“Biz həmişə kitablarımızın plagiatlığı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edirik. Əksər kitablarımızın pirat nüsxələri çıxarılıb. Əsasən, Sədərəkdə və 28 May metrosu ətrafında yeraltı keçidlərdə kitabların pirat nüsxələri satılır. Müəyyən tədbirlər görüləndə bunun qarşısı alınır. Amma bu da müvəqqəti olur”.
Kulis.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında “Qanun Nəşrlər Evi”nin sahibi Şahbaz Xuduoğlu deyib. O, Azərbaycanda pirat kitabların davamlı olaraq nəşr olunduğunu qeyd edib:
“Kitab oğruları ucuz mətbəə tapıb, kitabın üzünü çıxartdırırlar. Alıcı da alanda əsasən kitabın keyfiyyətinə yox, qiymətinə üstünlük verir. Keyfiyyətsizliyini isə onu oxumağa başlayanda anlayır. Kitabın səhifələri tökülür, yaxud cırılır. Alıcı da bu an naşirləri qınamağa başlayır”.
Şahbaz Xuduoğlu bu məsələdə alıcıların diqqətli olmasını tövsiyə edib:
“Alıcılar kitabları rəsmi dükandan alsa, yaxşı olar. Rəsmi dükanlarda kitablar qəbzlə satılır. Nəsə olanda bu qəbz vasitəsilə məhsulu qaytarmaq olar. Keçidlərdə, təsadüfi satış dükanlarında, küçələrdə satılan kitablar alınmamlıdır. Onların satdıqları bir qayda olaraq oğurluq kitablardır”.
Qorunma nişanlarının da piratlara əngəl ola bilməyəcəyini deyən naşir əlavə edib:
“Xüsusi loqolara gəlincə, imtahan mərkəzlərinin nəşrləri qorunma nişanlarıyla çap olunur. Amma qorunma nişanlarıyla çap olunsa belə, pirat nüsxələr nəşr edilir. Biz kitablarımızda ön səhifələrdə xəbərdarlıqlar qoymamışıq. Belə bir təcrübəmiz də yoxdur. Piratla mübarizənin yeganə yolu insanların maariflənməkidir. Biz nə qədər qoruyucu nişan qoysaq da, pirat etdiyini edəcək. Yalnız bəlli çevrə kitabların plagiat olub-olmamasını bilə bilər. Gizlin qorunma nişanələri qoymaq olar. Bunları da yalnız kitabları nəşr edən bilir. Əsasən İranda nəşr edib gətirib burda satış edirlər. Kitablar üçün rəsmi satış dükanlarında da pirat nüsxələr ola bilər. Kitab dükanlarının sahibləri bu məsələdə diqqətli olmalıdırlar”.