“Xocalı ayı”: Türkiyəli aktrisanın Xocalı fəryadı - Anar Məsudoğlu

“Xocalı ayı”:  Türkiyəli aktrisanın Xocalı fəryadı - Anar Məsudoğlu
24 fevral 2022
# 16:20

Xəbər verdiyimiz kimi, Kulis.az “Xocalı ayı” elan edib. Fevral ayı boyunca saytımıza göndərilən Xocalı haqda şeir, hekayə və esseləri çap edəcəyik.

Kulis.az “Xocalı ayı” çərçivəsində Anar Məsudoğlunun "Türkiyəli aktrisanın Xocalı fəryadı" yazısını təqdim edir.

Bu qətliam qəzet manşetinə sığsa da, insanlığa sığmadı.

Dünyagörüşü, hadisələrə fərqli prizmadan yanaşma bucağı “iti” olan az insan tapılar ki, televiziya məkanında intellektual verilişlərə biganə qalsın. Ümumilikdə televiziya kanallarında bu kimi verilişlər maraqla qarşılanır. Yerli TV-lərin əksəriyyətində belə mövzulu verilişlərə təəssüf ki, az rast gəlinir. İstənilən ailədə “bu TV-də nəyə baxaq?” - sualını verən bir külfət nümayəndəsi var. Bu başqa bir yazının mövzusudur, beynimizdə yaddaşa verib, saxlayaq. Sonra yazarıq. Bir tamaşaçı kimi hər zaman intellektual və maarifləndirici verilişlərə böyük maraqla yanaşmışam. Çalışmışam ki, verilişdə səslənən suallara ekranın bu üzündən, iştirakçıdan qabaq cavab verim. Bilmədiklərimi də dərhal internetdə axtarıb, hadisələri bir az qabaqlamağa çalışmışam. Çoxdandır bir verilişə sözün əsl mənasında vurulmuşam. Hər bazar günü verilişin başlama saatına köklənirəm. Səhv eləmirəmsə, yanvar ayı idi. Adəti üzrə gecənin səssizliyində həftə boyu anonsunu izlədiyim proqramın başlamasını səbirsizliklə gözləyirdim. Həmin proqram Türkiyənin TRT kanalında yayımlanan “3 te 3” verilişidir. Veriliş barəsində qısaca məlumat verib, mövzuya keçid etmək istəyirəm. Adını qeyd etdiyim veriliş dünya şöhrətli “Kim milyonçu olmaq istəyir?” şousuna bənzəyir. Aparıcı Pelin Çiftin “3 te 3”-də suallara cavab verən iştirakçı yerli valyuta (Türk lirəsi - red) ilə məbləğlər toplayır, səhv cavab verənə qədər irəliləyir. Verilişdəki suallar çox dərin və əhatəli olur. Türkiyənin tanınmış tarixçilərindən biri olan Tufan hoca (akademik Tufan Gündüz) verilişdə məsləhətçi (ekspert) kimi iştirak edir. Çətin suallarla rastlaşan zaman iştirakçı Tufan hocanın köməyindən istifadə edərək, bir səhv cavabdan qurtula bilir. Ən əsası isə suallardan biri iştirakçıya səhnəcik formasında təqdim olunur. Hər hansı bir tarixi şəxsiyyəti canlandıran türkiyəli aktyor və aktrisalar özlərini tanıdırlar. Sonda deyirlər ki, mən kiməm? İştirakçı həmin şəxsin kim olduğunu ona təqdim olunan variantların arasından tapmalıdır. Həmin gün efirə gedən verilişdə bir səhnə ilə rastlaşdım. İştirakçıya təqdim olunan sual Xocalı ilə bağlı idi. Nərmin Yılmaz adlı aktrisa Xocalıda faciə qurbanı olan ananın başına gələn hadisələri canlandırırdı. Türkiyəli aktrisa yaratdığı ana obrazı ilə Xocalıda baş verənləri tamaşaçılara çatdırmağa çalışırdı. Fikrimcə, bu, Nərmin xanımın peşəkarlığı sayəsində veriliş iştirakçıların diqqətini cəlb etdi. Əlimdəki stəkandakı qaynar çay sanki bir anda buza döndü. Həm sevindim, həm də qəhərləndim. Sevindim ki, bu verilişdə Azərbaycanla bağlı bir mövzuya toxunulub. Qəhərləndim ki, Xocalı həqiqətləri bu cür ustalıqla səhnəyə qoyulub.

Ana fəryadı qoparan bir qadının Xocalı barəsində dediklərini olduğu kimi, qeyd etməyə çalışdım. Nərmin Yılmaz yaratdığı obrazla Xocalı faciəsini bu cür canlandırırdı:

“Azərbaycanda doğulmuşam. Dağlıq Qarabağın balaca bir şəhərində. Özü balaca olsa da, dəyəri çox böyük idi. Üç çayın sahilindəki bölgədə tək hava limanı burada idi. Bütün yollar buradan keçirdi.

Dağlıq Qarabağda ermənilərlə azərbaycanlılar arasında hər zaman bir problem baş verirdi. Azərbaycan Silahlı Qüvvələrini Qarabağda istəməyən erməni qüvvələri top güllələrini üzərimizə yağdırırdılar. Ermənilər Kərkicahanı alanda biz mühasirədə idik. Yolları bağladılar. Qışın ortasında elektrikimizi və qazımızı kəsdilər. Həftələrcə, aylarca bombardımana məruz qaldıq. Amma o gün, 25 fevral günü çox sakit bir gün idi. Bir ədəd güllə belə atılmadı. O gün, gecə sakit olanda göy üzü qap-qara idi. Elə bil göy üzü bizə xəbər verirdi ki, son saatlarınızı yaşayırsınız. Gecə saat 11 yarısına kimi belə davam etdi. Sonra birdən tanklar və əsgərlər şəhərə girdilər. Hər yerə atəş açırdılar. Baxırsan hər yer alov idi. Qıp-qırmızı güllələrin işıqları bizi qorxudurdu. Dərhal sığınacaqlarda gizləndik. Uşaqlar, qadınlar, yaşlılar tir-tir əsirdik. Qorxduq. Çöldə partlayan bombalarla uşaqlar ağlaması eyni anda baş verirdi. Sığınacaqdakı ağsaqallardan biri dedi ki, atın məni onların qabaqlarına, qoy uşaqlara dəyməsinlər. Çıxan kimi onu vurdular. Sonra birdən sığınacağa hücuma keçdilər. Atəş açır, tüfənglərin qundağı ilə bizi vurub, təpikləyirdilər. Mən qucağımdakı balamla yerdə sürünürdüm. Allah üzümüzə baxdı oradan qaçdıq. Şəhərdən qaçmaq üçün Qar-qar çayını keçməli idik. Fevral ayı, hava buz kimi, donmuş su, qarlı meşə, yalın ayaqlar, meşə ağaclarına dəyə-dəyə, çör-çöpün, daşların, tikanların arasında qışın günü, qarın üstündə gəzmək bilirsən necədir? Gecənin qaranlığında qarşındakını belə görə bilməzdin. Dəhşəti təsəvvür edin. Edə bilməzsən... Qucağımdakı uşağı bərk-bərk tutdum, çayı keçdik. Arxamızda və qarşımızda erməni cəlladları dayanırdı. Hava soyuq, su buz kimi, dondum. Ayaqlarım dondu, addım atıb, nəfəs ala bilmirdim. Nəhayət, özümü sahilə ata bildim. Qucağımdakı balamdan səs gəlmir Dedim, bir balama baxım. (Nərmin Yılmaz əlində imitasiya etdiyi uşağın bələyini açır. Bələk boş olur - red). Yox, yox balamı itirmişəm. Xəbərim olmayıb. Balam, hardasan, balam sən ölmə, anan ölsün, qoy anan ölsün.

Nəhayət, gün çıxdı. Amma dağlar, meşələr cəsədlərlə dolu idi. Hamilə qadınların qarınlarını kəsib, içərisinə daş doldurmuşdular. Uşaqlar yerdə cansız şəkildə yatırdılar, ölülər necədir anlatmağa dilim gəlmir. Vicdansızlar nə Quran bildilər, nə Allah dinlədilər. 106 qadın, 83 uşaq, 70-dən çox yaşlı. 1275 şəxs əsir düşdü. 150 nəfərin aqibəti bilinmədi. Bunları izah etmək çox çətindir çox. Bunları izah edə bilmərsən. Orada döyüş yox, qətliyam yaşandı. Döyüş belə olarmı? İnsan insana bunu edə bilərmi? Orada yaşananları bir neçə qəzetin manşetinə sığdırdılar. Ancaq insanlığa sığdıra bilərsənmi? Necə?

Nərmin xanımın bu çıxışından sonra iştirakçı bu hadisənin harada baş verdiyini tapa bilmədi. Bu suala qədər topladığı 1500 lirəni də itirdi. Bu o deməkdir ki, biz bu faciə haqqında məlumatı daha geniş təbliğ etməliyik.

Verilişdə iştirak edən Tufan hocanın dediklərini yada salmaq yerinə düşər. Qazandığı məbləği itirən iştirakçıya üzünü tutub, narazılığını bildirən Tufan hocanın dediklərindən: «Deməli bu hadisə barədə çox danışmaq lazımdır ki, bu faciə və yaşananlar unudulmasın. Biz uşaqlarımızın kin və nifrətlə böyüməməsini istəyirik. Amma bu yaşanan faciəni onlara danışmasaq, onları məlumatlandırmasaq bu hadisənin təkrar yaşanması ehtimalı hər zaman qaçılmazdır”.

Mövzu barədə hələ ki bu qədər. Sözün bitdiyi yer!

P.S. Biz elə bir film çəkməliyik ki, onun səs-sorağı dünyanı bürüsün. Yaxşı film üçün potensial var. Unutmayaq ki, bu hadisə ermənilərin başına gəlsə idi, onlar Hollivuda yeni bir “şedevr” təqdim edərdilər.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #