Ölən xanımının şəklini cibində gəzdirdi, zəhərlənib səhnədə huşunu itirdi, Məşədi İbad roluna onu çəkmədilər...

Mirzə Babayev. Xalq artisti

Mirzə Babayev. Xalq artisti

13 yanvar 2022
# 12:15

Bu gün Xalq artisti Mirzə Babayevin anım günüdür. Kulis.az bu münasibətlə unudulmaz ifaçı haqqında maraqlı faktları təqdim edir.

Mirzəağa (Mirzə) Əbdülcabbar oğlu Babayev 1913-cü il iyul ayının 16-da Bakının Maştağa kəndində doğulub, anası Sonaxanım bəy ailəsindən olub. Mirzə Babayev İçərişəhərin "ağşalvarlılar" məhəlləsindəndir. Evləri İçərişəhərin M.Ə. Sabir küçəsində olub.

***

Mirzə Babayevin atası - Əbdül Cabbar müasirliyin tərəfdarı olub, vaxtaşırı Parisə gedib-gələrmiş. Yeddi oğlu, bir qızı olub. Uşaqlarının təhsilinə ciddi fikir verib — demək olar ki, hamısı ya Peterburqda, ya da Moskvada təhsil alıb.

Mirzə Babayevdə musiqiyə maraq, yəqin ki, anasından keçib. Anası Sona xanım Xanlarova rəfiqələrini evə qonaq çağırarkən, onlar üçün qarmon çalarmış. Mirzə Babayev böyük səhnəyə çıxandan əvvəl, 1932-ci ildə təhsil aldığı Sənaye İnstitutunda, indiki AZİ-də, çıxış edirmiş.

***

Mirzə Babayev Sənaye İnstitutunu bitirəndən sonra Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. Musiqi ilə ciddi məşğul olmağa başlamazdan əvvəl, həm memar kimi, həm də rəssam kimi çalışıb. Müharibədə iştirak edib. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.

***

Müharibədən qayıdandan sonra M.Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb. Sənət cameəsinin Mirzə dayısı ixtisasca memar idi. Bakıda bir çox binaların, o cümlədən, Nizami adına Ədəbiyyat muzeyinin, Vətən kinoteatrının layihə müəlliflərindən olub.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Hətta Bülbül istəyirmiş ki, onu opera müğənnisi kimi hazırlasın, lakin Azərbaycan Respublikasının Xalq artisti Tofiq Quliyevin dediyinə görə, Mirzənin səsi estrada mahnılarının ifası üçün daha uyğun olub. Tofiq Quliyevin Daxili İşlər Nazirliyinin nəzdində yaratdığı caz orkestrində də çıxış edib. Mirzə Babayevin ilk estrada ifaçısı olması etiraf olunur, amma nədənsə caz ifaçısı kimi qəbul edilmir. Halbuki, Tofiq Quliyev musiqimizin bu mərhələsi haqqında danışanda həmişə onun adını çəkirdi.

***

Ümumiyyətlə, Mirzə Babayev Tofiq Quliyevlə yaxın olub. Tofiq Quliyev isə bir çox filmlərin musiqisini bəstələyib. Deyirdi ki, əgər həmin filmdə Mirzə də çəkilirdisə, ssenari üzrə mahnı nəzərdə tutulmayanda da, bir mahnı yazırdım ki, onun ifası bu kino lentində də qalsın. "Dərviş Parisi partladır" filmində də belə olmuşdu. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev, Mirzə Babayevə görə yazıb. Mirzə Babayev bəstəkar haqqında deyirmiş:

“Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim”.

Təkcə Azərbaycanda yox, Odessa, Daşkənd, Aşqabad kinostudiyalarında istehsal olunan filmlərdə də iştirak edib. Burada "O olmasın, bu olsun" filmi çəkiləndə, Məşədi İbad roluna onu çəkmək istəyirmişlər, amma kimsə mane olub. Məşədi İbadın yalnız musiqi partiyalarını ona etibar ediblər.

***

Ümumiyyətlə, sovet vaxtı Mirzə Babayevin ifa tərzini, səhnə hərəkətlərini qəbul etməyənlər çox idi. Müğənnilərdən səhnədə statik olmağı tələb edirdilər. Mirzə Babayev axı belə deyildi, ifası müxtəlif hərəkətlərlə müşayiət olunurdu. Elə şanson tərzinin özünü də qəbul etmirdilər. Mirzə Babayev Azərbaycanda estrada janrının banisi olmaqdan başqa, həm də şanson üslubunda oxuyan, demək olar ki, yeganə müğənni idi. Tofiq Quliyevlə Emin Sabitoğlu məxsusi Mirzə Babayev üçün şanson mahnıları yazıblar. Oqtay Rəcəbovla Vasif Adıgözəlov isə o cür yazmasalar da, onların da mahnıları Mirzə Babayevin ifasında şanson mahnılara çevrilirdi.

***

Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk, bəlkə də, yeganə şanson ifaçısıdır. Məsələn, “Bir utan qızına aşiq olarmı adam”, “Mən səni sevirəm” mahnıları zamanında əvəzsiz üslub idi. Mirzədə artistizm çox güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi. Bu səbəbdən də “Limanlar”, “Uzaq yaşıl ada”, “Bir axşam”, “Gəlmədi”, “Kimlər gəldi, kimlər getdi”, “İndi günah nə səndədir, nə məndə”, “Qurban olum”, “Düşürsən yadıma” kimi mahnıları uzun illər sevilib.

Bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: “Əgər “Kəpənək” mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq”. Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyurdular.

***

Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: “Görün necə gözəldir?”

***

Çoxu bilmir ki, “O olmasın, bu olsun filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə oxuyub. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.

50-yə yaxın filmə çəkilib, bunların çoxunda aktyor kimi iştirak edib. Rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah (“Dərviş Parisi partladır”), Mirişin atası (“Bəyin oğurlanması”), Meyxanaçı (“”Dəli Kür”), Bəy (“Qaraca qız”) ən məşhur rollarındandır. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevin çəkiləcəyini biləndən sonra yazıb.

***

Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 24 may 1960-cı ildə "Azərbaycan SSR əməkdar artisti", 4 mart 1992-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adlarına layiq görülmüş, iki dəfə "Humay" mükafatı laureatı olmuşdur. 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat etmişdir.

Mirzə Babayev ən uzunömürlü müğənnilərimizdəndir. Olduqca pozitiv insan olub. Görənlərə həyat eşqi aşılayıb. O, söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. “Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam". Amma o, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, 2003-cü il yanvarın 13-də, 89 yaşında vəfat edir.

***

Kimlər gəldi, kimlər getdi bu dünyadan

Arif olan nakam getməz bu dünyadan...

Bu mahnını Mirzə Babayev qədər ürəkdən oxuyan olmayıb. Ürəkdən oxuyurdu, oxuduqlarına inanırdı və həyatını da o cür yaşayırdı. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi unudulmaz ömür yaşadı.

# 5801 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #