Bir daha demərəm tamarzıyam mən – Günün şeiri

Bir daha demərəm tamarzıyam mən – Günün şeiri
29 sentyabr 2026
# 11:30

Bu gün tanınmış Azərbaycan şairi Famil Mehdinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsindən onun Qarabağa həsr etdiyi şeiri təqdim edir.

Min hava çalınıb könül tarımda,
Dünyanın nə çoxu, nə azıyam mən.
Fəsillər görüşür duyğularımda,
Elin həm qışıyam, həm yazıyam mən.

Anam Qarabağın, Milin, Muğanın,
Siz də mənim kimi eşqilə yanın.
Başına döndüyüm Azərbaycanın,
Dəli Kürüyəm mən, Arazıyam mən.

Dinlə "Çahargah"ı, eşit "Qatar"ı,
Könül dünyamızın sərvəti, varı.
Ələsgərin sazı, Qurbanın tarı,
Cabbarın, Seyidin avazıyam mən.

Öz tarixi vardır dağda qarın da,
Ürəkdə eşqin də, etibarın da,
Qədim Qobustanın qayalarında
Pozulmaz, silinməz bir yazıyam mən.

Familəm, həmişə yanmaqdır peşəm,
Can deyən gözələ canan demişəm.
Bu yolda sevinc də, qəm də yemişəm.
Bir daha demərəm tamarzıyam mən.

# 45 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər