Yunanıstan Bizans İmperiyasına qarşı mübarizə aparmış birinci Bolqar çarlığının son hökmdarlarından olan Çar Samuelə aid sümükləri Bolqarıstana təhvil vermək barədə razılıq əldə edib.
Kulis.az xəbər verir ki, Bolqarıstan Prezidenti Rumen Radev Sofiya ilə Afina arasında altı ildən çox davam edən danışıqların ardınca imzalanan bu müqaviləni "tarixi razılaşma" adlandırıb.
Qalıqlar 1960-cı illərdə yunan arxeoloq Nikolaos Mucopulos tərəfindən Kiçik Prespa gölündəki Müqəddəs Axilles bazilikasında aparılan qazıntılar zamanı tapılıb və bu günədək Yunanıstanın Saloniki şəhərində saxlanılırdı.
Oktyabrın 3-də Salonikidə keçiriləcək rəsmi təhvil-təslim mərasimindən sonra sümüklər hərbi təyyarə ilə Sofiyaya gətiriləcək və Müqəddəs Sofiya kilsəsində basdırılacaq.
Qarşılıqlı mədəni irs mübadiləsi çərçivəsində Yunanıstan, həmçinin Samuelin oğlu Qavril Radomirə aid olduğu düşünülən iki daş qəbri Bolqarıstana verəcək.
Əvəzində isə Bolqarıstan Birinci Dünya müharibəsi zamanı ələ keçirilən və hazırda Sofiya Milli Tarix Muzeyində saxlanılan 48 tarixi və dini eksponatı Yunanıstana qaytaracaq.
Yunanıstan Çar Samuelin sümüklərini Bolqarıstana qaytaracaq