Astral səyahət - Rəşad Qasımov

Rəşad Qasımov

Rəşad Qasımov

8 dekabr 2021
# 19:30

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Rəşad Qasımovun “Astral səyahət” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Geri qayıda bildiyinə görə daxilində baş verən hisslərə bir ad qoya bilmirdi.

Başladığı yerə gəlib çatdıqda, qorxu və həyəcanın bərabərində bir az fikrə getdi, olanları xatırlamağa başladı və sonra saata baxdı.

Getmək istədiyi yerə çatmışdı. At arabasının yaxınlaşdığını hiss etdi.

- Yoldan çəkil! - Faytonçunun əsəb dolu səsini eşidib diksindi və kənara çəkildi.

- Bu necə ola bilərdi axı? - Yalnız özünün eşidə biləcəyi zəiflikdə pıçıldadı. Sonra bir şeyin fərqinə vardı. Hər yer çox aydın idi və bu yuxudan tamam fərqli görsənirdi. Əllərini üzünün bərabərinə gətirib:

- Bu yuxu olsaydı əllərimi gördüyümü dərk edə bilməzdim, demək, bu yuxu deyil. - dedi.

Dayandığı yerdən ətrafı, insanları seyr etməyə başladı. Gələn başqa bir faytonu görüb, onu saxlamaq qərarına gəldi.

Faytona əyləşdikdə, çox səliqəli və təmiz paltar geyinmiş yaşlı adamın da faytonda olduğunu görüb salamlaşdı. Bir az keçdikdən sonra yaşlı adam gülümsəyərək:

- Niyə belə təəccüblə baxırsan? Haradan gəlirsən?" deyə sual verdi.

- Əslində bilmirəm, - cavan oğlan nitqinə bir neçə saniyə ara verdikdən sonra fikrini tamamladı, - bundan sonra necə olacağını da, haraya gedəcəyimi də bilmirəm.

- Necə olacağı, sonda haraya gedəcəyi çox insanın marağındadır, -yaşlı adam istehza ilə gülümsədi, - bu qədər təəccüblənmə, özünə cavabını tapa biləcəyin sualları ver. - dedi.

- Əslində məsələ başqadır, - bu mövzunu açmaq istəməyən cavan oğlan, - bəs siz hansı tərəfə gedirsiniz? - deyə soruşdu.

- Bir az dəniz havası almaq üçün çıxmışdım. Vaxtın varsa gəl, söhbət edərik gəzintidə. - yaşlı adam üzünü təəccüb bürümüş oğlanı həmsöhbət olmaq üçün dəvət etdi.

- Yaxşı, - ağlındakı sualları cavablandırmaq istəyi yarandı və dəvəti qəbul etdi - gedək.

- Məni bəzi suallar marağlandırır. - Cavan oğlan artıq nə baş verdiyini tam anladıqdan sonra, içində olduğu bu dövrlə bağlı bəzi şeyləri öyrənmək üçün dərhal söhbətə başladı.

- Onda danış, bəlkə birlikdə sualları cavablandıra bildik? - deyən yaşlı adam maraq dolu ifadəylə qarşısında əyləşmiş oğlanı dinləməyə başladı.

- Bu dövr mənə həmişə çox maraqlı idi, - yaşlı adamın ona təəccüb dolu nəzərlə baxdığını görüb söhbəti bir qədər uyğunlaşdırdı, - siz məndən daha çox dövr görmüsünüz və daha təcrübəlisiniz, mənə maraqlıdır ki, dövrünüzdə sevgi necə baş verirdi?

- Hansı dövrdə olur olsun, sevginin necə baş verdiyi bəllidir, - yaşlı adam arxayın şəkildə sözünə davam etdi, -çox vaxt, iki şəxsin bir-birinə sevgisi fərqli olur. Heyranlıq görən insan sevgiyə onsuz da layiq olduğunu düşünür və kiminsə ona gəldiyi üçün sevgisinin bir qismini ərməğan kimi qarşısındakına verir. Özünü sevilməyə layiq bildiyi üçün, sevgini də təkəbbürlə yaşayır. Qarşı tərəf isə, sevdiyi şəxsin ona sevgisinin kiçik hissəsini bəxşiş verdiyi üçün özünü dilənçi kimi hiss etməz, fərqinə varmaz, ancaq bu hissin xoşbəxtliyi ilə sevgi yaşadığını zənn edər, - Yaşlı adam köks ötürərək sözünə davam etdi, - amma, hər şeydəki kimi burada da istisnalar vardır. Qarşısındakına sevgi verməyi bir-birinə borc bilən hər iki tərəflər də tapılır. Biz bir-birimizi yalnız təyin olunmuş nöqtələrə kimi tanıya bilərik. Tam tanımaq imkansızdır. Buna görə də, sevgidə bəzi uyğunsuzluqlar baş verir.

- Onda, hər şeyin qarşılıqlı olduğu yalandır? - cavan oğlan tələskənliklə soruşdu.

- Hər şey yalnız sonda qarşılıqlı olar. Hər şey sonlananda.

- Son deyəndə nəyi nəzərdə tutursunuz?

- Yaşanılan hekayələri. Amma, insanlar hekayə dinləməyi sevirlər, -yaşlı adam başını bir qədər aşağı əyərək dedi, - hekayədəki insanların hər hansısa birini özləri ilə müqayisə etməyi sevirlər. Bu belədir, bəzən hər şeydən bir məna çıxarmağa çalışırıq. Toxunmaq qadağan olan şeylərdən belə.

- Bəs siz bacarırsınız? - cavan oğlan mülayim şəkildə soruşdu.

- Çox az olub, çalışmışam cavabını tapa bilməyəcəyim suallardan yayınım. Çox bilmək insanı xoşbəxt etmir.

- Amma siz elə görünmürsünüz.

- Necə, xoşbəxt? - yaşlı adam gülərək sual dolu baxışlarını qarşısındakı cavan oğlana zillədi.

- Yox, - cavan oğlan dikəlib cavab verdi, - suallardan qaçan biri kimi görünmürsünüz.

- Bəs xoşbəxt görünürəmmi? - yaşlı adam gözlərini qıyaraq sual verdi.

- Hə, amma dəqiq bilmirəm, - cavan oğlan məyuscasına davam etdi -əslində xoşbəxtliyin nə olduğunu da tam bilmirəm.

- Bəzən bizim həyatımızda baş verən hadisələr və həyatımıza yön verən insanlar haqqında danışmaq imkansız olur. - yaşlı adam bir qədər aradan sonra dedi.

- Belə çıxır ki, bizim həyatımızı başqaları təyin edir? - cavan oğlan kəmhövsələliklə soruşdu.

- Bəzən biz öz normalarımızdan kənara çıxırıq, - yaşlı adam sözünə davam etdi, - əgər eşqi və dostluğu tapmısansa, sən xoşbəxt sayılırsan, yəni qismən.

- Bəs dövrünüzdə dostluq anlayışı nədə görülür? - cavan oğlan soruşdu.

- Hər dövrdə olduğu kimi, şəxsi mənfəətlərdə, - yaşlı adam arxaya söykənib davam etdi, - bəziləri maddi, bəziləri mənəvi. Mənəvi dəyərlərə görə olan dostluqlar ailə başlığını daşıyır. Mənəvi dəyərlər ilə bağlandığımız insanlar çox vaxt ailə sayılır. Maddi dəyərlərə görə olanlar isə iş. Hər ikisində də tək qalmaq çətindir. Ümumiyyətlə, tək qalmaq çox çətindir. - Faytonçuya faytonu saxlamasını deyib cavan oğlana baxışları ilə enməsini işarə elədi və faytondan endi. - Bakının təmiz havasını hər gün bu vaxtlarda qəbul eləmək lazımdır. - dedi.

Cavan oğlan buranın Bakı olduğunu hələ təzə hiss edirdi. - Bakı necə də dəyişib. Yox, əslində indi olduğu kimidir, gələcəkdə dəyişəcək. -deyə öz-özünə pıçıldadı.

- Sən buraya birinci dəfədir gəlirsən? - yaşlı adam təəccüblə ətrafa baxan oğlana sual verdi.

- Hə, iş üçün buraya gəlmişəm. Amma heç bir tanışım yoxdur. Mənə qalmağım üçün yer və iş tapsanız çox gözəl olardı. - cavan oğlan həmsöhbət olduğu yaşlı adamdan xahiş etdi.

Yaşlı adam oğlana iş,bir də qalmaq üçün yer tapdı.Artıq burada işləyən,ailə quran oğlan içində olduğu dövrdə məmnunluqla yaşamağa başladı.Bakının sakit,qədim və mehriban halını sevmişdi.

Öz hesablamalarına görə artıq otuz beş il idi ki, burada yaşayırdı. Gəldiyi yeri tamam yaddan çıxarmışdı.

Yuxudaykən nələrinsə baş verdiyini hiss edib gözünü açdı. Olanları düşündükdən sonra saata baxdıqda anladı ki, üç saat keçib. Otuz beş il kimi görünən vaxt sadəcə üç saatdan ibarət idi. Bunun yuxu olmadığı üçün sevindi, geriyə söykənərək məmnunluqla gülümsədi və pıçıldadı: Səyahəti bacardım.

# 2586 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #