Maskanın arxasında kim var? - Günel Mehri

Maskanın arxasında kim var? - Günel Mehri
29 dekabr 2023
# 15:30

Kulis.az Günel Mehrinin İctimai TV-nin yeni layihəsiMaskaşousu haqqındaMaskanın içindəkiləryazısını təqdim edir.

Gözəllik salonu:
-Maska xoşuna gəldi?
-Hansını deyirsən? Dünən aldığımı?
-Yox e. “Maska” şousunu deyirdim...
-Hə... Super idi!
-İctimai təəccübləndirir...

Bəli, İctimai Televiziya yenə fərqliliyi ilə gündəmə gəldi. Teleməkanı elə silkələdi, elə lərzəyə saldı ki, evdə, işdə, küçədə, dükanda hər kəs “Maska” dedi, “Maska” eşitdi. Mən də adətim üzrə qələmimi əlimə alıb, “Xalqın gözü tərəzidir” söyləyən atalarımızın sözünə qüvvət verib, hər kəsin dilinə düşən yeni layihədən yazmağa başladım. Diqqətli olun, sizə Azərbaycan efir məkanının ən gizli, sirli-sehirli şosusu “Maska”nın içindəkilərdən söhbət açmaq istəyirəm. Bu şou “Kimsən sən?” deyən beş nəfər xəfiyyə-jüri və bir-biri ilə ifa rəqabətinə çıxan maskalı məşhurların qarşıdurması üstündə qurulub. Belə ki, başdan-ayağa müəmmalı obraza bürünmüş 12 tanıdığımız məşhur qarşımıza tanınmaz bir görkəmdə gəlir və şou boyunca həm bir-biri ilə, həm də onları tapmağa çalışan jüri ilə mübarizə aparır. Mübarizə zamanı maskanın içindəki məşhur elə etməlidir ki, səsi və səhnə duruşu ilə tamaşaçıların rəğbətini də qazansın, jüri üzvlərini çaşdıra da bilsin.

Uzun illər sonra bizləri ekrana cəlb edən, TV-də səbrsizliklə gözlədiyimiz mükəmməl bir layihə oldu: “Maska, kimsən sən?” Əməyi olan hər kəsə sonsuz təşəkkürlər!

Xəfiyyə-jürilər – Murad Arif, Nigar Camal, Faiq Ağayev, Kamilə Babayeva və Coşqun Rəhimov bütün fikirlərini səfərbər edib bəlkə də çiyin-çiyinə çalışdıqları, amma maskanın altından tanımadıqları məşhurları axtarıb tapmağa cəhd edirlər, bəzən həmfikir olurlar, bəzən də versiyaları haçalanır. Verilişin maraqlı tərəfi odur ki, gedişatı izləyə-izləyə tamaşaçılar da bir növ detektivə çevrilirlər. Maskanın altında gizlənən şəxslə bağlı öz təxminlərini sosial şəbəkələrdə paylaşırlar.

Çox sevərək baxıram, afərin sizə, uşaqlar. Xalqımız çox istedadlıdır, çox şeyə qadirdir. Demək ki, istəyəndə maraqlı verilişlər ərsəyə çıxara bilirlər. Həm iştirakçılara, həm də kostyumların hazırlanmasında əməyi keçənlərə təşəkkürlər.

Kostyum demişkən, adından da göründüyü kimi, şounun məğzində maska durur. Şəxsən mənim diqqətimi çəkən məqam bizim “Maska”dakı obrazların əksəriyyətinin Şərq adət-ənənələrinə, milli təfəkkürümüzə uyğun şəkildə hazırlanması oldu. Bu baxımdan Alov, Nar, Boz Qurd, Molla Nəsrəddin, Xarıbülbül, Cırtdan, Xalça, Cəngavər, Qəlyan obrazları bizim ruhumuza yaxın idi. O ki qaldı Qorilla, Kəpənək, Güzgüyə, onlar da səhnədə bəşəri obrazlar kimi kifayəq qədər cəlbedici görünürdülər. Mövzunu araşdıranda düşündüm ki, görəsən, məşhurlar obrazlara uyğun seçilirdi, yoxsa seçilmiş məşhurların görünüşünə, xasiyyətinə uyğunlaşdırılmış obrazlar hazırlanırdı? Təşkilatçılardan soruşanda bəlli oldu ki, əvvəlcə rəssam tərəfindən obrazların eskizləri hazırlanırmış. Daha sonra yaradıcı heyət və kanal rəhbərliyi təklif olunan obrazların içindən bəyəndikləri namizədləri seçib saxlayırmış. Sonuncu mərhələdə isə seçilmiş obrazlara uyğun ola biləcək məşhurlar dəvət edilirmiş. Yeri gəlmişkən, öyrəndim ki, maskaları hazırlamaq üçün əvvəlcə layihəyə xaricdən rəssam dəvət etmək istəyiblər. Daha sonra rəssam Nərminə Vəliyevanın ilkin eskizləri bəyənilib və o, “Maska” obrazları üzərində işləməyə başlayıb.

Əvvəlindən indiyə kimi baxıram, çox maraqlıdır! Əvvəllər Rusiyanın “Maska”sına baxırdım. Ruslardan heç də geri qalmır – həm quruluş, həm kostyumlar, həm ifalar möhtəşəmdir! Televiziya kanallarımız nəhayət ki, bizi cəlb edə bildilər.

Qeyd edim ki, bu şou “FremantleMedia”ya məxsus lisenziyalı layihə olduğundan dünyanın bir çox ölkələrində təcrübədən keçmişdi. Azərbaycan tamaşaçısına isə “Maska” şousu Rusiyanın «НТВ» telekanalından tanış idi. Açığı, verilişi Rusiyadan izləmiş bütün tamaşaçıları bir sual maraqlandırırdı: “Rusiya bu layihəni çox möhətəşəm hazırlayırdı. Görəsən, bizdə də belə alınacaqmı? Jürilər maraqlı olacaqmı? İfalar gözəl səslənəcəkmi?” Təcrübə göstərdi ki, müqayisə olan yerdə keyfiyyət də artır. İctimai TV-nin 200-dən artıq əməkdaşının çalışdığı layihə həm jüriləri ilə, həm iştirakçıların performansları ilə diqqətləri öz üzərinə çəkə bildi. Efir məkanının panoramasına nəzər salanda əminliklə deyə bilərik ki, bu mövsümün damğası “Maska” şosusu ilə vuruldu. Çünki “Maska” şouda nə desən vardı: bol-bol işıq, bol-bol rəng, bol-bol həyəcan və bol-bol musiqi!

Nə gözəl geyimlər, nə gözəl rəqslər, nə gözəl şou və səhnə performansı. Afərin!

Mənə görə, maskalı məşhurlar hər həftə ortaya qoyduqları Avroviziya müsabiqəsi dadında performansları ilə nəinki təəccübləndirməyi bacarırlar, həm də maraqlı ifaları yaddaşlara köçürlər. Nəzərə alsaq ki, ifaçıların hamısı peşəkar musiqiçi belə deyil, musiqi nömrələrinin səsləndirilməsi və obrazlara uyğun mahnı seçimləri izlədiyim yerə qədər möhtəşəm idi. Bir də, illərin televiziyaçısı kimi önəmli bir məqamı xüsusi vurğulamaq istərdim. Təqdim olunan musiqi nömrələrinin gözümüzə bu qədər xoş xitab etməsi, mükəmməl səhnə işıqlandırma sistemi, maraqlı xoreoqrafiya, qeyri-adi səhnə tərtibatı və keyfiyyətli çəkiliş hesabına başa gəlir. Sırf bu məqamlara görə İctimai TV-ni ayrıca alqışlamaq lazım. Heç kimə sirr deyil ki, belə layihələr böyük miqdarda maliyyə və peşəkar yanaşma tələb edir. Nəticə isə göz qabağındadır.

Həqiqətən də Azərbaycanıma yaraşan verlişlər belə olmalıdır. Səviyyəli həyəcanverici, maraqoyadıcı.

Həyəcan deyincə jürilərdən danışmasaq, olmaz. Şəxsən mənə jürilərin düşüncələrinin gedişatını izləmək məxsusi ləzzət verir. Düşünürəm ki, bu tipli layihələrin baxımlı alınmasında jürilər böyük rol oynayır. Onların səlist nitqi, aktyorluq məharəti və yerində deyilmiş replikaları önəmlidir. Bu baxımdan Murad Arifin analiz məharəti, Faiq Ağayevin məntiqi, Coşqun Rəhimovun baməzə atmacaları, Kamilə Babayevanın geniş spektorlu versiyaları, Nigar Camalın spontan emosiyaları maraqlıdır. Məncə, jürilərin emosional dialoqlarına deyə-gülə reaksiyalar verən Ağa Nadirov da aparıcı kimi bu layihəyə yaraşıb.

Şəxsən bizim məşhur insanların bu qədər bacarıqlı olduğuna inanmazdım... Halal olsun hər birinə.

Bir az da şounun təhtəlşüurumuza diqtə etdiyi alt mesaja toxunmaq istəyirəm. Psixologiyaya görə, bütün şüurlu insanlar maskalı. Yəni hər insanın cəmiyyətə təqdim etdiyi mənindən başqa hamıdan gizli saxladığı, maska altında olan başqa bir məni də var. “Maska” şousu da tanıdığımız məşhurların tanımadığımız tərəflərinə güzgü tutur. Elə ona görə də maskanın içindəkinin kim olduğu bu qədər çaşdırır. Biz səhnədəki məşhurların layihədə təqdim olunan yanlarını tanımırıq axı. Və layihəni izlədikcə düşünürük ki, ətrafımızda hər kəs əslində bizi təəccübləndirəcək qədər sirli və gözəgörünməz bir maska daşıyır...

Belə verilişlər artsa, intellektual Azərbaycan tamaşaçısı televiziyanı izləməyə başlayacaq. Gözəl, axıcı layihədi!

Gərgin iş həftəsini geridə qoyub doğmalarla rahat bir bazar axşamı keçirmək istəyirsiz? Beyini yükləməyəcək, gündəlik qayğılardan uzaqlaşdıracaq, həm də adrenalin bəxş edəcək bir layihə yerinə düşməzdimi? Sonra bilmədik, deməyin. Çayınızı, qəhvənizi öncədən dəmləyib, hər bazar saat 21:00-da İctimai TV-nin qarşısına keçin. Demək məndən, izləmək sizdən. Baxaq görək, “Maska”nın içindən daha kimlər çıxacaq?

Azərbaycan televiziyasında ilk dəfə belə səviyyəli verliş görürəm. Hər şey təbii və gözəl. Davamı gəlsin, heç bir zaman bitməsin!

Bu arada, fikir verdinizsə, yazımın müxtəlif məqamlarında verilişin linki altında qeyd olunmuş real tamaşaçı şərhlərinə istinad etmişəm. Sonda isə istərdim, “Maska” şousu haqqında iki maraqlı insanın mənimlə bölüşdükləri fikirləri sizə çatdırım...

Aktyor Vüsal Murtuzəliyev:

"Artıq insanlar türk seriallarının növbəti bölümünü izlədikləri həyəcanla bazar gününü, necə deyərlər, iplə çəkirlər. Çox maraqlı layihədir. Peşəkar hazırlanıb. Diqqətlə izləyirəm. Maskanın içindəkilər təəccübləndirməyi bacarır. İctimai TV-ni bu uğurlu layihəyə görə ürəkdən təbrik edirəm. Məncə, bütün yaş qruplarına xitab edən və Azərbaycan tamaşaçısının ürəyincə olan bir şoudur".

Jalə Həsənli:

"Hansı məşhur bu layihədə iştirak etmək istəməz ki? Qonşu ölkələrin telekanallarında yayımlananda o verilişi sevərək izləyirdim. Bizdə ilk veriliş gedəndə baxmamışdım. Səhərisi gün gördüm, dost-tanış telefonuma Xarıbülbülün fotolarını göndərib. Məni o obraza bənzədənlər olub. Açdım verilişi, izlədim və çox bəyəndim. İTV-ni təbrik edirəm. Əziyyətli bir işdir. Yeganə gözümə batan məqam studiyadakı tamaşaçıların bəzən dozasını aşan emosiyalarıdır. Münsif kimi Murad Arifin analizləri mənə maraqlı gəlir. Kamilə xanımın səmimiyyətini sevirəm. Layihəyə bol tamaşaçı və yüksək reytinq diləyirəm".

# 3348 dəfə oxunub

Müəllifin son yazıları

# # #