Bu gün şair Məcnun Göyçəlinin doğum günüdür.
Kulis.az onun şeirlərini təqdim edir.
GÖZ YAŞIMDAN GÖYÇƏ KEÇDİ
Zaman ötür, tarix laldı, –
Gözyaşımdan Göyçə keçdi!
Əllərim göylərdə qalıb, -
Gözyaşımdan Göyçə keçdi!
Aşıq sındı, saz ağladı,
Kəlmə yandı, söz ağladı,
Məni görüb, yaz ağladı! –
Gözyaşımdan Göyçə keçdi!
Qəribliyin sınmaz oxu,
Ələmdi hər gələn yuxu.
Qocalmamış köçür çoxu! –
Gözyaşımdan Göyçə keçdi!
Payıza xına qatdılar,
Nənələri "oynatdılar!"
Bayramda papaq atdılar
Gözyaşımdan Göyçə keçdi!
Gülçü gülünnən danışır,
Dilçi dilinnən danışır,
Hamı elinnən danışır, -
Gözyaşımdan Göyçə keçdi!
Məcnun, sünbülsüz zəmiyəm,
"Zarıncı"yam, "Dilqəmi"yəm.
Mələmiş quzu kimiyəm, -
Gözyaşımdan Göyçə keçdi!
BİRCƏ KƏLMƏ SÖZƏM MƏN
Yaman yerdə qəza vurdu, yıxıldım,
Elə billəm qəm-qüssəyə izəm mən.
Sahil uzaq, ümman dərin, zaman dar,
Bir yol qalır - qəmdən-qəmə üzəm mən.
Qəfəsdəyəm, ney könlümdə köklənib,
Mətləbimə zaman yükü yüklənib!
Ah-amanım buludlara söykənib,
İllər boyu yaş tökəsi gözəm mən!
Məzar daşın nida kimi dikəlmiş,
Yan-yörənə qərib güllər səpilmiş.
Bala, dərdin ciyərimə çəkilmiş!
Bir də çətin bu ağrıya dözəm mən.
Göyüm tutqun, həyalanmır hələ dan,
İliyimdə sızıldayır ötən an.
Dil-dodaqda "yazıq" adı yaşadan
Məcnun yoxdu, bircə kəlmə sözəm mən!
Qızım Ayselin xatirəsinə
Neyləmişdim yerə, göyə?!
Çökdü qəsrim, qalam mənim.
Haqq axtarıb, Allah gəzir,
Göydən enmir nalam mənim!
Dinim yandı qibləgahda,
Görkə döndüm qopan ahda!
Çıxdaş olub çəməngahda
Nə tez soldu lalam mənim?!
Fələyin çərxi sökülsün,
Sınıx könlümə tökülsün.
Daşa dönmüş atan ölsün,
Daşa dönmüş balam mənim!