Xalq artisti Şəfiqə Məmmədovanın sədri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında istefalar başlayıb. Qurumun üç üzvü – idarə heyətinin üzvü rejissor Yusif Quliyev, prodüserlər Yalçın Verdiyev və Elşad Allahverdiyev üzvlükdən azad olunmaq haqda müraciət ediblər.
Üzvlükdən imtina edənlərdən Yalçın Verdiyev Kulis.az-a açıqlamasında istefaya qurumun fəaliyyətsizliyini səbəb göstərib: “Üzv olanda yeni ittifaqdan layihələr, kino adamlarına kömək göstərəcəklərini düşünürdüm. Amma heç biri olmadı. Heç bir köməkliyi, dəstəyi olmayan qurumda qalamamağa qərar verdim və ayın 2-də ərizəmi yazıb qurumdan çıxdım”
Rejissor Yusif Quliyev isə üzvlükdən çıxmasına qurumla əlaqədar hər hansı səbəb göstərməyib, bunu şəxsi işi adlandırıb.
Qeyd edək ki, bundan daha əvvəl sözügedən İttifaq kino günündə kinematoqrafçılara gənclər üçün nəzərdə tutulan “Yeni nəfəs” mükafatını təqdim etmişdi.
İstefa etmiş keçmiş üzvlər digər Kino İttifaqına (R.İbrahimbəyovun sədrlik etdiyi) üzv olacaqlarına dair hələlik heç bir məlumat verməyiblər.