Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə

Sevdiyim qızın adına necə söz çıxartdılar? - Bəhruz Tağızadə
24 yanvar 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının beşinci hissəsini təqdim edir.

(Dördüncü hissə burada)

Bakıya getməyin kürlüyün edirdim. Bəhanəm də vardı: Bakıda müəllimlər daha yaxşı hazırlaşdırır. Əsil məqsədim Cincilimi tapmaq, gəzən söz-söhbətə aydınlıq gətirmək, günahsızlığımı bildirmək idi. Həm də, doğrudan, universitetə yaxşı hazırlaşmaq istəyirdim.

Cincilim elə bilmişdi, onun adına sözü mən çıxartmışam. Qəlbindəki şübhələri əritməyə çalışırdım. Eşitdiyimə görə, onu anası mənə görə döymüşdü. Günahım olmaya-olmaya bağışlanmam üçün ona yalvarmağa tələsirdim. Həmin ərəfələrdə nahar süfrəsində ailəvi xörək yeyirdik. Sükutu pozub bütün ailəmə xitabən dedim:
– Mən Bakıda hazırlaşmaq istəyirəm!

Atam:
– Buranın müəllimlərinə it dəyib?

– Buranın müəllimləri ilə ancaq texnikuma girmək olar. Mən hüquqşünas olacam.

Nənəm:
– Hüquqşünas nə olan şeydir?

Nənəmin heç vaxt hüququ pozulmadığından, hüquqa aid heç nə bilmirdi. Heç vaxt polis idarəsində izahat verməmişdi. O elə bilirdi ki, cinayətkarı polis tutub aparır, həbsxanaya qoyub geri gəlir. Məhkəmələr isə yalnız adam boşayır. Ona görə zəhləsi gedirdi onlardan. Prokurorun nə iş gördüyünü bilməsə də, hamı kimi, onları varlı və hörmətli şəxslər sayırdı. Hamının prokurordan qorxub-çəkindiyini bilirdi. Ona görə dedim:
– Prokuror, ay nənə.

Atam:
– Zırt prokuror.

Mən nənəmə xitabən:
– Oğlun xeyir-dua verdi.

Anam gözlədiyimin əksinə danışdı:
– Hamı məktəb direktorunun “hörmət”ini edib adını yazdırır, özü Bakıda hazırlaşır. Mənim oğlum kimdən əskikdir? O da ha, sınaqdan 350 bal yığıb. Müəllimləri deyir, yaxşı oxuyur, üstünə düşün. Göndərəcəm, gedib Müjgəngildə qalıb hazırlaşsın.

Atam:
– Hazırlıq pulunu kim verəcək?

– Atası ölməyib ha. Mən aciz uşaq böyütmək istəmirəm. Oğlum oxuyacaq.

Mən nənəmi ələ almaq üçün dedim:
– Kaş babam sağ olaydı. İndi özü məni Bakıya aparardı.

Nənəm:
– Nənən ölməyib ha. Pensiya kartımı sənə verəcəm. Get oxu.

Atam:
– Mən bilirəm, onu Bakıya aparan nədir.

Nənəm:
– Oxuyur, qoy oxusun da.

Bu yerdə anam ayağı ilə atamın ayağına vurdu. Hələ evdə düşmən qızını istəməyimə sərt reaksiya vermirdilər.

İlk dəfəydi nənəmlə anamın fikri üst-üst düşürdü. Bacım lağa qoysa da, işə dərindən qarışmadı. Anam gülümsədi. Nənəm içəri keçib pensiya kartını gətirdi, futbol hakimləri tərzində əvvəlcə havada göstərib, sonra mənə uzatdı. Kartı alandan sonra onu öpüb dedim:
– Vallah, səni ərə verəcəm!

Nənəm istədi desin ki, get Güleyşəni ərə ver, anama görə demədi, söz içində qaldı.

Sevincli idim. Qalırdı hazırlaşıb getmək. Həmin günlərdə atam şikayətlənirdi ki, təzə yaranan bələdiyyələr örüş yerlərini satır, camaata otlaq yeri qalmır, daha sağmal inəkləri saxlamaq sərf etmir. O, anamı inandırmışdı ki, inəkləri satıb Bakıdan ev alacaq. Anamla bacım çox sevinmişdilər. Onlar da digər kənd qadınları kimi televizorda gördükləri yerdə – paytaxtda yaşamaq xəyalı qururdular. Onlar şəhərdə necə yaşamaq yox, sadəcə yaşamaq istəyirdilər. Elə bilirdilər, Bakıda yaşasalar, həyət-baca işlərindən canları qurtaracaq. Bacım elə bilirdi, Bakıya çatan kimi hansısa oliqarxın oğlu Məcnun kimi vurulub bütün həyatını onu xoşbəxt etməyə xərcləyəcək. Kəndin gənc gəlinləri Bakı havası ilə alışıb yanırdılar.

Örüş torpaqları zəbt edildikcə kənddən şəhərə axın gücləndi. Bəzən bütöv bir nəsil qəfil yoxa çıxırdı. Evlərin darvazalarına səliqəsiz şəkildə “satılır” sözü yazıldı. Bakı sakinləri “tıxac” sözünü ilk dəfə həmin vaxtlar eşitməyə başladılar.

Atam hələ üç ay əvvəldən sağmalları satmaq istəyəndə nənəmi də qızışdırıb qoymamışdım. Evdə rəsmən üsyan başlamışdı. Babam hər şeyi mənə bağışlamışdı, onun hüquqi varisi isə nənəm idi. Hər ikimiz birləşib mülkümüzün satılmasının qarşısını almışdıq. İndi Bakıya getməyim atama da sərf edirdi. Nənəmi təkləyib babamın yurdunu talamağa planlar qururdu.

***

Müjgan xalam mənim üçün ayırdığı otaqda stol stulu göstərib dedi:
– Ərəl, burda da dərslərini oxuyarsan.

Bakını vətənimin ən gözəl yeri bilməyimə səbəb Cincilimin bu şəhərdə yaşamasıydı. O, Kabildə yaşasaydı, oranı vətən seçərdim. İndi o yaşadığı şəhərdəki mənzildə mənəvi dəyəri olan əşyalarımı təzə aldığım açarlı çamadana yerləşdirib, xalam uşaqlarının əli çatmayan bir yerə qoyandan sonra televizoru açıb yalnız paytaxtda göstərən kanalları gözdən keçirdim. Axşam kirvəm gəldi, mənə bir “bunker müəllimi”ni tanıdığını bildirdi. Müəllimin “Əhmədli”də yaşaması lap yerinə düşdü. Sabah onunla görüşüb məsləhət bildiyi müəllimlərin yanına gedəcəkdim. Bunker müəllim Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında abituriyentlər üçün imtahan suallarını müəyyən edənlərdən biridir. O, sualları çölə sızdırmamaq üçün imtahandan əvvəl xüsusi bunkerə salınır, yalnız imtahan bitdikdən sonra oradan çıxarılırdı.

Səhəri gün saat 12 tamamda “Bakı” kinoteatrının qarşısında müəllimlə görüşdük. Coğrafiya müəllimim yaşı 50ni ötmüş yazıq sifətli kişi, həyatımda gördüyüm ən vicdanlı müəllim idi. Dərindən tanıdıqca özü bunu sübut etdi. Elə gözəl insan idi, arxasına təpik vur qaç, sabah gəl, yenə sənə dünənki həvəslə dərs keçəcəkdi.
Məni sorğusuala tutandan sonra kirvəmə dedi:
– Yox, yaxşıdır. Əsas odur, bazası var. Gəlsin, hazırlayım.

Kirvəm dedi:
– Müəllim, bunun “hörməti” nədir?

– Sən özümüzünküsən. Danışarıq. Narahat olma. Günün birinci yarısı vaxtı olacaq?

– Olacaq.

– Digər fənlərdən də burda yaxşı hazırlıq kursları var. Danışarsınız.

Müəllim evinin yerini mənə göstərib, həftənin cüt günləri səhər saat 11 tamamda orda olmağımı tapşırdı. Sağollaşdıq.
Kurs işini də səhər növbəsinə salandan sonra kirvəmə dedim:
– Sən get, mən bir az buralarda gəzişib gələcəm.

Yetkin uşaq idim artıq, kirvəm etiraz etməyib getdi. O, gözdən itən kimi taksi saxladıb “Qarmoşka” binanın yanına tələsdim. Yol boyu taksi sürücüsünə xeyli sual verdim, az keçməmiş buralar mənim ən yaxşı tanıdığım yerlər oldu. Məhlədə bir qadın: “Xlor var, xlor, mebel yağı var!” – deyib qışqırırdı. Göy köşk hələ də yerində dururdu, amma satıcılar dəyişmişdi.

Cincilim sanki məni gözləyirmiş: məhləyə çatmağımla blokdan çıxmağı bir oldu. Əlində çanta var idi. Çox güman ki, müəllim yanına gedirdi. Əyninə sadə qara şalvar, havalar hələ isti keçdiyindən qısaqol ağ köynək geyinmişdi.
Saçını arxadan yığmışdı. Onu kənardan izləyib məhlədən çıxmasını gözlədim. İki nəfərin yanaşı gedə biləcəyi dar bir aralıqda ona yaxınlaşıb salam verdim.
Çevrilib qarşısında məni görəndə qorxdu, nəfəsi titrədi. Salamımı almadan çevrilib yoluna davam etdi. Sanki məni tanımırdı. Adətən yad oğlanlar yaxınlaşanda qızlar belə edir. Görməzdən, eşitməzdən gəlir. Addımlarını sürətləndirəndə təkrar dedim:
– Salam!

Heç geriyə də baxmadı. Sakitcə yoluna davam elədi.
Bir az gedəndən sonra yenə sükutu pozdum:
– Cincilim, salamımı niyə almırsan?

Yenə dinmədi. Yalnız aralığın o biri başına çatanda çağırışıma cavab verdi:
– Get burdan!

Burda bir yaxşı və bir pis hal baş verdi; pis hal o idi ki, məni qovdu, yaxşı hal o idi ki, mənimlə danışdı. Aralığı çıxıb binaların birinin üçüncü blokuna girdi və gözümdən itdi. Mən onun hazırlığını keçib bitirməsini gözlədim. Çıxanda məni gördü. Başqa istiqamətə gedən iki qız yoldaşına nə isə dedi, onlar Cincilimlə birlikdə aralığa girdi. Mən uzaq məsafədən qızları izləyirdim. Kurs yoldaşları onu ötürüb geri qayıdanda mənə təəccüblə baxdılar. Biri nə dedisə, digəri onu təsdiqlədi. Hiss etdim ki, məndən danışırlar.
Həmin gün Cincilimə yaxınlaşa bilmədim. Qanıqara evə qayıtdım. Qorxum ondan idi ki, qız evdə mənim onun arxasınca gəldiyimi deyər, atası, ya qardaşı mənimlə haqqhesab çəkməyə gələr. Ən pisi, polisə şikayət edərlər. Belə bir hadisə baş versə, məni şəkkşübhəsiz kəndə qaytaracaqdılar.

Səhəri gün getmək istəməsəm də, ayaqlarım yenə məni göy köşkün yanına sürüdü. Cincilim eyni saatda binadan çıxıb iki blok sağa girdi. Hazırlığını başa vurub geri qayıtdı. Yaxınlaşmağıma fürsət vermədi. Amma məni gördü. Növbəti gün kurs hazırlığımdan sonra təkrar Cincilim üçün gəldim. Əmin idim, aralıqdan keçəcəkdi. Cüt günlərin müəllimi bir az uzaqda idi. Aralığa qədər özümü göstərmədim. Yenə fürsət verməyə bilərdi. Onun bu hərəkətləri məni sarsıdırdı. İki gün idi, gərginlik içində yaşayırdım. Dərs oxuya bilmirdim. Amma ona nə deyəcəyimi yaxşı bilirdim:
– Gecələri yata bilmirəm. Xahiş edirəm, mənə bir söz de. Bilirəm, sözsöhbət çıxıb, amma mənim heç bir günahım yoxdur.

O susurdu.
Bu dəfə bir az yüksək tonda, hər bir azərbaycanlının müqəddəs hisslərinə toxunacaq formada dedim:
– Cincilim, səni and verirəm şəhidlərimizin ruhuna, mənə bir söz de.

Və qəfil ağlamağa başladım. Bu yaxşı oldu. Bəlkə, bundan sonra mənə yazığı gələrdi. Heç vaxt heç kimin önündə belə yazıqcasına ağlamamışdım:
– Cincilim... Mən günahsızam... Sənə qarşı səhv etməmişəm...

Bundan sonra o danışmağa başladı:
– Ayıb deyil sənə?! Birinin üstünə beşini qoyub adımı bədnam eləmisən!

– Qurana and olsun, mən heç kimə heç nə deməmişəm. Bizi görən olub. Sənə daş dəymişdi, yadındadır? Bax o bizi görüb.

– O nə bilirdi, biz nə danışmışıq?

– O bizi həm görüb, həm eşidib.

Cincilim ayaq saxladı. Gözümün yaşına yazığı gəlmədən dedi:
– Get burdan. Bir də gəlsən, atama deyəcəm.

Əlimdəki dərs kitablarını yerə buraxdım. Bunu ona deyəcəyim sözlərin daha təsirli olması üçün özüm qəsdən elədim.
– Mən nə biləydim ki, atam əclafdır, bibim əclafdır?!

O duruxdu. Nə deyəcəyini bilmədi. Elə bil şok xəbər eşitdi.
– Atanın, bibinin bura nə dəxli?

– Bizi güdən atam olub. Birinci gecə evdən getdiyimi görüb. İkinci gecə bizdən əvvəl kolluqda gizlənib. Nə danışmışdıqsa, eşidib. Gəlib anama, sonra da bibimə deyib. Anam heç kimə deməsə də, bibim qisas almaq üçün söhbəti bəzəyib danışıb.

– Atan bizi niyə güdürdü axı?

– Bilmirəm. Bu sözsöhbətdən sonra ona heç salam da vermirəm. Bakıya gələndə də görüşmədim onunla.

Ağlamağım dayanmışdı.
– Guya biz orda nə etdik?! Söhbət elədik ancaq.

– Bilirəm.

– Biz dost ola bilmərik. Bir də buralara gəlmə. Bilmədiyin şeylər var.

– Mən hər şeyi səndən qabaq bilirəm.

– Bilirdinsə, niyə məni...

“görüşə çağırırdın” demək istədi, amma sözünün ardını gətirmədi, çünki mən onu görüşə çağırmamışdım, sadəcə filan yerdə olacağam demişdim. Görüşə o özü gəlmişdi.
Onu susqunluqdan xilas etmək üçün dedim:
– Hər şeyi bilirəm. Hamısı böyüklərin vaxtında olub. Bizə dəxli yoxdur. Bircə sən məni qovma. Əgər qovursansa, oxumağın daşını atıb kəndə qayıdacam. Sənə görə oxuyuram.

Bir az ara verdim.
– Qovsan, heç kəndə də qayıtmayacam, hər yerdən biryolluq çıxıb gedəcəm. Daha məndən adam olmayacaq. Qovma məni. Bu sözsöhbətdən sonra nə yediyimi bilirəm, nə içdiyimi. Eləcə Bakıya gəlməyə bəhanə axtarırdım. Səni görmək, yanında ağlamaq istəyirdim. O vaxtdan bəri heç nə düşünə bilmirəm. Sənə görə evimizdən də dönmüşəm. Xalamgildə qalıb... dilim topuq vurdu hazırlığa gedəcəm. Səni xoşbəxt etmək üçün oxumalıyam. Birdəfəlik Bakıda qalacam. Səni görməyə mütləq gələcəm. Mən də insanam, qovma məni. Qovmağın öldürməyindən daha pisdir. Qovsan, içki içəcəm, siqaretə, nəşəyə başlayacam. Özümün də, başqalarının da həyatını zəhərə döndərəcəm.

O susdu, mən davam elədim:
– Qovmasan, oxuyacam, xoşbəxt olacam, bütün həyatımı sənin üçün yaşayacam. Böyüklərimizin düşmən olduğunu ona görə demirdim ki, səni itirməkdən qorxurdum. Səni düşüncələrimdən çıxara bilmirəm. İstəyirdim çıxaram, bacarmadım. Ancaq beynimi çıxarıb, yerinə ayrısını qoysalar, səni unuda bilərəm. Bir şərtlə ki, bir daha səni görməyim. Görsəm, yenə istəyəcəm.

– Gecikirəm. Getməliyəm.

– Gözləyim səni?

– Getsən, yaxşı olar. Bura məhləmizdir, özünə də, mənə də problem yaradırsan. Bir də gəlmə. Xahiş edirəm.

– Qovursan məni?

Susdu. Çevrilib müəllimin yaşadığı bloka tərəf getdi. Mən edamını gözləyən məhkum kimi oturub gözlədim. İndi həyatım bu gözəl qızın dodaqlarından çıxan sözdən asılı idi. Qovsa da, əl çəkən deyildim. Bu vəziyyətdə dərs oxuya bilməzdim. O qayıdanda deyəcəyim sözləri fikirləşdim. Ən pisi o idi ki, yenə qızlarla gedə, yaxınlaşa bilməyəm.
Xoşbəxtlikdən belə olmadı. Hazırlığı başa vurub təkbaşına aralığa tərəf gəldi və onu gözlədiyimi gördü. Arxasınca düşüb aralıqda yaxınlaşdım:

– Qayıdıb kəndə narkoman olum, yoxsa burda qalıb hüquqşünas? Taleyim səndən asılıdır.

Heç nə demədi. Məni qəhər boğdu. Ağlayaağlaya yalvarmağa başladım. Heç vaxt heç kimə yalvarmamışdım. İndi böyük məmnuniyyətə Cincilimin ayaqlarına düşərdim. Onun yanında alçalmaq da zövq verirdi. Aralığın ortasına çatanda dedi:
– Qulaq as. Biz universitetə hazırlaşmalıyıq. Sən başını belə şeylərə qoşsan, hazırlaşa bilməyəcəksən. Narkoman olma. Hüquqşünas ol. Bilirəm, yaxşı oğlansan, amma səni dərindən tanımıram. Biz hələ uşağıq.

– Böyüməyimizə biriki il qalıb. Bircə məni rədd etmə. Səni yüz il də gözləyərəm.

– Bura məhləmizdir. Hər an atam, qardaşım bizi görə bilər. Lap qonşular görə bilər. Başa düşürsən məni?

Bir az sevindim. O pozitiv danışırdı.
– Başa düşürəm. Sənə problem yaratmaram. Ancaq icazə ver, uzaqdan da olsa görüm səni.

– Yaxınlaşma. Xahiş edirəm. İncimə.

– Ancaq gəlib uzaqdan baxacam.

– Bəs dərslərin?

– Adım kənddə məktəbdə gedir. Sizin kimi bütün dərslərə gedib vaxt itirmirəm. Yalnız səhərlər kursda oluram. Dərslərimi, testlərimi isə axşam edirəm. Günortalar boşam. Bazar günü sınaq imtahanına gedəcəm. Səni hər gün görməyə gələcəm.

– 1, 3, 5ci günlər axşam 6da burdan keçirəm. 2, 4, 6cı günlər bu vaxt... Sən eləcə burda dur, o tərəfə keçmə. Kənan tanıyır səni. Bir xahişim də var. Yaxınlaşma mənə. İncimə. Qorxuram.

– Yaxşı. İnanırsan, elə bilirəm “Cekpot” udmuşam.

O gülümsündü. Mən davam etdim:
– Kinoteatrın yanında bağça var, onun həyətinə gedib qışqıracam.

– Niyə?

– Sevindiyimdən.

Pıqqıldayıb güldü.
O vaxtlar Bakıda qışqırmağa yerlər çox idi.
Dediyimi etdim. Kinoteatrın həyətində dalda bir yerdə ucadan fit çalandan sonra qışqıraraq dedim:
– Ey Bakı şəhəri! Bundan sonra mənimlə birgə yaşayacaqsan. Ona görə ki, Cincilim burdadı.

Sonra özümün eşidəcəyim səslə:
– Cincilim olmasaydı, gözüm uçmurdu sənin bozbulanıq binalarından ötrü. Kəndimiz səndən gözəldir.

Beləliklə, Cincilimli günlərim başladı. Onun istəyini dəqiqləşdirmək üçün növbəti gün Cincilimi gözlədiyim yerdə əlimə kitab alıb oxumağa başladım. Cincilimin gəldiyini görüb qəsdən görməzliyə vurdum. Bunu onu yoxlamaq üçün etdim. Yanıma çatanda boğazını arıtlayıb öskürdü.
Onun dediyi kimi yaxınlaşmadan görüşünə gəlirdim. Salam verməsə də, üzü gülürdü. Gözləri parıldayırdı. Evə gedəndə dərs oxuya bilmirdim. Əvvəl kədərimdən, indi də sevincimdən...
Görəsən, yenidən qəlbinə girə bildimmi? Belə olmasaydı, boğazını arıtlayıb öskürməzdi. Bəs niyə salam vermir, yaxınlaşmağa qoymur? Məhlələridir, ona görə. Bundan sonra hər şeydə diqqətli olmalıyam. Hər gün görməyə getməliyəm. Görəndən sonra da lap darıxıram. Bəs bazar günləri neyləyəcəm? Bazar günü dərs təkrarlasam, yaxşı olar. Onsuz da bu bazar sınaq imtahanım var. Cincilimə görə mütləq oxumalıyam. Demoqrafik partlayış nədir? Əhalinin sürətlə artması. Kəndimizdə də artım var. Dıbışın hələ də uşağı olur. Görəsən, kasıb o qədər uşağı neynir? Cincilim yenə salam verməyəcək mənə? Bu dəfə özüm salam verəcəm. Səsli yox, başla da yox, gözümlə. Deyəcəm, yaxınlaşmağa qoymursan, heç olmasa, salamımı al. Salam Allah salamıdır. Birdən acığı tutar? Nə bilim, baxaram da vəziyyətə. Dərs oxumalıyam. Aha: KürAraz ovalığında hansı iqlim tipi hakimdir?... Birdən salam verdim, o da almadı, onda necə? Özü dedi ki, yaxınlaşma. Düz deyir də, məhlələridir. Amma heç olmasa, salam versin. Yox eee, düz deyir də, məhlədə nə salam?! Qoy bir az sürünüm hələ, yazığı gəlib salam da verəcək. Özü dedi, hüquqşünas ol. Bəlkə, oxumaqdan soyutmamaq üçün belə dedi? Bəs boğazını niyə arıtlayıb öskürdü? Bəlkə, yazıq mənə görə etmədi, doğrudan öskürürdü? Yox, mənə görə elədi. Boğazını qəsdən arıtlayıb öskürdü. Gülümsünürdü. Yaxşı ki, hər şeyi olduğu kimi danışdım. Rəhmətlik İsmayıl babam düz deyirmiş: düzlük ən böyük biclikdir. Deməli, danışdığımız söhbətləri də yayıb qızın qulağına çatdırıblar. Haqlı olaraq düşünüb ki, ikimizin arasında keçən söhbət yayılıbsa, ya onun işidir, ya da mənim. Özü danışmayıbsa, mən çıxartmışam sözsöhbəti. Mənə nifrət edib eee! Yaxşı qurtardım. Yaxşı ki, hər şeyi düz danışdım. Amma yaman ağladım haaa. Yazığı gəldi mənə... Bu qıza heç vaxt yalan danışmaq olmaz, xəyanət etmək olmaz. O varsa, heç bir qıza baxmaq olmaz. Tropik işıqlanma qurşağı hansı paralellər arasında yerləşir?... Birdən universitetdən kəsilsəm, necə olacaq?

Avtobusda daha yaxşı dərs oxuyurdum. Yəni avtobusda gedərkən hazırlaşdığım dərs tam yadımda qalır. Kirvəmlə xalam da bunun şahidi olmuşdular. Evə bəzən 62 nömrəli avtobusun arxa təkərinin üstündəki oturacaqda gəlirdim. Orada ya kitab oxuyur, ya da test yazırdım. Bura qadın və qocaların əyləşməsi üçün uyğun olmadığından, kişilər əyləşir və bir qayda olaraq heç kimə yer vermirlər. Kişilər adətən ən arxa oturacaqlara keçirdilər. Bu, Azərbaycanda yazılmamış qanun idi. Heç bir qadının arxa oturacaqda əyləşdiyini görməmişdim. Hətta belə bir deyim də yaranmışdı: “Bizdə kişilərin rahat olduğu yeganə yer avtobusun arxa oturacağıdır”.
Dərs sinəmə yatanda avtobusla dövrə vururdum. Sürücülər də məni tanıyırdılar. Soruşanda deyirdim, avtobusda oxuduğum dərs daha yaxşı yadımda qalır və diqqətimdən yayınmır. Onlar birbirinə məni göstərib gülürdülər.
Yenə bir gün avtobusda dərs oxuyarkən təsadüfən kirvəmlə xalam avtobusa minir, mənim kitaba möhkəm girişdiyimi görürlər və gizlicə gülüşürlər. Xalamgilə yaxın dayanacaqda düşmədiyimi görəndə isə çiynimə vurdular: “Düş, çatmışıq”. Düşüb onlarla birgə evə gedəndə məsələni açıb dedim, yenə güldülər və Kamal Sunalın məşhur filmini misal çəkdilər.
Bundan sonra evə gec gələndə avtobusda dərs oxuduğumu düşünürdülər.

Hələ heç birimizin mobil telefonu yox idi. Amma sonradan “Qozqıran” adlandırdığımız telefonlar getdikcə daha çox yayılırdı. Kimin cib telefonu vardısa, varlı hesab olunurdu. Orta və aşağı təbəqənin telefonu yox idi. Dalğa yaxşı tutmadığı üçün çox vaxt adamlar birbirinə binaların başından zəng edirdilər. Lovğalanmaq üçün bəziləri mobil cihazı az qala adamın gözünə soxurdu. Bəziləri yalandan qulağına qoyur, guya kiminləsə danışırdı. Ya görüşə, ya toyabayrama gedəndə dostunun telefonunu özüylə aparanlar olurdu. Mobil cihazın oğurluğu da geniş yayılmağa başlamışdı.

Sınaqdan 427 bal topladım. İmtahana kimi bilik səviyyəmi 500 bala çatdırıb, ləlöyün bir universitetin hüquq fakültəsinə girməyi düşünürdüm. Sən demə, Tanrı da ya mənə gülür, ya da yazığı gəlirmiş. Nə demək istədiyimi sonra biləcəksiniz.

Bazar günləri xaric, hər gün Cincilimi görməyə gedirdim. Onun gəlib-keçdiyi yerlərdə it kimi sülənirdim. Bir qayda olaraq salamlaşmırdıq. Ona qəti yaxınlaşmırdım. Müəyyən məsafədə arxasınca gedirdim. Gözlərimlə ötürürdüm. Əlini vurduğu yerlərə əlimi vururdum.

Bir gün evə qayıdanda xalamın hönkürüb ağladığını gördüm. Güleyşə nənəm qəflətən vəfat etmişdi. O mobil telefonla heç vaxt danışmadan əbədiyyətə qovuşmuşdu. Xalamgillə birlikdə birbaşa dayımgilin kəndinə getdik. Nənəmgil artıq dayımgil olmuşdu. Bu, dəhşət idi! Mən bir daha Güleyşə nənəmi görməyəcəkdim. O məni heç vaxt danlamayacaqdı. Anam kənddə hörmətli gəlin kimi tanındığından, yasa çox qadın gəlmişdi. Çinar, Şıpı, digər dostlarım məndən əvvəl orda idilər. Əldə-ayaqda gələnlərə çay daşıyırdılar. Babamın yasındakı qədər olmasa da, izdiham vardı.

Nənəmin yeddi mərasiminə qədər orda qaldıq. Vaxt tapıb öz kəndimizə də dəydim. Sağmallar hər gün nobata gedirdi, hər şey qaydasında idi. Kənddə başqa bir yasa da dəydim. Şər qovuşan vaxt idi. Mağarda yaşıdlarımla söhbət edirdim. Onlara Bakıdan danışarkən qonşunun üçüncü sinfə gedən oğlu Zokkalan yaxınlaşıb qulağıma dedi: “Seyid Mircabbar ağanın oğlu səni yas evinin arxasına çağırır”.

Mircabbar ağanın oğlu atamla yaşıd olardı, onun mənimlə nə işi vardı? Özü də evin arxasında. Onlar atasına və əsil-nəslinə görə hörmətli adamlar sayılırdılar. İstənilən kənd sakinini yanlarına çağırtdıra bilərdilər. Uşaqlardan icazə alıb evin arxasına tərəfə getdim. Mircabbar ağanın oğlunun yerinə Könkanı gördüm. Evin arxasında yazıq sifət alıb məni gözləyirdi.

– Nətərsən, ay Könka?
– Səni görmüşəm, səncə nə təhər olaram?!
– Evdə-eşikdə nə var, nə yox? Tosu nə təhərdi?
– Məndən başqa hamı yaxşıdır.
– Sənə nə olub?
– Sən getmisən, elə bilirəm, kənd bomboşdur. Elə bil başqa adamın əvəzinə yaşayıram. Çox darıxıram. Allah nənənə də rəhmət eləsin.
– Ölənlərinə rəhmət.
– Bizimkilər getməyəcəklər. Tosuya dedim, xəlvət getsin yasa.
– Əziyyət çəkmə. Allah ölənlərinizə rəhmət eləsin. Onlar heç İsmayıl babamın da yasına gəlməmişdilər.
– Ərəl, Bakı sənə düşüb. Bir az da yaraşıqlı olmusan. Lap İtalyan oğlanları kimisən. Adam istəyir eləcə sənin yanında olsun.
– Çox sağ ol, Könka. Sən də yaxşı qızsan.
– Ərəl, çörək yeyəndə, yol gedəndə, məktəbdə, hər yerdə səni düşünürəm.
– Könka, sən Çinarı düşün. O səni çox istəyir. Dünən deyirdi, Könkanı görəndə xoşbəxt oluram.
– Əzrayıl Çinarı qucağında aparsın. Nifrət eləyirəm ona da, o ifritəyə də.
– İfritə kimdir?
– Gecə duxulanıb görüşə gedən, mənə bacı deyib istədiyim oğlana göz dikən ləçər... Bacıdan da yaxın idi mənə. İnsanları tanımaq olmur.
– Könka, söz-söhbət yalandır. Biz görüşməmişik. O məni istəmir.
– Nə danışırsan?! Öz gözümlə gördüm. Gecə duxulanıb çıxdı, elə bildim tualetə gedir. Saf qızam, nə biləydim, söyüdün dibinə gedir. Ona səni istədiyimi demişdim. Gicəm də. Hamıya inanıram. İfritə. Bacı deyirdim e ona. “C” hərfi də o imiş.
– Könka, görüş-zad olmayıb. Söz-söhbətlərin başın burax. Bizi burda görsələr, yaxşı çıxmaz. Mən gedim.
– Cəhənnəmə görsünlər. Eləcə qaçırsan. Gecə gələ bilərsən?
– Hara?
– Kanalın qırağına.
– Könka, nə danışdığını bilirsən?! Sənin adına söz çıxar. Çinarın istədiyi qıza göz dikə bilmərəm. Mən dəyyus deyiləm.

O hönkürüb ağlamağa başladı. Əlində əlac olsaydı, Çinarı da, Cincilimi də öldürərdi. Könka mənə görə bütün insanların ölümünə razı olardı. Yəni hamı ölsün, ikimiz qalaq və mən məcburən onu istəyim. O elə bilirdi ki, Çinar və Cincilim olmasaydı, mən onu istəyərdim. Ağlaya-ağlaya dedi:

– Bu gecənin sahibindən istəmişəm, Allah ikisini də bədbəxt eləsin.
Gözündə yaş ironik gülüşlə davam elədi:
– Hə, romantik yer seçibsiniz. Bilmək istəyirsənsə, o söyüdü baltalayıb kəsdim.

Sonuncu söz nənəmin ölümü qədər ağır gəldi mənə. Axşam söyüdün dibinə gedəcəkdim. Onun heç bir günahı yox idi. Könka bizim heyfimizi günahsız ağacdan çıxmışdı. Onu başa düşməyə çalışırdım. Ancaq get-gedə başqa bir məxluqa çevrilirdi...

Özümü sındırmadım, gülümsəməyə çalışdım:
– Yaxşı eləmisən. Uşaqlar yayda onun üstünə çıxıb kanala kəllə vururdu. Qorxulu idi.
– Gecə saat 1 tamamda Astaf Kərimin evinin arxasında səni gözləyəcəm.
– Gözləmə. Gecəylə Bakıya qayıtmalıyam. Sabah sınaq imtahanım var.
– Mən orda gözləyəcəm. Bəlkə, ürəyinə bir rəhm gələ.
Bəlkə, Allah möcüzə yarada.
– Mən gələ bilməyəcəm.
– Sən gəlməsən də, mən orda olacam.

– Niyə gedəcəksən?
– Ağlamağa...
– Mən Bakıya qayıtmalıyam.

Könkanın bu hərəkətləri məni qorxuya salırdı. Bir tərəfdən Cincilimi itirə bilərdim, bir tərəfdən də dostumu. Məsələni təfərrüatı ilə onlara demək istəsəm də, hələ vaxtının çatmadığını anlayırdım. Hələ Cincilimin qəlbində möhkəmlənməmiş sirri açmaq olmazdı. Amma Çinarın ağzını arayacaqdım.

Söyüd kəsilməmişdi. Yerində idi. Könka məntiqini anlamadığım bir yalan danışmışdı. Keçib kötüyün üstündə oturdum. Gecəni evimizdə yatıb sübhdən dayımgilə – nənəmin yeddi mərasiminə getdim. Çinarla danışmaq istədim. Danışmadım. Rayonumuzdan bir yaxşı, bir pis xəbərlə Bakıya qayıtdım: yaxşısı – camaat pul toplayıb telefon qovşağını bərpa edəcəkdi, pisi – atamın böyrəyində problem yaranmış, yanı balalı sağmalımızın biri satılmışdı.

Bakıya qayıdanda artıq doqquz gün idi Cincilimi görmürdüm. Səhər hazırlığı başa vuran kimi gözəl Cincilimi görməyə tələsdim. Əsgər kimi öz səngərimdə dayanıb gözləməyə başladım. Hava buludlu idi. Göy üzü ağlamağa hazırlaşırdı. Belə havalarda insanın insana yazığı gəlir. Hava da insan kimi kövrək olur. Məhz belə havalarda bütün insanları birləşdirmək olar.

Cincilim bloklarından çıxanda üzümə çiskin ələnirdi. Bu dəfə o, gözüylə salam verdi mənə. Ürəkləndim. Arxasınca aralığa girəndə çevrilib mənə baxdı. Təkrar yoluna davam edəndə dedi:
– Hardasan sən? Neçə gündür niyə gəlmirdin?

Bu, qəbul imtahanında fırıldaqla əldə etdiyim sualları nəzərə almasaq, həyatımda rastlaşdığım ən gözəl sual idi. Deməli, Cincilim mənə görə narahat olmuşdu. Mənim üçün darıxmışdı. Bütün varlığımla sevindim.

“Neçə gündür niyə gəlmirdin?”

Ölərəm, aaaz, dodağından çıxan kəlmələrə. Sabahlarım sənə qurban, Cincilim!

Sevincimdən kövrəldim hələ. O yeriyirdi. O yeriyəndə mən ölürdüm.
– Nənəm rəhmətə getmişdi.

Ayaq saxlayıb geri çevrildi. Çiskin alnının üstündəki xırda tellərini parıldadırdı. Soyuqdan yanağı qızarmışdı. Az qalırdım dodağımı yanağında yandıram. Çox gözəl görünürdü.
– Aaa, Allah rəhmət eləsin. Görmüşdüm nənəni. Göyçək arvad idi.
– Bu ana nənəmdir. Sən onu görməmisən. Allah sənin də ölənlərinə rəhmət eləsin.
– Narahat idim gəlməməyinə. Dedim, bəlkə, incimisən məndən.
– Heç vaxt səndən incimərəm. Heç vaxt. Bircə, mənə salam ver. Gözünlə də olsa, salam ver. Yağış güclənir. İslaransan, tez get.
– Sən də get. Yağışdır.
– Səni gözləyəcəm. Yağışın altında gözləyəcəm. Su olsam da, gözləyəcəm.

O gülümsünüb getdi. Şıdırğı yağış başladı. Ağlıma gözəl bir ideya gəldi: Cincilim çıxana qədər çətir alıb gələ bilərdim. Onu heç olmasa aralıq boyu yağışdan qoruya bilərdim. Tez yola çıxıb taksi saxlatdım, çətir satılan mağazalardan birinə sürməyi xahiş etdim. Yaxşı bir çətir alıb geri döndüm. Çətiri yaxamda gizlədib yağışdan qorudum. Həmin yerdə yağışın altında gözləməyə başladım.

Tez-tez şimşək çaxırdı. Belə havada açıq yerdə dayanmaq təhlükəli idi. Məni ildırım vura bilərdi. Amma vecimə deyildi. Qoy lap ildırım vurub öldürsün məni. Cincilim onu necə istədiyimi görsün. Bu mənim üçün şəhidlik zirvəsinə yüksəlmək idi. Meyitimə baxıb ağlayardı. Ən azı bir-iki gilə yaş tökərdi. Onun uğrunda ölmək də gözəl idi.

Cincilim çıxana yaxın anam yaşlarında bir qadın aralıqdan çıxıb müəllim yaşadığı bloka tərəf getdi, yağış tutmayan bir yerdə dayanıb gözləməyə başladı.

“Bu hardan çıxdı?!” – deyə düşündüm. Yağışın kəsməməsi üçün Allaha yalvaran yeganə Bakı sakini mən idim. Qadına diqqətlə baxanda tanıdım: Cincilimin anası! Qadın çətirsiz gəlmişdi. Bütün azərbaycanlıların evində çətir var, ancaq lazım olan vaxt onu evdə axtarıb tapana qədər yağış kəsir.

Lap uşaq vaxtı görmüşdüm Cincilimin anasını. Elə ciddi dəyişməmişdi. Bir az kökəlmişdi. Həmin qamət, həmin gözəllik yerində idi. O məni tanımazdı. Mən sürətlə böyümüşdüm, o yavaş-yavaş yaşlanmışdı. Yerimi dəyişib onun görməyəcəyi tərəfdə dayandım. Ovqatım təlx olmuşdu. Çətirlə bağlı centlmenliyim baş tutmayacaqdı.

Tanrı xahişimi eşitmişdi – yağış kəsmək bilmirdi. Cincilim çıxanda anasını gördü, məni görmədi. Təsadüf görüntüsü yaradıb onlara tərəf addımladım. Yaxınlaşıb salam verdim, çətiri qadına uzadaraq dedim:
– Xala, buyurun, götürün, islanmayın.
– Yox, sağ ol, oğlum. Bəs özün? Özün suya batmısan ki!

– Mən yağışda islanmağı xoşlayıram. Alın...
Çətiri alıb dedi:
– Qəribə oğlansan. Get evə, xəstələnərsən. Çətirə görə çox sağ ol.

Mən çətiri verib əks istiqamətə getdim. Çevriləndə gördüm, ikisi də çətirin altında gedir. Çox xoşbəxt idim. Cincilim ona görə nə cür islandığımı görmüşdü. Heç kimə görə yağışın altında bu qədər dayanmazdım.

Nənəmin qırx mərasiminə yaxın Cincilim nigaran qalmasın deyə aralıqda dedim:

– Beşinci gün nənəmin qırxıdır. Üç-dörd gün olmayacam.
– Bazar günü burda olacaqsan?
– Yox.
– Burda ol.
– Baş üstə. Saat neçədə?
– Axşam saat 4-dən sonra parkda olacam. Şəlalənin yanında.
– Mütləq gələcəm.
– Sınağın necə oldu?
– Keçəndəfəkindən az yığdım. 405 bal.
– Sınaqda çətin suallar qoyurlar. Sınaqda 400-ü keçirsənsə, qəbulda 500 olacaq.
– İnşallah.

Nənəmin qırxını yola verib növbəti gün gecə qatarla Bakıya gələcəkdim. Qatar gecə saat 11-də yola düşəcəkdi deyə hələ vaxtımız vardı. Kəndimizdə idim, Şıpıyla Çinarın köşk kimi düzəltdiyi bərbərxanada. Çinar saçımı düzəltdirdi. Sabahkı görüşə hazırlaşırdım. Bizdən başqa bir neçə işsiz-gücsüz tay-tuşumuz da vardı burda. Maqnitofonda Namiq Mənanın “Ay camaat, qız hara, şalvar hara” meyxanasının sədaları eşidilirdi. Çinar saçımı təraşa başlayanda dedi:

– Dəmşalaq, beş “məmməd” irəli düşdün. Ay daaa, kim qırxıb əə başını? Boranıya oxşadıb lap!

Mənim ən yaxşı bərbərim Çinar idi. O da, Şıpı da dəlləkliyi mənim başımda öyrənmişdilər. Başım da onların əlinə öyrəşmişdi. Pul da vermirdim. Bir neçə istisnanı nəzərə almasaq, bərbərə pul verdiyim yadıma gəlmir. Onlar həvəssiz vaxtı başqalarını yola verdikləri halda, mənim başımı qırxarkən özlərindən asılı olmadan məsuliyyətli davranırdılar. Hər ikisinin ən dəqiq bildiyi baş mənim başım idi.

Çinar bütün bərbərlər kimi özündən əvvəlkiləri lağa qoydu. Şıpı dedi:

– Qaqa, Bakıda qızlar şalvar geyinir?
– Hə. Geyinir.
– Ay daaa, abır-həya qalmayıb eee. Camaat pis baxmır şalvar geyinənə?
– Orda şalvar geyinməyənə pis baxırlar. Bir də şalvar geyinən niyə pis qız olur?! Hamısı normal, tərbiyəli qızlardı.
– O de İrbahamın qızı... Böyüyən kimi şalvar geyindi. Dədəsi də kişi-kişi gəzir.
– Şıpı, şalvar geyinmək normal haldır. Sən başını burax bu söhbətin.

Biz bərbərxananı bağladıq. Kənddə toy olduğu üçün o biri uşaqlar ora getdi. Biz üçlükdə qalanda Şıpı dedi:

– Bəlkə, biz də gedək toya.
– Nənəmin qırxı dünən çıxıb. Mənə ayıbdır. Siz istəyirsiniz, gedin.
– Toy yiyəsi sizə simsar adamdı. Gülüş bibimdən də icazə alıblar.

O vaxtlar xeyir iş edən adamlar doğması ölmüş və il mərasimi çıxmamış adamlardan simvolik olaraq icazə alardılar. Qarşı tərəf də mütləq icazə verirdi.

Çinar dedi:

– Sən getmirsənsə, biz də getmirik. Ayda-ildə bir dəfə görürük səni. Hansı instituta hazırlaşırsan?
– Hüquqa.
– Hüquq nədir? – Şıpı soruşdu.
– Prokuror.
– Day prokuror olandan sonra bizə salam-zad verməzsən.
– Gətirib qapımda işlədəcəm sizi.

Çinar gülüb dedi:
– Elə cındırsan, onu da eləyərsən.

Gülə-gülə çayxanaya gəldik. Boş stolların birində əyləşən kimi Şıpı dedi:

– Qaqa, siz pivələyin, mən evdəkiləri toya düşürüb qayıdıram.

Şıpı getdi. Çinarla ikilikdə qaldıq. Pivə yox, çay istədim. Hamı toyda olduğundan çayxana boş idi. Bir az uzaqda iki kişi nərd oynayırdı.

Çinarla Könka barədə danışmaq fürsəti yaranmışdı. Necə başlayacağımı bilmirdim. Amma Könkanın hərəkətlərinə görə mütləq nə isə deməli idim. Yoxsa dostum məni xəyanətdə ittiham edə bilərdi. Ağzını aramaq üçün dedim:

– Çinar, vəziyyət nə yerdədi? Qız indi nə deyir?
– Heç, qalıb elə. Səninki neyniyir? Görürsən?
– Uzaqdan, hə. Yaxınlaşmağa qoymur.
– Rədd eləyir, ya nə təhər?
– Xahiş edir ki, məhlələrinə girməyim. Qardaşı məni tanıyır. Nə hə deyir, nə yox.
– Səninki yaxşıdı yenə, mənimki aldığım hədiyyələri təpəmə çırpdı.
– Sən qıza düzgün girişə bilmirsən.
– Qaqa, neyniyim? Necə eliyim? Qıza necə girişirlər? Nə söz lazımdırsa, demişəm.
– İstəyini sözlə yox, hərəkətlə bildirməlisən. Məsələn, qız bilməlidir ki, sən onun uğrunda ölümə də gedirsən.
– Qaqa, vallah, ölümə də gedərəm.
– Konkret nə deyir?
– Deyir, sənin ucbatından arzum qursağımda qalıb. Bilmirəm, ona nə etmişəm. Deyirəm, əsgərliyə gedəcəm, deyir, inşallah, sağ qayıtmazsan.
– Bilirsən, niyə belə deyir? Qəlbində başqası var.
– Hə, hansısa cındırı salıb beyninə. Deyirəm, ürəyində biri varsa, denən, işimi bilim. Deyir, sənə hesabat verəcəm?!

– Qəlbindəki oğlanın onu istəməməsinin günahını səndə görür.
– Mən nə edirəm ona?!
– O, oğlana istəyini bildirəndə oğlan ona deyib ki, ortada Çinar var, ona görə səni istəyə bilmərəm.
– Kimdi o oğlan?
– Mən.

Çinar qurcuxdu. Məndən daha geniş izahat tələb etdi. Mən hər şeyi başdan-ayağa ona danışdım. Nobatda olanları desəm də, fiziki toxunuşları demədim. Bu, Çinarın heysiyyətinə toxunardı.

Çinar şoka düşmüş adamlar kimi gözlərini bərəltmişdi. Xeyli kədərləndi. Qanı bərk qaraldı. Mənə qarşı içində qeyri-müəyyən hiss yarandığını hiss etdim.

– Bunu heç kimə deməmişəm. Amma sənə deməliydim. Sonra üstü açılanda məni günahkar bilərdin. Mən Könkanı istəmirəm. İstəməyəcəm də. Həm sənə, həm də Cincilimə qarşı başqa hərəkət edə bilmərəm. Məni günahkar bilmə. Onun məni istəməsi mənim günahım deyil.

– Sən bilirsən, heç birimizin qardaşı yoxdur. Biz qardaş kimiyik. Bir söz soruşacam, düzünü de.
– Soruş, düzünü deyəcəm.
– Könka səni gecə niyə görüşə çağırırdı? Bir də camaatın danışdıqları düzdürmü? Sən öz qızınla gecə görüşmüsənmi?
– Könka məni özünə istəkli etmək üçün çağırırdı. Mən getmədim. Cincilimə və sənə görə. Öz qızımla gecə görüşümüz olub, amma ona heç nə etməmişəm.
– Öpməmisən?
– Yox.
– Əlindən tutdun?
– Yox.
– Qoymadı?

– Mən cəhd etmədim. Sadəcə yanaşı oturub söhbət etdik. Deyilənlər yalandır.
– Necə çağırdın görüşə?
– Çağırmadım. Dedim, gecə saat ikidə burda olacam. O özü gəldi.

Şıpı gələnə qədər Könka mövzusunu bağladıq. O elə bu gün xatirə dəftərində Könkanın yazdıqlarını oxumaq istədi. Hər üçümüz bizə gəldik. Mən taxtapuşdan xatirə dəftərini götürüb Çinarı çağırdım. Özüm təzə qırxılmış başımın artıq tüklərini yumaq üçün duşa girdim. Çinara xatirə dəftərini cırmamağı xahiş etdim. Çünki onu Cincilim də oxumalı idi.

Dəftəri xalam üçün Bakıya gedəcək pay-püşün içinə qoydum. Şıpı da, anam da Çinarın bikeflədiyini sezmişdilər. Anam bizə çay verəndə dedi:
– Gələcəyinizi bilsəydim, samovar qalayardım.

Şıpı:
– Ay bibi, sənin bic çayın da dadlı olur. Süz içək.

Mən:
– Termos Əhədin qızıdır, ona görə.

Çinardan başqa hamımız güldük. Onun sarsıldığını görüb kənara çağırdım.
– Məni peşman eləmə. Könka pis qız deyil. Sənə qarşı heç vaxt əclaflıq etmədim, etməyəcəm də. Onun qəlbinə gedən yolu tap. Bu barədə Könkanın özü də daxil olmaqla heç kimə demə. Səni qardaş bilib sirrimi açdım. Qızın adına söz çıxar. Şıpıya da demə söhbətimizi.

– Ərəl, – deyib bir az fasilə verdi, – ona nifrət etmək istəyirəm, amma edə bilmirəm. Mən bundan necə yaxa qurtara bilərəm?
– Yaxa qurtarma. Gün gələr, istəyər səni. Geri çəkilmə.
– Mənə kömək elə. Mən neyləyim? Elə bil şeytandır, içimdə yaşayır. Beynimdən çıxmır. Bitdi, deyirəm, bitirə bilmirəm. Onu görən kimi hər şey dəyişir. Cəhənnəm ol, deyir, cəhənnəm ola bilmirəm. Üzümə tüpürsə də, çəkilə bilmirəm.
– Yaxınlaşma metodunu dəyiş. Ona hansısa işdə köməklik elə. Ciddi söhbətlərə üstünlük ver. Başqa söhbətlərdən başla, sətiraltı istək bildir. Ona görə yağışın altında islan. Nə olursa-olsun, geri çəkilmə. Ya da...

Sözümün ardını gətirmədim.
– Ya da nə?
– Ya da onu unutduran, əvəz edən başqa birini tap. Bu çətindir, amma mümkündür.

Sonra özümə daxilən sual verdim:
“Sən Cincilimi əvəz edən birini tapa bilərsən?”
Cavab verdim:
“Əsla!”

Şıpı atasının maşınıyla bizi dəmiryol stansiyasına düşürdəndə Çinarı nəzərdə tutub dedi:
– Bu dəmşalağa nə dedin, qanı tamam qaraldı?
– Heç, Şıpı. Mən gedirəm. Bunu darıxmağa qoyma. Başını qat. Balığa-zada apar.

Qatar bələdçisi:
– Çatmışıq, hazırlaşın!

– deyəndə Şarik hələ tayadan düşməzdi. Əlimdə iki ağır zənbil “28 May” metrosuna tərəf addımlayırdım. Zənbillər elə ağır idi ki, arada yerə qoyub dincimi almaq məcburiyyətində qalırdım.

“Kamarxoz” deyilən qurumun işçiləri taxta saplı qara süpürgələrlə 24 saat ərzində yerə-yurda tökülən zibilləri toplayır, şəhərin sakit tozlarını havayla qarışdırırdılar. Burada heç bir azərbaycanlının adını bilmədiyi spesifik Afrika meyvəsinin qabığından tutmuş saxta dollar kağızının cırığına qədər hər şey tapmaq olardı. Mən ilk dəfə zənci irqinin nümayəndəsini canlı olaraq burda görmüşəm. Yaxşı axtarılsa, burda qırmızıdərili hindu da tapmaq olardı.

500 manata ilk dəfə “bir nizami” demək də bu meydanda perajki satan komik kişinin ağlına gəlmişdi. Həyatımda buranı ikinci dəfə görürdüm. Əvvəlki gəlişimdə məni düz metronun çıxış qapısında şor satan arvadlar qarşılamışdı. Onlardan arxada əlində “özəlləşdirmə çeki” satanlar dayanmışdı. “Vauçer”in nə olduğunu heç kim bilmirdi.

Yekə-yekə kişilər “şəhər, rayon, əl telefonuyla ucuz danışıq” deyə çığırıb müştəri haraylayırdılar. Bir dəfə orda telefonla danışmışdım, az qala məndən telefonun qiyməti qədər pul aldılar. Konturdan əlavə onlar danışıq zamanı istifadə olunan elektrikin pulunu da istəyirdilər.

Meydan-da limon satan döşlüklü qadınlar:
– Üçü bir “məmməd!” – deyib alıcı axtarırdılar.

Perajki, qutab, lotereya satanların, pul dəyişənlərin əlindən tərpənmək mümkün deyildi. Dilənçilər və bomjlar səndən mütləq nəsə istəyirdilər. Bir də görürdün, qoca bir arvad əlində içi dolu pendir vedrəsi arxasınca düşən polisdən bərk qaçır. Əslində, polis qadından daha bərk qaçıb onu tuta bilərdi. Arvad aradan çıxsın deyə özü qəsdən yubanırdı.

Polis yaxşı dərk edirdi ki, burada pendir satmağı onun yaşaması üçün zəruridir. Burdakı insanlarla polis arasında mənəvi bir bağlılıq da yaranmışdı. Ürəyi qısılan polisə görə əlində tutuquşu tutmuş falçı qadının zülüm-zülüm ağladığını öz gözümlə görmüşəm. Məsələn, reyd keçirilməzdən əvvəl polis özü oradakılara gizlicə xəbər verirdi. Həmin gün hamılıqla polisin dediyinə əməl edirdilər.

Bura elə yer idi ki, bütün Bakı sakinlərinin yolu düşürdü. Əgər beş yaşlı bir uşaq qısa ömründə cəmi iki dəfə qapıdan çölə çıxıbsa, onun birində mütləq bu meydana gəlib. Bakıda yaşayıb bura gəlməmək qeyri-mümkündür. Bakının bu yeri fəzadakı qara dəlik kimi hər şeyi özünə çə- kib fırlada-fırlada udurdu. Əsas səbəb burda istədiyin şeyi tapmağın idi.

Məsələn, beş “məmməd”ə şalvar ala bilərdin. Düzdür, bu şalvar ölmüş birinin ola bilərdi, amma vardı. İndi sübh idi, seyrəklik hökm sürürdü. Meydanın baş tərəfində Cəfər Cabbarlının heykəli ucalırdı. Heykəl elə bil bu müdhiş mənzərəni görməmək üçün arxasını meydana çevirib, əli qoynunda fikrə getmişdi. Daşdan da sakit bu heykəlin ətrafına insanlar ya aldatmaq, ya da aldanmaq üçün yığışırdılar. Yırtıcılar növbəti qurbanlarını axtarırdılar.

Bura elə yer idi ki, Allah oğruların ruzilərini daha rahat yetirirdi. Ürəkaçan yeganə mənzərə heykəlin ətrafında hər gün eyni vaxtda bir nənənin göyərçinlərə dən səpməsiydi. Sonralar həmin nənənin öldüyünü eşitdim. Bundan sonra onun nəvəsi eyni işi təmənnasız davam etdirdi. Beləliklə, göyərçinlər də digər quşlar kimi şəhərdən cüda düşmədilər. Bu roman yazılan günlərdə də həmin göyərçinlər səhər, günorta, axşam heykəlin ətrafında dənlənirdilər.

Nənənin göyərçinlərə dən səpməsi bugünkü görüşüm üçün əla söhbət mövzusu idi. Görüşə bu mövzunu hazırlamaq üçün nənəyə yaxınlaşıb söhbətə başladım. Dəmiryol vağzalının üstündə başı göylərdən, ayağı yerlərdən nəm çəkən “Bakı” mehmanxanası ucalırdı. Biz yaşda uşaqların çoxu öz bakirliyi ilə burda vidalaşırdı. Xüsusi geyimli komendanta beş “məmməd” “hörmət” edib, iki “şirvan”a qadın tapa bilərdin. Bu mənada “Bakı” ən ucuz ünvan idi.

Əzəmətli binaya baxdım və düşündüm:
“Birdən mən də bura getsəm, nə olar? Yox. Birdən polis reyd keçirdi, tutul- dum, valideynlərim gələsi oldu, atam oğlu böyüyüb deyə qürrələnər, anam deyinib durar, camaat bir az gülüb yad- dan çıxardar. Bəs birdən Cincilim bilsə? Üzümə tüpürmədən hər şeyə son qoyar. Bu ehtimal milyardda bir olsa da, mümkün idi. Birdən həmin binada kiməsə kağız aparası olaram, heç bir günahım olmadan yaxalanaram, günahsızlığımı sübut edə bilmərəm... Onda nə olar? Axı mənim orda nə itim azıb?! Həm də belə bir hərəkət etsəm, Cincilimin üzünə necə baxaram?! Onun gözündə ən əskik adama çevrilmərəmmi?! Yox, heç vaxt Cincilimə xəyanət etmək və ona yalan danışmaq olmaz. Onu itirə bilərəm. Bu özümü itirməyə bərabərdir. Dünyanın ən gözəl qızlarına dəyişmərəm səni, mənim ağ zanbağım!”

Təzə geyim-kecim alandan sonra hazırlaşıb günorta evdən çıxdım. Cincilimə karton hədiyyə qutusunun içində Daniel Defoenin “Robinzon Kruzo” kitabını da aparırdım. Özüm romanı oxumuşdum, üstəlik filminə də baxmışdım. Bu, söhbətimizin ikinci mövzusu olacaqdı. Kitabın titul vərəqinə yazdım:

“Səninlə ömür boyu kimsəsiz bir adada yaşayaram.”

Bahalı bir ətir, bir qızılgül, iki “pletka” şokolad da alıb qutuya qoydum. Əlavə gözəl bir yaylıq da alıb qutunu tamam doldurdum. Görüş yerinə bir saat əvvəl getdim.

Cincilimin yanında bir qız vardı. O da bizim kimi universitetə hazırlaşırdı. Hamımız 11-ci sinifdə oxuyurduq.

Yaxınlaşıb salam verəndə qız əl uzadıb özünü təqdim etdi:
– Salam! Günay.
– Salam! Ərəl.
– Günka, dediyim dostum bu oğlandır. Yaxşı oğlandır, amma bir Nailə İslamzadə hobbisi var.

İkisi də gülümsündü. Cincilim mənimlə bağlı hər şeyi Günkaya danışmışdı. Bu gülərüz qızın da istəklisi varmış; onu həmin oğlanla tanış etmək istəmişdilər.

Hədiyyəsini verəndə Cincilim gülümsündü. O elə gülümsünürdü ki, ateist biri ona baxsa, Allaha inanardı.
– Əziyyət çəkmisən. Ehtiyac yox idi. Bunları evə apara bilməyəcəm.
– Mən gətirərəm sabah. Elə bilərlər, mən verirəm, – Günka dedi.
– Heç bir əziyyəti yoxdur. Universitetə girəndən sonra kitabı oxuyarsan. İlk səhifəsində yazım var. Xahiş edirəm, onu evdə oxuyasan. – mən dedim.

– Evə qədər ürəyim partlayar. – Günka dedi.
– Mənimlə birlikdə oxuya bilər?
– Oxuya bilər, amma evdə.
– İnan, mən də bədii ədəbiyyat oxumaq istəyirəm, dərslərdən imkan tapmıram.
– O boyda dərsin içində ədəbiyyat oxusaq, gülərlər bizə. Mən də, inşallah, universitetə girsəm, çoxlu bədii ədəbiyyat oxuyacam.
– Sınaqdan nə qədər yığırsan? – Günka soruşdu.
– Ən çox 427, ən az 405.
– Çox azdır.
– Sınaqla qəbul fərqlidir. Sınaqdan 450 yığan qonşumuz qəbulda 590 yığmışdı.
– Bir-iki mövzu var, qavraya bilmirəm. Coğrafiyadan okean suyunun duzluluğunu hesablamaq alınmır. Tarixdən də ADR dövrü. Çox qarışıqdır, qavramaq olmur.

Günka Cincilimə baxdı:
– Cincilim, dostun idmançıdır, deyəsən. Gərək Yusifgilin akademiyasına sənəd verəydi.
– Hüquqşünas olmaq istəyir.
– İdmançı deyiləm. Bir az ştanqla, turniklə məşğul olmuşam. Bir az da kanalda üzmüşəm. Çox üzəndə bədən yaxşı formaya düşür.
– Yusif də yaxşı üzür.

– Yusif kimdir? – mən soruşdum.
– Başımın bəlası. Bir azdan gələcək.
– İstəklisidir. – Cincilim dedi.
– Allah sizi xoşbəxt eləsin. Onunla mütləq dost olacam.

Bu vaxt onlar güldülər. Günka dedi:
– Elə bizim də fikrimiz odur.

Cincilim abrımı aparıb onu dümsüklədi:
– Ay qız, bəsdir.

Sonra Cincilim dedi:
– Yusif İdman Akademiyasında oxuyur.
– Nişanlısız? – mən soruşdum.
– Yox hələ. Deyirlər, hələ uşaqsız.
– Universitetə girək, görək kim-kimdir, hara-haradır.

Günka saqqız markasını nəzərdə tutaraq dedi:
– Siz söhbətinizi edin, mən bir “Dirol” alıb gəlirəm.
– Mən gedib alaram, – dedim, – amma kitaba yazdıqlarımı oxumayın haaa!

Gülüşdülər. Mən parkdakı xırdavat mağazasına tələsdim. Deyəsən, dəlinin yadına daş salmışdım. Əslində, oxumalarını istəyirdim.

Dörd “Dirol”, dörd “Falım” saqqızı aldım. Müştəri cəlb etmək üçün bu saqqız şirkəti əla üsul tapmışdı: saqqızların ən dadsızı olsa da, kağızının altındakı fal oxunduğuna görə, ən çox satılanı idi. Kim belə ağıllı marketinq görürdü, deyirdi, yəhudilərin şirkətidir. Düşünürdüm ki, olsun da yəhudilərin. Şəxsən mən heç vaxt heç bir yəhudidən pislik görməmişəm.

Geri qayıdanda onlar dodaqlarını bir-birinə möhkəm sıxıb özlərini gülməkdən güclə saxlayırdılar. Demək, kitaba yazdıqlarımı oxumuşdular. Çatan kimi dedim:
– Oxudunuz, eləmi?

Mən gülümsündüm, onlar qəhqəhə çəkib gül­dülər. Sonra Günka dedi:
– Görürsən, Cincilim, oğlan belə olar, romantik. Yoxsa mənim öküzüm...
– Adını çək, qulağını bur. Gəldi səninki.

Yusif yaxınlaşıb dedi:
– Hə, yenə kimin qeybətini qırırsınız?

Günka məni göstərib gülümsündü:
– Ərəl bu oğlandır, tanış ol.
– Ə qardaş, sənin artıq biologiyanı bilirəm eee... – dedi. O, “aftobioqrafiya” demək istəyirdi.

Mənimlə əl ilə görüşdü. Bundan sonra biz həmişə öpüşüb-görüşərdik. Dördüncü saqqızı da Yusifə almışdım. Sanki onu qırx il idi tanıyırdım.
– Qardaş belə olar eee. Görürsüz, məni yaddan çıxartmayıb.

Bir az zarafatyana söhbətlər etdik. Hiss edirdim ki, Yusif Günkanı təkliyə aparmaq istəyir:
– Gəl, biz qırılaq. Bəlkə, camaatın dərdi-səri var bir-birinə deyiləsi.

– Yusif, yox, Cincilimin atası və ya anası bizi dördlükdə görsə, elə biləcək sinif yoldaşıyıq, ikilikdə görsə, bu pisdir.
– Onda niyə oturmuşuq camaatın ağzının içində?!

Qalxaq şəlalənin üstünə. O bizi çoxdan kəşf etdiyi parkın adam olmayan, ağaclarla mühasirəyə alınmış sakit bir guşəsinə apardı. Ordan da Günkanı söhbətə tutub, xeyli aralıya çəkdi. Cincilimlə təkbətək qaldıq.

Söhbəti mən açdım:
– Bu gün səhər dəmiryol vağzalındaydım. Gecə qatarla gəlmişdim. Cəfər Cabbarlının heykəlinin yanında bir nənə göyərçinlərə dən səpirdi. Getdim baxdım. Nənəylə söhbət elədim.

– Nə söhbəti? – Cincilim soruşdu.
– Nənə dedi, özüm yemək yeməmiş bunları yedizdirirəm. Görəsən, nənə öləndən sonra o quşları kim yedizdirəcək?
– Quşların fikrini edirsən? Nə çox qida. Başqa yerdə yem tapacaqlar.
– Yox. Bir səhər onlar eyni vaxtda dən yemək üçün heykəlin yanına qonacaqlar. Nənəni görməyib onun öldüyünü biləcək, üzüləcəklər. Bu çox kədərlidir.

Cincilim ah çəkdi:
– Düz deyirsən.
– Uşaqlıq dostum Şıpını tanıyırsan?
– Hə. Tanıyıram. Xalamgilin qonşuları...
– Çox dəcəl və mərdiməzar uşaq idi. Quş yuvalarını uçurdurdu, suda pişik balası boğurdu, tısbağanı çanağı üstə çevirib gedirdi. Ona “etmə” deyəndə şitənib daha çox quş yuvası dağıdırdı, qurbağalara daş atırdı...
– Aaa!

– Bir gün kəndin kənarında bir tısbağanı çevirmişdi. Həmin vaxt tısbağanı düzəldə bilmədim. Şitənib öldürəcəkdi. Evə gəlib yerimə uzandım, yata bilmədim. Elə bilirdim, tısbağanı o vəziyyətdə qoyub yatsam, Allahın mənə acığı tutar, ən böyük arzumu yerinə yetirməz. Gecəylə fənərlə uzaq yol gedib tısbağanı çevirdim...

Kədərli səslə soruşdu:
– Ən böyük arzun nədir?

Susduğumu görüb özü cavab verdi:
– Hə, hüquq fakültəsinə girmək...
– Yox o mənim ikinci arzumdur. Daha doğrusu, o arzunu Allahdan istəməyə qorxuram.
– Niyə?
– Elə bilirəm, o məni üzlü bilib birinci arzumdan məhrum edər. Birinci arzum tək arzu olduğuna görə, beynimdə ikinci arzunu tuta bilmirəm. Amma hüquqşünas olmaq istərdim.
– Bəs onda birinci arzun nədir?

Mən susub diqqətlə ona baxdım.
– Düz deyirsən, quş yuvası uçurmaq Allah qarşısında böyük günahdır.
– Axırda mən Şıpıya: “Bunu edənlər quşların qarğışına tuş gəlir, çirkin olur, o dünyada qır qazanında yanırlar, Allah özü onları cəzalandırır”, – deyəndən sonra o böyüdü, bir daha quş yuvası dağıtmadı.
– Bəs niyə elə uşaqla dostluq edirdin?
– Bunun səbəbi var idi. Ən böyük arzuma baxmaq üçün. Onlar ən böyük arzumun gəldiyi evin qonşuluğunda olurdular.

Cincilim utanan kimi oldu. Davam elədim:
– Sonra da dostluğumu kəsmədim. Ona nəzarət etmək lazım idi.

Yusifin atası imkanlı olduğundan pul gücünə savadsız oğlunu akademiyaya düzəltdirmişdi. Bu münasibətlə ona mobil telefon və maşın almışdı. Məni xalamgilin məhləsinə Yusif apardı. Maşında pioner markalı maqnitofonda Vüsal Əliyev oxuyurdu:

Get, get, dayanma, get bürün daşqaşa, Doyurmaz gözünü kasıb sevdası...

Yolda sövq-təbii bir söz soruşdu:
– Bir şey edə bilmisən qıza?
– Ciddi istəyirəm, qaqa.
– Nə danışırsan?! Ciddi nədir?! Qızınkı odur, bir az işlədib, başını buraxasan. Ciddi gedib xalan qızından zaddan alarsan. Tanımadığın qız, nə bilirsən, nə yuvanın quşudur?!

Mən onun narsist biri olduğunu hələ parkda olanda anlamışdım. Amma hələlik onunla münasibəti kəsə bilməzdim. Bəli, onun qeyri-ciddi olduğunu bilib qıza deməmək elə onun qədər əclaflıq demək idi, ancaq bunu indi etsəm, aravuran kimi ucuzlaşardım. Ən yaxşısı, başqasının şəxsi işi kimi vicdanıma qalxan edib susum.

Evdə son vaxtlar dərslərdən uzaqlaşdığımı anlayıb, bütün azərbaycanlıların özünə verdiyi sözü təkrarladım: “Sabahdan başlayıram!” Lakin bütün azərbaycanlılardan fərqli olaraq, sabahdan başlayırdım.

Mənim birinci işim Cincilimi görmək, ikinci işim dərs oxumaq idi. Onu gözlədiyim vaxt da açıq havada dərs oxuyurdum. Novruz bayramında bir-birindən gözəl milli film və tamaşalara da baxmadım. Yaz başlamışdı. Havaların necə keçdiyini deyə bilməyəcəyəm, çünki başım dərsə necə qarışmışdısa, heç nəyi fikirləşmirdim. Sonuncu sınaqdan 458 bal yığmışdım. Nə edirdimsə, 500-ə çata bilmirdim.

Qəbul imtahanına iki ay qalmışdı. Bunker müəllimim ara günü işi olduğundan dərsi bazar gününə salmışdı. Həmin bazar Cincilimin görüşə gəldiyi gündən sonra həyatımın ən xoşbəxt gününü yaşayırdım. Dərs bitən kimi müəllim oğlanlara dedi:
– Uşaqlar, kim mənə kömək edə bilər? Şəhərə gedib bəzi əşyaları dördüncü mərtəbədən birinci mərtəbəyə endirmək lazımdır.

Əlimi qaldırdım. Onsuz da bir az dincəlmək istəyirdim. Dərs oxumağımdan razı qalmışdım. Digər oğlanlar əlini qaldıranda müəllim dedi:
– Ərəllə gedəcəm. Siz evinizə gedin.

Xalamgilin ev telefonuna zəng edib müəllimimlə olacağımı bildirdim. Müəllimim dedi:
– Əvvəl Bakı Dövlət Universitetinə getməliyik. Orda bir müəllim yoldaşımla ayaqüstü görüşüm var.

Müəllim yoldaşı dediyi bu gün məni bəxtəvər edən adamdır. Universitetin qarşısında görüşdük. Gələn müəllim rusa oxşayırdı. Danışanda gördüm, yox, azərbaycanlıdır. Onlar səmimi zarafat edirdilər. Azərbaycanda hər sahənin adamları, hətta mədəniyyət nazirliyinin əməkdaşları da vulqar zarafatlar edirdilər, bircə müəllimlərdən söyüş eşitməmişdim. Hər iki müəllimdə həqiqi ziyalı xarizması vardı. Onlar söhbətə başlayanda mən Bakı Dövlət Universitetinin binasına baxıb köks ötürürdüm. Sınaqdakı bilik səviyyəmlə, topladığım balla məni heç buranın həndəvərinə də qoymazdılar. Olsa-olsa abituriyentlərin ən ləlöyün fakültə saydığı kitabxanaşünaslığa girərdim. Bu fakültəyə karyera qurmaq üçün yox, tələbəçilik yaşamağa gəlirdilər. Hə, bir də elçiliklərdə filan qızın və ya oğlanın ali təhsilli olduğunu bildirmək üçün... Amma bu ixtisas elçilikdə də deyilmirdi. Tələbələr BDU-nun filan fakültəsində oxuyuram, deyəndə, kitabxanaşünaslığın tələbələri eləcə Bakı Dövlət Universitetində oxuyuram, deyirdi. Fakültəsini demirdi. Çünki qarşısındakı adam ona mütləq məsləhət verirdi: “Get özünə iş-peşə tap”. Azərbaycan Respublikasının tarixində bir nəfər də kitabxanaşünas olmağı arzulamamışdı. Hə, bir də əmək təlimi müəllimi olmağı heç kim arzulamırdı.

Mən qəlbən əmin idim ki, Naxçıvan Dövlət Universitetinin ödənişli əsaslarla qiyabi hüququna girə bilərəm. İçimdə bir hiss məni buna inandırmışdı. Cincilimdən uzaq düşsəm də, onu xoşbəxt etmək üçün başqa əlacım yox idi.

Rusa oxşayan bunker müəllim qovluqdakı sənəd və sualları mənim müəllimimə uzadıb dedi:
– Komissiyanın üzvləri bu suallar üzərində dayanıb. Hamı deyir, burdakı suallar bütün mövzuları əhatə edir. Çox güman ki, üçüncü qrup üzrə bunkerə bu suallar gedəcək. Bir sizin, bir də Abbaszadənin imzası qalıb.

Müəllim hardan bilərdi, bu sözləri indicə Bakı Dövlət Universitetinə baxıb udqunan abituriyentin yanında deyir. Sualları müəllimimdən aldım desəm, yalan olar, qapdım və dedim:
– Verin saxlayım, sizə zəhmət olar.
– Yüngüldü, özüm saxlayaram. – desə də, mən dura-dura müəllimimin qovluq daşımasına “vicdanım” yol verməzdi.

Qovluğu götürən kimi gözüm ətrafda surətçxarma məntəqəsi axtardı. Onlar hələ də söhbət edirdilər. Ayaqyolu adı ilə tinə keçdim, arxa tərəfdən küçəyə çıxıb surətçxarma məntəqəsinə girdim. Müəllimin yanına qayıdanda sualların kopiyası bükülü vəziyyətdə paltarımın altında idi.

350 sual idi. Bundan 150-ni seçib imtahana salacaqdılar. 100 sualı rahatca bilirdim. Dərhal onları işarələdim. Digər sualları ciddi araşdırmağa başladım və kursdakı müəllimlərdən öyrəndim. Amma şübhələndirməmək üçün coğrafiya müəllimimdən heç nə soruşmadım. Şübhələnsəydi, dərhal tədbir görərdi. Tanrı onun hər şeyini alıb, yerinə bolluca vicdan və savad vermişdi. Yazığın əynindəki pal­tardan başqa heç nəyi yox idi. Onu asanlıqla aldatmaq olardı. Elə rusa oxşayan müəllim də onun günündə idi. Hər ikisi özləri də bilmədən ömür boyu borclu olduğum, mənim üçün ən yüksək mənəvi dəyərə malik insanlar olacaqdılar.

Təbii, Cincilimdən sonra!

Qəbul imtahanı yaxınlaşdıqca Cincilim özü məndən mehribanlıqla xahiş etdi ki, vaxtımın hamısını dərs hazırlamağa xərcləyim. Deyirdi: “Mən burda, sən burda, ali məktəbə qəbul olunandan sonra məni çox görəcəksən. İstəyirəm yaxşı hazırlaşasan”.

Beləcə, mən həftədə iki dəfə gəlirdim. Günümün ən gözəl vaxtları Cincilimi gördüyüm vaxtlar idi. Əməlli-başlı xoşbəxt olurdum. Xalamgilin telefon nömrəsini Cincilimi verdiyim üçün evdə tək olanda uzun-uzadı telefon söhbətləri edirdik. Elə sözlər var ki, onu ancaq telefonda demək olur. Cincilimgilin telefon nömrələrini bilsəm də, heç vaxt zəng etmirdim. Yalnız ad günümüzdə zəng vurmuşdum. Astaca təbrik edib dəstəyi asmışdım. Əsasən “Ukrayna dairəsi” yaxınlığındakı parkda görüşürdük. O görüşləri ən çox Yusif arzulayırdı. Mən Yusifi sərf edirdim. Cincilimin başını qatırdım, Günkanı xəlvət guşələrə çəkirdi. Qısa müddətdə onun xarakterini tam öyrəndim. Əclafın biri idi. Əlində üç qız, bir gəlin vardı. Onlarla nə etdiyini mənə və digər tanışlarıma fəxrlə danışırdı. Gəlinin qəlbində elə kök salmışdı ki, qadın üçüncü uşağı ərindən yox, Yusifdən doğmuşdu. Bu söhbəti mənə edəndə dedim:

– Bəlkə, uşaq ərindəndi, nə bilirsən?
– Məndəndi. Uşağı görmüşəm. Dozanqurduya oxşayır. Yusif dayaz düşüncəli olsa da, güclü qız ovlama qabiliyyəti vardı. Onunla dördlükdə olanda başqa adam olurdu, ikilikdə tamam dəyişirdi. Həyat teatrında yaxşı aktyorluq edirdi. Qızları bişirir, qəlbinin dərinliklərinə girir, Everest zirvəsinə ucalır, istəyinə çatandan sonra onları təhqir edir, qadına nifrət üçün də yer qoymurdu. Özünü Everestdən alçaldıb, Marian çökəkliyinə salırdı. Onun şinelindən çıxmış qıza elə travma yaşadırdı ki, o qız bir daha oğlan istəyə bilmirdi.

Bir dəfə Cincilimlə Günkanı ötürəndən sonra onun maşınında söhbətə başladıq. Səyyad Əlizadənin “Gözlə, gələcəyəm, qurbanın olum” mahnısının səsini azaldıb dedi:
– Qaqa, bir qız var, bu gün sabah qıracam, işini bitirmişəm.
– Neyləmisən?
– Saunaya apardım, siftəsini elədim. Sonra da bir neçə dəfə getdik. İndi qırılmaq istəyirəm.
– Niyə qırılırsan ki?
– Zibildi başdan ayağa. Deyir, nə vaxt alacaqsan məni?

Onun əclaflığını üzünə deyə bilmirdim. İndiki halda bu, ziyanıma işləyərdi. Həm də onunla belə söhbətlər edir-dim ki, hər şeyi mənə danışsın. Onun əməlləri mənə çox maraqlı gəlirdi.
– Gərək elə şey etməyəydin.
– Neynəyim eee, ona demədim axı gəl yıxıl altıma.

Belə də ki, ağıllı qız oğlanla saunaya getməz.
– Bəlkə, inanıb sənə?
– Onu inandıran oğlan var eee. İşləmişdim, əziyyət çəkmişdim üstündə. Elə etmişdim, bir sözümü iki eləmirdi. İndi də elədir. Deyirəm, rayona getmə, getmir. Deyirəm, corablarımı geyindir, geyindirir. Qorxur ki, ataram onu. Məcbur hər dediyimi edir. Keçən dəfə apardım, dostumun kafesində yır yığış elədi. Elə bir dəfə də orda işini gördüm.
– Bəs taleyi necə olacaq? Qız kimi ərə gedə bilməz axı.
– O qədər “peysər” var, biri alacaq.
– Sənin ciddi istədiyin yoxdur?
– Mamam mənim əvəzimə istəyəcək. Deyirəm, ay mama, mən yox, sən yaşayacaqsan onunla. Mən səhər çıxıb axşam gələcəm. Özün tap, al. Sonra da gəlin qaynana yola getməyəndə deyəcəm, özün almısan. Bir də istək çatmır eee, mənə. Nə ciddi istək?! Lap Madonna olsun, bir iki dəfə işini görəndən sonra adam bezir.
– Günkayla harda tanış olmusan?
– Qaqa, bunun dalınca getməmişdim. Başqa qıza qarmaq atmışdım, bunu gördüm. Məhlələrində. Bir iki dəfə gedib gəldim. Bir gün gördüm, yenə gəlir. Maşınımda Ədalətin “Ay qız, keçmə bizim məhlədən” mahnısını qoyub pəncərələri endirdim. İkinci gün yenə... Gördüm, qıdıqlanır. Bir dəfə də gül aldım. Götürmədi. Belə-belə, dördüncü görüşdə tutdum söhbətə, beşinci görüşdə gülü götürdü.
– Hə.
– Sonra gördüm, səninki ilə rəfiqədir. Elə bildim, səninki boşdur. Dostuma düzəltmək istəyirdim. Dedi, oğlanı var.
– Başqa nə dedi məndən?
– Deyəsən, sən yandırmışdın hardasa. Qızgilin evində bilmişdilər. Günka deyirdi, səninki ağlayır. Anası da döymüşdü onu. Kimsə görmüşdü sizi?
– Hə, görmüşdü.
– İş görəndə, ya belə?
– Yusif, mən onunla ciddiyəm. Bir də elə şeylər danışma. Qardaşıq biz. Bu mövzuda ciddiyəm. O elə qız deyil.

– Hə, görürəm. Heç əl əl də tutmursuz. Hə, sonra dedi, ailələriniz ədavətlidir. Sən guya hayıf çıxmaq istəmişsən. Adına yalandan söz çıxartmısan. Elə bildim, artıq qız boşdadır. Məndəki gicliyə bax da. O vaxt səni tanımırdım deyə bunu edirdim. Dedim, aaaz, təzə ayrılıb oğlandan, dostumla başını qarışdırsın. Sənlə oturduğumuz oğlan var e – Ziya.
– Hə.
– Ona düzəldəcəkdim. Ona da öz aramızda “Atkrıvalka Ziya” deyirlər. Bəlkə, on beş qızın siftəsini eləyib. Necə qorxmuşdusa, gəlmədi. Səninkinə baxıb mənimki də qorxmuşdu.
– O niyə qorxmuşdu?
– Səninkinin döyülməsindən. Sonra bir müddət səninki görünmədi. Bu yaxında barışdığınızı eşitdim.

Tanıdıqca Yusiflə Şıpının uşaq vaxtının xarakterində oxşarlıq görürdüm. Yusif kimi adamlar yaşayan dünyada nüvə silahı hazırlamaq çox təhlükəlidir. Məsələn, hansısa kor təsadüf Yusifi nüvə silahının hazır saxlandığı yerə ata bilər və o hansısa qıza “cool” görünmək üçün düyməni basar. İnsafən Şıpı uşaq vaxtı basardı o düyməni, indi basmazdı. Ona görə yox ki, böyümüşdü, ona görə ki, mənimlə bir yerdə böyümüşdü. Şıpının bütün xarakterini dəyişmişdim. İndiki vaxtda nüvə silahına yaxın düşməzdi. Lap hansısa peyğəmbər əmr versə də. Peyğəmbərin özü basmaq istəsə, ona mane olardı.

Şıpı təbii şəkildə yanımda böyüyürdü deyə ona tərbiyə verə bilirdim. Atası isə elə bilirdi, Şıpıya o tərbiyə verib. Tərbiyə vermək insanın müqəddəs borcudur. Əgər ətrafında qatilliyə meyilli biri varsa, onu çəkindirmək ilk növbədə öz təhlükəsizliyin üçün lazımdır.

Yusifi tərbiyələndirmək çox çətin başa gələrdi. Onda çatışmazlıqların çoxu genetik idi. Heç kim canavarın xarakterini dəyişə bilməz. Heç ağcaqanadınkını da.

Günkaya yazığım gəlirdi. O nə biləydi, qəlbinin ən ülvi guşəsinə qoyduğu adam əclafdır. Sınamadan, düşünmədən, tanımadan onu istəmişdi. Yusif işini bitirəndən sonra onu borclu çıxararaq ayrılmağın da yollarını indidən fikirləşmişdi. Məsələn, indi Günka ona öküzüm deyəndə irişirdi, işini bitirəndən sonra bu sözə görə onu təhqir edər, hətta əl də qaldırardı.
“Öküz sənin var yoxundur, sən bir də mənə öküz desən, nəslini çölə tökərəm!” – indidən qəzəbli səsini eşidirdim Yusifin.

Əgər yetkin bir insan yorğanı düşmüş uşağın üstünü örtmədən onun yanından keçirsə, ona inanmaq, onunla evlənmək olmaz. Onu rəhbər seçmək olmaz. Ona güvənmək olmaz. İnsan taleyi etibar etmək olmaz. Adamları danışığına görə də qiymətləndirmək olmaz. Mən məşhur bir şair tanıyıram, çox mükəmməl şeirləri və dərin intellekti var, hamı onu vicdanlı biri kimi tanıyır. Adamın bir xanımla ilk evliliyindən övladı var və xalqın vicdanlı tanıdığı, millət vəkili görmək istədiyi adam övladının yalvarışlarına baxmayaraq, öz balasına heç vaxt baş çəkmir. Qızı xəstələnəndə, güləndə, darıxanda, cizgi filmi izləyəndə görməyib. Onunla hər atanın qızı ilə etdiyi zarafatları etməyib. Övladının baxıb görəcəyi yerlərdə ikinci arvadından olan uşaqlarıyla fotolar paylaşıb, xoşbəxt ailə tablosu yaradıb. Övladının aldığı travmanı, keçirdiyi hissi anlaya-anlaya bu addımı atıb. Belə adamlarla zərurət tələb olunmadıqca bir otaqda nəfəs almaq təhlükəlidir. O həm də birinci övladının qəlbində digər övladlarına qarşı xoşagəlməz hisslər yaradıb. Heç vaxt bir-birinə pislik etməyən doğmalar arasına ədavət toxumu səpib. Öz toyunda tort zarafatına görə sənə əl qaldıran adamla, nəyin bahasına olursa olsun, evlənməməlisən. Onun genini daşıyan günahsız körpəyə hamilə qalmaq olmaz. Bu çox təhlükəlidir. Bir sözlə, Yusiflə və onun kimilərlə evlənməkdənse ömürlük həbsə getmək daha yaxşıdır.

Bəlkə, elə adamlara təhsil vermək də doğru deyil. Nüvə silahının düyməsini belə adamlara etibar etmək günahdır. Eynşteyn kimi alimlər öz xoşməramlı icadında bu boyda təhlükəni hesablamayıblar. Onlar mənim asanlıqla aldatdığım bunker müəllimi kimi xırda biclikləri bilmirdilər.

Görünür, Yusifi də bu xırda bicliklər hesabına az müddətdə dəqiq tanımışdım.

Dərs vaxtımı ikiyə ayırmışdım: biri bunker müəllimlərdən oğurladığım sualları öyrənmək, digəri öz dərslərim... Sözügedən suallardan cəmi birini araşdırmırdım. Bu, okeanın duzluluğunun hesablanması idi ki, lap axıra saxlamışdım.

Cincilim - Qanun.Az | Kitablar | Ədəbiyyat

# 95 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər