Professor və məşuqəsi - Alpay Azərin hekayəsi

Professor və məşuqəsi - Alpay Azərin hekayəsi
23 iyul 2025
# 17:00

Kulis. az Alpay Azərin “Universitet hekayələri” silsiləsindən “Professor və məşuqəsi” hekayəsini təqdim edir.

“Bunları təcili güllələmək lazımdı”. Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun professoru İosif Aronoviç Mixelson bu sözləri deyəndə, az qala, sifətinin yarısını örtən qalın şüşəli gözlük taxmış arxeoloq-alim Marqarita Petrovna İvleva sakitcə professorun sözünə qüvvət verdi: “Məmnuniyyətlə tətiyə basardım”.
Mixelson Rusiyada üç fərqli dil ailəsinə aid şumer, akkad, sanskrit dillərinin hamısını əla bilən yeganə şərqşünasıydı.

Beşinci kursda, praktikaya elmlər akademiyasına gedən şumer-akkad qrupunun tələbələri Andrey, Valeri, Mariya, Tatyana (rusların dördü də sankt-peterburqluydu.) və mənimçün bu cür qara yumor məqbuluydu. Güllələnməyə “layiq olmağımızın” səbəbisə akkad dilində mətnləri mixi yazılar vasitəsilə deyil, rahatlığımızçün transliterasiyada (1) oxumağımız idi, – bunun qarşılığında bizi bu cür zarafatyana danlaqlarla yola vermələri hamımıza sərf edirdi.

Bir dəfə Mixelson ciddi-ciddi mənə baxıb dedi: “Zahid, Bakıya qayıdanda, yəqin həmyerlin Yusif Yusifov (2) Midiyada türkdilli tayfalar tapan kimi, sən də şumerləri azərbaycanlıların əcdadları edib ölkənizdə məşhur alim olacaqsan”. – “Yox, İosif Aronoviç, elə bir elmi iddiam yoxdu. Mən regionun ictimai-siyasi tarixini yaxşı bilirəm, etnogenezi o qədər də dərindən bilmirəm”. – “Sizin alimlər nəyin əsasında şumerləri türkdilli hesab edir?” – “Şumerlərdə Allah mənasını verən dingir sözünün türklərdə eyni mənalı tenqri ilə oxşar səsləndiyinə görə. Hə, bir də dingir sözündə qədim türklərdəki n ilə q-nın qarışığı olan sağırnun deyilən hərfə görə”. – “Ha-ha-ha. Bəs deyirsən, etnogenezi bilmirsən?” – “Yox, demirəm ki, o barədə heç nədən xəbərim yoxdu, o mövzunu bir az bilirəm”.

"Cavan oğlan, Qarabağ kimindi?” sualını verəndə, cavabım “Əlbəttə bizimdi” olmuşdu, başlamışdım saklardan, massagetlərdən, albanlardan bu yana Qarabağın tarixindən danışmağa. “Bir dəyqə. Sakların, massagetlərin azərbaycanlılara nə aidiyyatı var?” – sarkazmla soruşmuşdu. “Yaxşı, bəs onların ermənilərə nə aidiyyatı var?” – “Yoxdu, amma o tayfaların sizə də aidiyyatı yoxdu...”

Onunla bu cür mövzularda tez-tez zarafatlaşırdıq, mənimlə çox vaxt razılaşmasa da, üstəlik, arada dərs tapşırıqlarına barmaqarası yanaşsam da, münasibətlərimiz get-gedə məhrəmləşirdi. Yaxınlıq o həddə çatdı ki, bir dəfə ona sual verdim: “İosif Aronoviç, siz Stalinin antisemitizm siyasətinin tüğyan etdiyi bir vaxtda doğulmusuz. Bəs nə əcəb onda valideynləriniz sizə rus adı qoymayıb, ya doğum şəhadətnaməsində soyadınızı məsələn, Mixaylova dəyişməyib?” Bilirdim ki, hətta SSRİ-də antisemitizmin səngidiyi 1960-70-ci illərdə minlərlə yəhudi qorxusundan, ya karyerası naminə öz ad, soyadlarını rus varianlarıyla əvəz edirdi. “Çünki bizim nəsildən olanlar öz yəhudiliyi ilə həmişə fəxr ediblər. Nə də biz antisemitizm kampaniyaısndan qorxmuşuq”, – özündən razı halda cavab verdi.

Bir gün o, nifrətlə deyəndə ki, universitetdə oxumağıma imkan verməyəcək, sual dolu nəzərlərlə ona baxıb dilləndim: “İosif Aronoviç, heç nə başa düşmürəm”. – “Necə yəni başa düşmürsən? Səni akkad mətnlərini transliterasiyadan normal tərcümə etmədiyinə görə qovmaq lazımdır. Fikirləşirsən, bunu etməyə səlahiyyətim yoxdu, mən akademiyada işləyirəm, sən universitetdə tələbəsən. Amma bil, sizin rektorla eyni illərdə oxumuşuq və o, heç vaxt sözümdən çıxmaz”.

İki gün sonra qrup yoldaşım Tanya universitetdə qulağıma pıçıldayıb dedi ki, Mixelsonun arvadı azərbaycanlı biznesmenə qoşulub qaçıb, hər şey mənə aydın oldu.
Növbəti dərs, otağına ayaq basan kimi, Mixelson məni başdan-ayağa süzüb dilləndi: “Qarabağ azərbaycanlılarındı, yoxsa ermənilərin?” Gözlərindən oxudum: ağzımdan “azərbaycanlılarındı” sözünün çıxmasını gözləyirdi ki, əksimə döşəsin. Başımdan etməkçün neytral cavab verdim: “Qarabağ Strabonun “Coğrafiya” əsərindənki albanlarındı”. – “Əvvəl başqa mahnı oxuyurdun, – kinayə ilə dilləndi. – Yaxşı, sən yenə albanları türkdilli hesab edirsən?” Susdum, çünki əvvəlki söhbətlərimizdə Moisey Kaqanqatvasidən misallar çəkib iyirmi altı alban tayfası arasında türkdillilərin olması ehtimalını demişdim. Eyni zamanda deyəmmirdim, bu mövzuda məni dünyada tanınan azərbaycanlı albanşünas Fəridə Məmmədova tənqid etsə, yenə onu başa düşərdim, siz ki Qafqaz Albaniyası üzrə alim deyilsiz, hansı üzlə əsəblərimlə oynayırsız. “Sən fərqindəsən ki, bu beş ildə əslində, vaxtını boşa keçirmisən?” – qaşlarını düyünləyib dedi. “Onun sizə dəxli yoxdu. Siz mənim nə müəllimim, nə də elmi rəhbərimsiz”, – deyib otaqdan çıxdım. Qrup yoldaşlarım da mənə görə pis olmuşdu.

Ertəsi gün dəhlizdə kafedra müdirimiz İvan Mixayloviçə yaxınlaşıb Mixelsonun son vaxtlar məni sıxışdırmağından danışdım, soruşdum, bu adam diplom müdafiəsində mənə problem yaratmaz ki. “Yox, yaratmaz, – pıçıltıya keçdi. – Öz aramızda qalsın, onun yoldaşı azərbaycanlı biznesmenə qoşulub qaçıb. Ona görə belə əsəbidi”. – “Bilirəm, amma bu işdə mənim günahım yoxdu axı. Bir də, başa düşmürəm, niyə Qarabağ məsələsini ortaya atır”. – “Nə Qarabağ?” Mixelsonla olan söhbətləri danışası oldum, məni sakitləşdirməyə çalışdı: “Zahid, sən hələlik onun kaprizlərinə döz. Mixelsonla arvadı vaxtilə bir-birini dəlicəsinə sevib evləniblər. Ona görə belə qəzəblidi, heç cürə barışa bilmir arvadının xəyanətiylə. Son vaxtlar öz işçiləriylə də yola getmir. İvlevanı tanıyırsan, arxeoloqu deyirəm. Srağagün mənə zəng edib Mixelsondan şikayət edir, deyir, elə bil mən buna xəyanət eləmişəm. Hə, sənə bir şey deyim. Mən əlli doqquzuncu ildə İosiflə Lyudanın toyunda iştirak etmişəm. Mixelsonun parıldayan gözlərini görərdin, sanki “Mən Lyudayla ömürlük xoşbəxt olacam” deyirdi o gözlər. Lyuda da onun kimi çox xoşbəxtiydi. Sən iki-üç dəfə praktikaya getmə, qoy bir müddət səni görməsin, sakitləşsin, qalan məsələləri sonra danışarıq”.

Bu arada mənə təsəlli verən şey Mixelsonun qrupumuzdakı o biri tələbələri də acılaması idi, sadəcə, mənə münasibətində barıtı çox edirdi. Əsas məsələ son kafedra iclasında Mixelsonun diplom müdafiəmdə mənə opponent təyin edilməsiydi. Rəyində yazsaydı “Yeni Aşşur dövlətinin xarici siyasəti” buraxılış işim müvafiq meyarlara cavab vermir, müdafiəm gələn ilə qalacaqdı.

Növbəti dərsdə Mixelson “Ermənistanla danışıqlar nə yerdədi?” sualını verdi. O vaxt Bakıdan mənə şəkərbura, qoğal, bəkməz, mürəbbələrlə bir yerdə çoxlu qəzet göndərirdilər deyə, ölkəmizdə baş verənlərdən az-çox xəbərim varıydı. Başladım verdiyi sualla bağlı bildiklərimi danışmağa. “Aydındı. Siz niyə Qarabağı ermənilərə vermək istəmirsiz?” Alışıb yanan gözlərindən bilinirdi ki, məndən cavab gözləyir. “Niyə Qarabağı ermənilərə verməliyik?” – özümü məcbur edib sakit tonda dedim. “Birincisi, ermənilər tarixən sizdən çox əvvəl bu regionda yaşayıblar. Sizin əcdadlarınız doqquz-on birinci əsrdə Orta Asiyadan Azərbaycana köçüblər. İkincisi, sizin ərazi Ermənistanın ərazisindən qat-qat böyükdür”. – “Birincisi, biz regiona doqquz, on birinci əsrlərdə gəlməmişik, mən axı Qafqaz Albaniyasında türk toponimləri ilə bağlı misallar...” – “Yenə başladın, – sifətini əydi. – Gah deyirsən, etnogenezi bilmirsən, gah da albanların arasında türkdilli tapırsan”. – “Yaxşı, tarixi qoyaq qırağa. Beynəlxalq hüquq deyilən şey var. Ona qalsa, siz də gərək on doqquzuncu əsrdə işğal etdiyiniz Şimali Qafqazdakı vilayətlərə müstəqillik verəsiz. O vilayətlərin birinin ərazisi heç yüz min kvadrat kilometrə çatmır, halbuki indi Rusiyanın ərazisi on yeddi milyon kvadrat kilometrdi. Çeçenlərə qarşı müharibə aparırsız, hər gün onlarla dinc adamlar ölür, binalar, xəstəxanalar dağıdılır. Niyə müstəqillik vermirsiz onlara?”

Bu, həmin dövr idi ki, Rusiyanın zəifləməsindən istifadə edən bəzi vilayətlər öz yerli konstitusiyalarına ölkənin tərkibindən çıxmaq hüququ haqda maddə salmışdı. Telekanallar, qəzetlər Rusiyanın Çeçenistanda apardığı müharibəyə görə, prezident Yeltsini yıxıb-sürüyürdü, ona görə belə şeyləri deməkdən çəkinmirdim.

Mixelson gördü, mənimlə dil çatdırammayacaq, zəhərli-vampir təbəssümlə dedi: “Hazırda tək Dağlıq Qarabağ yox, ətraf rayonlar da sizin deyil. İnanırsız ki, o torpaqları geri ala biləcəksiz?” – “Əlbəttə alacayıq” desəm də, elə bildim, sönük səslə verdiyim cavabla professorun qarşısında aciz duruma düşdüm. Onun sifətində “Heç vaxt ala bilməyəcəksiz” mənasını verən təntənəli eybəcər təbəssüm qalmaqdaydı.

Diplom müdafiəsinə bir ay qalmış Mixelsonun infarktdan xəstəxanaya düşdüyünü eşidəndə bilmədim, ona ölüm, yoxsa şəfa diləyəm. Elə bildim ölsə, qarğış etdiyimə görə günahkar həm də mən olacam, peşmançılıq-filan çəkəcəm. O biri tərəfdənsə sağalsa, diplom müdafiəmdə mərdimazarlıq edəcəkdi. Qarabağla bağlı dediklərini xatırlayanda, öz-özümə “Gəbərəsən səni” dedim. Azərbaycanlı biznesmeni də ürəyimdə söydüm: “Ay oğraş, bu boyda şəhərdə boşanmış, ərsiz arvadlar ola-ola, vaxt tapdın da alim arvadı yoldan çıxartmağa”. Sonra qəfil ağlıma gəldi, bəlkə, elə fürsətdi, alma, armud alıb gedim xəstənaya, görsün ki, diqqətciləm, pislik etməz mənə. Bunu otaq yoldaşım, “Geologiya” fakültəsində oxuyan gəncəli Fikrətlə bölüşəndə, əsəbi-əsəbi dedi: “Yox e, təcili dədənə zəng elə, de Bakıdan Şirvan kanyakı alıb göndərsin. Kanyakı alan kimi cum xəstəxanaya, professora ver, de ki, arvadının oynaşı göndərib. Ağzında deyirsən, bu adam səni o azərbaycanlı gədəyə görə universitetdən qovmaq istiyir, hələ utanmaz-utanmaz durub yanına getmək istiyirsən”.

Üç gün sonra kafedra müdirimizə yaxınlaşıb Mixelsonun səhhətini soruşdum, bic-bic gülümsəyib dedi: “Düzünü de, onun ölməyini istəyirsən, hə?” – “Yox, yox, İvan Mixalıç, nə danışırsız?” – “İstiyirsən, gözlərindən görürəm. Səni yaxşı başa düşürəm. Artıq xəstəxanadan çıxıb, birisigün akademiyaya gedərsən yanına, səni görmək istəyir. Yüngül infarkt keçiribmiş”.

Düşmənimin sağalmasına sevindim, fikirləşdim, yəqin münasibətləri yaxşılaşdırmaq istəyir deyə, məni görmək istəyir. “Gərək Fikrətə qulaq asmayaydım, iki-üç kilo meyvə alıb xəstəxanaya gedəydim”. Özümü inandırdım ki, arada ağzımdan qarğış-fason sözlər çıxsa da, heç vaxt ürəkdən ona ölüm arzu etməmişəm.

Mixelson doğrudan, bədbəxt idi: sevdiyin qızla evlən, illərlə bir yerdə yaşa, bir oğlunuz olsun, Rusiyanın tanınmış şərqşünaslarından biri ol, qəfil arvadın azərbaycanlıya qoşulub qaçsın və əlli bir yaşında səni infarkt vursun. Deyilənə görə, arvadı yeganə övladları kimya üzrə vunderkind məktəbli oğlunu da özüylə aparıbmış. Ərinin maaşla ailəni dolandırmağından bezən bu qadını həmyerlimiz harda, necə yoldan çıxarmışdı, burasını bilmirdim.

1990-cı illərin əvvəlləri Rusiya əhalisi ərzaq qıtlığından, kasıbçılıqdan əziyyət çəkirdi. Akademiyada işləyənlər maaşdan əlavə, ali məktəblərdə saathesabı dərs deməyin, xaricdə çıxan məqalələrin qonorarları, Qərbin elmi fondlarının qrantları hesabına dolanırdı. Mixelsona bizim universitetdə dərs demək dəfələrlə təklif olunmuşdu. Öz işinə hədsiz bağlı olan bu alim müəllimliyi elm yolunda maneə gördüyündən, təklifdən imtina etmişdi. Qaldı ki, qrant məsələsinə, Mixelson bir layihəylə bağlı Almaniyanın hansısa elm fonduna göndərdiyi sənədlərdən ikisində xırda texniki səhvə yol veribmiş. Fond həmin sənədləri qaydaya salıb yenidən göndərməyi xahiş edəndə, o, acığa düşüb “Cəhənnəm olsunlar, bunlar boş-boş şeylərlə vaxtımı alırlar” deyib, üç min dollarlıq qrantdan imtina edibmiş.

İvan Mixayloviçin tapşırığına uyğun, iki gün sonra Şərqşünaslıq institutuna getdim, qorxa-qorxa düşmənimin otağına girdim. Alovlu-alovlu kimləsə telefonla danışırdı. Dəhlizə çıxmaq istəyəndə, əliylə qapının yaxınlığındakı stulu göstərdi, oturdum. “...Yox və yox... Bir daha təkrar edirəm, sən dünən mənim yatağımda olmalıydın... – sanki evdəki çarpayısını nəzərdə tuturmuş kimi işarə barmağıyla masanı taqqıldatdı. – O şeirlər?... Yox, konkret bir şey deyə bilməyəcəm... Ultimatum tonunda danışmaq lazım deyil... Məni çox çətin vəziyyətə salırsan, əzizim, – qəfil yalvarış tonuna keçdi.¬ – Nə isə, sonra danışarıq”, – dəstəyi yerinə qoydu. “Dünən mənim yatağımda olmalıydın” sözlərini eşidəndə, düzü, şok oldum. Arvadıyla danışdığını, barışmaq, onu geri qaytarmaq istədiyini təxmin etdim, amma anlamadım, niyə bunları eşitməyimi istədi. Ürəyimdə Allaha yalvardım, barışsınlar, Mixelson da mərdimazarlığına son qoysun.

“Həmişə ayaqüstə, İosif Aronoviç”, – deyib ayağa qalxdım, üzümə elə bir ifadə verdim, guya telefon danışığına fikir verməmişəm. Əliylə oturmağıma işarə edib məhrəm təbəssümlə dedi: “Sağ ol, Zahid. Necəsən? Dərslərin necə gedir?” – “Yaxşıyam. Dərslərim qaydasındadı”. – “Telefonda Vikayla, Viktoriya Malışevayla danışırdım, sizin yataqxanada qalır, moskvalı aspirant qız. Tanıyırsan onu?” – “Hə, tanıyıram”, qaşlarım yuxarı qalxdı.

Beş ay idi Vikanın (Viktoriya) yataqxanamıza köçdüyü, mən qalan üçüncü mərtəbədə balaca otağı varıydı. Damağından siqaret, əlindən kitab əskik olmayan, – ümumi mətbəxdə sol əlindəki qaşıqla xörəyi qarışdıranda, sağ əlində tutduğu kitabı oxuyurdu, – beynində daima cürbəcür təhlillərin, induktiv və deduktiv metodların, monoqrafiyaların, terminlərin var-gəl etdiyi bu qız adi söhbətlərdə də elmi cümlələrlə danışırdı. Məsələn, mən “Vika, necəsən?” soruşanda, “Eksiztensial kədər içindəyəm, əzizim” cavab verirdi. “Vika, hazırda nə oxuyursan?” – “Eyni zamanda Kyerkeqorun “Həzz və borc” traktatını, professor Herman Oldenberqin “Mahabharata”ya yazdığı şərhləri, eləcə də...” – “Vika, de görüm, hazırda dissertasiya işinin hansı fəslini yazırsan?” Qəsdən bu sualı verirdim ki, oxuduğu kitablarla bağlı detallara varıb məni çənəsinin altına salmasın. Narazı-narazı əlini yelləyib məndən uzaqlaşırdı. Bilməyənlərçün deyim, bəzən yazı prosesi ləng getdiyindən, dissertanta “İndi hansı fəsli yazırsan?” sualını verməklə bir növ, yarasına duz basmış olursan.

Vikanın, xoşuna gəlmədiyi adamın ağzı-burnunu qanatmaçün onu söhbətə çəkib “səhv” tapan, reketliklə pul qazanan çeçen Həmzətlə tez-tez ümumi mətbəxdə, dəhlizdə söhbət etməsi parlaq təzad nümunəsiydi. Həmzət komendanta hər ay artıqlamasıyla pul verib xalçası, soyuducusu, elektrik piltəsi olan geniş otaqda komfort həyatı yaşayırdı. Mətbəxdə yemək bişirəndə, Vikayla Həmzətin söhbətlərinə qulaq asmalı olurdum. Vika tutaq ki, sanskrit dilinin özəlliklərindən, – yeri gəlmişkən, o, həm də ingilis, alman, fransız dillərini bilirdi, – Mahabharatayla başqa qədim Şərq poemaları arasında fərqli, oxşar cəhətlərdən danışanda, ömründə üç kitabın üç səhifəsini oxumayan çeçen balası heç nə başa düşməyə-düşməyə, həvəslə ona qulaq asırdı, arada hətta primitiv də olsa, suallar verirdi. Bir dəfə Həmzət məni qırağa çəkib ciddi-ciddi dedi: “Bura bax, sən Vikaya de, az kitab oxusun”. – “Niyə?” – “Necə yəni niyə? Başa düşmürsən, o, dəlixanaya düşə bilər?” – hikkə qarışıq əminliklə dedi. Yalandan başımı tərpətsəm də, Vikaya heç nə demədim...

“Vikayla aran necədi?” – Mixelson növbəti sualını verib “Düzünü de” ədasıyla mənə baxdı. “Yaxşıdı”. – “Sən telefonda ona nə dediyimi eşitdin. Qıraqdan kobud, əcaib görünsəm də, mən haqlıydım. Söz vermişdi, dünən axşam evimə gələcək, amma gəlmədi. İndisə mənə şərt qoyur, gərək akademiyanın müxbir üzvü olam. Ona sanskrit dilində elə əlyazmalar tapıb vermişəm, onları dünyanın heç bir arxivində tapa bilməz. Deyirsən, münasibətləriniz yaxşıdı. Yataqxanaya qayıdanda, ona de sabah axşam saat onda evimə gəlsin. Daha doğrusu de ki, İosif Aronoviç xahiş etdi”. – “Oldu”. – “Yeri gəlmişkən, İvan Mixalıç sənin diplom işini mənə verib ki, oxuyub rəy yazım. İşi hələ tam oxumamışam. Girişə, bir az da birinci fəslə baxmışam. Politoloji terminləri niyə ora soxuşdurmusan, anlamadım. Bu cür dırnaqarası eksperimentləri Bakıda, öz elmlər akademiyanızda edərsən. Nə isə, dediklərimi Vikaya çatdırarsan”.

Qəribə hisslərin, fikirlərin məngənəsinə düşdüm, bir tərəfdən, diplom işimin müdafiəsində qarşımdakı şlaqbaumun açılması şansı yaranmışdı. O biri tərəfdənsə bilmirdim, Vikaya diplom müdafiəmin onun Mixelsonla sevişməyindən asılı olduğunu necə başa salım. Məsələnin başqa maraqlı tərəfi professorun bu işdə mənə, tələbəyə güvənməsiydi, yəni nəyə əminiydi ki, ismarıcı çatdıranda, Vika axşam saat onda onun evinə gedəcək, telefonda qırışmışdılar axı. Nə olsun professor bildi ki, Vikayla aram əladı, ya diplom məsələsinə görə professordan asılı vəziyyətə düşmüşdüm, nə qədər də olmasa, mənə intim, hardasa riskli iş tapşırdığının fərqindəydi. Sonda anladım ki, aspirant qıza “Sən dünən mənim yatağımda olmalıydın” deyən alimçün tələbəylə aranı açmaq problem deyildi.

Həmin gün axşam Vikanı otağında tapdım. Söhbətə ümumi girişdən sonra, əsas məsələyə körpü atdım: “Mixelson sənin elmi rəhbərindi?” – “Elmi məsləhətçimdi. Elmi rəhbərim Moskvada Asiya və Afrika İnstitutunun professoru Vladimir Solomonovdu. Nədi ki?” – deyib maraqla mənə baxdı. ”Çox güman, elə Solomonov bunun oynaşıdı, ona görə Mixelsona “vızqırt” deyir”, – ani düşündüm. (Sonralar yataqxana qonşum Vera, Vikanın yetmiş altı yaşlı Solomonovun sevgilisi olduğunu mənə deyəcəkdi.) “Mixelsonla aran necədi?” – “Bura bax, Zahid, sən lap müstəntiqlər kimi sual verirsən. Əsas məsələyə keç”. Düz gözlərinin içinə baxıb cəsarətləndim: “Vika, İosif Aronoviç xahiş etdi ki, sabah axşam saat onda onun evinə gedəsən. Bəlkə Mixelsona yox deməyəsən?” Duruxdu, “Maqna” qutusundan siqaret çıxardıb alışqanıyla yandırdı, deyəsən, gözləmirdi bu sualı. Elə bildim, bu dəqiqə məni söyüb deyəcək, sənə niyə şəxsi həyatıma burnunu soxursan. “Sən onu hardan tanıyırsan?” – gözlərin qıyıb soruşdu. “Bizim qrup praktikaya onun şöbəsinə gedir”. – “Bəs səni niyə bu işdə elçi salıb?” – bic təbəssümlə soruşdu.

Akademiyada Mixelsonun bununla telefon danışığına qulaq şahidi olduğumu, müdafiəmin Mixelsonun buraxılış işimə müsbət rəy yazmasından asılı olduğunu danışdım. Vika bir qədər fikrə gedib dilləndi: “Ona “hə” deməyin qiyməti çox bahadı. Təbii ki, pul mənasında yox”. – “Axı sən onun qarşısında mümkün olmayan şərt qoyursan? Tələb edirsən ki, o, mütləq akademiyanın müxbir üzvü olsun. Səncə belə bir şey...” Özündən razı, isterik qəhqəhəylə sözümü kəsib dedi: “Bu, onun fantaziyasıdı, Zahid. O barədə aramızda ümumiyyətlə söhbət olmayıb”. – “Hmm, qəribədi. Hə, bir də deyir, sanskrit dilində sənə elə əlyazmalar verib ki, onları gedib dünyanın heç bir arxivində tapa bilməzsən”. – “Bunu da həyasızcasına yalan deyir. O, mənə kitablardan kseroks etdiyi şeirlər verib, onları mən özüm də tapıb surətlərini çıxarda bilərdim. Uzağı, işimi yüngülləşdirib”. – “Yaxşı, o səndən nə istəyir?” Duruxdu, elə bil, nəyisə deməyə çəkindi, nəhayət dilləndi: “O, bilir nə istədiyimi. Onda Kalidasanın nadir nüsxələri olan şeirləri var. Kalidasa eramızın dördüncü, beşinci əsrində yaşadığı ehtimal olunan hind şairi və dramaturqudur. Dediyim şeirlərsə nə rus, nə də ingilis dilinə tərcümə olunub, təsəvvür edirsən?” – deyib, ağzını burnuma yaxınlaşdırdı, sərt tütün qoxusuna qarşı yarana biləcək nifrət mimikasının qarşısını güclə aldım.

“Siqaret çəkməyən Mixelson bununla necə öpüşəcək?” düşündüm. Vika nə gözəliydi, nə də çirkin, ağıllı gözləri, babat döşləri, bas səslə kitab dilində koloritlə danışması onu cazibədar edirdi. Alimlər, intellektuallarçün bu cəhətlərin harmoniyası bəs edirdi: bu qızla elmdən danışsınlar, yorulanda bir-birinə sarılıb yıxılsınlar divana. Onu deyim, bu qızla aramızda qarşılıqlı meyil-filan yox idi.

Vika isə öz aləmindəydi: “Bu alçaq şeirləri mənə vermədən istəyir ki, onun məşuqəsi olum. Elə bil hərifəm onunçün”. Nəhayət, Mixelsonun telefonda buna dediyi “Ultimatum tonunda danışmaq lazım deyil” sözlərinin mənası mənə çatdı. “O şeirlərin özəlliyi nədədi?” – soruşdum. “Bax, bu sualı səndən gözləyirdim, Zahid. Mixelsonun dediyinə görə, o şeirlərdə elə erotik misralar var ki, onların nə Şərq, nə də ədəbiyyatında analoqu var”. – “Yəni Mixelson o şeirləri sənə versə...” – “Hə, onda onun evinə axşam, yoxsa səhər saat onda getmək barədə düşünərəm”, – soyuq-minnət tonunda cavab verdi. Ürəyimdə bunu söydüm: “Qancıx. Konkret hə, ya yox demək əvəzinə, oyun oynuyursan o boyda alimlə”.

Güman ki, Mixelson özü o şeirləri tərcümə edib, haqqında məqalə yazıb sanskritşünaslıqda səs salmaq istəyirdi, eyni zamanda “elmi uğur, yoxsa Vikayla seks?” dilemması arasında qalmışdı. Vika isə professorun yatağına girmədən o şeirləri ələ keçirib, Mixelsona “bye-bye” (əlvida) demək istəyirdi. Bilmirdim, mənim hərəkətlərimə ara düzəldənlik, mama rozalıq demək olardı, ya yox. Bu işdə maddi marağım olmasa da, öz işimçün bunların intriqasına baş vurmuşdum deyə, içimdə narahatlıq varıydı.

Növbəti praktika dərsi qurtaranda, Mixelson əliylə işarə etdi ki, ayağa durmayım. O biri tələbələr otaqdan çıxan kimi dedi: “Vikaya de, axşam gəlsin evimə, istədiyi şeirləri götürsün”. Sevincək cumdum yataqxanaya, Vikaya gözlədiyi xəbəri çatdırıb üzümə yazıq ifadə verərək dedim: “Bir həftə sonra diplom işimin müdafiəsidir, mənim uğurum səndən asılıdır, əzizim. Kəsilsəm, Bakıya qayıtmağa üzüm olmayacaq, atam məni söyüb deyəcək, illərdi sənə xərc çəkmişəm, amma bir diplom işi yaza bilməmisən”. Vika qəhqəhəylə güldü və həyatın maraqlı, unikal tərəddüdlü anlarından biri baş verdi: ona “Mixelson istədiyin şeirləri sənə verir, bəlkə “hə” deyib ona əzab verməyəsən?” sualını verməyə cəsarətim çatmadı, qorxdum “yox” eşidə bilərəm. O isə sanki mənim acığıma utanmaz-utanmaz xeyli güldü, axırda başıyla otağından çıxmağıma işarə etdi.

Öz otağıma qayıdanda, Fikrətin ilk dediyi bu oldu: “Hə, nə oldu? Vika professora...” – “Yenə burcudur”. Gördü, danışmağa həvəsim yoxdu, yaman yerdən vurdu: “Deyirəm, bu arada sən də papa roza oldun getdin”. – “Demə-demə. Amma papa rozalar qəhbələrin nazıyla oynamır, nə də qəhbələr onlara naz eliyir”.

Diplom müdafiəsində Mixelson opponent kimi yazdığım işi təriflədi. Çıxışında dedi ki, mən diplom işimdə tarixi və politoloji terminlərdən yerində istifadə etməklə ilk dəfə uğurlu sintez metodu tətbiq etmişəm, bununla gələcək tədqiqat işimə zəmin yaratmışam. Sonda aspiranturaya daxil olub eyni mövzunu dissertasiya işi kimi davam etdirməyi tövsiyə etdi. Həmin anlar İvan Mixayloviçin mənə yönələn baxışlarında məmnunluq varıydı, yəni, gördün, mən deyən oldu, müdafiən problemsiz keçdi. Sonralar bildim ki, Mixelson diplom işimə mənfi rəy yazsaydı belə, müdafiədən keçəcəkdim, çünki bu məsələdə əsas olan elmi rəhbərin rəyi idi.

Müdafiədə tərifli sözlərdən necə ruhlandımsa, evdəkilərin yalvarışlarına, ultimatumlarına baxmayaraq, Bakıya qayıtmadım. Avqustda aspiranturaya qəbul oldum, İvan Mixayloviçin təkidli məsləhətiylə Mixelsonu özümə elmi rəhbər seçdim, məni inandırdı ki, İosif Aronoviç elmi fəaliyyətimdə mənə ancaq dəstək olacaq. Yeri gəlmişkən, arvadından boşanandan bir müddət sonra, Mixelson çelyabinskli iranşünas aspirant Nataşayla evləndi.

Keçmiş düşmənim dissertasiya işimin planının yazılmasında, lazım olan materialların tapılmasında mənə kömək etdi, fəsilləri oxuduqca, düzəlişlərini, qeydlərini etdi, məsləhətlərini verdi. Artıq söhbətlərimizdə Qarabağ məsələsiylə bağlı məni cırnatmırdı, bir-iki dəfə “Ermənistanla danışıqlar nə yerdədi?” tipli suallar vermişdi.

Müdafiə edib oldum cavan alim, qısa müddətdə Rusiya vətəndaşlığını aldım. Mixelsonun müdir olduğu şöbədə elmi əməkdaş kimi işə düzəldim, universitetdə “Mesopotamiya tarixi”ndən saathesabı dərs deməyə başladım.

Keçmiş yataqxana qonşum Veranın dediyinə görə, Moskvaya qayıdıb elmlər namizədliyini müdafiə edən Vika iki il sonra Berlində hindşünasların beynəlxalq konfransında özündən iyirmi səkkiz yaş böyük alman alimlə tanış olmuşdu, ona ərə gedib köçmüşdü Almaniyaya.

İllər sonra Rusiya Milli Kitabxanasında, erkən orta əsrlər Şərq poeziyası üzrə məqalələr toplusunu vərəqləyərkən, artıq akademiyanın müxbir üzvü olmuş Mixelsonun yarım səhifəlik ön sözüylə bir yerdə Heydelberq Universitetinin professoru Viktoriya Malışevanın “Kalidasanın yeni şeirlərində erotizmlər” məqaləsinə rast gəldim, qeyri-ixtiyari gülümsədim. Ön sözün ilk abzasında Mixelson yazırdı: “Bu məqaləsi ilə artıq sanskritşünaslıqda dəfərlərlə öz sözünü demiş professor Viktoriya Malışeva Kalidasa poetik irsini növbəti dəfə zənginləşdirmişdir. Ürəkdən sevinirəm ki, onun ilk elmi uğurlarına mənim də müəyyən töhfəm olub”. İstədim, qələmi götürüb “müəyyən” sözünü dırnağa alam, həmin sözdən səhifənin aşağısına ox işarəsi çəkib “Mənim də “töhfəm” olub. M.Z.” (ad, soyadımın baş hərfləri) yazam, vaz keçdim. Məqalənin ilk cümləsində Vika Mixelsona daima verdiyi dəyərli məsləhətlərinə görə dərin təşəkkürünü bildirir, onunla əməkdaşlıqdan xüsusi zövq aldığını yazırdı. Əlim dinc durmadı, “xüsusi” sözünü dırnaq içinə saldım.


# 310 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #