Lüt qadın və balina paraleli... - Bizə nə demək istəyirlər?

Lüt qadın və balina paraleli...  - Bizə nə demək istəyirlər?
11 noyabr 2024
# 21:00

Kulis.az Samir Mirzənin yeni yazısını təqdim edir.

Dəyər nədir e, ümumiyyətlə? Lüt qadın və balina paraleli…

Başımız daşlara, kəsəklərə bərk qarışıb. Lüt qadın, balina... Hara fırlatsan, daş kimi durublar... Onsuz da daşa olan məhəbbətimiz öləndən sonrakı dəbdəbəli baş daşımızda təzahür edir. Və ya daş-qaşlara olan sevgimiz… Daşlaşmış insanların simvolik, fəlsəfi, müqəddəs, nanəcib və s. daşlara münasibəti də daş kimidir, yaxud əksinə, daşlaşmaqda olan neqativlərə daş kimi olmamaq istəyi. Betonu bərkimədən üstünə su tökmək, onu yumaq kimi...

Dəyər sözü o qədər dəyərdən düşüb ki, dəyərlərimizə də daş kimi münasibət göstəririk. Daşlaşmış, robotlaşmış, ruhsuzlaşmış dəyərlərimiz...

Məsələn, insanlar arasında artıq rahat şəkildə sual edənlər var ki, əşi nə dəyər e, sən canı, sənin üçün müqəddəs dəyər varmı, dəyər nədir e, ümumiyyətlə?

Lüt qadın heykəlini hərə bir yerə çəkdi. Şüurlu şəkildə dəstəkləyib “This is art” deyənlərdən tutmuş, şüursuz şəkildə tənqid edib heç bir arqument gətirməyənlərə kimi. Əlbəttə, mədəniyyət olduğuna inananlar və əsaslı şəkildə bunun nanəcib olduğuna inanmayanlar da var. Səmimi hisslərlə, tutarlı arqumentlərlə. Əmması yes, tutarlı olub-olmaması hansısa meyara söykənməlidir. Oğrunun doğru olmadığını göstərdiyimiz kimi...

Məsələn, günün birində kimsə çıxıb desə ki, akazımıçka, sən demə, oğurluq edənlərin heç biri, əslində, oğurluq etmirmiş, ürəyindən keçən emosional ehtiyacını ödəyir, azad seçimini edib istəyini gerçəkləşdirir, onun haqqıdır və bunun üzərində fəlsəfə yapsalar, vəssalam, şüt tamam.

“Fahişə” və “əxlaqsızlıq” sözləri tarixə qovuşduğu kimi – Seks işçisi.

Qadın və kişi məfhumu get-gedə qadağan edildiyi kimi... Bəzi ölkələrdə cinsinin hansı olması önəmli də deyil, sən özün hansını seçdinsə, ondansan...

Deyirlər, heykəl daş parçasıdır, əşi lütdür lütdür də, nolar ki, kişi də lüt idi də. Okeyşn. Hesablasaq, gender bərabərliyi pozulub, lüt qadın lüt kişidən çoxdur. Çox ucuz misaldır, elə deyilmi? Amma hər şeyi belə başlayırlar.

Nəysə, gəlin, hamımız ən çılpaq - müxtəlif formalarda - heykəllər düzəldək və bunu şəhərin ən görünən yerlərində yerləşdirək. Təbii ki, “This is art” şüarı altında. Yaranan mənzərə təsəvvür etməyə dəyməz.

O qədər qadın bədənini istismar etdilər ki, az qala hər reklamda qadın bədənindən istifadə edib məhsullarını satırlar. Qadınlar özü buna etiraz etməkdən yenə kişilər özünə əl qatıb qadınların haqqını qoruyur. Sonra da mənfi qəhrəmana çevrilir. İndiyə qədər qorumusunuz, daha bəsdir də. Qoy özləri qorusun da. Dəhşətsiz e...

Nağarağ ki, bunun sui-istifadə olduğunu bilmirlər. Əgər şəhvanilik düşünülməsəydi, diqqət çəkmək üçün belə addım atılmazdı. Söhbət heç şəhvanilikdən getməyə də bilər. Niyə məhz qadın bədəni, niyə məhz qadın? Bəli, orada kişi heykəli də vardı, amma kişi heykəlinin nə qədər effektsiz olduğunu yaxşı bilirlər və ona görə də bundan az istifadə olunur.

Nə deyirdim? Daşlaşmışıq və ya daşlaş(n)ırıq, hə. İndi o qədər inandırıblar ki, o qədər “this is art”, “kül başına, ay çuşka”, “gerizəkalı”, “görməmiş” kimi sözlərlə atəş açıb, aşağılayıb, sonra humanistlikdən dəm vurub, “şiddətə yox” deyiblər ki, nəyisə izah edə bilməz olmuşuq.

Məsələn, balinanın maket olduğuna inandıra bilmirdik, a kişi. Deyir ki, “get, topunla oyna”. Məgər ona “maket” deyəndə nə dəyişir ki. Lap elə əsldir. Nolacaq?! Çünki inanmışdıq, bərk inanmışdıq ki, o əsldir, təbiidir, canlıdır, amma hər şey dəqiqliklə sübut olunsa da, bunun üçün yenə də zamana ehtiyac oldu ki, insanlar “balina”nı əli ilə taqqıldadıb əmin olsunlar.

Elə bir çoxlarına da “lüt qadın” fəlsəfəsinə əlləri ilə toxunub taqqıldatmaqları, düşünmələri, “həəə, belə imiş” demələri lazımdır, yoxsa boğazını yırtsan da heç nə təsir etməyəcək. Çox şükür, artıq qadınların bəziləri bədənlərinin istismar olduğunu düşünür və buna müxtəlif formada, məsələn, köşə yazmaqla narazılığını ifadə edirlər.

Çox hörmətli ziyalımız Mübariz Yunuszadə demişkən: “Sənət sənət üçündür fikri zərərlidir, sənət əqidə və amal üçündür…”

Daşlaşmayaq, yoxsa bizi də bir gün eksponat kimi bir küncə qoyacaqlar, yoxsa biz də tarixə qovuşacağıq, yoxsa biz də ruhsuzlaşacağıq...

# 2023 dəfə oxunub

Müəllifin son yazıları

# # #