Xalq yazıçısı Anar Trabzon Beynəlxalq Ədəbiyyat Festivalında iştirak edib.
Kulis xəbər verir ki, festivalın açılış mərasimində Xalq yazıçısına “Yaşayan ədəbi dəyərlər” medalı təqdim edilib.
Qızlar monastrında baş tutan festivalın ilk günündə Valiliyin və bələdiyyənin rəsmiləri, eləcə də digər qonaqlar Xalq yazıçısı Anarın Trabzonda olmasından qürur duyduqlarını deyiblər.
Sosial Elmlər Liseyində Xalq yazıçısının yaradıcılığı ilə bağlı şagirdlərin ifasında kompozisiyalar səsləndirilib, “Kitabi -Dədə Qorqud” dastanının motivləri əsasında müəyyən səhnəciklər nümayiş etdirilib, Anarın porteti istedadlı şagirdlər tərəfindən işlənilib və yazıçıya təqdim olunub.
Qeyd edək ki, hər il ənənəvi olaraq keçirilən, bu il sayca 10-cu Beynəlxalq Trabzon Ədəbiyyat festivalı oktyabrın 21-də öz işinə başlayıb. Trabzon Böyükşəhər Bələdiyyəsinin himayəsi və rayon bələdiyyələrinin dəstəyi ilə keçirilən festival dünyanın 15 ən yaxşı ədəbiyyat festivalından biri, Türkiyənin isə ikinci böyük Beynəlxalq Ədəbiyyat Festivalı hesab olunur.
Builki mövzusu “İz və məkan” olan festivalda Türkiyədən və xaricdən onlarla yazıçı və ziyalı iştirak edir. Festivalda 18 ədəbi janr üzrə 18 ölkənin ədəbiyyatı araşdırılacaq.
Xatırladaq ki, öncəki illərdə keçirilən festivallarda Azərbaycan şairləri Nizami Gəncəvi, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab barədə də sessiyalar olub.
Oktyabrın 29-dək davam edəcək festival çərçivəsində Trabzonun bölgələrində müxtəlif ölkələrin ədəbiyyat ustadlarının xatirəsinə həsr olunmuş sərgilər, müəlliflərin imza günləri, yerli mədəniyyət, incəsənət və ədəbiyyatla bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulur.