Tort - Günel Mehrinin hekayəsi

Tort - Günel Mehrinin hekayəsi
10 yanvar 2025
# 13:06

Kulis.az Günel Mehrinin "Tort" adlı yeni hekayəsini təqdim edir.

Hər şey yaxşı olardı, bircə bu yumruq boyda zəhrimarı sakit edə bilsəydi. Hövsələsi lap daralmışdı. Hələ nə yaşı vardı ki, ürəyi ağrısın? Bu da nə keyfiyyətsiz dərman çıxdı. Dilinin altına gör nə vaxtdı qoyub, heç bir təsiri də yoxdur. Ürəyinin döyüntüsü bir cüt çəkic olub düz beyninə işləyirdi. Rahat nəfəs ala bilmirdi. Hamısı bu günlə bağlı idi. Axı niyə bu gün də başqa günlər kimi sakitcə sovuşub keçmirdi? Axı niyə hər ilin bu günü həmişəki sərbəstliyini alırdı onun? Bu "axı"lara bir son qoyulacaq, ya yox? Əlində olsaydı, sudan çıxmış balıq kimi çapalayan ürəyini söküb çıxarardı yerindən. Döşəməyə atıb heysiz hərəkətlərinə baxa-baxa ləzzət alardı. Sonra da bayaqdan ona əzab verən bu qanlı ət parçasını götürüb eşələyərdi. Onun adını tapmaq üçün. Tapan kimi də... Yox, deyəsən, dəli olurdu. Adam da öz ürəyini didib-dağıdar?.. Beynini qurd kimi gəmirən fikirlərdən elə dəhşətə gəldi ki, bayaqdan çeynədiyi çörək parçası boğazında ilişib qaldı. Çeçədi. Əli ilə havanı yara-yara kömək axtardı. Anası tez özünü yetirib kürəyini döyəclədi:

- Hamısı sənin. Dalınca qaçan var? Bir az asta ye.

Birtəhər özünə gəldi. Gözündən axan su soyumuş çayının içinə töküldü. Yeməyini yarımçıq qoyub hamama keçdi. Güzgüyə baxmadan üzünü sabunladı. İçini qəribə bir hiss çuğlayırdı. Bəbəklərindəki dəhşətli ağrını görməkdən çəkinirdi. Qorxurdu ki, üzündəki çarəsizlikdən doluxsuna, daxilindəki acını selə-suya çevirib uşaq kimi ağlaya. Ağlayıb kiçilə. Bəlkə də, ən doğru seçim olardı içini boşaltmaq bu an. Amma yox, özünə söz vermişdi, ağlamayacaqdı. Tərslikdən ülgücün iti ucu dərisinə işlədi. Yanağının al qanı ağ sabuna cığır saldı. Amma bu dəqiqə içindəki mənəvi əzabı ona elə bir ağrı verirdi ki, fiziki ağrıları şüuruna gedib çatmırdı. Ona görə də bu kəsiyə biganə qaldı. Sakitcə işinə davam edə-edə güzgüyə nəzər saldı. Səhəri dirigözlü açdığından gözləri qan çanağına dönmüşdü. Alt dodağı səyriyirdi. Gözlərinin altına tutqun kölgələr düşmüşdü. Amma bu gün 30 illik həyat təqviminin ən xoşbəxt günlərindən biri olmalı idi. Neçə vaxtdan bəri ürəyində böyütdüyü arzusuna çatmışdı. Yayda müdafiə etmişdi. Artıq dərs dediyi auditoriyaya universitetin ən gənc professoru kimi daxil olacaqdı. Hansısa əsərdən oxuduğu cümlələr yadına düşdü: “Keçmiş ölümündür, gələcək sənin...” Yaxşı, əgər keçmiş doğrudan da ölənlərə aid idisə, bəs o, niyə keçmişində yaşayırdı? Yoxsa ölmüşdü, xəbəri yox idi... Uşaqlıq illərində atasının danışdığı qorxulu nağıllarda dirilmiş meyidlər də var idi. O vaxtlar içini çəkə-çəkə düşünürdü ki, görəsən, bu meyidlər kəfənlə yaşayırlar, ya kəfənsiz? Burunları, qulaqları, gözləri necədir bu ölülərin? İndi isə təzəcə təraş olmuş sifətinin hər zərrəsinə baxa-baxa başa düşürdü ki, ölünün kəfən geyinməsi vacib deyil. Elə ölülər var ki, normal insanlar kimi yeyib-içir, gəzib-dolaşır, hətta nəfəs alır. Sadəcə, hər an duyur ki, içindən nəsə zərrə-zərrə qırılıb sonsuzluğa gedir.

Yox, daha heç nə haqda fikirləşməyəcəm. Sürətlə dişlərini fırçalamağa başladı. Televizorun səsi hamamın açıq qapısından içəri dolurdu:

Uşaqlıqdan hər il həyəcanla gözləyirik bu günü. 11 il məktəbdə, 4 il universitetdə...

Kranı axıra kimi açdı. Suyun şırıltısı diktorun səsini batırdı. Ağzını yaxalaya-yaxalaya yadına salmağa çalışdı ki, o, nə üçün gözləyirdi bu günü? Uşaqlıqda məktəbə getmək üçün... Sonra bir sinif də yuxarı qalxıb böyümək üçün. Sonra ali məktəbə qəbul olunmağın həyəcanı... Tələbəlik illəri... Sonra da bir vaxtlar tələbə olduğu ali məktəbə gənc müəllim simasında qayıtması... İlk dərs günü və onunla tanışlığı... Sentyabrın 15-i idi onu ilk dəfə görəndə. Və elə o an ürəyinin çırpıntısı hülqumuna keçmişdi. İlk dəfə o an ayaqları bir-birinə dolaşıb bədənini saxlamamışdı. İlk dəfə idi özünü itirdiyi qız ətrinin məsum təmasından. Birdən elə qəribsədi ki, onun ətri üçün. Lap burnunun ucu göynədi. Elə bil həmin ətrin şleyfi yanından keçib getdi, sonra burnunun həyəcandan enlənmiş pərləri ilə içəri doldu. Əgər ətirlərə ad vermək olsaydı, onunkunun adını qoyardı mehriban, sevimli ətir. Onun özü kimi mehriban, sevimli... Yəqin ölənə kimi bu ətir damğa olub burnunun damarlarında dolaşacaqdı, dolaşdıqca içində daşlaşmış xatirələr tərpənib onu narahat edəcəkdi. Birdən keçəndə ona göz qoyan anasını sezdi. O dəqiqə də özünü yığışdırdı. İstəmirdi xəbər tuta içində baş verənlərdən. Divar saatının gurultulu sədaları evi başına götürəndə sürətlə irəli qaçan əqrəbi xatırladı. İşə gecikmək olmazdı. Cəld otağa keçib paltarlarını geyinməyə başladı. Bir də baxdı ki, hansısa şən melodiyanı çalır. Amma heç cür anlaya bilmədi ki, otağa girən anası niyə ona elə baxır. Yoxsa anası onun fit çalmağını birinci dəfə eşidirdi? Anası isə mat-məəttəl oğlunun kədərdən əyilmiş sifətinə və fit çala-çala titrəyən dodaqlarına baxıb ah çəkirdi.

... Hərilki kimi universitetin həyəti qaynayırdı. Tələbəlik sevincinə təşnə olanların əl-ayağı yerə-göyə sığmırdı. O isə biganə idi. Hər şey yaxın keçmişin təkrarına bənzəyirdi. Elə bil bəzi məqamlar kserokopiyadan çıxmışdı. Arı pətəyini xatırladan insan topasını pəncərədən müşahidə edirdi. Bilirdi ki, bir azdan hər şey öz məcrasına qayıdacaq. Hamı öz yerini tutacaq: narahat valideynlər də, maraqla boylanan tələbələr də, başlarını itirmiş müəllimlər də. Bir azdan bu günün coşğunluğu da onun tarıma çəkilmiş əsəblərinə sığal çəkə-çəkə yox olacaqdı. Ürəyində cücərən bu ani təsəllidən o qədər həzz aldı ki, biixtiyar barmaqlarının ucunda dayandı. Elə bil bu günün astanasından sabahkı günə addım atmağa hazırlaşırdı. Birdən gözü foyenin küncündə tənhalaşan royala sataşdı. Beyninin dəhlizlərində keçmişə dair təsvirlər qaçdı. Klavişlərin üstündə gəzişən incə, bəyaz barmaqlar... Musiqini də xatırladı. Bethoven idi... Onun barmaqları klavişləri döyəcləmirdi, sığal çəkirdi elə bil. Arabir paxıllığı da tuturdu royalın ağ-qara dillərinə. Həmişə onun çalğısına baxa-baxa düşünərdi ki, o çalanda klavişlər həzz alır bu təmasdan. Barmaqları bəmbəyaz və yupyumşaq idi. Elə yumşaq ki, əl verib görüşəndə sındırmaqdan qorxurdu...

Görəsən, builki tələbələri kimlər olacaq? Əslində, fərqi yoxdur. Onsuz da heç kim onun yerini doldura bilməzdi. Nə o şirmayı barmaqlar, nə də barmaqların incə təmasından süzülən sirli melodiya əvvəlki olmayacaqdı. Bunu dəqiq bilirdi. Bu əminlikdən ürəyi sıxıldı. Royalın qapağını qaldırdı. Ağ-qara dillərə baxa-baxa düşündü ki, kaş elə bir cihaz olaydı, beyninə qoşub bütün keçmişi poza biləydi. Dərindən köks ötürüb həyətə baxdı. Deyəsən, bir az da artmışdı aşağıdakı insan yığını. Binanın qarşısında iynə atsan, yerə düşməzdi. Müəllimlərdən biri nitq söyləyirdi. Tələbəliyə yeni qədəm qoymuş gəncləri salamlayırdı. Kim bilir, həyat onları hansı sürprizlərə qonaq edəcəkdi? Hələlik isə yalnız bir şey məlum idi. Tale onları bu universitetə dartıb gətirmişdi. Bir vaxtlar Aynuru gətirdiyi kimi... Onunla qarşılaşdıqları gün elə isti idi ki, həyətdə dayanmağa səbri çatmırdı. Bir tərəfdən də ilk dərs gününün həyəcanı... Düşünəndə ki bir azdan auditoriyaya girməlidir, özünə yer tapa bilmirdi. Təzə qalxmışdı tələbə partasının arxasından. İndi isə onu müəllim masasında jurnallar gözləyirdi...

- Yaman həyəcanlı görünürsüz?
- Hə, bir az var...
- Əslində, mən də həyəcanlıyam. Amma ilk dərs gününə görə yox.
- Bəs niyə?
- Bu gün mənim doğum günümdür. Həmişə inanmışam ki, ad günümdə nəsə möcüzə baş verəcək. Yəni heç vaxt unutmayacağım bir şey olacaq.
- Möcüzələr bizdən xəbərsiz baş verdiyi üçün biz onlardan dərhal xəbər tutmuruq. Bəlkə, elə indi, elə bu an o dediyiniz möcüzə baş verir.
- Salam, Aydın müəllim. İlk dərs gününüz uğurlu olsun. Deyəsən, tələbələrlə yavaş-yavaş tanış olursuz?

Kafedranın müəllimlərindən biri bunu deyib gülə-gülə aralarından keçdi.

- Aaaa. Siz tələbə deyilsiz ki?
- Dünənə kimi tələbə idim. Bu gündən isə alınsa, sizlərin əsas fənn müəllimi olacam. Tanış olaq. Adım Aydındır. Aydın Qəribov.
- Belə de. Şad oldum, Aydın müəllim. Mən də Aynuram...

Qız gülümsündü. Dərhal da qızarmış yanaqları batdı. Elə həmin gündən baxışları onun batıqlarında ilişib qaldı. O həyəcanlı dönəmdən çox illər keçib indi. Bu illər ərzində müəllimlik stajı ilə birgə həyatın çala-çuxurunda bərkə-boşa düşmüş iç dünyası da dəyişib. Universitetə ayaq basar-basmaz qulağına dəyən qırıq musiqi sədaları hər gün onu musiqi aləminə çəkib aparır. Bu aləmə dünyanın dərdi-qəmi girmir. Hər otaqdan bir alətin nəfəsi gəlir. Və bu fərqli nəfəslər birləşib onun xaotik həyatına bir başqa rəng qatır. Günlər bir-birinin dabanına basa-basa irəli cumur. O isə cavanlığını sənətində əridə-əridə gah konsert salonlarında, gah da el şənliklərində insanlara yeni musiqilərini bəxş edir. Gecələr evə qayıdanda bütün günü iş-güclə əlləşib yorğun düşən anasının üzünə baxmaqdan çəkinir. Qorxur ki, köhnə söhbət təzələnər. Anası yenə yarasına köz basıb evlənməkdən söz salar. Anasına necə izah edə bilərdi ki, bu illər ərzində həyatına girən heç bir qadın qəlbində Aynurun yerini tuta bilməmişdi. Bilirdi ki, bu dünyada heç nə təsadüfi deyil. Allah hər şeyi yaxşılığa doğru edir. Bəs onda niyə qarşılaşdırmışdı onları Allah? Birləşməmiş ayırmaq üçünmü? Onu nə qədər sevdiyini itirdikdən sonra anlamışdı. Dilinə “sevirəm” kəliməsini gətirməmiş qüruru kilidləmişdi ağzını. Eşitmişdi ki, sevgisi uğurlu olanlar sənətdə irəli gedə bilmirlər. İndi o, sənət pillələri ilə addım-addım irəlilədikcə anlayırdı ki, uğurları ona baha başa gəlib: sevgisi naminə. Kimsəni günahlandıra da bilmirdi. Nə vaxtında dillənməyən qəlbini, nə yolunu kəsib ona mane olan qürurunu, nə də onun hisslərindən xəbərsiz başqasının sevgisinə pənah aparan Aynuru. Belə çıxır ki, Aynur onun həyatına yalnız bir məramla gəlmişdi. Məhəbbəti ilə ilhamlandırıb sənətdə ucalmasına kömək etmək üçün. Və bir də ildə yalnız bir dəfə onları qarşılaşdıran və 4 il sonra ayrı salan payız günündə özünü xatırlatmaq üçün... Qəribədir ki, bütün ili danışıb-gülürdü və yalnız bu gün əzab çəkirdi. İl boyu çəkdiyi kefə əvəz ödəyirdi elə bil...

Səhərdən bir nöqtədə donmuş insan kütləsi hərəkətə gəlmişdi. Ağır-ağır qapılara doğru irəliləyirdi. Gözü bayaqdan tək dayanan oğlana sataşdı. İndi yanında ürkək bir qız da var idi. Qıza baxdıqca oğlanın gözləri alışıb-yanırdı. Qız bunu duyduğundanmı, ya istinin təsirindənmi lalə kimi qızarmışdı. Onlar yanaşı irəlilədikcə çılpaq qolları bir-birinə toxunurdu. Bu toxunuşun təsirindən ilıq bir sızıltı keçirdi bədənlərindən. Bunu yuxarıdan duyurdu. Elə duyurdu ki, elə bil öz içindən keçib gedirdi bu sızıltı. Bir vaxtlar o da Aynurla belə yanaşı addımlayırdı... Bir də baxdı ki, barmaqları titrəyə-titrəyə klavişlərin üstündə qaçır. Ağ dillər qara dillərlə, qara dillər ağ dillərlə əvəzləndikcə yüngülləşirdi. Bethovenin “Ay sonatası” otaqdan otağa, mərtəbədən mərtəbəyə süzüldükcə eşidənləri tilsimləyirdi. Bayırdakılar bayırda donub qalmışdı, içəridəkilər içəridə. O, barmaqlarını royaldan ayıranda foyeyə xeyli adam toplanmışdı. Əl çalanlar da tapıldı. Başını aşağı salıb oların arasından pərt halda keçib getdi. Təəccüblü baxışlar ox olub kürəyini döyəcləyirdi...

...Əlində tort qutusu güllə kimi şirniyyat dükanından çıxdı. Şəhərin üstünə qaranlıq çökmüşdü. Bütün gününü həmişə getdiyi sakit restoranda keçirmişdi. Tək-tənha, araq şüşəsi ilə üzbəüz. Özünü valideyninin yasını verəndən sonra borcundan çıxıb rahatlanan övlad kimi hiss edirdi. Bu günün bayramını hər il olduğu kimi layiqincə qeyd etmişdi. Bircə tort mərasimi qalırdı. Ən sevdiyi və həmişə sona saxladığı tort mərasimi. Hər il aldığı tortdan idi. Bəyaz rəngi də, naxışları da, qutusu da eyni idi: tələbə vaxtı Aynurun xoşladığı kimi. Hər şey ötən illərdəki kimi davam edirdi. Bircə tezdənki piano əhvalatını çıxmaq şərti ilə . Necə olmuşdu ki, həmişə soyuqqanlılığı ilə seçildiyi halda, belə bir səhvə yol vermişdi. Bir Allah bilir, səhər universitetdən necə çıxdı... “Yaxşı ki, heç nə demədilər. Hələ donları açılmamışdı. Yəqin ürəklərini sabah boşaldacaqdılar. Əşşi, nə olar, olar...”

Sakitcə arkadan keçib binaya daxil oldu. Pillələri qalxdı. Qapının arxasından tanış musiqinin sədaları ucalırdı. Hə, Bethovenin sonatası idi. Pianoda çalınırdı. Tortu qapının kandarına qoyub tərəddüd etmədən zəngi basdı. Piano susdu. Getdikcə yaxınlaşan ayaq səsləri onun qətiyyətini sındırırdı. Bir anda beynindən yüz fikir keçdi: “Görəsən, kim açacaq qapını? Bəlkə elə Aynur? Əlbəttə, o. Əri ilə çoxdan ayrılıblar. Uşağı ilə tək yaşayır. Başqa kim olacaq ki... Bu dəfə danışacam. Mütləq danışacam! Nə deyim? Deyim ki, o vaxtdan onu unutmamışam. Uzaqdan-uzağa hər addımından xəbərim var. Sonra da deyim ki...” Evdən gələn uşaq hıçqırığı fikir zəncirini qırdı: “Ana, tez gəl. Yıxıldım...” Ayaq səsləri yaxınlaşdığı kimi də uzaqlaşdı. Bədənini lərzəyə salan ürək döyüntüləri səngidi. Binanın nəmişlik qoxulu havasını hərisliklə ciyərlərinə çəkdi. Oradan necə çıxdığını xatırlamırdı. Sükanın arxasından işıqları sayrışan gecəyə boylandı. Maşındakı saatda 12-yə üç dəqiqə qalırdı. Az qala qarşılaşacaqdılar bu qədər illərdən sonra. Azca qalmışdı ki, hər şeyi etiraf etsin. Bu dəfə də belə sovuşdu. Sabah yeni bəstəsinin təqdimat mərasimi idi. Bu gün tez yatmaq lazımdır...

...Əlində qutu kandarda quruyub qalmışdı. Tort da həmişəki idi, yazı da: “Doğum günün mübarək, Aynurum!” Toppuş uşaq əli donunun ətəyini dartışdırdı:

- Ana, mənə tort ver də...

# 211 dəfə oxunub

Müəllifin son yazıları

# # #