Nizami Gəncəvinin ədəbi-pedaqoji irsi

Nizami Gəncəvinin  ədəbi-pedaqoji irsi
28 aprel 2022
# 13:40

2021-ci ildə dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri, dünya poeziyasının sönməz ulduzu, sözün tam mənasında dahi insan Nizami Gəncəvinin 880 illiyi tamam oldu.

Nizami Gəncəvi islam poeziyasının sütunlarından, poeziyanın korifeylərindən hesab olunur. O, dünya ədəbi irsində iz qoyub gedib. Nizami Gəncəvi ümumbəşəri mahiyyət daşıyan, ecazkar poetik qüvvəyə malik yaradıcılığı ilə Şərq bədii təfəkkürünü elmi - fəlsəfi fikirlərlə zənginləşdirmiş və şeiriyyatı görünməmiş yüksəkliklərə qaldırmışdır. Mütəfəkkir şairin məşhur “Xəmsə”si dünya ədəbiyyatının şah əsərləri sırasında layiqli yer tutur.

İnsanın daxili dünyasının, onun hisslərinin təsviri, əsas qəhrəmanların düşüncələri Nizami ədəbi məktəbinin tərkib hissəsidir. Nizami Gəncəvinin poemaları daha çox sevgi mövzusu ilə zəngindir və bu da Şərq ədəbiyyatında geniş yayılıb. Nizami Şərq xalqlarının ədəbiyyatına çox yüksək insan idealları və yeni peşəkar nailiyyətlər gətirib və ədəbiyyatda yeni istiqamət açıb. O, əsərlərində ədəbiyyatı real həyatla bağlamağa can atıb.

Bəşəriyyətin böyük şairi olmaqla Nizami Gəncəvi insanları alicənablığa, ləyaqətə səsləyirdi. Dünya filosoflarının ideyaları və mədəni irsi Nizami tərəfindən insanların arzuladıqları mükəmməl gerçək həyat modeli kimi məharətlə təqdim edilib. Nizami Şərq ədəbiyyatında ilk şairdir ki, qadını yüksək insani keyfiyyətlərə malik varlıq kimi təsvir edib-cəsur, mərd, əxlaqlı. O sübut edib ki, qadınlar həyatın müxtəlif sahələrində kişilərlə bərabər şərtlər altında aktiv fəaliyyət göstərə bilərlər.

Nizami Şərq ədəbiyyatında ilk dəfə zəhməti, əməyi tərənnüm edib və göstərib ki, insanı digər canlılardan fərqləndirən də budur. Nizami öz dövrünün böyük vətənpərvəri olub. Hər bir əsərində o, hadisələri öz xalqının böyük keçmişi ilə əlaqələndirməyə çalışıb. Azərbaycanın ecazkar təbiəti şair tərəfindən sevgi ilə təsvir edilib. Azərbaycanın şifahi xalq ədəbiyyatı - əfsanələr, nağıllar və atalar sözləri Nizami yaradıcılığında geniş və məharətlə istifadə olunub.

Nizaminin yaşadığı dövrdə və ondan da xeyli əvvəl Gəncə şəhəri və onun ətraflarında yaşayan əhalinin əsas kütləsini türklərin təşkil etdiyini Nizami əsərlərində görmək olur. Nizaminin bütün yaradıcılığından türkə və türkçülüyə məhəbbət qırmızı bir xətt kimi keçir. Onun əsərlərində öz doğma xalqına – türk etnosuna məhəbbət açıq-aşkar duyulur. Nizaminin türklərə məhəbbəti özünü bir də onda büruzə verir ki, şair yaratdığı müsbət monumental obrazların əksəriyyətini ya türk kimi təsvir edir, ya da onların müsbət insani sifətlərini türklərlə müqayisə edir. Nizami “Leyli və Məcnun” poemasında Leylini, “Xosrov və Şirin”də isə Şirini və onun ətrafındakıları dəfələrlə türk adlandırır.

Bundan əlavə mənəviyyat xəzinəmizin bizə başucalığı gətirən, heç vaxt solmayan ən qiymətli incilərindən biri Nizami Gəncəvinin bizə miras qoyub getdiyi ədəbi-pedaqoji irsidir. Doqquz əsrə yaxındır ki, bu irsdən “əxlaq dərsliyi” kimi istifadə olunur.

Nizami Gəncəvi təhsil, təlim, tərbiyənin bir sıra ümumi məsələləri haqqında elə dəyərli fikir və ideyalar irəli sürmüşdür ki, həmin fikir və ideyalar bu gün də öz əhəmiyyətini itirməmişdir. Məlum olduğu kimi, elmi pedaqogikanın qarşısında duran ən aktual problemlərdən biri şəxsiyyətin formalaşması məsələsidir ki, bu barədə fərqli nəzəriyyələr yaranmışdır. Müasir dövrün alim-pedaqoqları və psixoloqları şəxsiyyətin formalaşmasına təsir edən dörd əsas amili -irsiyyət, mühit, tərbiyə və fəaliyyəti qeyd edirlər. “Xəmsə”də dahi Nizami həmin amillərin hər birinin əhəmiyyətini göstərmiş, poemalarında müvafiq dəyərli fikir və ideyaları irəli sürmüşdür.

Təlim və tərbiyənin şəxsiyyətin hərtərəfli inkişafında böyük rol oynadığını qeyd etməklə yanaşı, şair mənəvi keyfiyyətlərin aşılanmasının vasitə, forma və yollarını da göstərmişdir. Şairin fikrincə, həm təlimin, həm də tərbiyənin ən qüdrətli vasitələrindən biri sözdür. Şair bütün poemalarında sözün tərifini, dəyərini, söz demək qaydaları haqqında tövsiyələrini vermişdir.

Dahi şairin təhsil, təlim və tərbiyənin ümumi məsələləri ilə bağlı fikirlərini aşağıdakı kimi ümumiləşdirmək olar:

- şəxsiyyətin formalaşmasında irsiyyətin rolu böyükdür, lakin həlledici deyil, bəzən “daşdan gövhər” də doğa bilər;

- kamil insanın formalaşmasında elmin, təhsilin, təlim və tərbiyənin əhəmiyyəti şübhəsizdir, lakin özünütəhsil və özünütərbiyənin rolu daha böyükdür;

- yaxşı təşkil olunmuş təlim, hətta, “korazehin” adamı belə alim səviyyəsinə qaldırmağa qadirdir;

- təlim-tərbiyənin müvəffəqiyyəti, hər şeydən əvvəl müəllimdən, tərbiyəçidən, eyni zamanda şagirdin elmə marağından, bacarıq və istedadından asılıdır;

- müəllim dərin bilik və yaxşı tərbiyə vermək üçün özü yüksək biliyə sahib olmalı, şagirdlərini böyük məhəbbətlə sevməlidir;

- şəxsiyyətin formalaşmasında ictimai mühitin rolu da az deyil; mərifətli, elmli adamlarla oturub-durmaq lazımdır ki, həmin keyfiyyətlər sənə də keçsin;

- şəxsiyyətin formalaşmasında əmək fəaliyyətinin də rolu böyükdür; halal əmək insanlarda ən yüksək əxlaqi keyfiyyətlərin formalaşmasına səbəb olur;

– təlim-tərbiyə işinin səmərəli nəticə verməsi həm də yaş dövrlərinin xüsusiyyətlərini nəzərə almaqdan asılıdır. Buna görə də uşağın təlim-tərbiyəsi ilə vaxtında məşğul olmaq lazımdır.

Müasir elmi pedaqogikaya görə tərbiyənin başlıca tərkib hissələrindən biri də fiziki tərbiyədir. Bu baxımdan dahi şair fiziki sağlamlığın əhəmiyyəti, fiziki bacarıq və keyfiyyətlər haqqında demək olar ki, bütün poemalarında dəyərli tövsiyələr vermiş, pedaqoji əhəmiyyətli fikirlər irəli sürmüşdür. O, fiziki sağlamlığın əhəmiyyətini çox yüksək qiymətləndirərək göstərirdi ki, insanın sağlam və möhkəm olması onun əqli və əxlaqi inkişafına da müsbət təsir göstərir:

Bədən sağlam olsa, saf olar söz də,
Süst adam süst olar, bədəndə sözdə.

Qeyd olunan misralarla “Sağlam bədəndə sağlam ruh olar” aforizmini inkişaf etdirən şair göstərir ki, fiziki sağlamlığı və möhkəmliyi olmayan insanın əqli və əxlaqi tərbiyəsinin yüksək səviyyəsindən söhbət gedə bilməz. Heç də təsadüfi deyil ki, fiziki tərbiyəyə belə yüksək qiymət verən şairin yaratdığı müsbət obrazların demək olar ki, hamısı (Xosrov, Fərhad, Bəhram, İsgəndər və s.) özünün ağıllı olması ilə yanaşı, fiziki bacarıq və keyfiyyətləri: at çapmaları, ox atmaları, hünərpərvərliyi, cəldliyi, gücü, cəsarəti, dözümlüyü və s. ilə də fərqlənirlər. Məsələn, “Xosrov və Şirin” poemasında şair “kamil insan”ın ən parlaq nümunəsini Fərhad obrazında göstərir. Fərhad dərin zəkası, uzaqgörənliyi, yüksək mənəviyyatı, cəsarəti, hünəri, dözümlüyü və s. kimi fiziki keyfiyyətləri ilə Xosrovla qarşılaşmada qalib gəlir.

“Yeddi gözəl” əsərinin baş qəhrəmanı Bəhram da ağlı, əxlaqı ilə yanaşı fiziki bacarıq və keyfiyyətləri ilə diqqəti cəlb edir. Belə ki, gənc Bəhram başqalarından “qüvvətli əli”, at çapmağı, “canavarın boynunu qırmağı”, “şirin pəncəsini qırmağı” ilə fərqlənir. Lakin şairin “kamil insan” obrazı İIsgəndərdir. İsgəndəri peyğəmbərlik səviyyəsinə qaldıran şair eyni zamanda onun fiziki güc və qüdrətini qabarıq nəzərə çatdırır. Taxta oturanda fiziki kamilliyi, gücü və cəsarət ilə hamıdan üstün olan İsgəndərlə savaşa girməyə heç kim cürət etmir. Burada şair bir daha xatırladır ki, hünər sahibi olanlar dünyada heç kimə baş əyməz.

Dahi Nizami yuxarıda qeyd olunan fiziki bacarıq və keyfiyyətləri təkcə kişilərdə deyil, qadınlarda da görmək istəyirdi. Heç də təsadüfi deyil ki, onun yaratdığı qadın obrazlarının əksəriyyəti (Məhin Banu, Şirin, Nüşabə və s.) dərin zəkası, mənəvi zənginliyi və zahiri gözəlliyi ilə yanaşı, fiziki bacarıq və keyfiyyətləri: at çapması, ox atması, çövkan oynaması, hünərli və cəsarətli olması ilə kişilərdən geri qalmırlar.

Əqli zənginliyi, əxlaq saflığını və fiziki kamilliyi özündə ahəngdar surətdə birləşdirən ən parlaq qadın obrazı şairin “İsgəndərnamə”də yaratdığı Nüşabə surətidir. Isgəndər kimi əzəmətli dünya fatehi Nüşabənin həm gözəlliyi, həm dərin ağlı və zəkası, həm də cəsarəti və hünəri qarşısında mat qalır və onunla savaşa girməkdən vaz keçir.

Müasir elmi pedaqogikaya görə fiziki tərbiyənin, sağlamlığı təmin etməyin başlıca amillərindən biri də zərərli vərdiş və adətlərə qarşı mübarizədir. Mütəfəkkir şair öz əsərlərində bu məsələni də unutmamış, insanın sağlamlığına zərər yetirən amillər sırasında sərxoşluğa meyli xüsusi qeyd etmişdir. Məsələn, elə ilk poeması olan “Sirlər xəzinə”sində şair çox sadə bir dillə başa salmağa çalışır ki, şərab və spirtli içkilər insanın təkcə sağlamlığına zərər vermir, eyni zamanda onun ağlını əlindən alır.

Müasir elmi pedaqogika və təbabət elminə görə insan sağlamlığına, fiziki möhkəmliyinə böyük təsir göstərən amillər içərisində təbii amillər mühüm yer tutur. Mütəfəkkir şair “Xəmsə”də həmin məsələni də unutmamış, yeri gəldikcə bu barədə dəyərli məsləhət və tövsiyələrini vermişdir. Məsələn, sudan bəhs edərkən şair qeyd edir ki, təmiz su nə qədər faydalı olsa da onu normadan artıq içmək olmaz. Çünki: “Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da”.

Fiziki tərbiyədə, orqanizmin sağlamlığı və möhkəmliyində bir sıra fiziki bacarıq və keyfiyyətlərin, həmçinin əxlaqi sifətlərin aşılanmasında mühüm rol oynayan milli oyunlar da şairin diqqətindən yayınmamışdır. O, “Xəmsə”də çövkan, nərd, şahmat və s. oyunların adını çəkmişdir.

Beləliklə şairin fiziki tərbiyə ilə bağlı fikir və ideyalarını aşağıdakı kimi ümumiləşdirmək olar:

- kamil insan əqli və əxlaqı ilə yanaşı, fiziki cəhətdən möhkəm və sağlam olmalıdır;

- fiziki cəhətdən kamil olan insan qorxmaz, iradəli, hünərli, cəsarətli olmalıdır;

- kişilərlə yanaşı, qadınlar da fiziki cəhətdən kamil, cəsarətli və hünərli olmalıdır;

- fiziki sağlamlığın başlıca amillərindən biri düzgün qidalanmaqdır; lakin çox az da yemək düzgün deyil, bu, orqanizmin zəifləməsinə səbəb ola bilər;

- qidalanma zamanı yeməyin tərkibinə diqqət yetirilməlidir;

- yuxu rejiminə də ciddi əməl etmək vacibdir; insan yuxuya aludə olmamalıdır.

Təhsil sistemimizin indiki dövründə dahi söz ustadının “söz xəzinəsindən” faydalanmaq olduqca əhəmiyyətli və vacibdir.

Nizami Gəncəvi özü xarakteri etibarilə həmişə, hər yerdə hünər və gözəllik görmüş, heç kəsdə eyib axtarmamışdır. Dahi şairin misilsiz poeziyası orta əsrlər cəmiyyətinin eybəcərliklərini göstərməklə bərabər, onun işıqlı və təqdirəlayiq cəhətlərini də görmüş və əks etdirmişdir.

Nizami elə dahilərdən idi ki, öz sənətinin ölməzliyini yaxşı bilirdi. Son poemasındakı məşhur beytləri də bunu təsdiq edir. Xəyalən öz məzarını təsvir edən şair, oxucusuna üz tutaraq deyir:

Uzaqdan sən mənə göz yaşı töksən,
Mən sənə parlaq nur saçaram göydən.
Duadan bir dilək istəsən əgər,
Mən amin deyərəm, qəbula keçər.
Salam ver, hörmətlə məndən salam al,
Gəl qəbrim üstünə, edim istiqbal.
Hər zaman diriyəm sənin kimi mən,
Mən cana gələrəm, sən cana gəlsən.

Peyğəmbər uzaqgörənliyi ilə yazılmış bu sözlər artıq 880 ildən artıqdır ki, hər gün yeni-yeni oxuculara öz doğruluğunu sübut edir və hələ bundan sonra da neçə minilliklər boyunca sübut edəcək!


Həmzəbəyova Təranə Ağarza qızı

ADPU-nun nəzdində ADPK-nın
“İncəsənət və fiziki tərbiyə” FBK-nın sədri,
Qabaqcıl təhsil işçisi

# 3374 dəfə oxunub

Müəllifin son yazıları

# # #