Uca ilə alçağın söhbəti

Uca ilə alçağın söhbəti
15 iyul 2019
# 17:21

Kulis.az Qalib Şəfahətin “Yastı təpə” hekayəsini təqdim edir.

Təbiətin gözəlliyi göz oxşayırıdı. Otların ətirinə burünmüş dağ havasını adam ciyərlərinə çəkdikcə meyxoş olurdu. Görən göz gərək idi bu gözəlliyə tamaşa edib ondan zövq ala bilsin.

Arada əsən mehin yaxından, uzaqdan qovub gətirdiyi qarın sazağından adamın canından üşütmə keçirdi.

Səhərin gözü təzəcə acılmışdı. Günəşin al-şəfəqləri göy üzündən yerə tərəf boylanıb ətrafı çil-çırağa döndərmişdi. Otların üstə axşamdan düşən şeh günəş şualarının təsirindən göz qamaşdırırdı.

Qüdrət dağının zirvəsi hələ ağappaq qar idi. Bir əlçim boz bulud dağın ətəyindən tənbəl-tənbəl üzü yuxarı sürünərək lap zirvəsində nəsə axtarırmış kimi sağdan-sola, soldan-sağa uşaq beşiyi kimi yırğalana-yırğalana hərəkət edirdi.

Dağın döşündəki sal qayalar torpaqdan baş qaldıran göbələk kimi, qarı yarıb uzaqdan qarın içərisində keşik çəkən əsgəri xatırladırdı.

Hünər çayından xeyli hündürlükdə yerləşən dağın sinəsi ilə bir zolaq kimi uzanan meşələr qardan geyinmiş ağ libasını soyunsa da soyuqdan bir-birinə qısılmış bir topa adamı xatırladırdı.

Dağın ətəyi yaşıllığa bürünmüşdu. Günəş düşməyən təkəm-seyrək yerlərdə qar topaları göz oxşayırdı. Bu yaşıllıq Hünər çayından meşəyə qədər uzanan ərazini əhatə edirdi. Hünər çayında əməlli-başlı coşqunluq hiss olunurdu. Dağ döşündə qar əridikcə sular qayaların dibindən, dağın ətəyindən üzüaşağı dərəyə tərəf yan alırdı. Bol sular haray-həşır sala-sala harayasa tələsirmiş kimi daşlara çırpıla-çırpıla qıjhaqıjla üzüaşağı axırdı.

Qış yuxusundan təzəcə oyanmış Qüdrət dağı canında yaz havasının hərarətini hiss etdi, alnını ovuşdurdu, sağ-sola gərnəşib ətrafa nəzər yetirdi. İlk olaraq gözünə sataşan qarşı tərəfində yerləşən təpə oldu. Təpə yaşıllığa qərq olmuşdu. Neçə illərdən sonra təpənin ətəklərində təzə-təzə bitən təkəm-seyrək kolların arasından baş qaldıran bənövşə-nərgiz ətri qəlb oxşayırdı. Kolların üzərində təzə-təzə puçurlar gözə dəyirdi. Gülümsünərək, -“Həə, demək, təpə məndən tez oyanıb”- pıçıldadı.

Təpə gözünün qabağında böyümüşdü. Aralarından Hünər çayı axırdı.

Yağışın gur vaxtlarında Hünər cayı onun sinəsindən qopan daş-qaya parçaların gətirib bir yerə yığmış, qumla, torpaqla ustünü örtmüşdü. Çayın aşıb-daşan vaxtında sular yamaca doğru yayılırdı, suyun çoşğunluğu azaldığına görə təpəni düzənliklə öz arasında bənd salmışdı. Suyun bol vaxtında çay coşub-daşır daha təlatümlü, vahiməli görünürdü, özü ilə qürrələnirdi.

Sonra təpə yaşıllaşmağa başladı, üzərində təkəm-seyrək ağac kolları pöhrələndi. Günü-gündən böyüdü. Boyu uzandığına görə “şiş təpə”,- deyirdilər.

Neçə illər idi beləcə gün keçirirdilər. Qüdrət dağı ilə qoşa dayanan Qoca dağın arasında xeylı məsafə var idi. Aralarından böyük bir ərazini əhatə edən düzənlik keçirdi. Hər ikisi eyni hündürlükdə olardı. Bəlkə də qoca dağ ondan bir az hündür olardı. Zirvəsində yayı-qışı qar əskik olmadığına görə başı həmişə ağappaq görünürdü. Ona görə də ona qoca dağ deyirdilər.

Bir-birindən çox aralı olduğuna görə arada kefinin yaxşı vaxtları Qüdrət dağı ya təpəyə sataşıb ələ salar, ya da olub keçənlərdən söhbət açıb dərdini dağıdardı. Amma təpə Qüdrət dağın atmacalarını başa düşsə də özünü o yerə qoymazdı, hər şeyi ciddi qəbul edib sakit-sakit təmkinlə cavab verməyə çalışardı.

– Sabahın xeyr, ay təpə! –qüdrət dağ gülümsünərək, - dedi. - Deyəsən, məndən tez oyanmısan! Göz dəyməsin, xeyli dəyişmisən, əməlli-başlı gözəlliyə qərq olmusan!

Təpə dağ onunla danışanda özündə xeyli qürur duydu. Fərəhindən özünü itirmiş kimi kəkələyə-kəkələyə bilmədi onunla necə mehriban danışsın. Əzilib-büzülüb:

– Sabahın xeyr, axbercan! –dedi. Arxasınca udqunub: - Həə, yenə həmişəki kim mən səndən tez oyandım. Özün bilirsən də, yaz gələndə bizi özü dümsükləyib oyadır. Deyəsən, payızda gördüyünlə müqayisə edirsən. Eləmi? – bir az da qüdrət dağına xoş gəlmək üçün dişini ağartdı.

Dağ tutulan kimi oldu. Elə bildi təpə onu dolayır, amma özünü o yerə qoymadı:

– Ay təpə, “axbercan” nədi, yad dilə, yad nəfəsə nə tez uyğunlaşırsan!? Yaman dəyişkən olmusan ha, öz aramızdı, - deyib üzünü bozartdı.

Təpə günah iş görmüş kimi sifəti allandı. Bir az əzilib-büzülüb:

– Vallah, bilmirəm nə deyim, qulağım təzə-təzə alışmışdı bu sözə... Sən məndən çox böyüksən axı. Utanıram eləcə dağ deməyə.

Təpə yenə udqunub arxasınca dedi:

– Yaxşı, onda keçmişdə hörmətli adamlara bəy deyə müraciət edərdilər. Hamı o bəy dediyi adamın qarşısında səcdə qılırdı. İnsanlar onun qarşısında əzilib-büzüləndə mənim də çox xoşuma gəlirdi. Gerçəkdən, hörmətli adamların biz tərəfə ayaq basmasının başqa cür ləzzəti var idi. Həmişə böyür-başı, ətrafı çox təmtəraqlı görünürdü. Gəlib bu yerlərdə özləri üçün məskən salardılar, firavan həyat keçirərdilər. Bax onda bilirsən necə sevinirdim. Zarafat deyildi, hansısa bir məmləkətin sahibi bizə tərəflərə ayaq basırdı.

Hələ o sovet quruluşu idi, nə idi, ha, bax, onda bizim də vəziyyətimiz pis olmurdu. Hamı öz işiylə, gücüylə məşğul idi. Əl-ayağa dolaşan az olurdu. Yadındadı, bax onda, hörmətli adamlara müəllim deyə müraciət edirdilər.

Bu müharibə vaxtları da yenə adamlar bir-birinə bəy deyə müraciət edirdilər. Sonralar, nə oldusa, onlar da yoxa çıxdı, gözə dəymədilər, haraya getdilər bilmədim. Birdə gördüm düşmən dediklərinin əlinə keçmişik. Bircə bəy sözü onlardan yadımda qalıb.

Ondan sonra, arada-bərədə “axber can” sözünü eşidirəm. Neyləyim, təzə öyrəndiyim müraciət formasıdır. İndi sən necə deyirsən elə müraciət edim. Mən həmişə özümdən böyüklərin hörmətini saxlamağa çalışıram.

– Ey, ay təpə, o hörməti özündə saxla. Üzü yolasan ey! Kim nə dedi ağlın kəsir, uyursan ona. Heç dözüm-zad yoxdu səndə, əhdini tez unudursan... Elə hamı öz adıyla çağırılsa yaxşıdı. Mən yad adlara, yad nəfəslərə, hələ öyrəşməmişəm. Dağ neçə-neçə bəyləri, sultanları, şahları yola salıb. Yenə dağdı ki, dağdı. İnsanlar bir-birini öyəndə deyirlər, “dağ vüqarlı”. Bəs eşitməmisən, deyirlər, “sultana söz deməz, şaha baş əyməz”. Bax o sözləri bizim şənimizə deyiblər, ay təpə. Elə sən də dağ desən bəs edər...

–Yaxşı necə deyirsən. Bir şey soruşum səndən, təzə xəbər eşitmisən. Ağlın nə kəsir?

–Nəyi, ay təpə?

–Bilirsən, yaman narahatam. Amma qaytarsalar, işim bitdi ha...

– Niyə? Nəyə görə? Nəyi qaytarırlar?

– Vallah nə deyim, eşitdiyimə görə arada bir danışıqlar gedir, guya ki, bizi haçansa qaytaracaqlar. Özü də danışıqlar yolu ilə...

– Nəyi pisdi, müharibə olmayacaq, qulağımız dinc olacaq. Kim istəmir ki, əmin-amanlıq içində, sülh şəraitində yaşasın.

Təpə ufuldanıb:

– Eh! - dedi. –Nə bəla gəlirsə birinci bizim başımızda çatlayır. Axı, mənə sərf eləmir? Mən istəyirəm elə belə də davam eləsin. Nə müharibə olsun, nə də bizi qaytarsınlar... Bilirsən niyə narahatam?

Dağ təəccüblə baxdı:

– Niyə narahatsan? Yenə nə olub, ay təpə, gözlərin niyə dolub?

–Daha nə olacaq, belə getsə məndə təpəlikdən əsr-əlamət qalmayacaq. Nə ağırlıq düşsə həmişə təpənin üzərinə düşür, dağın nə vecinədi ki, o təpədən çox-çox hündürdü.

Təpə sözünə aram verib dedi:

- Gözünün qabağında dik təpə idi. İndi yastı təpəyəm, Allah bilir səhər necə olacam.

Təzəcə ayağıma bir balaca yer edib başımı dikəltmişdim. Allhıma şükür edirdim. Mən də böyüyürəm, səninlə yan-yan durmaq üçün necə fərəhlənirdim. Amma qismət olmur. Sonrası gözünün qabağında oldu. Müharibədə o qədər topa, tüfəngə tutdular ki, toz-dumanım göyə qalxdı. Elə yerim qalmamışdı ki, ordan çala-cuxur açmasınlar. Dikələn yerimdən elə yastıladılar ki, sonra da dik adımı da yastı çağırdılar. Yenə də adım yastı təpə qalıb, yastı təpə çağrırlar. Bilirsən necə xətrimə dəyir. Axı mən yastı təpə olmaq istəmirdim. Ucalıb uca dağ olmaq istəyirdim.

Yenidən udqunub dedi:

– Hələ küləyi sağ olsun. Toz torpaqla, zir-zibillə bir təhər çala-çuxurumu doldurdu, yoxsa, yağan yağış o çala çuxura dolurdu, yayın istisində çala-çuxura dolan su günün istisində iy verib iylənirdim.

Qüdrət dağ başını bulayıb ağır-ağır dilləndi:

–Axı indi niyə narahatsan?

– Nə olacaq, deyirlər, o yanlarda təzə bələdiyyələr peyda olub.

– Nə edirlər onlar?

– Heç, bizi qaytarsalar, sənin nə vecinə dağ kimi məğrur yerində dayanmısan, yenə də ağırlıq biz təpələrin üzərinə düşəcək. Onsuz da boyum elə bir şey deyil. Olanımı-qalanımı da kiminləsə bölüşmək istəmirəm.

Gözünün qabağındayam, hər şeyi özün görürsən, mən bir balaca quraqlığa tab gətirə bilmirəm, günəşin hərarətindən əvvəlcə sapsarı saralıram, sonra da qovrulub qovurğam çıxır, bomboz bozarıram. O da ola bələdiyyələrin hərbə-zorbasına tab gətirmək! Necə tab gətirim? Deyirlər, o tərəflərdə torpaqları dilim-dilim bölüb sərf edən qiymətə satırlar. Şəhər və şəhər ətrafında daha satılası torpaq qalmayıb. İndi imkanı olanlar dağətəyinə meyl salırlar. Özü də bir balaca kələ-kötür olan yerləri “bulduzerlə” elə qazıyırlar ki, dümdüz olursan, tanınmaz görkəm alırsan, elə bil sən də anadangəlmə düzəngahsan. Özünün özünə inamın gəlmir. Üzərində elə imarətlər qururlar gəl görəsən. Vallah, o imarətlərin elə biri üzərimdə qurulsa vay mənim halıma, ayaq altda itib batacam. Təpəliyimdən əsər-əlamət qalmayacaq. Elə sənin də yadından çıxacam.

Mənim kimi yazıq, fağır-fuğur təpələr insanların niyyətlərinin qarşısında necə tab gətirə bilər? Bir də görürsən səni elə əridirlər, özünün də özünə inamın gəlmir.

Qüdrət dağ başını buladı:

– Bilirəm ay təpə, ucalar vüqarını qoruyub saxlamaq üçün canından keçər, alçaqlar mövcud olmaq üçün hər çirkin hiyləyə əl atarlar...

# 3054 dəfə oxunub

Müəllifin son yazıları

# # #