Şuşa Dövlət Musiqili Dram Teatrında 153-cü teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin ümumi iclası keçirilib.
Kulis.az xəbər verir ki, iclasda çıxış edən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov ötən mövsüm ərzində teatrın kollektivinin gördüyü işlərdən danışıb, yaradıcı heyətin fəaliyyətini yüksək qiymətləndirib.
O qeyd edib ki, qarşıdakı dövrdə repertuarın zənginləşdirilməsi, tamaşaların bədii və peşəkar səviyyəsinin yüksəldilməsi, yaradıcı heyətin potensialından səmərəli istifadə olunması və tamaşaçı auditoriyasının genişləndirilməsi istiqamətində mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Kollektivin üzvləri teatrın qarşısında duran əsas vəzifələr, yeni mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq layihələri, fəaliyyət istiqamətləri və teatr sənətinin inkişafına töhfə verəcək yeni təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparıb.
Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 12-də Mixail Bulqakovun "Ağıldankəm Jurden" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi ilə açacaq.