Filosof:" Mirzə Cəlil hisslərimi zədələdi”- Polemika

<span style="color:red;">Filosof: " Mirzə Cəlil hisslərimi zədələdi”- <span style="color:red;">Polemika
26 mart 2019
# 16:47

Kulis.az tanınmış filosof Müşfiq Şükürovun "Mirzə Cəlil polemikası"na qoşularaq yazdığı fikirləri təqdim edir.

“Şəhriyar Del Geraninin postlarından sonra dünən Cəlil Məmmədquluzadənin "Usta Zeynal" hekayəsini bir də oxudum. Etiraf edim ki, orta məktəbdə oxuduğum idi. Əslində, bir yazar haqqında fikir söyləmək üçün mən bir neçə il adamı oxumalıyam. Məmmədquluzadə bu zamana qədər mənim özəl diqqətimi cəkməyib. XX əsr Azərbaycan mədəniyyətinə önəmli təsirlər etmiş birisi kimi - "hamının" "bildiklərini" bilirəm. Təbii ki, bu əsil bilik deyil. Ona görə də heç zaman onun yaradıcılığı haqqında heç nə yazmamışam, deməmişəm. Hamının bildiyi ilə çıxış etmək, gərəksiz işdir.

Amma "Usta Zeynal"ı həvəslə oxudum və həzz aldım. Ona görə də hekayə barədə təəssüratlarımı bölüşə bilərəm.

İlk növbədə yüz il əvvəlki azərbaycanlıların dili ilə təmas etmək həzz verdi. Sonra oğlunu universitetə göndərmiş erməni Aqopun mütərəqqi ailəsinin fonunda cənubdan gəlmiş olsa da, azərbaycalı Zeynalın səfsəfələrini və yaramaz təbiətini müşahidə etmək əvvəlcə kontrastı ilə hisslərimi zədələdi. Amma hekayə istedadla yazılıb, davam etdikcə o ilk qıcıq da yox oldu və Cəlilə haqq qazandırdım. Ağrılı bir üsul seçib bizim üçün, təbii ki: erməni ilə müqayisə. Amma adam bu toplumu bizləmək və hərəkətə gətirmək istəyirdi.

Təbii, bizim də mütərəqqi insanlarımız vardı, Qoridə, Sankt Peterburqda, Parijdə oxuyanlarımız və ora oxumağa uşaq göndərənlərimiz vardı. Amma, ümumən çox geridə idik. Erməni yeni dünyaya uyğunlaşmaq və ordan özünə avantajlar qazanmaq peşində ikən, bizimkilər möminlik təkəbbüründə özlərini aldadır, donuz və ya şərabın zərərləri mövzusunda teoloji diskurslar aparırdılar. İş isə qalırdı.

Yəni, mükəmməl olmasa da, quruluşuna görə uğurlu hekayə idi. Onu ədəbi baxımdan mükəmməl olmağa qoymayan da elə müəllifin ideoloji niyyətidir. Fikrimcə, lap böyük ədəbiyyat, ideoloji təsir peşində olmadan təsir edir. Amma bozun əlli çaları olduğu kimi, həyat da çoxrənglidir. Belə hekayələrin də öz yeri vardır.

Cəlilin bizə danışmaq istədiklərindən kimsə danışmalı idi. Kimsə bizim həyatımızı Cəlilin durduğu və gördüyü yerdən göstərməli idi.

Amma təbii ki, bunu klişeyə çevirmək, istismar etməklə heç kəs özündən dahi yarada bilməz. Bir çaya iki dəfə girmək olmur.”

# 2486 dəfə oxunub

Müəllifin son yazıları

# # #