"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar

"Ümiddən başqa əlimizdə nə var ki?" - Amerikalı filosofdan sitatlar
8 iyun 2026
# 12:30

Bu gün tanınmış ABŞ filosofu Riçard Rortinin anım günüdür.

Kulis.az filosofun əsərlərindən sitatları təqdim edir.

Mənim əsas motivim, fövqəltəbii olanı dərk etməyə can atmaqdan əl çəksək belə, həyatımızı hələ də heyranedici dərəcədə mənalı edə biləcəyimizə olan inamımdır.

***

Nə qədər ki biz nisbi və şərti olandan mütləq və qeyri-şərtsiz olana doğru proqnozlar verməyə çalışırıq, rəqqasın doqmatizm ilə skeptisizm arasında gedib-gəlməsinə mane ola bilməyəcəyik. Bu getdikcə daha da yorucu olan rəqqas hərəkətini dayandırmağın yeganə yolu fəlsəfənin nəyə yaradığı barədə təsəvvürümüzü dəyişdirməkdir. Lakin bu, bir neçə bəsit arqumentlə həyata keçiriləcək bir şey deyil. Bu, əgər nə vaxtsa baş tutacaqsa, uzun və yavaş bir mədəni dəyişiklik prosesi ilə – yəni sağlam düşüncədəki dəyişikliklərlə, fəlsəfi arqumentlər vasitəsilə canlandırıla biləcək intuisiyaların dəyişməsi ilə baş tutacaqdır.

***

Fəlsəfə daha ciddi olmaqla deyil, daha təxəyyüllü olmaqla irəliləyiş əldə edir.

***

And altında doğru danışmaq artıq bizim "vətəndaşlıq dini"mizin bir parçasıdır; bu, qeyri-insani bir güclə olan əlaqəmizdən ziyada, öz vətəndaşlarımızla olan münasibətimizdir.

***

…Bizim yetkinləşməyimiz tədricən ondan ibarət oldu ki, əgər bir-birimizə güvənə biliriksə, başqa heç nəyə güvənməyə ehtiyacımız yoxdur. Dini dillə desək, bu, Feyerbaxın "Tanrı sadəcə insanlığın ən yaxşı və bəzən də ən pis tərəflərinin bir proeksiyasıdır" tezisidir. Fəlsəfi dillə desək, bu, obyektivlik haqqındakı danışıqların bizim təcrübələrimizi anlaşılan etmək üçün görə biləcəyi hər bir işin, intersubyektivlik haqqındakı danışıqlar vasitəsilə də eyni dərəcədə yaxşı edilə biləcəyi tezisidir.

***

Müasir dövrdə bizim ağıllı heyvanlar olduğumuzu söyləmək fəlsəfi və bədbin bir şey demək deyil, siyasi və ümidverici bir şey deməkdir – yəni, əgər birlikdə işləyə bilsək, özümüzü təxəyyülümüzün və cəsarətimizin çatdığı hər bir şeyə çevirə bilərik. Bu, Kantın “İnsan nədir?” sualını bir kənara qoymaq və onu “Nəvələrimizin nəvələri üçün necə bir dünya hazırlaya bilərik?” sualı ilə əvəz etmək deməkdir.

***

Əgər mərc etməli olsaydım, hər şeyin cəhənnəmə gedəcəyinə mərc edərdim, amma bilirsiniz, ümiddən başqa əlimizdə nə var ki?

***

Filosoflar yalnız o vaxt diqqət çəkirlər ki, sanki pis bir işlə məşğuldurlar – gəncləri yoldan çıxarırlar, sivilizasiyanın təməllərini sarsıdırlar, əziz tutduğumuz hər şeyi məsxərəyə qoyurlar. Qalan vaxtlarda isə hamı elə hesab edir ki, onlar zirzəmidə haradasa gərgin işləyirlər və həmin təməlləri saz vəziyyətdə saxlayırlar. Heç kim hansı brend intellektual izolyasiya lentindən istifadə olunduğu ilə maraqlanmır.

***

Ziyalının sosial məsuliyyətsizliyi ilə bağlı şikayətlər, adətən, onun özünü marginallaşdırmaq, daxili olaraq özünü başqa bir icma ilə (məsələn, başqa bir ölkə və ya tarixi dövrlə) eyniləşdirərək mövcud olduğu icmadan uzaqlaşmaq meyli ilə bağlı olur. … Özünü bu şəkildə marginallaşdıranların sosial məsuliyyətsizlikdə necə ittiham oluna biləcəyi aydın deyil. İnsan özünü üzvü hesab etmədiyi bir icmaya qarşı məsuliyyətsiz ola bilməz. Əks təqdirdə, qaçan qullar və Berlin divarının altından tunel qazanlar da məsuliyyətsiz sayılmalı idilər.

***

“Həqiqi insan” anlayışından imtina etmək, ilahiləşdirilmiş bir dünyanın əvəzinə mənliyi ilahiləşdirmək cəhdindən imtina etmək deməkdir.

***

Hər bir şey yenidən təsvir edilərək yaxşı və ya pis kimi göstərilə bilər.

***

Mən insanlıq tarixinin gedişatını uzun, getdikcə böyüyən, getdikcə daha çox polifonik bir poema kimi təsəvvür edirəm – elə bir poema ki, özündən başqa heç bir şeyə aparıb çıxarmır. İnsan növünün nəsli kəsildikdə, "insan təbiətinin ümumi mesajı" mülahizələr toplusu deyil, lüğətlər (söz ehtiyatları) toplusu olacaq – nə qədər çox və nə qədər müxtəlif olsa, bir o qədər yaxşıdır...

# 103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər