Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri

Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi... - Günel Mehrinin şeirləri
25 avqust 2025
# 13:25

Kulis.az Günel Mehrinin şeirlərini təqdim edir.

Şəmsin qeyd dəftərçəsi

Mən özümü sevmədim ki...

Əhvalıma görə rəngdən-rəngə düşən gözlərimi çox sevdim,

Zülmətləri belə parlaq baxışlarla görən gözlərimi...

Mən özümü sevmədim ki...

Əllərimi sevdim...

Balaca barmaqlarımın böyük işlər görmək üçün mürəkkəbə bulaşmağını,

Sübhədək klaviaturada qaçıb-qaçıb yorulmağını,

Körpə saçlarına nəvazişlə toxunmağını,

Gözüyaşlı analara bərk-bərk sarılmağını...

İpə-sapa yatmayan saçlarımın küləklə rəqsini,

Günəş şəfəqləri tək üzümə yayılmağını sevdim...

Ən çılğın ritmlərdə belə yorulmayan ayaqlarımın,

Keçilməz yollarda, sıldırım qayalarda mənə yoldaş olmağını sevdim...

Gərgin-qızğın məqamlarda doğru kəlmələr pıçıldayan dodaqlarımı sevdim...

Mən özümü sevmədim ki...

Ruhumdakı ahəngi,

Rəngləri, burulğanları sevdim...

Ruhu ruhumla ucalanları,

Ruhu ruhumda qalanları sevdim...

Özümü rənglərinin axışında, sənin baxışında sevdim...

***

Ən qorxduğum...

Göylərin qapısı açılmayacaq yenə,

Körpü salmayacaq bir də Yerə

Qucaq-qucaq yağışlar...

Vücuduma nöqtə-nöqtə toxunub,

Hörməyəcək əynimə

Ləkə-ləkə libaslar...

Ən qorxduğum...

Dəniz bir də dalğa-dalğa gəlməyəcək,

Şahə qalxıb əndamımı sarmağa.

Tellərimi bircə-bircə isladıb,

Ruhuma toxunmağa...

Ən qorxduğum...

Günəş bir də gülməyəcək üzümə,

İstisiylə könlümü dilləndirib,

Sığal çəkməyəcək qamaşan gözlərimə...

Ən qorxduğum...

Unudaram doğma olan hər şeyi,

Yağışın da sehrini,

Dənizin də eşqini,

Günəşin də mehrini.

Ən qorxduğum...

Uzaqlarda qalmaqdır...

Yağışsız, dənizsiz və günəşsiz

An-an darıxıb, gün-gün qocalmaqdır...

İndi qorxularından arınmış Budda kimi xoşbəxtəm...

“Qordi düyünü” vurulub bütün təlaşlarıma...

Ruhum azad, asudə,

Çün yağış da mənlə,

Dəniz də mənlə,

Günəş də mənlə...

Hər gündüz, hər gecə,

Yenə, yenə, yenə,

Tanrıma şükürlüyəm:

Yağışın damlasına,

Dənizin zərrəsinə,

Günəşin istisinə...

***

Gözlərini yum bu qaranlıq dünyaya.

Eşidirsən?

Fonda sevdiyin “Ave Mariya”...

Müharibəsiz və xəstəliksiz bir cahan...

Nə tikanlı məftillər, nə sərhədlər var...

Nə raketlər, atomlar, mərmilər...

Göydən almalar tökülür güllələr yerinə,

Tanklar uşaq əyləncəsi,

Xərçəng preparatları uzaq keçmişin acı xatirəsi...

Möhürlər və sənədlər çoxdan arxivə dönüb

Sevənlərin həqiqəti qarşısında.

Yalanlar buxarlanıb ərşə çəkilir

Aşiqlərin əl-ələ gəzdiyi günəşli sahillərdə...

Dünya sevgi beşiyitək yırğalanır,

Hər gün bir köynək də İblisdən uzaqlaşıb...

Binaların yerində uca-uca ağaclar,

Asfaltların yerində yamyaşıl yamaclar,

Bir də kiçik-kiçik, şipşirin daxmalar,

Daxmalarda ev-eşikli mutlu-məsud insanlar.

Bacalardan qalxır kökə ətirli əyri dumanlar,

Səmada o dumanlardan qəlblər var...

Universitetlərin yerində böyük kitabxanalar,

Kim hansı elmi istəsə oxuyur,

Bütün pul vahidləri unudulub,

Bütlər və bütləşmiş hökmdarlar kimi...

Yalnız O, pıçıltılardan yüksəldikcə yüksəlir!..

Güləndə və sevəndə dərgahına uçuruq

Azadə quşlar təki...

İnanınca nağıllar gerçək olur, deyəsən...

Sən Allah, bərk-bərk yum, gözlərini açma sən...

Anama


Bu gün üçün təşəkkür,

var olmama səbəb qadın!

Amma böyüyə bilməmişəm,

sən də bilirsən,

hələ o başı bantlı qızam,

çərpələnglər uçuran,

rəngli şarları sevən,

günəşə gülümsəyəndə gözlərini qırpmayan,

dənizlə qucaqlaşanda özünü xoşbəxt sayan,

sevinəndə rəqs edən,

qəmlənəndə şeir söyləyən,

dünyaya çəhrayı eynəyinin arxasından baxmağı seçən,

sevəndə kəpənək tək qanadlı,

qanadlananda hamıdan çox sevilən

başı bantlı qız...

Hərdən böyrümdən deyə-gülə qaçan

sarı-sarı balalara sarı baxırsan,

və təbəssüm edirsən ki,

sən də elə bunlara taysan,

böyüməmisən heç, böyüməmisən...

***

Payız hərarəti çöküb içimə,

Amma üşüyürəm bu hərarətdən.

Payız yarpaqların tökür üstümə,

Yarpaqlar rəqs edir sırf mənə özəl.

Mən payıza varam, payız da mənə.

Sarı, qızılıya baxdıqca məstəm.

Payıza sevdalı olmaq nə demək?

O gəldi-gedərdir, o dəymə-düşər.

İçimdəki quşlar köç edir gedə,

Yaman qüssəliyəm, üzüm gülsə də.

Payız səmalardan axır üzümə,

Ovcum göylərdədir, payız çöhrəmdə.

Onu damla-damla qoxlayıram mən,

Eşqin ətri gəlir, artıq xoşbəxtəm!..

***

Söylə, heç Günəşə doğru əl uzatdınmı?

Səndən necə uzaq olduğunu hiss etdinmi?

Amma barmaqların arasına sığışdırdıqda

Nə qədər yaxın görünürdü, deyilmi?

Ovcunun içindəymiş kimi...

Bəs uzun-uzun baxdınmı Günəşə?

Baxdıqca parıltısından qamaşdımı gözlərin?

Gözlərini qapayıb xumarlandınmı sarı-narıncı işıqların təsirindən?

Bütün hisslərin kilidləndimi?

Başın döndümü bu parlaq doğmalıqdan?

Amma yaxınlaşdıqca yandın, yaxıldın, deyilmi?

Kül oldun, yox oldun, deyilmi?

İndi qəfil bir etiraf etsəm,

Ey sirdaş, mən də elə Şəmsəm desəm,

Qorxarsanmı?..

# 186 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər