"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan

"Sevmək nə imiş, bir gün anlayarsan..." - Ümit Yaşar Oğuzcan
22 avqust 2026
# 11:30

Bu gün tanınmış türk şair Ümit Yaşar Oğuzcanın doğum günüdür.

Kulis.az onun şeirini təqdim edir.

Yuxuların qaçar gecələr, heç cür səhər açılmaq bilməz.
Zillənər gözlərin tavanda bir nöqtəyə,
Dəli edən bir uğultu başlanar qulaqlarında.
Nə mələfə haldan anlayar, nə yastıq.
Girməz pəncərələrdən gözlədiyin o aydınlıq.
Onun unuda bilmədiyin xəyalı,
Siqaretdən dərin bir qullab çəkmişcəsinə dolar içinə.
Qapanarsan yatağına, çarəsizliyinə ağlayarsan.
Sevmək nə imiş, bir gün anlayarsan.

Bir gün anlarsan əslində hər şeyin boş olduğunu.
Şərəfin, fəzilətin, yaxşılığın, gözəlliyin.
Gün gələr ki, səsini bircə dəfə eşidə bilmək üçün,
Vurarsan başını soyuq daş divarlara.
Böyüyər get-gedə incikliyin, qırılmışlığın.
Duyarsan, lap dərindən acısını çarəsiz qalmağın.
Sevmək nə imiş, bir gün anlayarsan...

Bir gün anlayarsan nəyə yaradığını əllərinin.
Niyə yaradıldığını.
Bu iyrənc dünyaya nədən gəldiyini.
Uzun-uzun seyr edərsən güzgülərdə gözəlliyini.
Boşuna keçib gedən günlərinə yanarsan.
Dolar gözlərin, için sızıldayar.
Sevmək nə imiş, bir gün anlayarsan.

Bir gün anlayarsan dadını sevilən dodaqların.
Sevilən gözlərin əlçatmazlığını.
O heç gözlənilməyən saat gəldimi?
Düşər saçların önünə, amma ağappaq.
Uzanar göy üzünə əllərin.
Amma çarəsiz, yorğun, bitkin...
Bir müddət keçmiş günlərin xəyalına dalarsan.
Sonra düzülər bir-birinin ardınca həqiqətlər, acı.
Sevmək nə imiş, bir gün anlayarsan.

Bir gün anlayarsan xəyal qurmağı;
Gözləməyi, ümid etməyi.
Bir çirkli köynək kimi çıxarıb atmaq istəyərsən
Bütün bədənini saran o qorxunc gecəni.
Lənət oxuyarsan yaşadığına...
Keçmişdən nə qalıbsa, cırıb atarsan.
O zaman bir çiçək böyüyər məzarımda öz-özünə.
Səni sevdiyimi bax, o gün anlayarsan.

Sətri tərcümə: Aydan Ağayeva

# 125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər