#

Hər yanda uşaqlar ölürdü, ya mərmidən, ya da aclıqdan - Aida İsmayılova

Hər yanda uşaqlar ölürdü, ya mərmidən, ya da aclıqdan - Aida İsmayılova
1 oktyabr 2024
# 11:00

Kulis.az Aida İsmayılovanın yeni yazısını təqdim edir.

Qışda təbiət kimi insan da “qış yuxu”suna gedir, elə bil bir az da “donur”. Payızın qışa keçidi lap maraqlıdır; yerdə xəzəl olmuş yarpaqları gah külək belədən-belə sovurur, gah yağış isladır, gah da bir küncdə yavaş-yavaş torpağa qarışırlar. Hərdən də günəş çıxır, amma onun o yarpaqlara daha xeyri yoxdur, onsuz da ömürlərini başa vurublar.

Qış həm də nağıl “fəsli”dir. Elə uşaqlıqdan qışda ocaq başında nağıl dinləmişik, yanan odunun “çırtı-çırt” səsi fonunda bizə təəccüblü gələn nağıllara qulaq verirdik. Nağılın tez bitməsi bizi kədərləndirir, nənədən başqa birini də danışmasını istəyirik. O isə “bu gecə bəs edər, başqa vaxta da qalsın” deyir. Maraqla növbəti nağıllı gecəni gözləyirik...Uşaq olmaq belə bir şeydir, təəccüblənə bilmək, inanmaq, saflıq, məsumiyyət...

İndi də soyuq qış gecələrində isti ocaq başında danışılan nağılları yenidən eşitmək istəyirsən, dünyanın bir küncündə, aid olduğun yerdə, sakit, bir uşaq olmaq keçir ürəyindən. Hər şeyin qar kimi bəyazlığa, saflığa büründüyü və ya sənə elə görünən kiçik bir dünya...

Qış gecələri uzun olur, həm də soyuq. Biz isti ocağın başında sakitcə nağıl dinləyərkən başqa yerlərdə nələrin baş verdiyindən xəbərsizdik; yenə dünyanın dörd bir tərəfində uşaqlar ölürdü - ya mərmidən, ya da aclıqdan. Biz kiçik dağ kəndinin uşaqları isə öz kiçik dünyamızdan ibarət idik; palçıqdan evlər, yeməklər düzəldən balaca əllərdən ibarət idik..Böyüdük, hərə bir yana getdi, hərə öz nağılının qəhrəmanı olmağa getdi, kim bacara bildi o qəhrəman olmağı?! Bəlkə, əslində, heç istəmədiyimiz qəhrəmanlar olduq. Nəticədə, insan anlayır ki, əsas əldə olunan deyil, ona doğru gedilən yoldur.

Böyük sevgi ilə lampa işığında toxunan corablar vardı, qəribədir ki, lampa yandıqca ətrafa yayılan neft qoxusu da adama başqa cür gəlirdi. İynələr corabın ilmələrini işlədikcə maraqla izləyərdim, kiçik bir ilmə ilə başlanan proses sonda gözəl bir corab olurdu. Toxuculuğu da elə qadın yaradıb axı...Toxuma səbir tələb edir, elə qadın olmaq da.

Böyüdük, amma hələ də heç bitməyən bir nağılın olmasını istəyirəm... “Həyatın özünün yaratdığı nağıllardan yaxşısı yoxdur”. Hans Xristian Anderson belə deyir. Bəlkə, hər insan da öz nağılını yaradır, ona inanır, nağıl dünyasında yaşayır. Bəlkə də, elə hamımız nağıl qəhrəmanlarıyıq, böyük bir nağılın, inanmaq istədiyimiz nağılın...

# 160 dəfə oxunub

Müəllifin son yazıları

# # #