Britaniyalı jurnalist, yazıçı H.H Manro “Saqi” sözündən götürülmüş “Saki” ləqəbi ilə yazdığı qısa satirik hekayələri ilə tanınır. Onun yazdığı “Sredni Vaştar” hekayəsi yazıldığı gündən bəri xeyli musiqi nümunəsinin, filmin mövzusu olub. Borxesin fikrincə, dünyanın ən yaxşı hekayələrindən biridir.
Həkim bir mütəxəssis kimi vəziyyət barədə fikrini bildirəndə Konradinin on yaşı var idi. O vaxt həkim demişdi ki, oğlanın uzağı beş il ömrü qalıb. Ancaq həkim həmişəki kimi qətiyyətsiz və yorğun görünürdü. Artıq heç kim onu ciddi qəbul etmirdi. Onun sözlərini təsdiqləyən və dəstəkləyən xanım De Roppa isə hamı hörmət edir, fikirlərinə dəyər verirdi.
Xanım De Ropp Konradinin yaxın qohumu və qəyyumu idi. Bu xəstə oğlanın gözlərində dünyanın xoşagəlməz, ancaq lazımlı və gerçək olan beşdə üç hissəsi əks olunmuşdu. De Ropp yalnız bunları görə bilirdi. Qalan beşdə iki hissə isə oğlanın təxəyyülündə və iç dünyasında toplanır, yuxarıda sayılanlarla əbədi rəqabət aparırdı. Bir gün Konradin xəstəlik, məhdudiyyət və keyimə kimi yorucu, mühüm şeylərin artan təzyiqinə təslim olmaq qərarına gəldi. Tənhalıqdan şaxələnən təxəyyülü olmasaydı, çoxdan təslim olardı. Xanım De Ropp heç vaxt, hətta ən səmimi olduğu anlarda belə, Konradini nədə sevmədiyini başa düşə bilmirdi. Yəqin, bulanıq olsa da, anlayırdı ki, “öz xeyri üçün” deyib, oğlanı dilxor etmək borcudur və bu borcu həvəslə yerinə yetirir.
Konradin bütün qəlbiylə qəyyumuna nifrət edirdi, ancaq bunu hamıdan gizlədirdi. Zövq aldığı bəzi xırda məqamların qəyyumunun xoşuna gəlməyəcəyini düşündükcə, daha çox sevinirdi. De Ropp Konradinin ucsuz-bucaqsız təxəyyülündə günahkar kimi həbs olunmuşdu və oradan çıxış yolu yox idi.
Qohum evinin əksər pəncərələri darıxdırıcı, kədərli bağa açılırdı. Lakin bu mənzərə Konradini cəlb etmirdi. Həm də pəncərələr açıldıqca müxtəlif tələblər, qadağalar, xəbərdarlıqlarla (məsələn, “dərmanları qəbul etmək vaxtıdır”) müşaiyət olunurdu. Bağda qayğıyla əkilmiş bir neçə meyvə ağacı var idi. Onlar növlərinin nadir nümunəsi, quru səhrada çiçəkləyən bitkilər kimi əlçatmaz və lazımsız idilər. Yəqin, alverçilər ağaclardan götürülən ümumi məhsula heç on şillinq də verməzdilər.
Ancaq bağın gözdən uzaq küncündə kifayət qədər böyük bir anbar var idi. Tikili kolluqların arasında gizlənmişdi. Konradin anbarın divarları arasında sığınacaq tapdı. Bu anbar onun üçün gah oyun otağı, gah kilsə olurdu. Oğlan anbarı tanış xəyalatlarla doldurmuşdu. Xəyalatların bəzilərini tarixdən, bəzilərini isə öz təxəyyülündən çağırmışdı. Anbarın iki qanlı-canlı sakini var idi. Bir küncdə daranmaqdan, – Konradinin sevgisini sərf etmək üçün başqa yolu yox idi, – lələkləri pırpızlanmış Hudan toyuğu yatırdı. Digər alaqaranlıq küncdə isə iki bölməyə ayrılmış nəhəng qəfəs var idi. Bölmələrdən birinin ağzı sıx dəmir barmaqlıqlarla örtülmüşdü. Həmin bölmə qəssabın oğlunun qəfəs və digər ləvazimatları ilə birlikdə gizlincə gətirdiyi safsar yuvası idi. Konradin safsarı uzun müddət xəlvətcə yığdığı gümüş qəpiklərlə dəyişdirmişdi. Bu oynaq, iti dişli heyvandan çox qorxsa da, sahib olduğu ən dəyərli şey idi. Safsarın mövcudluğu Konradinin ən böyük sirri və sevinci idi. Qadının, – oğlan De Roppu belə adlandırırdı, – bundan xəbər tutmamağı üçün böyük səy göstərirdi.
…Və günlərin birində Konradin kim bilir, ağlında nə tutub nə fikirləşdisə, heyvana qəribə bir ad uydurdu və həmin andan etibarən heyvan Tanrı kimi, din kimi böyüməyə başladı. Qadın həftədə bir dəfə ən yaxın kilsədə vaxtını dinə həsr edirdi və Konradini də özü ilə aparırdı. Ancaq kilsə ayinləri oğlana yad idi. Axı o hər cümə axşamı alaqaranlıq və kif atmış anbarın sükunətinə çəkilib, mistik və diqqətlə hazırlanmış mərasim qurur, qəfəsə sitayiş edirdi. Qəfəsdə Sredni Vaştar adlı nəhəng safsar – tanrı yaşayırdı. Mövsümü gələndə Sredni Vaştarın məbədində qırmızı güllər, qışda isə al giləmeyvələr qurban verilirdi. Çünki Konradinin Tanrısı Qadının tapındığı dinin əksinə hər şeyin qəddar, səbirsiz tərəfini vurğulayırdı və Konradinə görə, Qadın ondan fərqli olaraq, öz dini inancında xeyli məsafə qət edib.
Böyük bayramlarda qəfəsin qarşısına döyülmüş hind qozu səpilirdi. Hind qozunun oğurluq olması bu qurbanvermə mərasiminin vacib elementi idi. Belə bayramlar tez-tez təkrarlanmırdı. Əsasən, baş verən sevindirici hadisələr qeyd edilirdi. Məsələn, xanım De Ropp üç gün kəskin diş ağrısından əziyyət çəkəndə Konradin üç gün bayram edur, diş ağrısının məhz Sredni Vaştarın gücü ilə baş verdiyinə inanmaq istəyirdi. Xəstəlik dördüncü günə keçsəydi, evin hind qozu ehtiyatı tamamilə tükənə bilərdi.
Toyuq Sredni Vaştar kultuna daxil deyildi. Konradin onun anabaptist olduğuna qərar vermişdi. Əslində, anabaptistin nə demək olduğunu bilmirdi. Ancaq ümid edirdi ki, bu cəsur və bir o qədər qəbul olunmayan cərəyandır. Onun hamının qəbul etdiyi şeylərə qarşı nifrətinin kökündə xanım De Ropp dayanırdı.
Bir müddət sonra Konradinin anbara olan marağı qəyyumunun diqqətini cəlb etməyə başladı. Xanım De Ropp:
– Onun üçün istənilən havada orada vaxt keçirmək zərərlidir, – deyərək, dərhal yeni qərar qəbul etdi və səhər yemək süfrəsində bildirdi ki, sabaha qədər Hudan toyuğu satılıb burdan gedəcək.
Xanım De Ropp uzağı zəif görən gözlərini Konradinə zillədi. Gözlədiyi qəzəbli və kədərli reaksiyaları mükəmməl nəsihətlər və mülahizələrlə dəf etməyə hazırlaşırdı. Ancaq Konradin cavab vermədi: deməyə sözü yox idi. Yəqin oğlanın ağarmış sifətindəki ifadə Qadında mərhəmət hissi oyatmışdı, axşamkı çay süfrəsində tort və oğlana zərərli, həm də hazırlanması “əziyyətli” olduğu üçün (orta təbəqədən olan qadının düşüncəsinə görə, yeməyin ən çatışmayan cəhəti) bişirmədiyi delikates var idi.
– Elə bilirdim ki, sən tost yeməyi xoşlayırsan sevirsən, – oğlanın heç nəyə əl vurmadığını görəndə incik səslə soruşdu.
– Bəzən, – dedi Konradin.
Həmin axşam Anbar Tanrısının qəfəsinin önündəki sitayiş mərasimində dəyişikliklər oldu. Konradin adətən Tanrısına mədhiyyələr deyirdi, o gün isə bir istəyi oldu:
– Mənim üçün bir şey elə, Sredni Vaştar.
Çətin iş deyildi. Sredni Vaştar Tanrı idi və bunu bilməliydi. Konradin hıçqırıqlarını güclə boğdu, boş küncə baxıb, nifrət etdiyi dünyaya qayıtdı.
Hər gecə yataq otağının doğma zülmətində və hər axşam anbarın alaqaranlığında Konradinin kədərli yalvarışlarını eşitmək olardı:
– Mənim üçün bir şey elə, Sredni Vaştar.
Xanım De Ropp hiss etdi ki, anbar ziyarətləri kəsilməyib və günlərin bir günü o, Konradinin otağına səyahətə çıxdı.
– Qəfəsdə nə saxlayırsan? – soruşdu. – Deyəsən, gəmiricilərdir. Hamısını rədd eləyəcəm.
Konradin ağlamamaq üçün dişlərini sıxmışdı, ancaq Qadın anbarın açarını tapana qədər yataq otağında eşələndi və məqsədinə çatandan sonra dərhal anbara getdi. Kəşfiyyatını başa vurmalı idi. Soyuq olduğu üçün Konradinə evdən çıxmaq qadağan olunmuşdu. Mətbəxin uzaq küncdəki pəncərəsindən anbarın qapısı görünürdü və Konradin orada yerini rahatladı. Qadının içəri girdiyini gördü. Sonra təxəyyülünə güc verdi: Qadın müqəddəs qəfəsin qapısını açır və zəif gözləri ilə Tanrının gizləndiyi saman yuvaya baxır, yəqin, səbirsizliklə samanı barmaqlayır.
Konradin son dəfə ürəkdən dua etsə də, hiss edirdi ki, artıq möcüzəyə inanmır. O bilirdi ki, indilərdə Qadın sifətində həmişəki iyrənc gülüşlə evə qayıdacaq və uzağı bir-iki saat sonra bağban onun möcüzəli Tanrısını aparacaq. Tanrı yenidən qəhvəyi rəngli safsara çevriləcək. O bilirdi ki, Qadın həmişə qalib gələcək. İndiki kimi…
Konradin isə Qadının verdiyi tərbiyə ilə, Qadının üstünlüyü və müdrikliyi ilə əzilib böyüdükcə daha çox xəstələnəcək və bu həmin gözəl gün yetişənə, həkim haqlı çıxana qədər davam edəcək. İçini yandıran ağrının və məlubiyyətin verdiyi acının təsiri ilə əzəmətli bütünə ucadan nəğmə oxumağa başladı:
Hər vaxt öndə gedir Sredni Vaştar,
Fikirləri atəşli, dişləri ağappaq qar.
Düşmənləri onu sülhə səsləyir,
O isə hamıya ölüm söz verir!
Sredni Vaştar Möhtəşəmdir!
Bir qədər sonra Konradi mahnını kəsib pəncərə çərçivəsinə daha çox yapışdı. Anbarın qapısı hələ də taybatay açıq idi və dəqiqələr aramla axırdı. Dəqiqələr çox uzun keçsə də, keçirdi. Konradin kiçik dəstələrlə çəmənlikdə qaçışan, uçuşan sığırçınları izləyirdi. Təkrar-təkrar quşları sayır, bir yandan da gözlərini yellənən açıq qapıdan çəkə bilmirdi. Büzüşük sifətli xidmətçi çay süfərsi açmağa gəldi. Konradin isə yerindən tərpənmir, gözləyir, izləyirdi. Ümid yenidən ürəyini fəth edir, gözlərində qalibiyyət qığılcımları parlayırdı. İndiyə qədər bu gözlər məğlubiyyətlər qarşısında kədər və dözüm nümayiş etdirmişdi. Konradin nəfəsini içinə çəkib susmuşdu. O, gizli qalibiyyət sevinci ilə qələbə mahnısını zümzümə edirdi.
Nəhayət, gözləri mükafatlandırıldı: zəif gün işığından gözləri qıyılan, boynunda və çənəsində tünd, islaq ləkələr olan uzun, qəhvəyi-sarı rəngli heyvan sürünüb qapıdan çıxdı. Konradin dizləri üstə çökdü. Əzəmətli safsar bağın aşağısındakı xırda arxa tərəf yol aldı, bir saniyə ayaq saxlayıb su içdi, sonra kiçik taxta körpünü keçdi və kolların arasında gözdən itdi. Sredni Vaştarın gedişi belə oldu.
– Çay hazırdır, – dedi büzüşük sifətli xidmətçi. – Bəs xanım haradadır?
– Bayaq anbara getdi, – Konradin cavab verdi.
Xidmətçi xanımının arxasınca anbara gedəndə Konradin bufet siyirtməsindən çəngəl çıxarıb bir tikə çörəyi tost kimi qızartmağa başladı. Çörəyi qızardanda da, üstünə yağ çəkəndə də, tikələri asta-asta, ləzzətlə çeynəyəndə də yemək otağının qapısının o tayında növbələşən səs-küyü və sakitliyi dinləyirdi: xidmətçinin qulaqbatıran, mənasız çığırtısı, mətbəx tərəfdən cavab kimi səslənən təəccüb nidaları, addım səsləri və kömək çağırışlarından sonra çökən qısamüddətli səssizliyi əvəzləyən ağlaşmalar və evə ağır yük daşıyanların addımları.
– Yazıq uşağa kim isə desin! Mən bacarmaram! – xırıltılı səs qışqırdı. Onlar öz aralarında bu məsələni müzakirə edənə qədər Konradin növbəti tostu hazırladı.
İngiliscədən tərcümə edən: İlahə Əkbər
/sim-sim.az/