“Qaratoxmaq qadın” tamaşasının premyerası oldu

“Qaratoxmaq qadın” tamaşasının premyerası oldu
3 oktyabr 2023
# 13:23

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Pyotr Çaykovskinin “Qaratoxmaq qadın” operasının premyerası olub.

Kulis.az xəbər verir ki, tamaşanın quruluşunu Həştərxan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru Aleksey Smirnov verib. Operanın rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Tamaşada rollarda Xalq artistləri Fidan Hacıyeva (Qrafinya), Əkrəm Poladov (Surin), Əməkdar artistlər Səbinə Əsədova, Fərid Əliyev, Fəridə Məmmədova, Tural Ağasıyev və başqaları çıxış ediblər. Tomski və Zlatoqorun partiyalarını beynəlxalq müsabiqələr laureatı Yefim Zavalnı ifa edib.

“Qaratoxmaq qadın” operası dünya realistik incəsənətinin ən böyük əsərlərindən biridir. Bu musiqili faciə düşüncələrin, qəhrəmanların hisslərinin, onların ümidləri, əzabları və ölümünün həqiqi psixoloji məqamları, o dövrün mənzərələrinin parlaqlığı, musiqili-dramatik hadisələrin inkişafının gərginliyi ilə insanı heyrətə salır. Çaykovskinin üslubunun xarakterik cəhətləri bu əsərdə daha dolğun və ifadə mükəmməlliyi ilə öz əksini tapıb. İlk dəfə 1890-cı il dekabrın 7-də Sankt-Peterburqdakı Mariinsk teatrının səhnəsində nümayiş etdirilən bu opera tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb. Həmin vaxtdan bəri bu əsər dünyanın opera səhnələrində triumfla nümayiş etdirilir.

Operanın librettosunu bəstəkarın qardaşı Modest Çaykovski Aleksandr Sergeyeviç Puşkinin eyniadlı povesti əsasında yazıb. Amma hadisələrin başvermə zamanı I Aleksandrın dövründən II Yekaterinanın hakimiyyəti illərinə köçürülüb. Hətta baş qəhrəmanların taleyi Puşkinin yaratdığı obrazlardan kəskin şəkildə fərqlənir. Operanın librettosu orijinaldan xeyli fərqlidir. Belə ki, Puşkinin əsəri nəsr janrındadır, libretto isə nəzmlə yazılıb, həm də şeirlər təkcə librettoçu və bəstəkara deyil, həmçinin Derjavin, Jukovski, Batyuşkova aiddir.

Çaykovski əvvəlcə Puşkinin “Qaratoxmaq qadın” əsərinin süjeti ilə maraqlanmayıb. Amma zaman keçdikcə, bu novella onun təxəyyülündə daha çox yer tutub. German və qrafinyanın faciəli görüş səhnəsi bəstəkarın qəlbini riqqətə gətirib. Bu səhnənin dərin dramatizminin təsiri altında Çaykovskidə opera yazmaq arzusu baş qaldırır və beləliklə, üç pərdə və yeddi səhnədən ibarət olan opera üzərində iş prosesi 1890-c ilin baharında Florensiyada başa çatır. Həm də bütün bu yaradıcılıq prosesi 44 gün ərzində - yanvarın 19-dan martın 3-dək yekunlaşır. Əsərin orkestrovkası həmin ilin iyununda başa çatdırılır.

Operanın eskiz işlərini heyrətamiz dərəcədə sürətlə başa çatdıran Çaykovski öz qardaşı, librettonun müəllifi Modest İlyiçə yazırdı ki, “...Germanın ölüm səhnəsinə və yekun xoruna çatdıqda, ona o qədər yazığım gəldi ki, hönkürməyə başladım. Belə çıxır ki, German bütün bu vaxt ərzində mənim üçün bu və ya başqa musiqini bəstələmək üçün personaj yox, həmişə canlı insan olub...” Bəstəkar qardaşına yazdığı başqa məktubda etiraf edirdi: “Mən bəzi yerlərdə, məsələn, bu gün aranjeman etdiyim dördüncü səhnədə elə bir qorxu, dəhşət və həyəcan hiss edirdim ki, dinləyicinin həmin hisslərin bir hissəsini belə yaşamasını istəməzdim”.

Bakı tamaşaçıları artistləri və Pyotr İlyiç Çaykovskinin dünya şedevri olan əsərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının repertuarına daxil edilməsində əməyi olanları ayaq üstə alqışladılar. Tamaşanın təkrar nümayişi oktyabrın 14-də Bakı Musiqi Akademiyasının Opera studiyasının səhnəsində olacaq.

AZƏRTAC

# 588 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #