Kulis.az Aydın Arslanın yeni yazısını təqdim edir.
Allah aləmlərin konstituyası Quranı qiyamətəcən oxunaqlı olsun deyə, bilərəkdən bədii dildə göndərdi. Həyat burulğanında bir ömür çabalayan insanların nicatını yalnız kitabda gördü. Və kitaba yox, saman çöpünə əl atanların zamanın dəftərində nə özü qaldı, nə izi...
İlahi kitabın da olduğu dünyamızda, təəssüf ki, kitabsız adamlar çox olduğu kimi, adamsız kitablar da az deyil. Elə müəlliflərin əsərləri rəflərdə toz basır ki, bu mənzərə ədəbiyyatdan azca anlayışı olan adamın boğazına sümük, gözünə tikan kimi batır. Bəs hər yazılan ədəbiyyatdımı? Əlbəttə, deyil!
Bəzilərinin kitabı Quranda Allahın təsvir etdiyi kimi, səhrada ilğıma bənzəyir. Su bilib arxasınca qaçırsan, çatanda görürsən ki, boşluq, ilğım imiş. Hər bir ədəbi əsər, əslində, övladdır. Və öz cinsindən asılı olmayaraq ədəbi əsərə, yəni bu övlada ata ola bilməzsən. Mütləq və mütləq ona ana olmalı, bir müddət bətnində gəzdirməli, onun ürək döyüntülərini hamıdan əvvəl özün duymalısan.
Məsələ bu övladı bətnində daşımaqla da bitmir. Baxır bu övladı bətnində hansı orqanında bəsləyirsən. Qəlbində bəsləyəndə bu doğuluş mübarək, doğulansa, sözün hər mənasında əsər olur. Əksi isə, adını hər nə qoysan da, sadəca xaric olan tullantıdır.
Öz rəngin, öz nəğmən olmalı ədəbiyyatda. Başqasının rənginə boyansan, yaradıcılığının ömrü saxta əskinas kimi işığı görənəcən olacaq. Özgə nəğməsini özgənin özündən belə gözəl oxusan da, ən yaxşı halda parodist, popuqay olacaqsan. Öz nəğmənsə, qaratoyuq kimi həmişə kölgədə qalsan belə, nəğməni duyanın qəlbini oxşayacaq.
Mənə elə gəlir ki, hər doğulan ədəbi əsər qurd olmalıdır, əslində. Necə ki, meşədə qəfil qurdla qarşılaşanda həyəcandan bütün tüklərimiz biz-biz olursa, əsərlə qarşılaşan oxucu da o hissləri yaşamalıdır. Bir sözlə, doğanda qurd doğmalıyıq. Onsuz da tülkü doğan çoxdur...
Bu isti havada, bu səbirsiz dövranda sözümü dolanbac yollarla mətləbə gətirdiyim üçün əfvinizə sığınıb gəlirəm Sərdara, yəni sözümün canına.
Sərdar çox fərqli yazıçıdır, çox. Sərdarın yazılarında vətəndaşlıq var, vətənpərvərlik yox. Millilik var, milliyətçilik yox. Sərdarın hər cümləsində pərvərdigar var, din yox. Onun publisistikasında başına dolanılası bir Kəbə var, amma o Kəbənin Üzzası, Latı - bütü yoxdur. Sərdar heç nəyin pərvəri, pafosu, şüvəni deyil.
Sərdar aşiqdir, məşuqə deyil. Yəni onun qələmini kiminsə döşəyinə sərilən görmədim. ( Allah heç zaman da göstərməsin.)
Onun üçün dəyərlər mental qəliblərə, sərhədli vətənlərə, çərçivəli çevrələrə sığmır. Onun gözündə dəyərlər bəşəridir, ümumidir. Onun aləmində yaş axan bir uşaq gözü ən faciəvi dram, ən kədərli tablodur. Və bu həqiqəti, uşağı qucağında tutan ananın milli mənsubiyyəti əsla dəyişmir. İstər türk ananın qucağında olsun, istər erməninin, istərsə də ləzginin.
Tamamən fərqli üfüqlərdə dayanan Rafiq Tağı və Hacı Şahin haqqında ən gözəl yazını Sərdarda gördüm. Və gördüm ki, Sərdar burnunun ucunu görə bilməyənlərdən yox, buludların arxasında gizlənsə belə, günəşi görə bilən yazıçılardandır. Və o gördüyü, duyduğu Günəşin istisini oxucusunun canına məharətlə hopdura bilməkdir Sərdarı ədəbi mühitimizin sərdarlarından edən.
Sərdar həyata və ədəbiyyata vahid pəncərədən, elə bu cür baxır. Misalçün, Əkrəm Əylislidən hamı (üzrlü səbəbdən) üz döndərəndə Sərdar axına qarşı üzüb Əkrəmin böyük qələm sahibi olduğu qənaətindən dönmədi... Sərdar bütün "izm" lərdən məlumatlıdır. O bütün "izm" lərin "post" undan da agahdı, "most" undan da. Və bu izmlərin, bu "most" ların altından hansı cərayanların axdığını gözəl bilir. Amma... Amma, Sərdar Amin Azərbaycan publisistikasının Nuri Bilgəsidir. Nə yazsa, istər bədii əsər olsun, istər publisist, yazdığı sənətlə təbiətin, təbiiliyin vəhdətidir. Bilgə Ceylanın filmlərində Anadolu olduğu kimi necə səmimiliyi ilə sərgilənirsə, Aminin də yazılarında elə o cür olur. Təşbehləri o qədər gözəl, təsvirləri o qədər candan olur ki, yazısını oxuyandan neçə müddət sonra da, qulağından qaratoyuq səsi, gözündən yarpaqları sərçə qanadı tək titrəyən ağaclar getmir. ( Qaratoyuqdan söz düşmüşkən, hər gün sübh əzanında evimə qaratoyuğun füsünkar nəğməsi dolur.Bəlkə də, təkçə oxumur, Rəbbini ən gözəl nəğməsi ilə vəsf edir. Və hər dəfə qaratoyuq səsini duyanda əvvəl Allahı, sonra isə Sərdarı düşünürəm..)
Sərdarın müasirlərindən bəzi şəxslər qlobal yazıçı olmağa o qədər can atdılar ki, bu gözlərində böyütdükləri Qərbin qəbullandığı yazıçı olmaq üçün milli kimliklərini ayaqları altına qoydular. Və ayaq altına qoyduqları milli dəyərlər, "zirvə"yə doğru ucalmaqlarına yox, alçalmalarına səbəb oldu...
Sərdar Amin hər nə qədər peşəkar qələm sahibi olsa da, gəncdir və hər bir Azərbaycan gənci kimi maddiyat əmudlarına qarşı 7\24 qalxan tutandı. Həyatın və ədəbiyyatın axınına qarşı üzən bu gəncin qollarını həm ehtiyac zəli kimi sorur, həm də ədəbi vampirlər. Bu səbəbdən də onu çox tərifləməyə də qorxuram. Qorxuram ki, Sərdara da dövlət hansısa bir qayğı göstərə, biz də dərhal o yorğun qollarını burub batıraq Sərdarı. Bermud üçbucağı, Nargin adası kimi növbəti bir istedadı gömək öz qoynumuza...
Sərdarın yazılarından onlarla sitat gətirərəm və gətirdiyim bu "onlar", gətirmədiyim yüzlərlə şəfəq saçan cümləsinin haqqına girmiş olar. Əgər Sərdar Amini tək cümlə ilə təqdim edəcək olsam, deyərdim ki, o ədəbiyyatımızın qaratoyuğudur.Kölgədə qalan, layiq olduğu yeri şüvən qarğaların tutduğu, özünü dansalar da, ecazkar nəğməsini dostun da, düşmənin də dana bilmədiyi qaratoyuq...
Doğrusu, bir az da ona görə "sitat gətirmək" şablonundan qaçıram ki, mən tənqidçi deyiləm, bu iş Cavanşir Yusiflinin, Əsəd Cahangirin görəcəyi işdir. Bəs mən kiməm? Mən ədəbiyyatın "Xəsil Adam"ıyam. 43 illik ömrünün 33 ilini müharibə alovları vurduğundan bir çox arzularıtək təhsil almaq istəyi də gözündə qalan, boy atmayan xəsil adam...