Jak Odiar, Kosta-Qavras, Darden qardaşları və Jüstin Trie kimi 170-dən çox tanınmış rejissor və prodüser "Le Monde" qəzetində bəyanat yayaraq Fransa hökumətinin 2027-ci il üçün hazırladığı büdcə layihəsinə etiraz ediblər.
Kulis.az xəbər verir ki, kinematioqrafçılar təklif olunan kəsintilərin və vergi artımlarının növbəti 5 ildə 400 filmin (ildə 80 ekran işi) çəkilməsinə mane olacağını bildirirlər.
Narahatlığa əsas səbəb ölkənin Milli Kino Mərkəzinin büdcəsindən 35 milyon avro, "France Télévisions"dan isə 47 milyon avro kəsilməsi planıdır.
Bundan əlavə, ödənişli televiziya kanalı "Canal+" üçün ƏDV dərəcəsinin 10%-dən 20%-ə qaldırılması ehtimalı şirkətin kinoya ayırdığı 750 milyon avroluq sərmayə öhdəliyini ləğv edə bilər.
Kinematoqrafçılar xəbərdarlıq edirlər ki, vergi ödəyicilərinin cibinə toxunmadan 260 min nəfəri işlə təmin edən Fransa kino sənayesi ABŞ platformalarının qlobal təzyiqi fonunda özünəməxsusluğunu itirmək təhlükəsi ilə üz-üzədir.