"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter

"Dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər..." - Pulitser mükafatçısı Konrad Rixter
30 oktyabr 2026
# 18:40

Bu gün amerikalı romançı, Pulitser mükafatçısı Konrad Rixterin anım günüdür.

Kulis.az onun əsərlərindən müəyyən hissələri təqdim edir.

Qatardan ilk dəfə gənc Denverə endiyim həmin səhər parlaq günəş işığı zəngin dağ şəhərinin üzərinə qızılı bir şal kimi sərilmişdi. Vağzalda parovozların böyrünə yazılmış yad dəmir yollarının adları məndə coşqu oyadırdı. 17-ci küçə ilə yuxarı qalxdıqca geyim mağazalarının, hərrac evlərinin və lombardların qapılarından gələn səslərin xoru məni "ser" və "gənc cənab" deyə əzizləyir, dilə tuturdu. Həmin səhər addımladığım küçələrdə, ötüb keçən faytonlardakı xanımların bahalı geyimlərində, hətta dağlardan əsən havanın özündə belə Lyuti Brutonun şəxsinə bənzər dəbdəbəli, çılğın və qığılcımlı bir şey vardı; mən addım-addım, sürətlə böyüyən bu bədxərc məkana qarşı onun içindəki həyəcanı az da olsa anlamağa başladığımı düşünürdüm.

***

Amma Tanrı xatirinə, indiki adamlar nə haqla bütün dünyanı özlərinə oxşatmaq istəyirlər? Onun meşələrdə yaşadığı vaxtlarda tanıdığı hər kəs məhz özünəməxsus bir şəxsiyyət olmağa sövq edilirdi. İnsan istədiyi kimi yaşaya, istədiyi kimi düşünə bilərdi və rastlaşdığın iki nəfər heç vaxt bir-birinə bənzəməzdi. Hər kəsin özünəxas inancları və bunlara sahib çıxmaq üçün öz səbəbləri vardı. O zamanlar adamlarla danışmaq bir zövq idi, çünki hamı fərqliydi. Hətta sadəlövhlərin belə özünəməxsus təsəvvürləri olurdu. Onlar səni ya güldürər, ya da dərindən düşündürərdilər. Lakin bugünkü Amerika camaatı son dərəcə darıxdırıcı görünürdü və get-gedə daha da pisləşirdi. Bircə nəfəri görsəydin, demək olar hamısını görmüş olurdun. Birinin danışığını eşitsəydin, çox güman ki, qalanlarını da dinləmiş sayılırdın. Hamı kimi dəbə uyğun yaşamaqdan ötrü ağıllarını itirmişdilər; əgər öz yolunla gedəcək, ürəyin istəyəni edəcək qədər qəribə və yad olsaydın, bu onların əsəblərinə toxunar, səni təzə çıxmış dəlixanalardan birinə qapadar, ya da evlərinə aparıb öz bildikləri kimi yaşamağa məcbur edərdilər.

***

Göz işlədikcə bu kimsəsiz meşə dənizi dalğalanır, dalğalanır, nəhayət, onun solğun mavi ləpələri inanılmaz dərəcədə uzaq bir üfüqə çırpılırdı.

***

Zəhmət və əziyyət - anasının hər zaman təkrar-təkrar vurğuladığı məhz bu idi. Bir dəfə sahədə işləməkdən boyun qaçıranda anası demişdi: "Sən məndən çox yaşayacaqsan, Çensi. İnsanları əziyyət çəkmədən dərd-qəmdən qurtarmaq üçün ortaya atılan hər cür yeni dəblərə yaxşı bax. İndiki adamların istədiyi məhz budur və onları hər şeydən çox məhv edəcək şey də elə bu olacaq." Bu zəhmət və əziyyət məsələsində, doğrudan da, nəsə bir hikmət ola bilərdimi - deyə düşündü. O, çətinlik və zəhməti ilk köçkünlər dövrünün əlaməti, keçmişdə qalmış şeylər hesab edirdi. İnanırdı ki, onun nəsli artıq bunları geridə qoyub kənara atıb, rahatlıq, asanlıq və əmin-amanlıqdan ibarət yeni bir həyat qurur. Halbuki ən qəddar sınaq olan müharibə, qardaş qırğını bu gün bir dəlilik kimi onların yaxasından yapışmışdı. Yoxsa bu o demək idi ki, gücə və dözümə olan ehtiyac həmişə onlarla qalacaq; onlar nə qədər irəliləsələr, nə qədər parlaq və zəkalı olsalar, başlarına enən bəla bir o qədər dəhşətli olacaq və xilas olmaq üçün mətanətə duyulan ehtiyac da bir o qədər artacaq?

İnsanların işini asanlaşdırsan, sanki bunun əvəzini onların dözümü ödəməli olurdu. Məgər o bunu bilmirdimi? Övladlarından ən zərif böyütdüyü, yolunda ən çox fədakarlıq etdiyi, nazı ilə oynayıb dualar oxuduğu, dəfələrlə bəlalardan qurtardığı hansı biri idi? İndi həyatın yükünə və öz ölkəsinə ən az dözə bilən, Tanrının dünyasını başdan-ayağa dəyişmək istəyən məhz elə həmin övlad deyildimi? Seyvard xəstə adamlarda da eyni halı müşahidə etmişdi. Onların qeydinə uzun müddət qalanda elə zənn etməyə başlayırdılar ki, dünya dəyişməli, yumşalmalı və yalnız onların ətrafında fırlanmalıdır.

İçindən qəribə, narahat bir hiss keçdi. Əgər anası barəsində bu məsələdə yanılmışdısa, bəlkə onun haqqında başqa şeylərdə də səhv etmişdi? Ola bilərdimi ki, onun kimi valideynlərindən daha firavan şəraitdə doğulmuş pioner övladları sırf özləri daha zəif olduqları üçün valideynlərinə nifrət etsinlər; valideynləri onlardan güclü olmağı gözləyəndə buna qəzəblənsin və onların zalım, qəddar olduğunu, inanclarının yalan və köhnəlmiş, əməllərinin isə əhəmiyyətsiz olduğunu sübut etmək üçün min cür qarmaşıq bəhanələr uydursunlar? Anası heç vaxt bunu birbaşa deməmişdi. Amma çox illər əvvəl onun sözarası belə dediyini eşitmişdi: indiki insanlar Tanrının yolu ilə getmək üçün həddən artıq zəifdirlər. Müqəddəs Kitabda Tanrı onlardan kamillik tələb etdiyi üçün gənc nəsil Tanrı anlayışını cılızlaşdırıb, Onu acizləşdirib və Onun yolu ilə getməmək, öz bildikləri kimi yaşamaq üçün hər cür bəhanə tapıb.

***

Dünya hara gedirdi belə? İndiki adamlar həyatın necə də doyumsuz zövqlərindən məhrum qalırdılar! Atası deyərdi ki, vaxtilə bircə kisə un bütün ailəni sevindirərdi. İndi isə adamlar dükandan nankorcasına qayıdır, ağır zənbil daşımaq məcburiyyətində qaldıqları üçün deyinirlər. Bu böyük, yeni məmləkətin gedəcəyi yol bu idimi? Həyatı nə qədər asanlaşdırsalar, nəsil bir o qədər zəif və xəstəhal olmalı idi? Kişilərin çoxu zəifləyib süstləşəndən sonra ölkəni hansı aciz, ziyanlı yollara sürükləyəcəkdilər? Atasının nəsli diz çöküb Uca Yaradana şükür edə bilərdi ki, məhz yaşadıqları dövrdə ömür sürüb dünyadan köçüblər. Əgər bir-birlərinə "Qorxmursan ki?" desəydilər, bu vəhşi torpaqlara necə gəlib məskunlaşardılar? Atası durmadan "Yaxşısınız? Özünüzü necə hiss edirsiniz? Elə bilirsiniz, çatdıra bilərik?" deyə soruşsaydı, onları bu boyda yolu piyada buralara necə gətirib çıxarardı? Xeyr, onun tanıdığı o köhnə dövrün insanları heç nədən qorxmurdular; qorxsaydılar belə, bunu dilə gətirməzdilər. Qızıldərili torpaqlarına köçməklə böyük təhlükələri gözə aldıqlarını bilirdilər, amma gec-tez ölməli idilər. Ən yaxşısı ürəkləri istəyən kimi yaşamaq və vaxtı çatanda dəfn olunmağı başqalarının öhdəsinə buraxmaq idi. İndiki Libbinin nəsli isə, görünür, yalnız xəstəliklər və ölüm barədə düşünüb əndişələnmək üçün yaşayırdı. Həyat belə idi: ölüm və doğum, qida və məhsul, yağış və aydınlıq, qış və yay. Biri ilə digərini qəbul etməli idin, çünki bu gedişat belə qurulmuşdu...

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 215 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər