Torçu və balıq - Puşkin

Torçu və balıq - Puşkin
29 yanvar 2024
# 11:40

Kulis.az Aleksandr Puşkinin "Torçu və balıq" şeirini təqdim edir.

Bir qoca kişi, bir qoca qarı,
Bir-birinin ənisi, həm yarı.
Dərya yanında köhnə qazmada,
Eylər idilər eyş azadə.
Qocanın sənəti balıq tutmaq,
Gahbigah suya tor atmaq.
Qarının sənəti ip əyirmək,
Qazmanı süpürüb, qabı silmək.
Torunu bir gün ol fürumayə,
Qəsdi-xalislə atdı dəryayə.
Nəxli-ümidi vermədi barı,
Olmadı yarı bəxt, həm Tarı.
Çıxdı tor boş, qoca oldu qəmin,
Saldı suya toru dübarə həmin.
Çıxdı bu dəfə də toru xali,
Oldu təğyir pirin əhvalı.
Üçmüncü kərə toru atdı,
Tor bu dəfə əcəb dərin batdı.
Oldu izhar qüdrəti-Xaliq,
Gəldi tor içrə bir qızıl balıq.
Sadə balıq deyildi ol balıq,
Var idi onda qüdrəti-Xaliq.
Gəldi göftara qəflətən o zaman,
Açdı dil ol balıq, necə insan.
Söylədi: “Ey qocayi-xoşmənzər!
Lütf üzüylə bana sən eylə nəzər.
Nə tələb eyləsən, onu verərəm,
Nə desən eylə, mən onu edərəm.
Cümlə hacətlərin olar hasil,
Olarsan arzuna tez vasil.
Rəhm eylə, at məni bu dəryaya,
Tutasan ta mənimlə xoş maya!”.
Pir eşitcək balığın avazın,
Onda görcək Xudanın ecazın,
Heyrətə düşdü, etdi əndişə.
Otuz üç il edərdi çün peşə,
Görməmişdi balıqda nitqi-səda,
Etdi çox şükürlər Xudaya əda.
Ona rəhm eyləyib o piri-fəqir,
Dedi: “Ey möcizi-Xudayi-kəbir!
Etmərəm səndən arzu bir zad,
Eylərəm həm səni bu dəm azad.
Heyifdir, gər səni edəm nabud,
Qeyz edər bana Xaliqi-məbud.
Gəz bu dəryada, olgilən rahət,
Mahiyan içrə tutgilən ülfət”.
“Yaxşılıq eylə, at suya balıq,
Bilməsə də balıq, bilər Xalıq”.
Atdı dəryaya balığı ol dəm,
Basdı daxmasına tərəf çü qədəm.
Gördü qarını, söylədi halı,
Əlinə keçdiyi əcəb malı.
Dedi: “Tutmuş idim qızıl balıq,
Dilə gəldi o balıq əz-Xaliq,
Dedi: “Eylə mənimlə sən saziş,
Verərəm hər nə eyləsən xahiş.
Atgilən bəhrə, eylə şad məni,
Eyləsin barilahi yad səni!”
Almadım ücrət, eylədim azad,
Ta ki Haqq tez-tez eyləyə bizi yad”.
Qocanı töhmət eylədi qarı,
Dedi: “Ey sarsaq səfeh, barı
İstəsəydin heç olmasa təknə,
Təknəmiz çün olubdu çox köhnə”.
Çarəsiz pir getdi bəhrə tərəf,
Sinəsi oldu qəm oxuna hədəf.
Yetişəndə kənara dəryadan,
Gəldi balıq vəfaya dəryadan.
Dedi: “Ey qoca, gəlmisən nə işə?
Açığın söylə, etmə əndişə.
Eylədi pir səcdə, açdı məqal,
Dedi: “Ey sahibi-kəmalü cəmal!
Günümü qarım eyləyib qarə,
Xeyli zəhmət verir məni zarə.
İndi lazım olub ona təknə,
Çün onun təknəsi olub köhnə”.
Nitqə gəldi o dəm qızıl mahi,
Dedi: “Çox çəkmə, ey qoca, ahı!
Tazə təknə yetər sizə Həqdən,
Olgilən azadə qüssəvü qəmdən!”
Evinə torçu eylədi övdət,
Qəlbdən şad, fikirdən rahət.
Təknəni tazə gördü, şad oldu,
Şükrü ol Tanrıya ziyad oldu.
Leyk qarı olmadı qane,
Düşmədi xatirinə Həqqi-sane.
Tündləşib sövtünü həm etdi uca,
Dedi: “Ey axmaq, səfeh qoca!
Kim tutub balığı edər azad,
İstəməyib bir şey, almayıb bir zad?!
Gedibən eylə balığa səcdə,
Dirilik yoxdu, de, bizim evdə.
Oluruq, söylə, daxmada bədhal,
Ta ki versin bizə işıqlı daxal”.
Üz tutub torçu getdi dəryaya,
Bükülüb qəddi, bənzərdi yaya.
Gördü dərya deyil o vəqt rahət,
Sağa-sola suyu edər hərəkət.
Başladı balığı çağırmağa,
Gəldi balıq o dəmdə qırağa,
Söylədi: “Ey qoca, nədir mətləb,
Gəlməyində bura nə olub hacət?”
Səcdəyə düşdü, eylədi təzim,
Dedi: “Ey möcizi-Xudayi-əzim!
Qarının yoxdu qorxusu, bakı,
Od salıb yandırır nə əflakı.
Dəxi də bərk tutub onun acığı,
Söyübən danlayır məni yazığı.
İstəməm mən, deyir, olam rəiyyət,
Xanım olmaq istərəm rahət”.
“Qəm yemə, ey qoca, — dedi balıq,
— Eyləyər qarını xanım Xaliq”.
Şad-xürrəm qoca evə döndü,
Vədeyi-xoşla qəm odu söndü.
Yetişib xanəsinə, qaldı mat,
Gördü var özgə bir təriqi-büsat:
Nədi bu cah, bu cəlalətlər,
Nədi bu xanələr, imarətlər?!
Bəzənib, gördü, qarısı əlvan,
Üstünə çox taxıbdır mərcan.
Başına zərli parçadan zivər,
Qolu, qolbağı cümləsi gövhər.
Ayağında zərif çəkmələri,
Həddən aşıbdı naz-qəmzələri.
Qabağında durubdu nökərlər,
Onları gah vurar, gahi danlar.
İrəli gəldi qoca, açdı kəlam,
Bu diliylə qarıya verdi salam,
Dedi: “Xoş gördük, ey bizim xanım!
Gözümə nur, cismimə canım!
Nə gözəl hala olmusan vasil,
Qəlbdən şad, bəxtdən kamil!
Yoxdu şübhə ki, razısan əlan,
Xoş keçər bu zaman sana dövran”.
Çün eşitdi bu sözləri qarı,
Hirslənib yeridi ona sarı.
“Gözlərimdən, — dedi, — kənara çəkil,
Fikrini cəm eylə, kəlamını bil!
Getgilən tövlədə sən ol mehtər,
Ta ola rahət onda əsbü xər”.
Budu, bir həftə gəldi etdi mürur,
Qarıda şiddət etdi kibrü qürur.
Dəxi də artıq eylədi hiddət,
Qocanı genə eylədi dəvət,
Dedi: “Get eylə balığı agah,
Ki, xanım xahiş eyləyir ola şah”.
Xofa düşdü qoca, dedi dərhal:
“Eyləyibsən qəribə, xam xəyal.
Dəli ha olmayıbsan, ey qarı,
Bircə insaf eylə, səni Tarı!
Nə yaraşır sana ki, şah olasan,
Sahibi-izzətü cah olasan?!
Varmı səndə ləyaqət olmağa şah,
Nə rəva eyləmək bu xalqı təbah?!
Hanı səndə o əql, ya hikmət,
Tuta qüvvət onunla ta dövlət?!
Səndə ki yoxdu əqli-xoşrəftar,
Güləcək üstünə, yəqin, əğyar”.
Qarının tutdu acığı külli,
Ərinə vurdu bir neçə silli.
“Eyləyirsən, — dedi, — necə cürət,
Edəsən ta mənimlə sən höcət?!
Xanımam mən ki, sən qara rəiyyət,
Hər nə əmr eyləsəm, ona əməl et.
Getməsən öz xoşunla bəhrə əgər,
Apararlar səni qul və nökər!”
Çarəsiz qaldı pir, çəkdi ah,
Yetişib bəhri gördü tünd siyah.
Xah-naxah eylədi avaz,
Gəldi ol dəmdə balıq dəmsaz,
Dedi: “Ey qoca, gəlmisən nə işə?
Hər nə var söylə, etmə əndişə”.
İkiqat oldu qoca, açdı kəlam,
Hüznlə söylədi o bədfərcam:
“Mana rəhm eylə, ey qızıl balıq!
Qarını yox edə görüm Xalıq!
Dəxi də tündləşib o bədətvar,
İki dünyada etsin Haqq onu xar!
Söyləyir kim: “Nədir xanım, ya xan?!
Mən gərəkdir olam şahi-dövran!””
Dedi balıq: “Get, eyləmə çox ah!
Haqq-təala edər qarını şah”.
Evinə qayıdanda pir o zaman,
Gördü qarı olub şahi-dövran.
Qəsri-şahanə ərşə ün çəkmiş,
Təxti-ac üstə qarı əyləşmiş.
Bir tərəfdən durubdu xan-xəvan,
Bir tərəfdən vəzir, vəkil, əyan.
Cümləsi eyləyir ona təzim,
Cümləsi həm edir ona təkrim.
Eyləyir qeyzlə hamıya xitab,
Gətirirlər ona şərabi-nab.
Əkli, şürbü onun tamam zərif,
Yoxdu aləmdə bir kəs ona hərif.
Düzülüb sağ və sola, hər yanə,
Pasibanani-şahanə.
Əllərində tutublar tiğü təbər,
Ta ona yetməyə xətavü xətər.
Elə ki gördü bunları ol pir,
İtirdi əqlini, həmi tədbir.
Bir zaman xofa düşdü, qaldı çaş,
Sonradan qarısına əydi baş,
Dedi: “Xoş gördük, ey şahi-aləm!
Qəlbi-pakında yoxdu ki dəxi qəm?”
Qocanın qarı baxmadı üzünə,
Eylədi əmr, dəyməsin gözünə.
Elə ki çıxdı qarıdan buyruq,
Qocaya dəydi bir neçə yumruq.
Qapıda səf çəkən qarovullar,
Azca qalmışdı onu öldürələr.
Hamıdan artıq ona töhmət,
Eylər idi o xəlqi-bihörmət.
Gülübən üstünə onun nahaq,
İncidərdi onu utanmaz xalq.
Söylər idi ki: “Bir də ol aqil,
Girmə şah qəsrinə, məqamını bil!”
Budu, bir həftə də gəlib-keçdi,
Gör neçə fikrə ol qarı düşdü.
Dəxi də artıq oldu onda itab,
Qəhr ilə eylədi vəzirə xitab
Ki, gedib qocanı tapıb gətirə,
Əmri-şahanı ta ona yetirə.
Xeyli gəzdi, çü tapdı onu vəzir,
Qarının yanına yetişcək pir
Dedi: “Durma, bu dəmdə bəhrə yetiş,
Yetişən kimi bəhrə, səcdəyə düş.
Ərz qıl balığa və söylə həmin:
“İstəmir xanım ola şahi-zəmin,
İstəyir ola dəryalar şahı,
Qulluq edə ona qızıl mahi”.
Qorxudan qoca demədi bir söz,
Çarəsiz tutdu bəhr səmtinə üz.
Elə ki gəldi yetdi ümmana,
Gördü, suyu gəlibdi cövlana.
Bəhr üzündə görəndə boranı,
Yadına düşdü Nuh tufanı.
Bəhr edər, gördü, bir sayaq xüruş,
Naleyi-şürtədən tutulmuş guş.
Üzünü tutdu bəhrə, etdi nida,
Gəldi balıq, qocaya etdi səda:
“Nə işə gəlmisən, nədir hacət?
Niyə qəmgin olubsan, ey bədbəxt?”
Səcdəyə düşdü pir, verdi cavab,
Dedi: “Olsun görüm qarını xarab!
Rəhm eylə mana, ey qızıl mahi!
Sənsən aləmdə şahların şahı!
Dəxi də tündləşib o bədəhval,
İndi də eyləyir bir özgə xəyal.
Qəlbini çün tutub küdurətü kin,
İstəmir artıq ola şahi-zəmin.
İstəyir ola dəryalar şahı,
Qulluq edə ona qızıl mahi.
Bu sayaq əmr edir o bədröyət,
Ta ki sən edəsən ona xidmət”.
Açmadı nitq dəxi, söyləmədi,
Quyruğuyla suyu bir az çilədi.
Sonradan cumdu bəhri-ümmana,
Ta edə dövr hər tərəf, yana.
Çox zaman durdu piri-xanəxərab,
Nə balıq çıxdı, nə yetişdi cavab.
Qüssəli getdi qarıya sarı,
Gördüyün söyləyə ona barı.
Yetişib bir zaman, qaldı mat,
Eylədi şəkk, varmı onda həyat:
Baxıban gördü, qazmadı köhnə,
Qoca qarısı, həm sınıq təknə.

Tərcümə: Firidun bəy Köçərli

Əski əlifbadan uyğunlaşdıran: Tural Əlizadə

# 1273 dəfə oxunub

Müəllifin son yazıları

# # #