Müharibə ədəbiyyata necə təsir etdi? - Aleksandr Arxangelskinin analizi

Müharibə ədəbiyyata  necə təsir etdi? - Aleksandr Arxangelskinin analizi
4 sentyabr 2021
# 14:29

Kulis.az Aleksandr Arxangelskinin "Böyük Vətən Müharibəsi haqqında əsərlər necə dəyişdi?" adlı yazısını təqdim edir.

22 iyun tarixində Böyük Vətən Müharibəsinin başlanmasından 80 il ötdü. Rusiya tarixinin ən dəhşətli müharibəsinə bədii ədəbiyyatda dəfələrlə müraciət edilmişdir: Simonov və Tvardovskinin şeirləri əsgərlərin səngər yoldaşları oldu. Cəbhədə vuruşan nəslin "leytenant nəsri" banal hərb həyatını meydana çıxardı. 1980-ci illərin mətnləri isə sənədli sübutlara əsaslanırdı. Böyük Vətən Müharibəsi haqqında yazmağa bu gün də davam edirlər. Aleksandr Arxangelski bu müharibə ilə bağlı ədəbi ənənənin onilliklər ərzində necə yaranıb, necə dəyişdiyini, vuruşan və vuruşmayan yazıçıların kəşfiyyatda, mühasirədə qalmış şəhərdə, ön cəbhə xəttindəki insan təcrübəsini necə əks etdirmələri barədə danışır.

Böyük Vətən Müharibəsi haqqında rus ədəbiyyatının qısa, müxtəsər oçerkini yazmaq Birinci Dünya Müharibəsi haqqında Avropa müəlliflərinin mətnlərinin yığcam bir oçerkini yazmaq kimi mümkünsüz bir işdir. Adları sadalamaq oxucuya heç nə verməyəcək, heç yadda da qalmayacaq. Fikrimcə, prosesə quş gözü ilə yuxarıdan baxmaq, müharibə nəsrinin və (daha az dərəcədə) savaş poeziyasının xüsusiyyətlərini sxematik şəkildə təsvir etmək, daha sonra baxışı böyüdərək "cəbhə silsiləsi"nin başlıca kitablarına yaxından nəzər salmaq daha düzgün olardı.

1940-50-ci illər: yeni məfkurə yollarında

Müharibədən əvvəlki sovet ədəbiyyatı zorakılıq pafosu ilə dolu idi: "Bu adamlardan mismar düzəltmək gərək: / Dünyada ondan güclü mismar olmaz" (Nikolay Tixonov, 1919-1922-ci illər). "Hərb ədəbiyyatı” birdən-birə özünün qeyri-sinfi humanist dəyərlərini açıb göstərdi.

"Müstəsna, vətəndaş müharibəsi"ndən bəhs edən romanlarda, məsələn Fadeyevin "Tar-mar" yaxud Serafimoviçin "Dəmir axın" romanlarında qələbəni "kütlələr" təmin edirdi. "Sakit Don" burada qəribə bir istisnalıq təşkil edir. Lakin Böyük Vətən Müharibəsindən yazılmış ən yaxşı kitablarda tezliklə diqqət mərkəzində ayrı-ayrı insanlar dayanmağa başladı. Düz və əyri, siyasi cəhətdən hazırlıqlı və məfkurəsiz. Əvvəllər ölçü vahidi ordu, diviziya, polk idisə, indi vzvod, rota və batalyon ölçü vahidinə çevrilmişdi. İntonasiya, simvollar, qəhrəmanların seçilməsi kardinal şəkildə dəyişdi.

Xorda tonu Konstantin Simonov təyin etdi. Qumilyov tərzli, təpədən dırnağa maskulin şair birdən fərqli bir tonallığa keçdi. Qələbənin amalı və mənası həyatı olduğu kimi önə çıxardı; döyüşçünü vətəndaş borcu deyil, möhtəşəm bir ideya deyil, onu sevənin ümid və inamı xilas edir:

Gözləməyən nə bilir ki,
Odlardan belə
Xilas etdin həyatımı
Gözləməyinlə. (tərcümə Ə. Kürçaylı)

Simonovun başqa bir – "Alyoşa, Smolenskin yolları yadındarımı…" şeirində "rus" sözü dəfələrlə və nümayişkaranə təkrarlanır. Ordu qırmızı, dövlət sovetdir, amma vətən yenə də rus yurdudur. Müharibə milli xüsusiyyətlər qazandırdı və ədəbiyyat humanist kamertona kökləndi. Bu dönüşün – "xalq kütlələrindən" "xalq"ın özünə, sinfi sayıqlıqdan insaniyyətə, dostluğa, məhəbbətə – nə qədər radikal bir dönüş olduğunu bizə təsəvvür etmək çox çətindir.

Təsadüfi deyil ki, erkən "cəbhə ədəbiyyatı"nın başlıca əsəri Aleksandr Tvardovskinin "Vasili Tyorkin" kitabı oldu. "Kiçik" Sovet-Finlandiya müharibəsinin (1939) əvvəlində bir qrup rəssam və jurnalistin yaratmış olduğu zirək qızıl əsgərin bayağı obrazı 1942-ci ildə Tvardovski tərəfindən tamam “özəlləşdirildi”. Və felyetonçuluqdan lirizmə, "sovet" başlanğıcından rus başlanğıcına, təşviqatdan sərbəst pafosa qədər genişləndirildi. "Döyüşçü haqqında kitab" cəbhə qəzetlərində fəsillərlə çap olundu, radioda oxundu, jurnallarda çoxaldıldı; ədəbiyyat müdirləri onu mükafatlandırma prosesindən sıxışdırıb çıxarmağa çalışdılarsa da, alınmadı, çünki kitab oxucunun gözləntisi ilə tam üst-üstə düşmüşdü.

Kitab əyləncəli idi, çünki ani, hər saniyə gələn ölümün qarşısında skepsis ola bilməz. Kitab dəhşətli idi, çünki su keçidindəki ölüm müdhiş idi. Kitab sevgi dolu idi, çünki o fəlakətin, müsibətin, faciənin qızğın çağında sevməmək mümkün deyil. Kitab gələcəyə yönəlmişdi, o sehrli dünyaya ki, qələbədən sonra medal da pis deyil. O, sərbəst, yüngül, anlaşıqlı, danışıq dilində və böyük hissəsi dördbölgülü xoreydə yazılmışdı. Bu vəzn rus ənənəsində yol, iradə, həmçinin gələcək mövzuları ilə əlaqələndirilir. Bütün bunlarla bərabər poema yüksək səviyyəli, nəcib poema idi. Hərçənd qəhrəmanı general yox, sıravi bir əsgər idi, "səninlə mənim kimi". Məhz belə bir qəhrəmanı, məhz belə “ikicərgə düzülmüş” tonu, ən mühüm məsələlər barəsində səmimi söhbəti sovet oxucusu gözləyirdi. Bu sovet oxucusu birdən-birə özünü humanist (partiya üzvlüyündən asılı olmayaraq) və rus (köklərindən asılı olmayaraq) hiss etmişdi.

Müharibədən sonra yazılmış ilk böyük kitab – Viktor Nekrasovun "Stalinqrad səngərlərində" povesti (1946) eyni gözləntilərə cavab verirdi. Tvardovskidən fərqli olaraq, Nekrasov aktyor və memarlıq mühitindən çıxmış debütant idi. Hospitalda olanda hələ xatirələri canlı ikən roman yazmağa başlamışdı. Stalin mükafatını (1947) aldıqdan, tirajlananda və tanından sonra, pulun böyük hissəsini müharibə əlilləri üçün arabalara xərcləmişdi.

Həm "Tyorkin", həm də "Stalinqrad səngərləri" birinci şəxsdə yazılmışdır. Müdhiş müharibə bir şəxsin təcrübəsi ilə ötürülür, soldat zarafatları və leytenant gündəliyi adi epos məntiqini dəyişdirir, şəxsi dünyanın sevinci və ağrısı soyuq dünyanın yerini tutur. Bundan başqa, Tvardovskidə qəhrəmanının uydurma olması, Nekrasovda təhkiyəçinin avtobioqrafikliyi qabarıq şəkildə nəzərə çarpır. İstehkamçı leytenant Yuri Kerjentsev, Nekrasovun özü kimi, memardır, Kiyevdəndir, cəbhədə hərbi mühəndis kimi xidmət edir, alçaldıcı geri çəkilmədə iştirak edir, təhlükəli keçiddən keçir, hərbi mühasirədə (döyüşdən əvvəlki Stalinqrad) dinc ömür sürür, qəhrəmanlıq mübarizəsindən sağ çıxır...

Əsərin adı kəskin süjetdən xəbər verirdi. Üstəlik, jurnal versiyasında və ilk kitab nəşrində ad daha gurultulu və simvolik səslənirdi: "Stalinqrad". Əsərin janrı "roman" olaraq müəyyən edilmişdi. Lakin kitabda böyük siyasətə yer qalmamışdı – rəhbərlə bağlı bir neçə cümlə istisna olmaqla. Oxucuya tamamilə fərqli bir optika, baxış bucağı təklif edilirdi. Nə general, nə də əsgərin deyil, məhz leytenantın nəzər nöqtəsi. Kiçik zabit, böyük zabitdən fərqli olaraq, savaşı üfüqi kəsikdə, yəni içdən görür, onun dünyası – səngər, blindaj, qazma dünyasıdır. Ancaq əsgərləri hücuma aparmaq lazım gəldikdə, fədakarlıq vertikalı leytenanta açılır. "Stalinqrad səngərlərində" əsəri yüksəklik və alçaqlıq, qəhrəmanlıq və banal həyatın kəsişməsində qurulmuşdur.

Əslində, Nekrasovun kitabında aşkar dinamik süjet yoxdur; Nekrasov nümayişkaranə şəkildə Tyorkinin "müharibədə süjet olmur" düsturuna riayət edir. Ancaq "Stalinqrad səngərlərində" süjetdən və canlı təxəyyüldən daha qiymətli bir şey var: həqiqət payı. Böyük müharibənin banal, acı, bir qədər cansıxıcı həqiqəti. Bütöv bir ədəbi nəslin taleyini təyin edəcək və leytenant nəsri adını alacaq bir fenomen belə doğulur. Sanki Sovet ədəbiyyatının hüdudlarında Remarkın "səngər həqiqəti"i yazılır.

Simonov müharibədə milli başlanğıcı ortaya çıxardı. Tvardovski onu humanist pafosla birləşdirdi. Nekrasov milli başlanğıcı zəiflətdi, onu "xəlqiliyin” klassik diapazonuna köçürdü, həqiqətə güvənərək humanist səsi gücləndirdi. Hakimiyyət "hədəf auditoriyası"nın istəyinə laqeyq yanaşmağa cəsarət etmədi. Stalin, dramaturq Vsevolod Vişnevskinin ifadəsinə görə, şəxsən "Stalinqrad səngərlərində" əsərini mükafatlandırma siyahısına qaytarmışdı.

Bir müddət sonra hakimiyyət elə bil birdən ayıldı; Aleksandr Fadeyevin yenidən işlədiyi romanı – partiya, rəsmi xəlqilik, fədakarlıq və kollektivlik pafosuna əsaslanan monumental-qəhrəmanlıq əsəri "Gənc qvardiya"nın ikinci nəşrinin tərifi 1951-ci ildən sonra göylərə qaldırıldı, lakin çox gec idi. Rəsmi mədəniyyət daxilində hasara alınmış bir sahə əmələ gəlmişdi; İndidən sonra cəbhə poeziyası və nəsrinə, hər şey olmasa da, çox şeydə icazə verildi. Üstəlik, xalqların atası tezliklə vəfat edir və yeni epoxa başlayır.

Şoloxov "İnsanın taleyi" (1956-1957) hekayəsində "rus" mövzusunu dərinləşdirir: “Bu stəkanı da başıma çəkdim, ancaq iki qurtuma deyil, yavaş-yavaş içdim; çörəkdən bir tikə dişlədim, qalanını süfrəyə qoydum. İstədim o məlunlara göstərim ki, mən acından ölsəm də, onların sədəqəsinə göz dikmirəm, məndə rus ləyaqəti, rus qüruru var, onlar nə qədər çalışsa da, məni heyvana döndərə bilməmişlər!”. (tərcümə H.Şərif)

Simonov "Dirilər və Ölülər" trilogiyasında (nəşrin başlanğıcı – 1959) "səngər həqiqəti" xəttini davam etdirərək Nekrasovun gündəlik nəsrindən sonra "qeydlər" formasını seçir. 1950-ci illərdə "leytenant nəsr"inə verilən ixtiyardan istifadə edən cəbhəçilər Qriqori BaklanovYuri Bondarev, Konstantin VorobyovEmmanuil Kazakeviç özlərini tanıtdırırlar. Buradan leqallaşmış "mücərrəd humanizm" dinc həyata həsr olunmuş nəsrə — Doroşun "Kənd gündəliyi"nə yaxud Dudintsevin "Bəyaz paltarlar" əsərlərinə axır.

1960-70-ci illər: sadə müharibədən güzəştsiz mürəkkəb dünyaya

1950-ci illərin sonunda Vladimir Boqomolovun "İvan" adlı povesti çapdan çıxdı, 1962-ci ildə Andrey Tarkovskinin debüt filmində ("İvanın uşaqlığı") aktuallıq qazanaraq təkrar diqqət oyandırdı. Bu povest "müharibə nəsri"nin ilk iyirmi illik axtarışı altından xətt çəkərək yekun vurdu və 1960-cı illərə körpü saldı.

Povestin süjeti sadə və faciəvidir. Cavan baş leytenant Qaltsevin yanına keçidin yaxınlığında tutulan bir yeniyetmə gətirilir. Yeniyetmə özünü İvan Bondarev kimi təqdim edir və yalnız qərargahla danışmağa hazır olduğunu bildirir. Onun ilk kəşfiyyatçılardan biri olduğu ortaya çıxır. Adi bir uşaq müharibədə ikən böyüklərin edə bilməyəcəyi şeyləri edə bilər. Zəfər üçün bu qurban lazımdırmı? Lazımdır. Oğlanın psixikası pozulurmu? Pozulur. Bunsuz mümkün deyilmi? Mümkün deyil. Kəşfiyyatçı uşağı normal həyata qaytarmaq mümkündürmü? Çətin.

Boqomolov oxucunun diqqətini açıq şəkildə humanist, xəlqi, səngər ənənəsinə çəkir. Ancaq bədii varisliyi vurğulamaq üçün deyil, sələflərinə etiraz etmək üçün. Onun təhkiyəçisi leytenantdır, amma bu "leytenant nəsri" deyil, çünki təhkiyəçi sadəlövh və sadədir. O, mürəkkəb yeniyetməyə uduzur. Hekayə birinci şəxsdə nəql olunur, lakin bu gündəlik və ya üsluba salınmış qeydlər deyil. Oğlanın adı İvandır, amma hekayədə rus mövzusu yoxdur. Əsərdə humanist nidalar eşidilir, müharibə şübhəsiz şərdir, Molox kimi uşaqların qurban verilməsini tələb edir. Ancaq buna baxmayaraq, Boqomolov nəsri aşkar şəkildə sentimentallıqdan uzaqdır, ondakı tonallıq gah Nekrasov tonallığına yaxınlaşır, sonra qəfildən Nikolay Tixonovun soyuq tonu ilə səsləşir: "Sakitcə çubuğunu çəkib qurtardı / Sakitcə təbəssüm çəkildi yoxa".

Povest rus nəsri və poeziyasının 40-cı illərdə başladığı axtarışları eyni dərəcədə davam etdirir və onlarla çox sərt bir dialoqa girir. Bu, müharibənin içində yazılmış mətn deyil, müəyyən bir zaman aralığından yazılmış bir mətndir; bu mətn nə müharibə aparmaq üçün faydalıdır, nə də yalnız təzəcə yaşanmış təcrübəni yaddaşda möhkəmləndirir. O, mürəkkəbliyi qaçılmaz həyat norması, problemlərin həll edilməzliyini isə qaçılmaz bir var olma şərti kimi təqdim edir. Özü də ssenzura altında olsa belə müharibəni inkar edir – ən azından onu tərifləməkdən boyun qaçırır.

Böyük Vətən Müharibəsinin başlamasından düz iyirmi il sonra David Samoylovun "Qırxıncı illər, məşum illər ..." adlı möhtəşəm şeiri (1961) yazıldı. O, üç dayaq üzərində duran dirək kimi bizə məlum olan triadadan ibarətdir: həqiqət, humanizm, xəlqilik. Məşum əhvalatın mərkəzində adi insan dayanır, burada nəsil təcrübəsi ideoloji ittifaqlardan daha vacibdir, mümkün ölüm qarşısında isə hamı bərabərdir. Ancaq burada da cəbhə ədəbiyyatının yaratdığıdan fərqli olaraq tamam yeni bir şey ortaya çıxır. Məhz distansiya, məsafə hissi; "o zaman" olanla "indi" olan qarşı-qarşıya qoyulur. Müharibə qısa çəkən gənclik, faciəvi sadəlövhlük dövrü idi: "Hər şey iz qoydu içimdə / Ancaq sonra oyandı içimdə ". Bəs indi necə? Tale öz dəhşətli təsir qüvvəsini itirdi, amma dinclik də itirilib. Aldadıcı sadəlövh bir intonasiya seçərək, acıqlı "antik" obrazları iddiasız, yarı uşaq sözləri ilə toqquşduraraq, Samoylov keçmiş vasitəsilə bu gündən danışır.

Eyni zamanda, hərbi mövzunun bənzər bir dönüşü nəsrdə yetişir. Bulat Okudjavanın gündəlik şəklində yazılan "Sağlam ol, məktəbli" lirik povestində (1961) lap “samoylovsayağı” motivi səslənir: içindəki o hərbi sarsıntılar dövrünün sadəlövh məktəblisini necə qoruyub saxlamalı, isti, canlı və iztirablı təmiz başlanğıcı necə itirməməli? Təhlükəli səssizliyin yox olduğu bir dünyada bu mümkündürmü?

Boqomolovun povesti 60-cı illərin yolunu açdı. Müharibə nəsrinin növbəti ədəbi onilliyi Belarus yazıçısı Vasil Bıkovun "Sotnikov" (müəllifin verdiyi ad – "Likvidasiya") povesti ilə müəyyən edildi. 1969-cu ildə yazılmış əsər ilk dəfə 1970-ci ildə müəllif tərəfindən rus dilinə tərcümə edilərək nəşr edildi. Povest müəyyən mənada 40-cı illərin xəttini (humanizm, xəlqilik) davam etdirirdi, müəyyən mənada Boqomolovdan intellektual pası qəbul etmişdi (məharətlə gizlədilmiş müharibə əleyhinə pafos və müharibənin yaratdığı toqquşmaların həll olunmaması), müəyyən mənada da Samoylov və Okudjava şeiriyyəti (müharibə ilə müasirlik arasında – böyük ölçüdə məsafə) ilə səsləşirdi. Eyni zamanda, əsər konkret olanın fövqünə qalxaraq diqqəti ekzistensiyaya yönəldir. Sənədliliyə və aşkar realizmə vurğu edən "leytenant nəsri"ndə gözlənilmədən pritçavari bir başlanğıc ortaya çıxdı.

"Sotnikov"un ideyası 1944-cü ildə, Rumıniyada, leytenant Bıkov əsir götürülmüş almanlar arasında öz polk yoldaşını tanıyanda ortaya çıxmışdı; həmin adam Vlasovun ordusuna yazılmışdı ki, ilk fürsətdə əsirlikdən qaça bilsin. Amma bu fürsət heç vaxt ələ keçmədi. 40, 50 və 60-cı illərin hərbi ədəbiyyatı bu fabula əsasında hansı nəticəyə gələ bilərdi? Yəni satqın öz yolunu seçir, qəhrəmanlıq isə göründüyündən də adi şeydir... Amma Bıkov hekayəsini kökündən fərqli bir şəkildə qurmuşdu. Burada iki qəhrəman, iki tale var. Partizanlar Rıbak və Sotnikov pusquya düşürlər; Keçmiş starşina Rıbak əvvəlcə yaralanmış bəxtsiz, ziyalı Sotnikovu atır, sonra peşman olub geri qayıdır. Sorğu-sual əsnasında Sotnikova cəsarətlə işarə edir ki, o bazarlıq edə, həyat üçün mübarizə apara bilər. Ancaq zəif Sotnikov işgəncəni və könüllü ölümü seçir – bu da ona tam daxili azadlıq verir, güclü Rıbak isə son anda polisdə işləməyə razı olur. Bir ümidlə ki, vaxtında qaçıb canını xilas eləsin. Ancaq aydındır ki, bu sadəcə bir xəyaldır. Rıbak Sotnikovun asılmasında iştirak etməlidir və son dəhşətli səhnədə Rıbak özünü tualetdə asmaq istəyir, amma qayışını almışdılar. Qismət deyilmiş. Bir insanın öz iradəsi ilə seçə biləcəyi yeganə şey (o da nə qədər ki, gec deyil) ölümdür.

Eyni süjet parçası üzərində Valentin Rasputin "Yaşa və unutma" (1974) romanında öz bədii naxışlarını işləyir. Lakin əgər Bıkov insanlıq kateqoriyasında düşünür, onun bədii dünyasındakı şəxsiyyət müstəqil, "insan hər şeyin ölçüsüdür"sə, Rasputində isə fokus başqadır; o, müharibədən əvvəlki "kütlə" obrazından da, humanist şəxsiyyətçilikdən də uzaqdır. Romandakı şəxsiyyət özlüyündə, təklikdə əhəmiyyətli deyil, o, xalqın metafizik parçasıdır. İnsan bölünməz xalq vücudundan qopan kimi, öz kiçicik həyatını ucsuz-bucaqsız Əsil-nəsəbindən üstün tutan kimi, həllolunmaz problemlər də ortaya çıxmağa başlayır. Baş qəhrəman Nastyonanın əri fərarilik edir. O, “dinc” həyata qayıtmağa, arxa cəbhədə ölümdən gizlənməyə ümid edir, amma hər şey əksinə baş verir: o, müharibəni paltarının ətəyi kimi arxasınca çəkib gətirir. O şey ki, Simonov üçün qoruyucu həmail, güllədən sipər idi – qəlbdə yanan sevgi və sevgilisi ilə görüşmək, vüsala yetmək ümidi – burada fərdiyyətçiliyin lənətinə çevrilir. Bıkovun əsərində Rıbak günahkardır və onun intiharı mənəvi cəhətdən günahyuma ola bilərdi (fəqət bu baş vermir); Rasputinin əsərində Nastyona ona görə günahkardır ki, zəif, xəyanətkar, "xalqından qopmuş bir insanı" sevir. O, istər-istəməz fövqəlşəxs birliyin, o bütövlüyün məhvində iştirak etməli olur və buna görə də məhkumdur. Onun intiharı tarixi varlığın bütövlüyünü, vəhdətini bərpa edir – doğulmamış uşağın ölümü bahasına.

Başqa bir vuruşmayan yazıçı Vladimir Voynoviç, bir il sonra "şveyksayağı" romanı "Əsgər İvan Çonkinin həyatı və qeyri-adi macəraları"nın (1975) birinci hissəsini çap etdirir. Sovet ədəbiyyatının müharibə ilə bağlı bütün motivləri, mövzuları, açar obrazları satirik, parodiya formasında bu əsərdə birləşir. Əsərin qəhrəmanı Tyorkin kimi sıravi əsgərdir; o, "leytenant nəsri" nin qəhrəmanları kimi "səngər həqiqətinə" toxunur; Boqomolov kimi savaşın astar üzünü görür; o, Rasputinin personajları kimi milli həyatın təməl ideyaları ilə bağlıdır. Ancaq bu düstur mötərizədədir, bu mötərizənin qarşısına bir mənfi işarəsi var və pafos, qəhrəmanlıq, ideoloji, etnik, soy-kök olan hər şey sanki tərsinə çevrilir. Hər şey kiçildilir, hər şey parodiya edilir, iki sarsılmaz dayaq istisna olmaqla – insanpərvərlik və anti-militarizm. Aydındır ki, SSRİ-də hərbi nəsrin belə bir invariantını ictimailəşdirmək olmazdı.

1980-90-cı illər: niyə yaşamalı və məhz nəyi xatırlamalı

Xaricdə Vasili Qrossmanın "Həyat və Tale" adlı masştablı, epik romanı peyda olur. 1960-cı ildə tamamlanmış romanın əlyazması müsadirə edilmişdi; əlyazmasının xilas edilməsi və Qərbə ötürülməsi tarixçəsi detektivə bənzəyir və neqativlərin ötülməsini təşkil edən Semyon Lipkin, Vladimir Voynoviç və Andrey Saxarov bu süjetin xoşbəxt sonluqla başa çatmasında böyük rol oynadılar. Romanın iki fəsli “Kontinent” jurnalında (1976) nəşr olundu; ayrıca kitab şəklində 1980-ci ildə Cenevrədə Yefim Etkind və Simon Markişin redaktəsi ilə nəşr edildi. SSRİ-də roman yalnız 1988-ci ildə yenidənqurma dövrünün qızğın çağında jurnalda nəşr olundu. Beləliklə, Stalinqrad vuruşması haqqında dilogiyanın ikinci hissəsi kimi düşünülmüş kitab (birinci hissə sosrealist əsər idi, “Ədalətli iş uğrunda” adlanırdı, 1954) nəşr olunduqdan sonra 1980-ci illər müharibə nəsrinin əsas hadisəsi sayılır.

Qrossmanın dissidentlər cərgəsinə qoşulmaq fikri yox idi. Ancaq "Ədalətli iş uğrunda" romanında Lev Tolstoyun "Hərb və Sülh”ün təsiri forma ilə məhdudlaşırdısa, "Həyat və Tale" əsərində müəllifin düşüncəsi tamamən tolstoysayağı idi. Tolstoy Qrossmanı totallığın inkarı və humanist anarxizmin tərənnümünə doğru çəkib apardı. Çoxsəhifəlik epopeyanın süjeti bir neçə məcra ilə axır: yekəbaş bolşevik Mostovski əsir düşür və alman düşərgəsinə gətirilir. Burada (pritçavari başlanğıcı qaçılmazdır) tolstoyçu İkonnikovla mübahisə edir, katolik keşişi ilə ünsiyyət qurur, köhnə bir menşeviklə danışmaq məcburiyyətində qalır... Görkəmli fizik Ştrumun ailəsi Kazanda təxliyə olunur... Komissar Krımov qəhrəman Qrekovdan donoslar yazır...

Tədricən bütün bu səpələnmiş süjet xətləri vahid mənzərədə birləşir: istənilən cəmiyyətdə, istənilən quruluşda və istənilən şəraitdə, müharibədə, arxa cəbhədə, düşərgədə insan kiçik və zəifdir, dövlət isə nəhəng və qüvvətlidir. İstənilən dövlət "qəhvəyi", "qırmızı", "ağ" fərqi yoxdur. Qrossmanın təsvirindəki nasist düşərgəsi kommunist düşərgəsindən çox da fərqlənmir və xalqların rəhbəri Hitlerdən az şey öyrənməmişdi. Əgər bir şəxs totalitar sistemə xidmət etmək qərarına gəlibsə, onda onu alçaq sonluq gözləyir – istər Almaniyada faşistlərin hakimiyyəti, istərsə də SSRİ-də xalqların rəhbərinin yumruğu altında. Əgər "kiçik adam" birdən-birə dövlət maşınına xidmət etməkdən imtina edərsə, o zaman sonu şərəfli olacaq. Bəzən möcüzəvi şəkildə kimsə vintciklər içindən sıçrayıb çıxa, başqasını xilas edərək özünü də xilas etməyə müyəssər olur. Hətta düşməni də. Necə ki, əsərin bir səhnəsində kəşfiyyatçı Klimov və alman əsgəri eyni çuxura girərək mərmilərdən qorunurlar və bu vaxt bir-birlərini öldürməyəcəklərinə qərar verirlər.

Hər cür dövlət ideologiyasına qarşı qoyulmuş Tolstoyun klassik humanizmi Qrossmanda Bibliya allüziyaları ilə möhkəmləndirilib. Bu allüziyalar əsasən yəhudi mövzusu və hər yerdə hakim olan antisemitizmin nümayişi ilə əlaqəlidir. Lakin təkcə bununla məhdudlaşmırlar. Necə ki, Anatoli Kuznetsovun "Babi Yar" roman-sənədi (1966) və Yevgeni Yevtuşenkonun eyni adlı poeması (1961) təkcə bu motivə müncər edilmir. Müharibədən bəhs edən hekayədə sosial olan yerini metafizikaya verir; Hərbi mövzuda yazan ən yaxşı müəlliflər münasibətlərini müasir cəmiyyətlə deyil, adı açıqlanmayan Allah ilə həll edirlər. Sən buna necə yol verin? Bu nə demək idi? Bəlkə Sən heç yoxsan, üstümüzdəki "boş göylər"dir? Lipkin "Müharibə nəğməsi"ndə (1981) yazdığı kimi,

Boz səma. Nəm otlar.

Çuxurda pan qızı Məryəmin ikonası.

Düşmən geri çəkilir. Qələbə qazanmışıq.

Düşünməyə gərək yox. Ağlamaq olmaz.

Ölü quzu. Ölü daxmalar.

Dağıntılar arasında əsgərlərimiz var.

Düşərgə boşdur. Soyuyub sobalar.

Düşünməyə gərək yox. Ağlamaq olmaz.

Bundan iki il əvvəl (1979) publisist və ssenarist Ales Adamoviç və nasir Daniil Qraninin 1977-ci ildən bəri hissə-hissə nəşr olunan "Mühasirə kitabı" sənədli əsəri çap olundu. Kitabın əsasında mühasirədə qalan adamlardan götürülmüş 200 müsahibə dayanır; müsahiblər hər şeyi açıq danışmağa cəsarət etməmişdilər. Müəlliflər də öz növbəsində kitabı düzgün partiya göstərişləri ilə doldurmuşdular, gəncləri qınayırdılar ki, mühasirə ilə maraqlanmamaqla "mənəvi qarət" törədirlər, amma bu kömək etmədi. Senzura materialın bir hissəsini, xüsusən də talançılıqla əlaqədar yerləri buraxmadı, şəhər rəhbərliyinin dəbdəbəli həyatına dair sübutlar da kitabın son versiyasında olmadı, ola da bilməzdi. Eyni zamanda "Mühasirə kitabı" müharibənin elə detallarını təqdim etdi ki, bir çox oxucu bundan sarsıldı. Dehumanizasiya və fədakarlıq, ekzistensiya və qəlbi donduran məişət, siyasi iradənin bədəli barədə dərinə basdırılmış, lakin ortaya çıxan sual – bütün bunlar ilk dəfə olaraq sənədli formada, lirik təhkiyədə toplandı. Müəlliflər təmtəraqlı peyğəmbərsayağı "ştil"dən, yəni susmaqdan uzaq durdular, amma əsərdə Əyyubun Kitabının əks-sədaları səslənir.

Paralel olaraq, Leninqrad filoloqu Lidiya Qinzburqun "Mühasirə adamının qeydləri"nin (1984) birinci hissəsi çapa edildi; 1990-cı illərin əvvəllərində Olqa Berqqoltsun "Mühasirə gündəlikləri"ndən parçalar nəşr olundu. Onun şeirləri və radioçıxışları blokada tarixində olduqca mühüm rol oynamışdı. Svetlana Aleksiyeviç müharibədəki qadınların taleyindən bəhs edən sənədli povestinin adını Ales Adamoviçin bir sətri ilə – "Müharibə qadın simalı deyil" (jurnal nəşrləri – 1984, ilk tam nəşr – 1985) adlandıraraq sənədli-ədəbi yolu davam etdirdi. Beləliklə, "müharibə nəsr"inin daxilində dokumental fəndlə ifşaetməyə və məharətlə gizlədilmiş Bibliya təməlinə əsaslanan təmayül öz-özünə formalaşdı.

Düşünülürdü ki, 1990-cı illərin əvvəllərində müharibə ədəbiyyatının bədii gücü tükənib və "hərbi nəsr"də hadisələrin cərəyan etdiyi yer bundan sonra təhlükəli, ölüm gətirən arxa cəbhə olacaq. Lakin bu hiss 1983-cü ildən Almaniyada yaşayan yazıçı Georgi Vladimov tərəfindən qismən təkzib, qismən də təsdiq edildi. O, böyük müharibədən bəhs edən son böyük roman kimi düşünülmüş "General və ordusu"nu (1994) çap etdirdi. Humanizm, milli başlanğıc, əxlaqi kolliziyaların həlledilməzliyi, düşərgə motivi, anti-militarizm, süjetin batal sferadan arxa cəbhəyə və əksinə axını, Bibliya allüziyaları – burada hər şey vahid, lakin çox səviyyəli, çoxqatlı bir düstura yerləşdirilib.

Artıq məhbus həyatını görmüş ləyaqətli və vicdanlı general Kobrisov əsgərlərin topa ət kimi istifadə edildiyini başa düşür və sərt general Jukovla qəti razılaşmır. Jukov obrazı təkcə Sovet epopeyalarının marşalına yox, həm də Brodskinin qəhrəman sərkərdəsi ilə tutuşdurulur: “Marşal! acgöz Leta udacaq / bu sözləri və uzunboğaz çəkmələrini. / Yenə də, qəbul et bu miskin payı / ucadan danışaraq vətənin xilaskarını "

Vladimovun əsərində vətəni rus əsgərini qurban verən kəs deyil, hər əsgərin canına dəyər verən kəs xilas edir. Kobrisov ilə Smerş arasındakı konflikt qaçılmazdır, xüsusən də təkcə almanlar ilə deyil, həm də general Vlasovun ordusu ilə mübarizə aparmaq lazımdır. Ruslar ruslara qarşı, rəhbərlik rəhbərliyə qarşı, ağrı ağrıya qarşı ...

Romanı əvvəl-əvvəl həvəslə qarşılanan Vladimov kəskin cavabla qarşılaşdı – "cəbhə" yazıçılarından birinin, smerşçilər haqqında "Qırx dördüncü ilin avqustunda" (1974) romanın müəllifi Vladimir Boqomolovdan əlinin arxası ilə tolazlanmış yağlı yumruq zərbəsi yedi.

Digər cəbhə yazıçıları da (məsələn, Artyom Anfinogenov) Vladimova hücum etdilər; onları müharibə iştirakçılarının fikrincə romanın tamamilə yanlış olan sənədli əsasları narazı salmışdı. Gənc nəsl tənqidçilər isə romanın ənənəvi formasından narazı idilər.

Elə həmin illərdə Viktor Astafyevin "Lənətlənmişlər və Öldürülmüşlər" romanı qeyri-bərabər hissələrlə, elə bil sıçrayışlar şəklində nəşr olundu (birinci hissə 1990-1992-ci illərdə, ikinci hissə 1992-1994-cü illərdə). Olduqca sərt, sarsıdıcı olan bu kitab "səngər həqiqəti" mövqeyində ümumilikdə Sovet tarixinə və xüsusən də hərbi mifologiyaya öz iddialarını irəli sürürdü. Sovet mədəniyyətinə humanizmi, müharibə əleyhinə pafos və xəlqiliyi qaytaran cəbhə ədəbiyyatı şiddətli bir dekonstruksiyaya məruz qaldı; gecikmiş Astafyev səngər həqiqətinin qarşısına başqa bir həqiqəti – antisəngər həqiqətini qoymuşdu. O, müharibəni şəxsiyyəti məhv edən və dağınıq, pərakəndə insanların bir xalqda birləşməsinin qarşısını almaq üçün hazırlanmış, total dehumanizasiya maşını olaraq göstərdi.

Beləliklə, hərbi mövzu çevrə cızaraq başlanğıc nöqtəsinə qayıtmış oldu: cəbhə nəsrinin vətəndaş müharibəsi haqqında yazılmış kitablara qarşı səssizcə qaldırdığı iddialar ucadan onun özünə deyildi. 2000-ci ildə Astafyev "Lənətlənmişlər və Öldürülmüşlər"i davam etdirməyəcəyini bildirdi; roman yarımçıq qaldı. Bununla da, ən azından bir müddətlik, ədəbi bazara yeni "hərbi nəsr" tədarükü dayandı. İstedadlı və işıqlı İlya Boyaşovun insanlardan daha çox texnikaya həsr olunmuş "Tankçı və ya "Ağ Pələng" povesti (2008) istisna olmaqla.

2000-10-cu illər: yekunlaşma

Qəribədir ki, Vladimov və Astafyevin qarşıya qoyduğu vəzifələrin bir çoxu, Böyük Vətən Müharibəsi ilə heç bir əlaqəsi olmayan "Asan" (2008) romanında Vladimir Makanin tərəfindən həll edildi. 90-cı illərin Çeçen müharibəsi haqqında kitab elə bir məharətlə və pritçavari yazılmışdır ki, oxucunu 1812-ci ildən ("tolstoyvari" mayor obrazı Jilin) "Sevastopol hekayələri"nə, Birinci Dünya Müharibəsi və əlbəttə 1941-1945-ci illər müharibəsinə qədər bütün müharibələrə yönəldir. Burada cəbhə ədəbiyyatında gördüyümüz bütün xüsusiyyətlər sanki sintez edilmişdir. Sadəcə olaraq, Makanin üçün səngər həqiqəti – ticarət, bazar həqiqətidir; bütün müharibələr sonsuz resurs sövdələşməsidir, qarşılıqlı fayda verən mübadilədir. Humanizm isə bu vəhşi formalarda belə özünü göstərə bilir; "Bir nəfərin dostları uğrunda canını verməsindən daha böyük məhəbbət heç kimdə yoxdur" İncil imperativi hərbi barrikadanın hər iki tərəfindəki qəhrəmanların alverçilər kimi görünən dünyasında da işləyir.

Ümumiyyətlə, yazıçıları indi daha çox başqa bir paralel, başqa bir müqayisə, oxşatma maraqlandırır. "Bu gün – böyük müharibədir" yox, məhz "müasir Rusiya – müharibə ərəfəsindəki dövrdür". Dmitri Bıkovun "İyun" (2017), "Qırıcı" (2021) romanları Böyük Vətən Müharibəsindən əvvəlki sonuncu dinc ildə baş verənlərlə bizi bir növ valeh edir; "qırxıncı illər, məşum illər" insanların müharibənin qaçılmazlığını hiss etmələri, psixoloji olaraq buna uyğunlaşmaları ilə maraqlıdır və eyni zamanda, öz sevgi dolu, tələbəlik, adi həyatlarını yaşayırlar. Elə bil bütün bunların fərqinə deyillər. Müəllif qaçılmaz vuruşmalar barədə qabaqcadan xəbər vermir, əksinə obrazları demək olar ki, bilərəkdən bir-biri ilə əlaqələndirir, onun oxucularının qismətinə yaşamaq düşdüyü dövrü, qəhrəmanlarının yerləşdiyi zəmanəni işıqlandırır.

Bəlkə də yeganə gözəçarpan istisna, məşhur sənətşünas, Dövlət Ermitajının əməkdaşı Nikolay Nikulinin "Savaş xatirələri" (1975-ci ildə yazılmış, 2007-ci ildə nəşr olunmuş) adlı memuarıdır. Bu əsərdə astafyevsayağı müharibəyə nifrət, qrossmannsayağı rejimlərin toqquşması, "leytenant nəsrinin" səngər təcrübəsi var, amma burada nə qəzəb, nə də qərəz var. Tarixin özünü bir ağrı kimi qəbul edən insanın dəyişməz, səbirli, mətanətli avazı var.

Mənbə: Polka

Rus dilindən tərcümə etdi : Elçin İmanov

# 1824 dəfə oxunub

Müəllifin son yazıları

# # #