Toxunmağın növləri – ANALİZ

Toxunmağın növləri – <span style="color:red;">ANALİZ
11 noyabr 2016
# 14:50

Kulis.Az Fuad Rüstəmzadənin “Fiziki kontakt” yazısını təqdim edir.

Toxunuşların bizim həyatımızda böyük rolu var. Münasibətlər adətən fiziki kontaktların düzgün olmasına görə davam edir və ya əksinə səhv olmasına görə dağılır. Qucaqlamaq, dostcasına çiyindən vurmaq, əl sıxmaq və ya kiməsə şillə vurmaq istənilən sözdən daha çox şey deyir, daha çox hiss ifadə edir. Fiziki kontaktla simpatiyanı və ya antisimpatiyanı rahatlıqla bildirmək, informasiya ötürmək və ya diqqət cəlb etmək olar.

Professional toxunuşlar da var ki, bunlara rəqqasların bir-birinə toxunması, həkimin xəstəyə toxunuşu, idman zamanı toxunuşlar aiddir.

Toxunuşlar həyatımızın hər mərhələsində çox önəmlidir. Sözlərin anlaşılmaz olduğu dövrdə uşaqların inkişafı üçün onlara toxunmaq, gələcəkdə, böyüdükdən sonra onların həyatı necə qavramasına böyük təsir edir. Uşaq böyüdükcə onun hərəkətlərində bunu hiss etmək olur. Məsələn, pozitiv sayılan əldən tutmanın əksi olaraq, fiziki kontaktdan qaçan uşaqlar itələyərək həyata olan neqativ münasibətini göstərirlər.

Desmont Morris adlı psixoloq toxunuşları bir neçə əsas yerə bölmüşdür.

Birincisi əl sıxmaq. Bu formal salamlaşmaq səthi qəbuletmənin işarəsidir. Daha da gücləndirilməsi üçün sol əl ilə çiyindən yüngül vurmaq və ya digər əlləri sıxmaq olar.

İkincisi beldən qucaqlamaq. Heteroseksual toxunuşdur. Adətən kişilər qadınları belə qucaqlayaraq, intim yaxınlıqlarını göstərirlər.

Üçüncüsü dodaqlardan öpüş. Sırf sevgili olan cütlüklərə xas davranışdır.

Dördüncüsü baş sığallama. Şərtsiz inamı simvolizə edir. Belə ki, müdafiəsiz olan yerlərdən birinə toxunulur. İstənilən belə toxunuş, inam və bağlılıq hissini yaşadır.

Beşincisi başların qovuşması. Öpüşə bənzər bir toxunuşdur. Bütün ətrafdan izolyasiya olunub, daim kontaktda olmaq istəyini göstərir.

Toxunuşların növləri bunlarla bitmir. Tədqiqatlar göstərir ki, görüşlərin xoş xatirə kimi yadımızda qalması, görüş zamanı toxunuşların olub-olmamasından asılıdır.

Fiziki kontakt bəzən dominasiyanın göstəricisi də ola bilər. Məsələn daha yüksək vəzifədə olan bir adam, özündən aşağı vəzifədə olanla söhbət zamanı, əlini onun çiyninə qoyur və ya yaşlı insan uşaqla oynayarkən onun yanaqlarını sıxır, kişilər qadınlara nisbətən daha çox ilk addımı ataraq toxunmağa başlayır və s. Dominantlıq fiziki olaraq daha çox hiss olunur və daha rahat ötürülür.

Qadınlar kişilərə nisbətən daha çox bir-birlərinə inanırlar. Onları əl ələ görmək və ya bir birilərinin saçını düzəldərkən görmək qeyri-adi hal deyil. Kişilərdə isə yazılmamış qaydalar var və bu qaydalara ciddi riayət olunur. Toxunuşlar ya əl sıxmaq və ya çiyindən vurmaqdır. Hədd aşıldıqda, bu ya mübahisəyə yol açır, ya da homoseksuallıq əlaməti kimi qiymətləndirilir.

Fiziki kontakt yalnız münasibətlər üçün lazım deyil. Bizim və ya heyvanların inkişafı bundan asılıdır. Məsələn, yeni doğulmuş pişiyin bir gözünü bağlasanız, o daha heç vaxt o gözü ilə görməyi öyrənməyəcək. Fiziki kontaktlarla da vəziyyət belədir. Ana toxunuşları görməyən bir primat, inkişafdan geri qalır və hətta nəsil vermə prosesində də iştirak edə bilmir. Orqanizm sadəcə sağlam olmaqla həyatda qalmır, o həm də öz davranışını anlayıb fəaliyyətdə olmalıdır.

Toxunuşların təsəlli verici xüsusiyyəti də var. Problemlərin qarşısında çətinlik çəkən yaxınlarımıza təsəlli verərkən adətən onlara özümüzdən asılı olmadan toxunuruq. Çünki fikrimiz problemə cəmləndiyi zaman, yaxınlığı və birliyi, yalnız toxunuşla hiss edə bilərik.

Qucaqlaşarkən və ya dəstək üçün əl sıxarkən beyində morfin-estrogen adlı hormon ifraz olunur. Bu hormon ağrıları və neqativ fikirləri azaldır. Hətta doğuş zamanı qadının yanında olub onun əlini sıxmaq, ona mənəvi dəstəkdən savayı, fiziki dəstək verir, ağrılarını azaldır.

Bir-birinizə toxunmaqdan çəkinməyin. Həddi aşmamaq şərti ilə, siz yalnız toxunaraq bir-birinizlə tam münasibətdə ola bilərsiz. İstər dost münasibəti olsun, istər valideyn uşaq, istərsə də sevgi münasibəti.

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

# # #