dincini alır,
Tanrı təmizləyir öz bəndəsini,
Vurur haqq-hesaba toplayıb çıxır,
Cənnətdə nağd bilir düz bəndəsini.
Göylərə can atan minarələrdən
Boy verir beş vaxt azanı,
Allah özü səsləyir büdrəyəni, azanı.
Axirət azuqəsi qazandırır əməllər,
Nə olsun ki görmürük çiynimizdə yazanı.
Bu dünya günah evi:
Yüz səcdə, yüz qünut bir anda batil olur,
Adam özü büdrəyir, özü də qatil olur.
Böyükdür Bağışlayan,
Namaz üstə alnı səcdədə
Pıçıldayır astaca
Bəndə son kəlməni,
Görünməyə tələsmir Ramazanın qəməri.

***

Öz çənimi itirdim,
Dumanımı tanıdım,
Gəlmişəm, tanış olaq
Gümanımı tanıdım.

Biləsən ki kiməm mən,
Hər şey bəlli üzümdə.
Küləklərə aldanma,
Çox şey var Göy üzündə.

Yiyəsini unutdum,
Məni tutan qarğışın.
Al, bu ömür, bu əcəl
Nuşi can, halal xoşun.

***

İncidir yaman məni
Gözlərdə kədər yeri,
Yaşılca yarpaqların
Xəzəl olmaq nisgili.

Elə tez də görürəm
Yoxluqların yerini,
Ana kimi bilirəm
Ağrıların dilini.

Doğmalaşır əzablar
Mənim də balam olur,
Ah bu həssas ürəyim
Başıma bəla olur.


***

Durub bir şeir hönkürüm,
Söz yaşına qızınaq.
Yaşılca solanların
Göz yaşına qızınaq.

İsti-isti ağrılara
İsinmiş soyuq nəfəs.
Bu ucsuz, bucaqsız dünya
Necə də dar qəfəs!

Divarda qonaq kölgə,
O da çıxıb gedəcək.
Bezəcək tənhalıq da,
Görərsən, bu gedişlə...

Sara SELCAN | Can Azerbaycan

# 3643 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #