“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə

“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
6 may 2021
# 16:01

Bu gün tanınmış şair, yazıçı Sevinc Elsevərin doğum gündür. Kulis.az bumüansibətlə Sevinc xanımı təbrik edir və “Səni deyirlər” layihəsindən onunla söhbəti təqdim edir.

- Sevinc xanım, ad günün mübarək olsun? Yaş kompleksin var?

- Çox sağ olun. Yaş kompleksim yoxdur. Adətən, mənim yaşımda olan qadınlarda bu kompleks olur. Özümə də qəribə gəlir, düşünürəm, niyə bu kompleks məndə yoxdur və ya azdır? Bəlkə, uşaqlarla ovunuram, yaxud, qızımın boyu hündürdür, sadəcə, ona görə rahatlıq tapıram? (gülür) Yaşın ötməsi düşüncəsi narahat edəndə baxıram Nilifərə, görürəm, 20 sm məndən uca gənc qız var yanımda. Deyirəm, əşi, necə olmalıdır? yaş artmalıdır da!

- O zaman sirr deyilsə neçə oldu yaşın?

- Otuz səkkiz oldu. Sən dediyin o təhlükəli yaşa çatıram. Qırxa yəni. Ondan sonra nə olacaq, özümə də maraqlıdır.

- Qırx dedin, peyğəmbər yadıma düşdü. Səncə, qadınlara peyğəmbərlik niyə verilmədi?

- Məncə, patriarxallıq səbəb oldu buna. Necə ki, qadınlar alim, şair, riyaziyyatçı ola bilmirdilər, peyğəmbər də olmurdular. Bir də ki, Adəm ilk kişi peyğəmbərdirsə, Həvva niyə peyğəmbər olmasın? Həvva da ilk qadın idi, Həvva olmasa, Adəm neyləyə biləcəkdi?

- Həvva kişini işə saldı. Nə peyğəmbərlik?

- İşə niyə salıb? Ona yaşamağı öyrədib. Bu dünyaya gətirib çıxarıb onu. Elə ilk kişinin də yer səthinə enməsinə qadın səbəbkar olub.

- Kişilər göydən ayə gətirdi, qadınlar kişilərin özünü yerə gətirdi... Maraqlı analogiyadır...

- Əstəğfürullah! (gülür).

- Bəs sənin peyğəmbər gücün olsa, nəyi qadağan edərdin, nəyi təbliğ edərdin?

- Məncə, əslində, elm, incəsənət, ədəbiyyat, kino... bütün bunlarla davam edir peyğəmbərlik. Tanrı hələ də insanlara öz fikirlərini göndərir, göndərməkdə davam edir. Müxtəlif yollarla. Balaca bir şeirdə, bir quşun nəğməsində, insan ürəyinə toxunan hər səsdə... Xüsusi fikirlər gəlməyib ağlıma, sual da gözlənilməzdir. Ancaq insanlara ancaq gözəl şeylər arzulayıram. Onları dostluq, sülh, sevgi içində görmək istəyirəm. Sülh və əmin-amanlıq içində sevgiylə yaşamaq varkən, insanların savaşıb, bir-birini öldürməsinə dözə bilmirəm.

- Deyirlər, müharibədən qorxub depressiyaya düşmüsən, düzdür?

- Müharibə qorxuludur, bəli. Cəhənnəmin təsviri necədirsə, müharibə də elə bir şeydir. Dünyada ən çox qorxduğum şey müharibədir. Hətta zəlzələdən, vulkandan da o qədər qorxmuram. Depressiyaya gəlincə, uzun illərdi depressiyadayam. Əslində, hamının bildiyi səbəblərdir. Bir də sağlıq problemlərim var, depressiyaya düşməyimin bioloji səbəbləri də var. Nevroz, depressiya, panik atak - bunlar çox vaxt bioloji səbəblərdən qaynaqlanır.

- Sevinc, hamı səni gəncliyində cəsarətinlə tanıyırdı. İstər şeirlərində, istər həyatda... Deyirlər, Sevinc ana olandan sonra qorxaqlaşdı. Bu, düzdür?

- Tək mənmi qorxaqlaşdım? Ana olmayanların da çoxu qorxaqlaşdı (gülür). Səmimiyyətim azaldı, özünüqoruma instinktim çoxaldı. Olğunlaşdım, hiyləgərləşdim deyək (yenə gülür). Burda ana olmağın da rolu var, yəqin. Bəlkə də mənasızlaşdı bir çox şey. İndi də yazanda özümü çox senzura etmirəm. Bilmirəm, niyə belə deyirlər. Ancaq bir şeirdə dediyim kimi, sevdiyimiz adamla belə, qadın, ya kişiyə fərq etməz, senzurasız danışa bilmirik. Hər kəs onsuz da bacardığı qədər cəsarətlidir.

- Atana həsr etdiyin bir şeirin vardı. Cəsarətinə görə, çox tənqid olundu. Deyilənə görə, o şeirdən imtina etmisən, atana qarşı haqsız olduğunu söyləmisən.

- İmtina etdim deyəndə kitablara salmadım, lüzum görmədim. Yaxın dostlarım bilir ki, atam içən olub. İçəndə ailəyə əziyyət etdiyi də olub. O şeir feminist şeirdir. Cəmiyyətdə içki içib arvadını, qızını döyənlər var. Qazandığı pulu restoranda qoyanlar, ailəni korluq içində saxlayanlar... Atam da səhvlər edib. Ancaq o, ümumiyyətlə, yaxşı adamdır. Mən hətta o şeiri yazan vaxt da, şeirin sonluğunda etiraf edirəm ki, atamı qalstuklu, portfelli, insanların haqqına girən atalara dəyişmərəm. Atam başqalarının haqqına girməyib, bir qadının namusuna toxunmayıb, bir insanın toyuğuna “kiş” deməyib. Zamanla anladım ki, atam düşdüyü mühitin içində yolunu azıb.

- Necə?

- Sovet dövründə atamla anam həkimdən də, müəllimdən də yaxşı pul qazanır, yaxşı yaşayırdılar. Həkim uşaqları mənim əynimdə gördükləri paltarlardan istəyirdilər. Bu gün geyinib məktəbə gedirdim, sabah görürdüm, başqaları da alıb geyindi. Atam peşə məktəbində təlimçi idi, anam univermaqda satıcı, ancaq indiki mühəndis, həkim ailəsinin vəziyyətində dolanırdıq. Qəfil imperiya dağıldı. Ata-anam işsiz qaldı. Müharibə başladı. Atam o vaxtlar içkiyə qurşandı.

- Deyirlər, atan müharibədə də olub...

- Bəli. Birinci Qarabağ müharibəsində iştirak edib. O, gedəndən qısa vaxt sonra atəşkəs imzalanıb. Bu barədə "İş, Çörək, Qarabağ" adlı hekayəmdə yazmışam. Həmişə zarafatla deyirdi ki, seyidəm, getdim, ayağım düşdü, atəşkəs oldu. Mən atamı anlamağa çalışdım. Hamı eyni gücdə deyil. Atam güclü deyildi, içkiylə ovundururdu özünü, ancaq o qədər yaxşı xüsusiyyətləri vardı ki! Əmilərimin heç biri qızlarını oxumağa qoymadı. Bir əmim 9-cu sinifdən çıxartdı qızlarını. Ancaq mən gözümü açanda atam deyib ki, qızım oxumalıdır. Bir dəfə anama dedim, bu qədər əziyyət elədi sənə, niyə boşanmadın? Cavab verdi ki, o qədər yaxşı xüsusiyyətləri vardı, içməyi gözümə görünmədi. Ev işlərində həyat yoldaşına kömək edən ilk kişi onu görmüşəm. Hər zaman ruhlandırıb oxumağa. İndi də nəvələrini çox sevən bir babadır. Ancaq yenə içir (gülür). Deyir, içməsəm ölərəm. İndi də şəkəri bəhanə edib içir, deyir qanımı duruldur (yenə gülür).

- Sevinc, yetkinlik yaşına çatmaqda olan qızların var. Qızlarının öz gəncliyini Sevinc Elsevər qədər azad və cəsarətli yaşamasına razı olarsan?

- Azad və cəsarətli deyəndə, nə azadlığım vardı ki? Evə yarım saat gec gedəndə atam külqabını sıxırdı. Bir-iki şeir yazmışam, onu da çox görürsünüz, gedib-gəlib başıma vurursunuz (gülür). Azərbaycanda nə azad qadın? Bir cəsarətim o oldu ki, evdən çıxdım, ata-anamın tanımadığı bir oğlanın qoluna girib, getdim. Yaxşı da elədim. Ancaq qızlarımın belə etməsini istəmirəm. Onlara oxumağın daha vacib olduğunu aşılamışam. Hazırda gecə-gündüz oxuyurlar. Həm dərslərində bacarıqlıdırlar, həm istedadlı qızlardır. Onların incəsənəti seçmələrini istəmədim. Dinc yaşamalarını arzulayıram. Ancaq feminist ruhlu böyütmüşəm onları. Güclü olmaları üçün güclü ağıla malik olmaq lazımdır demişəm. Öz ayaqları üstündə durmaları üçün oxumaq vacibdir. Onlar da sağ olsunlar, buna var gücləriylə çalışırlar. İnanıram ki, güclü qızlar olacaqlar, yaxşı həkim, mühəndis, psixoloq - axır ki, yaxşı mütəxəssis olacaqlar. Azadlıq da məncə iqtisadi azadlıqdan asılıdır. İqtisadi baxımdan kimsədən asılı olmasalar azad olacaqlar

- Səncə, Bakı mühitində yeniyetmə bir qız nə qədər azad ola bilər?

- Baxır azad olmaq sözünü hansı anlamda işlədirsən. Hazırkı dövrdə uşaqlar azad da olmaq istəmir. Hamı evdə, telefonun, kompüterin əsiridir. Mən heç oğlumu həyətə çıxara bilmirəm. Dərs bitən kimi cumur “Pub G” oynamağa. Qızlar bütün günü dərsdə, sonra hazırlıqda, ondan sonra musiqi dərsində. Bu uşaqlar məktəbdən, oxumaqdan başlarını qaldıranda da telefonladırlar. Bütün münasibətlər virtuallaşıb. Bizim evdə belədir. Böyük qızımın rəfiqəsi belə yoxdur. Ona deyəndə, niyə qızlarla rəfiqəlik etmirsən? Deyir, bunun nə mənası var? Robotlaşıb uşaq, inan ki, robotlaşıb. Sutkada cəmi 5 saat yata bilir, qalan vaxtı ancaq oxuyur. Bizim zamanlarda belə deyildi. Dostluqlar, uşaqlıq sevgiləri, savaşlar, barışlar, həyətdə oyunlar... Dövran dəyişib. İndi mən özüm də qorxuram uşaq həyətə düşsün, tanımadığım adamlarla oturub dursun. Çünki elə şeylər eşidirik, havalanırıq. Deyirik, elə yaxşısı evdə oturmalarıdır. Bakıda yeniyetmə qız nə qədər azad olar, bilmirəm, hər halda yaşam tərzinə, ailəyə baxır. Bizdə belədir, monastır həyatı, ancaq oxumaq! (gülür)

- Mühiti özünüz yaradırsınız də...

- Əvvəldən belə alındı. Rayonlarda yaşayırdıq əvvəllər. Müxtəlif, tanımadığımızı qəsəbələrdə. Mən qapalı həyat sürürdüm. Zamanla buna öyrəşdik. Yenə deyirəm, baxır ailəyə, tərbiyəyə. Bizim gözümüzün önündə Elinanın həyatı var. O, deyilənə görə, başqalarından fərqləndiyinə, nisbətən sərbəst olduğuna görə linçlənirmiş. Acı sonluq da hamının gözü qabağında baş verdi. Bakıda övladını azadlığın özündən də qorumalısan. Belə çıxır. Azadlıq təhlükəlidir, təhlükə gətirə bilər. Təəssüf ki! Qızları yox, elə oğlan övladını da qorumalısan. Mən bu səbəbdən işləyə bilmədim. Onları tək qoymağı bacarmadım.

- Ad günü tortun hazırdır?

- (Gülür) Uşaqlar bal tortunu xoşlayır, ondan sifariş etmişəm. Əslində, 33 yaşıma qədər heç bir ad günümdə tort kəsilməyib. Uşaqlar böyüdülər, tələb etdilər. Ad günündür, tort kəsmirsən? Onlara qəribə gəlirdi ki, adamın ad günü ola, tort kəsməyə. Ancaq valideynlərim heç vaxt ad günlərimdə tort kəsməyiblər. Birincisi, uşaqlıq rayonda keçib. Tortu ancaq Bakıdan gələn qonaqlar alıb gətirərdilər. Atam Bakıya qonaq gedəndə sevinərdik ki, qayıdanda tort gətirəcək. "Nağıl" tortu. Sonrakı illərdə də başımızın hayında idik, yaşam mücadiləsi aparırdıq, tort yada düşürdü? Uşaqlıqda kəsilməyən tortları kəsirik indi.

- Ad günün bir daha mübarək olsun!

- Çox sağ olun. Diqqətiniz üçün təşəkkür edirəm.

# 4281 dəfə oxunub

Müəllifin son yazıları

# # #