“Elçin və kino” kitabının təqdimatı oldu

“Elçin və kino”  kitabının təqdimatı oldu
8 oktyabr 2024
# 17:49

Oktyabrın 8-də X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Elçin və kino” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimat mərasimində Xalq yazıçısı Elçin Əfəndiyevin əsərləri əsasında çəkilmiş filmlərdən söhbət açılıb.

Qeyd edilib ki, “Elçin və kino” kitabında Xalq yazıçısının kino sahəsinə verdiyi töhfələr, onun ssenariləri əsasında çəkilmiş filmlər və bu ekran əsərlərinin Azərbaycanda və beynəlxalq arenada qazandığı uğurlar ətraflı şəkildə öz əksini tapıb. Kitabın baş redaktoru Nərgiz Cabbarlıdır.

Sonra çıxış edən Elçin Əfəndiyev bu kitabın onun yaradıcılıq yolunun əhəmiyyətli bir hissəsini təşkil etdiyini diqqətə çatdırıb. O, ssenari müəllifi kimi çalışdığı vaxtları xatırlayaraq, həmin illərin Azərbaycan kinosunun inkişafında mühüm mərhələlərdən biri olduğunu bildirib. Xalq yazıçısı kino sənətinin onun üçün xüsusi bir yaradıcı platforma olduğunu bildirib. Vurğulayıb ki, ədəbiyyatda təsvir etməyə çalışdığı insan həyatı və talelərinin kinoda vizual və daha təsirli formada əks etdirilməsi ona böyük zövq verir. O, həmçinin filmlərin yaranma prosesi, çəkilişlər və rejissorlarla əməkdaşlıq təcrübəsi barədə xatirələrini bölüşüb və kinonun ədəbiyyatla sıx əlaqəli bir sənət olduğunu deyib. Elçin Əfəndiyev kitabın oxuculara, xüsusən də gənc yaradıcı nəsillərə faydalı olacağına ümidvar olduğunu söyləyib.

Tədbirdə çıxış edənlər Xalq yazıçısı Elçinin çoxşaxəli yaradıcılığı, ədəbiyyat və kino sahələrindəki fəaliyyətindən danışaraq onun ssenari müəllifi olduğu filmlərin Azərbaycan kinosunun inkişafında oynadığı rolu vurğulayıblar. Xüsusi olaraq qeyd edilib ki, yazıçının kino üçün yazılmış əsərləri insan talelərinə, sosial problemlərə dərin nüfuz edən, həyatı əks etdirən təsirli nümunələrdir.

Sonda tədbir iştirakçıları kitabın Elçinin yaradıcılığı ilə tanışlıq, onun əsərlərinin təhlili və kino sənəti üçün önəmli olduğunu bildiriblər. Kitabın əhəmiyyəti və yazıçının kinoya verdiyi töhfələrin gələcək nəsillərə çatdırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Tədbirdə mədəniyyət və ədəbiyyat xadimləri, kinoşünaslar və sənətsevərlər iştirak ediblər.

# 737 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #