Bu gün Holokost soyqırımından sağ çıxan tanınmış yəhudi əsilli yazıçı, filosof, Nobel Sülh Mükafatı laureatı Eli Vizelin (Eliezer Wiesel) doğum günüdür.
Kulis.az onun məşhur "Gecə" romanından sitatları təqdim edir.
Sevginin əksi nifrət deyil, laqeydlikdir. İncəsənətin əksi çirkinlik deyil, laqeydlikdir. İnamın əksi küfr deyil, laqeydlikdir. Və həyatın əksi ölüm deyil, laqeydlikdir.
***
Məzlumların haqsızlığa uğramasının qarşısını almağa gücümüzün çatmadığı anlar ola bilər, amma etiraz etməkdən imtina etdiyimiz bir an belə olmamalıdır.
***
Dostluq insanın həyatında sevgidən də dərin iz buraxır. Sevginin aludəçiliyə çevrilmək riski var, dostluq isə hər zaman bölüşmək deməkdir.
***
Dünyanın harasında olursa-olsun, insanın çəkdiyi əzab hər kəsi narahat etməlidir.
***
Biz hər zaman mövqe tutmalıyıq. Tərəfsizlik zülmkara kömək edir, məzluma yox. Sükut əzab verəni həvəsləndirir, əzab çəkəni yox.
***
Ölüləri unutmaq onları ikinci dəfə öldürməyə bərabərdir.
***
O gecəni, düşərgədəki ilk gecəni heç vaxt unutmayacağam; o gecə ki, həyatımı yeddi dəfə lənətlənmiş və yeddi dəfə möhürlənmiş uzun bir gecəyə çevirdi. Tanrımı, ruhumu qətlə yetirən, xəyallarımı torpağa gömən o anları heç vaxt unutmayacağam. Tanrının özü qədər uzun yaşamağa məkum olsam belə, bu şeyləri heç vaxt unutmayacağam. Heç vaxt...
***
Həm ölənlər, həm də yaşayanlar üçün şahidlik etməliyik.
***
Öyrənməkdə ilahi bir gözəllik var. Öyrənmək həyatın mənim doğumumla başlamadığı fərziyyəsini qəbul etməkdir. Məndən əvvəl başqaları var idi və mən onların izi ilə gedirəm. Oxuduğum kitablar atalar və oğullar, analar və qızlar, müəllimlər və şagirdlər tərəfindən yazılıb. Mən onların təcrübələrinin, axtarışlarının məcmusuyam. Siz də eləsiniz.
***
Bir insanın minnətdarlıq hissi yoxdursa, onun insanlığında nə isə çatışmır. İnsanı onun minnətdarlığa olan münasibəti ilə təyin etmək olar.
***
Dürüst bir insan belə çox şeyi dəyişə bilər.
***
İçimdəki Tanrıya dua edirəm ki, Mənə Ona doğru suallar vermək üçün güc versin.
***
Sonra qurbanların yanından keçid başladı. İki kişi artıq sağ deyildi. Dilləri çöldə idi, şişmiş və göyərmişdi. Lakin üçüncü kəndir hələ də hərəkət edirdi: uşaq çox yüngül olduğu üçün hələ də nəfəs alırdı... Və beləcə, o, yarım saatdan çox həyatla ölüm arasında vurnuxaraq gözümüzün qabağında can verdi. Biz isə ona yaxından baxmağa məcbur idik. Yanından keçəndə o hələ də sağ idi. Dili hələ də qırmızı idi, gözləri hələ sönməmişdi. Arxamda eyni adamın soruşduğunu eşitdim: "Tanrı xatirinə, Tanrı hardadır?" Və içimdən bir səsin cavab verdiyini eşitdim: "Haradadır? Bax, buradadır, bu dar ağacından asılıb..." O gecə şorba cəsəd dadırdı...
***
Heç bir insan irqi üstün deyil; heç bir dini inanc aşağı deyil. Bütün kollektiv mühakimələr yanlışdır. Onları yalnız irqçilər edir.
***
Əgər ömrün boyu edəcəyin yeganə dua "Çox sağ ol"dırsa, bu yetərli olar.
***
Çəkdiyi əzabları danışmağı seçən sağ qalan üçün hər şey aydındır: onun borcu ölənlər və yaşayanlar üçün şahidlik etməkdir. Gələcək nəsilləri kollektiv yaddaşımıza aid olan keçmişdən məhrum etməyə onun haqqı yoxdur. Unutmaq yalnız təhlükəli deyil, həm də təhqiramizdir; ölüləri unutmaq onları ikinci dəfə öldürməyə bərabərdir.
***
Yalnız yazmadan yaşaya bilmirsinizsə, yazın. Yalnız sizin yaza biləcəyiniz şeyləri yazın.
***
O təbəssümü hər zaman xatırlayacağam. Görəsən, o hansı aləmdən gəlmişdi?
***
Yalnız təqsirkarlar günahkardır. Onların övladları yox.
***
İnsanlar irqinə, dininə və ya siyasi baxışlarına görə harada təqib olunursa, həmin an orası kainatın mərkəzinə çevrilməlidir.
***
O, soyuq gözləri ilə mənə baxdı. Nəhayət, yorğun halda dedi: "Mənim Hitlərə hər kəsdən çox inamım var. Yəhudi xalqına verdiyi vədlərin hamısını tutan yeganə şəxs odur."
***
Hansı daha pisdir? Nifrətlə öldürmək, yoxsa nifrətsiz öldürmək?
***
Onlar bir insanın digərinə edə biləcəyi ən böyük hörmətsizliyi edirlər: dəhşətli ağrılar və itkilər yaşamış insanlara bu ağrı və itkilərin xəyal olduğunu deyirlər.
Rus dilindən tərümə: Aydan Ağayeva