Futbol meydançasında yaşayan tösmərək – Orxan Fikrətoğludan yeni hekayə

Futbol meydançasında yaşayan tösmərək – Orxan Fikrətoğludan yeni hekayə
14 sentyabr 2021
# 09:02

Kulis.az “Hekayə günü” tanınmış yazıçı Orxan Fikrətoğlunun “Pop Ahiret” hekayəsini təqdim edir.

Tösmərək, eynəkli adamdı. Sözləri ağzından sulu çıxsa da gözləri qupqurudur. Yay-qış ürəyi də şalvarı kimi ütüsüzdür. Bir ay olar eyni otaqda otururuq. O, kiçik korrektordur, mən böyük redaktor. Mən buraxdığım hərfi o tutmalıdır deyə gözü bütün günü məndədir, səhvimi axtarır. Belə baxanda elektron saytlara korrektor lazım deyil. Onun peşəsi qalın-qalın kitabların zamanında gərəkliydi. İndi kimə səhv yazdığını sübut edə bilərsən ki? Hərənin öz hərifi var. Amma onun redaksiyada A hərfi kimi hörməti var. Ya da arxasında kim isə nöqtə kimi dayanıb. Baş redaktorumuz da onun qabağında sual işarəsi kimi əyri dayanır. Hamıya bilərəkdən səhv buraxmağı tapşırır ki, tösmərək tutsun. Onun qarşısında olan yeganə nida mənəm. Səhv buraxmıram. Tösmərəyin səhər-axşam gözündən gülüşü əskik deyil. Baxışları da qəribədir. Sanki adamı lazer bıçağı ilə deşib o taya keçir. Susmağı isə daş kimidir, istəsən toxuna bilərsən, sopsoyuq. İş yoldaşlarımın hamısı ilə dil tapıb. Balaca kollektivdir də. Altı adamıq. Hər axşam işdən sonra məni də onlarla bərabər şərab içmək adıyla evinə dəvət edir. Mən də hər gün eyni sözü deyirəm: “İçmirəm.” Hər dəfə də tösmərək bunu unudur.

Səhəri gün yenə mənə eyni təklifi edir. Peşəsindən gələn dəqiqliklə iradəmin səhv hərf kimi qopub yerə düşəcəyi anı gözləyir ki, məni də öz xeyrinə redaktə eləsin.

Bir gün kefimin kök vaxtı yaxından tanış olmaq üçün gecə-gündüz məndə səhv axtaran tösmərəyi evimə dəvət etdim. Axşam saat doqquzda qoltuğunda təriflədiyi şərab tövşüyə-tövşüyə gəldi. Pomidor çığırtıması bişirmişdim. Oturub yeyə-yeyə doyunca söhbət etdik. Belə baxanda göründüyü kimi o qədər də pis adam deyilmiş. Yevlaxda doğulub. Uşaq evində böyüyüb. Mənim kimi o da evli deyil. Yaşı da göründüyündən çoxdur. Necə olduğunu deməsə də, yaşının çox olduğunu təkrar-təkrar vurğulaması nədənsə diqqətimi çəkdi.

Səhər onunla redaksiyada görüşdük. Həmin səhər tösmərək irişə-irişə mənə dedi:

“İstəsən, ruhunu mənə sata bilərsən, pul ilə alıram!”

Əvvəlcə onun zarafat etdiyini düşündüm. Eyni təklifi bir neçə gün dalbadal təkrar etdikdən sonra isə anladım ki, fikri həqiqətən də ruhumu bahasına almaqdı.

Növbəti dəfə o, adam içində mənə yenə “ruhunu mənə sat!” təklfini edəndə üzünə bir yaxşı “draquni” sillə vurdum. Elə bir sillə ki, səsinə baş redaktor otağından qaça-qaça gəldi. Tösmərək sillənin təsirindən qızarmış üzünü əli ilə tutub baş redaktora: “Müdir, sən işində ol, biz qağamla zarafat edirik!” - dedi.

Sonra öyrəndim ki, tösmərək baş redaktorun da ruhunu sən demə satın alıbmış.

Bir gün o, ruh kolleksiyasını mənə göstərmək üçün evinə dəvət etdi. Getdim. Sən demə tösmərək futbol meydançasında yaşayırmış. Hər gecə aldığı ruhları stadionun başına hərləndirirmiş ki, qamətləri əyilməsin. Onun niyə belə etdiyini özündən soruşmadım. Düzü, soruşmağa utandım. Bu qədər ruhun onun nəyinə gərək olduğu sözün açığı mənim üçün bu gün də qaranlıqdır. Dünyada necə desən adam var da. Quşbaz yoxdur? Bu da yəqin ruhbazdır.

Həmin gecə bir kənarda dayanıb stadionun başına hərlənən yaşıl-yaşıl ruhlara baxırdım. Onlar məni görmürdülər. Tösmərək sirk təlimçisi kimi yorulan ruhları əlindəki qamçı ilə vururdu. Ruhlar külək kimi idilər. Qamçının havasından kəpənək təki göyə doğru uçuşurdular. Qəfil onlardan biri gəlib çiynimə qondu. Burnuma cənnət qoxusu gəldi. Ölümün mənə çox yaxın olduğunu anladığım üçün qorxub evimə doğru qaçdım. Həmin gecə tösmərək arxamca gəlmədi. Səhər isə işdə anladım ki, o, məndən küsüb. Beləcə bir müddət tösmərəklə biri-birimizdən aralı gəzdik.

Bir gün mən bərk xəstələndim. Həkim iki aya öləcəyimi dedi. İşdən çıxdım. Bu iki ayı özüm üçün yaşamaq istəyirdim. Uşaqlıqdan səyahət etmək arzum var idi. Zəhrimar pandemiya olmasaydı, Romaya gedərdim. Bunun artıq mümkün olmayacağını anladığım üçün son iki ayı doğulduğum kənddə keçirmək qərarına gəldim.

Kəndə getdim. Damı dağılmış köhnə daxmamın qapısından girər-girməz içəridə onu gördüm. Oturub məni gözləyirdi. İstər-istəməz qucaqlaşdıq. Ağlamsındım. Ölmək istəmirdim. O da məni qucaqladı. Onunla birlikdə xeyli şərab içdik. Daha nə itirəcəkdim ki? Ölürdüm onsuz da. O səhər mənə “Ölümdən qorxan adamları sevmirəm” - dedi - “Amma sənə yazığım gəlir. Yaşamaq istəyirsənsə, ruhunu mənə sat!”

Bu dəfə razılaşıb ruhumu ona satdım. Puluna özümə dördmərtəbəli ev aldım. Tösmərəyin əlaqələri geniş imiş. Məni yaxşı bir işə düzəltdi. Əlimin altında on mindən artıq işçim var. Başlarına oyun açıram. Ruhu diri olan adam görən kimi puçunu burub göndərirəm dostum tösmərəyin hüzuruna!

O da həmin an “ruhu diri” adamın ruhunu pul ilə alıb mənim kimi kötük eləyir.

Beləcə yaşayırıq...

Və əssətürü və dəssəttürü və birrətürü və innətürü...

# 3057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #