"Əxlaq - dualar, hədislər və şəriət qanunları demək deyil!" - Yeni dünyanın yeni əxlaqı necə olmalıdır?

"Əxlaq - dualar, hədislər və şəriət qanunları demək deyil!" - Yeni dünyanın yeni əxlaqı necə olmalıdır?
16 iyul 2025
# 12:00

Kulis.az "Tarixin kulisi" layihəsi çərçivəsində Yeni Türk Əlifba Komitəsinin sədr müavini, "Yeni Yol" qəzetinin baş redaktoru Teymur Hüseynovun 1924-cü ilin aprel və may aylarında “Qızıl tələbə” məcmuəsinin 2 və 3-cü nömrələrində çap olunan "Yeni dirilik – yeni əxlaq" məqaləsini təqdim edir.

Dirilik və dolanacaq həyatımızda yeni bir rəng və qayda aldıqda yeni əxlaq (moral) məsələsi də ortalığa çıqır. Bu məsələyə keçmişdə əski moralçılar artıq dərəcə əhəmiyyət verərdilər. Çünki bu məsələ xəyali olduğuna görə köhnə həyat tərəfdarları bir çoq alimlər, filosoflar, professorlar, ruhanilər və başqa maarifçilər bunu hər tərəfə çevirib-yoğurardılar. Öz siyasi və iqtisadi dövranlarına uyan əxlaqi qanunlar və fikirlər verərdilər. Hökumət və ictimai orqanlar cürbəcür vasitələrlə xalqı qaranlıqda və idealçı ruhunda saxlayıb eləcə bəslərdilər.

İnsanların keçmiş tarixi həyatlarının dövrlərini, bir sözlə, qul və qulluqçuluq dövrü adlandırmaq olar. Keçmişin hər bir dövründə insan cəmiyyəti sinifləri bir-birinin zəhmətindən istifadə edib dolanırdılar. Ona görə də əxlaq (moral) məsələsində camaat arasında qəbul olunan əxlaqi qanunlar həməvəqt rəngləri dəyişibsə də, fəqət əsası dəyişməmiş qalmışdır.

Əski həyatçıların (Bu məqalədə biz onlara belə deyəlim.) moralı Allahdandır; bu dünya üçün deyil, o dünya üçündür. Əxlaqlılıq iddiasını tələb edən ruhanilər olmuş. Buna ruh verən füqəra sinfinin zəhmət qüvvəsindən istifadə edən ağalar olubdur.

“Müsəlman kişi, müsəlman adam” bu vaxta qədər ən yaxşı əxlaq sahibi hesab olunubdur. Habelə xristian, yəhudi və başqa allahpərəst adamlar əxlaq cövhəri hesab olunublar.

İnsanın əxlaq və əqidəsi şəriətin möhkəm qıfılı altında idi. Şəriət də əski hökumətlərin və ağalıq edən siniflərin alət və vasitələri idi. Bundan məlumdur ki, onlar nə qədər öz təbəələrinin bu yolda tərbiyə və əxlaqlarına fikir verirdilər. Bu münasibətlə də əski məhkəmə qanunları buna uyğun yapılmışdı.

Əxlaq nə olduğunu dillə təyin etməyib (Baş sındırmağa dəyməz.), yalnız aşkarlıq üçün bir neçə timsal gətirəlim: torpaq bəylərin və mülkədarların ixtiyarında idi, hər kəs o yeri qəsb edirdisə, o, əxlaqsız bir iş görmüş olurdu, məhkəmə təriqiylə cəzalanırdı. Fəhlə öz dolanacağını artırmaq üçün tətil etmiş olsa və yainki açıq tələbdə bulunmuş olsaydı, həmən damğanı alırdı və həmən də cəza boynuna gəlirdi. Hər kəs qan tökmək istəməyib, padşahlar müharibəsindən qaçırdısa, ona “əxlaqsız”, “qeyrətsiz” deyərdilər, zorla müharibəyə göndərərdilər.

Bəs aşkar görünür ki, əski əxlaq keçmiş ağalar və hökumət idarəsinin böyük sütunlarından birisidir.

Əski əxlaqi qanunların mühüm tələblərindən birisi də böyüyə tabe olmaqdır. Bunu əhvali-ruhiyyəmiz ana südüylə bərabər uşaqlıqdan yeridirdilər. Həyatımızın hər cəhətində kor-koruna tabe olmaq hiss edilir. O da məktəbdə, müəssisə və idarədə, məclislərdə uşaq ata-anaya, şagird müəllimə, qulluqçu müdirinə, küçük böyüyə, arvad kişiyə tabedir. Bu cür hərəkət, əlbəttə, köhnəpərəstlik nöqteyi-nəzərindən əxlaqsızlıq deyildir.

Dirilik və dolanacaq dəyişildikcə əxlaqın anlaşılması da dəyişilir. Böylə olan surətdə əxlaq dəyişilməz bir şey deyildir. Əxlaqi qanunlar baqi deyildir. İnsan cəmiyyəti nə olduğu doğruca başa düşülürsə, biliniz ki, camaatın arasında olan iqtisadi münasibət təğəyyür tapdıqca fikirlər də ona görə dəyişilir, bunlarla bərabər əxlaq da dəyişilir.

İmdi yeni dirilik araya gəlir. Kommunizm cəmiyyətinin binası qoyulmuşdur: əski iqtisadi münasibət əsasən uçurulmuşdur. Yeni əsas qurulur, bununla belə də yeni kommunizm əxlaqı doğulur. Həmçinin yeni əxlaq gərək kommunizm cəmiyyətini tikməyə kömək etsin. Təlim-tərbiyə ilə cavanları gələcək cəmiyyəti tikməyə hazırlasın. Burda ictimai tərbiyənin artıq dərəcə vacib və mühüm olması və o tərbiyənin yeni kommunizm əxlaqına uyğun olması lazımdır.

Burjuaziya öylə fikir edir ki, kommunizmdə əxlaq məsələsinin yeri yoxdur; kommunizm əski əxlaqı yıqdı, yeni bir əxlaqi qanunlar yarada bilmir.

Əlbəttə, bunlar yanlış bir fikirdir. Bu fikir yeni dünyanın şəklinə əyri gözlə baqıb şeyləri tərsinə görməkdəndir. Kommunizm nəzəriyyəsincə, necə ki yuxarıda dedik, əxlaq Allahdan deyildir. Burjuaziya buna belə rəng verir və idealizm qarışdırır.

Əxlaq da başqa ideya kibi sinfidir. Kommunizm əxlaqı insaniyyətdən, məişətdən qıraq hesab etmir. Ona görə bizim əxlaqı anlamamız, həm də onun əhəmiyyəti proletariya sinfi və onun mübarizəsi mənafeyidir. Əxlaq proletar sinfinin mənafeyinə qulluq etmək deməkdir.

Məsələn: əski dünyanı yıqmaq, camaat arasında olan sui-istifadəni götürmək, mülkədarlıq və kapitalizmlə mübarizə aparmaq, fəhlə sinfinə və onunla bərabər arvadlara azadlıq qazanmaq – bunlar hamısı əxlaqi hərəkətlər və amallardır.

Xüsusi malikiyyət əxlaqsızlıqdır. Ona görə özünü kommunist hesab edənlərin gərək nə yeri, nə evi, nə fabrik-zavodu olmasın. Bu malikiyyət ümumi olmalıdır.

Hal-hazırda Şuralar məmləkətlərində əhalinin çoq yarısı xüsusi malikiyyətçi kəndlilərdən ibarətdir. Fəhlə sinfinin və xüsusən Kommunist firqəsinin kəndlilər istehsalatını mədəniləşdirmək və bununla belə ümumiləşdirmək əxlaqi borclarıdır. Odur ki, biz bir sözlə deyə bilərik: bizim əxlaqımız ümumiyyət üçün kommunizm üçündür və həmçinin həyatidir.

Yuxarıda dedik, köhnə cəmiyyət qullardan və ağalardan əmələ gəlir, ya da xırda xüsusi maliklərdən. Məsələn: xırda çinovnik, qulluqçu, intelligent və qeyriləri – bunlar hamısı özlərindən, öz məişətindən fikir edir: həkim, müəllim, mühəndis, qulluqçu öz yerlərindən bərk-bərk yapışıb, daha özgələrinin halından xəbərdar olmaq istəmirlər, onu özlərinə borc bilmirlər. Kommunizm nöqteyi-nəzərindən bu cür əhvali-ruhiyyə yaramaz. Yoldaş Lenin bunu nəzərə alıb deyir: “Belə əhvali-ruhiyyə ələlxüsus kommunistdə ola bilməz və heç də olmamalıdır”.

Yeni tərbiyənin məqsədi çocuqlarımızı və cavanlarımızı belə əhvali-ruhiyyədən qorumaqdır. Yeni əxlaqa müvafiq olmaq üçün cavanlarımız hər addımını, hər hərəkətini gərək yeni bir cəmiyyət düzəltmək yolunda inqilabi mübarizəyə bağlasın. Əski cəmiyyəti yıqmaq bu saat böyük əxlaqi fikir və hərəkətdir. Əxlaq imdilikdə insan cəmiyyəti içərisində gələcək sosializm məramına çatmaq üçün böyük alət və vasitədir.

Əxlaq cavanlara uzun-uzadıya (çoq vaxt ərəb və ya fars dilində) hədislərdən, dualardan, şəriət qanunlarından demək deyildir, cavanları yeni həyata yaqınlaşdırmaqdadır. Şirin, dadlı sözlər deməklə deyil, yalnız onların həyatını yeni axına salıb, hərəkətlərini yeni hərəkətlərlə – fəhlə hərəkətləriylə birləşdirməlidir. Çünki kommunizm əxlaqının əsası kommunizm cəmiyyətinin yeniləşdirilməsi, möhkəmlənməsi və tikilib-qurtarmasındadır. Ona görə biz gərək öz biliyimizi, gücümüzü, səyimizi ümumi el işinə sərf edək. Çünki həyatımızın məqsədi imdilikdə yeni ümumi el cəmiyyəti və həyatı tikməkdir.

Əski əlifbadan transliterasiya: Tural Əlizadə

# 287 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #