Kulis.az Şəhriyar Del Gerani ilə müsahibəni təqdim edir.
– "Gecəniz şeirə...” adlı kitabın çıxdı, çoxsaylı oxucuların diqqətini çəkdi, ardıcıl təqdimatlar keçirdin. Sualım budur ki, necə bilirsən, "Darıxmağın adı” kitabı ilə indiki şeir kitabın arasında hansı ciddi fərqlər var və sən şair kimi ötən 4-5 il ərzində hansı mərhələdənsə daha bir qata qalxdığını düşünürsənmi?
- "Darıxmağın adı” çox uğurlu oldu. Həmin vaxt oxucularım tərəfindən kitab gözləntiləri var idi deyə o nəşr çox təntənəli qarşılandı. Bir sirr bölüşüm təcrübədən: Kitab uğurlu olanda müəllifə ziyan vurur əslində, başlayırsan özünü yamsılamağa, şöhrət gətirən şeirlərini imitasiya eləməyə. Mən də o kitabdan sonra gördüm, bir yerdə ilişib qalmışam, necə deyərlər, özümü aşa bilmirəm. Amma son iki ildə yazdığım şeirləri yaradıcılığımda yeni mərhələ hesab edirəm: həm intonasiya, həm poeziya faktı baxımından. Artıq mənim üçün şeir anlayışı dəyişib. Hər iki kitab arasındakı fərq barədə onu da deyim ki, daha şeir kitabı çap etdirməyəcəm.
- Niyə bu qənaətə gəlmisən?
- Son kitabımda 33 yeni şeir var. Bir də o qədər şeir yazmağımdan ötrü ən azı 10 il ömür lazımdır. O vaxta qədər kim yaşaya, kim ölə. Doğrusu, bir də o qədər şeir yazacağıma gümanım gəlmir.
- Şeirdən ayrılmaq bu qədər asandı?
- Yox, yəni özüm şeir kitabı nəşr etdirməyəcəm, bunu qəsd edirəm. Kimsə istəsə, ordan-burdan çap etdirsə, özü bilər, razılaşarıq. Bu dəfə kitabımı Azərbaycan Dövlət Tərcümə Mərkəzi nəşr elədi, 1000 tirajla, sağ olsunlar. Ciddi dəstək idi. Deyim ki, tiraj artıq bitib. Təsəvvür edin, 1000 tirajlıq şeirlər kitabı cəmi 1 aya bitdi. Mən bir daha dəyirəm, Azərbaycanda nəşriyyat yoxdur, mətbəələr var. Ona görə mən öz kitablarımın satışını özüm təşkil eləməli oldum. Bu mənada, mən müasir dövrün Məhəmməd Hadisiyəm. O da özü satırdı şeirlərini əlyazma vərəqələrdə, mən də öz şeirlərimi kitab halında.
- Son kitabın çap olunandan sonra xeyli rayonlarda oldun, ədəbi görüşlər, imza günləri keçirildi. Oxucuların, auditoriyaların şeirinə adekvatlığı nə dərəcədə idi?
- Biri var məni saytlardan, qəzetlərdən, televiziyalardan çoxdan tanıyan oxucular - onlar məni əzbər bilir, mən səhnədə şeir oxuyanda yerdən paralel şeirlərimi deyirlər, dillərinin altında mızıldanırlar. Bir də var məni heç tanımayan, yaxud ad olaraq tanıyanlar. Hə, bu, başqa zövqdür. Səni heç tanımayan adamlarla şeirlə dialoqa girmək... Çox adekvatdır xalqımız. Ona görə deyirəm, belə görüşlərin, imza günlərinin keçirilməsi vacibdir. Sənə deyim, bu gün Azərbaycanda şeirə münasibət çox gözəldir. Şəxsən mən şeir oxucularının mənə münasibətindən razıyam.
- Kitabının adından danışaq. Xatırlayıram, istedadlı və dünya ədəbiyyatı ilə həmnəfəs dostlarımızla biz bu cür söz oyunlarını – "Gecəniz xeyrə”, ifadəsini "Gecəniz şeirə” çevirməklə – dost məclislərində ironiya edərdik və bu cür dırnaqarası tapıntılarla "facebook”u dağıdan sentimental orta yaşlı və gəncləri yeri düşəndə "dolayardıq”. Amma qəribədir ki, sən də söz oyununa getdin…
- Düzü, istədim kitabımın adı daha xəlqi olsun, anlaşılan olsun. Biz bəzən öz intellektual takıntılarımızla, komplekslərimizlə özümüzü xalqdan ayrı salırıq. Həm də, bu ad ikrah yaradan söz oyunu deyil axı. Mən "şeir"i "xeyir" kimi qavrayıram əslində, ol səbəb "Gecəniz xeyrə” ifadəsini həm də "Gecəniz şeirə...” kimi qəbul edirəm. Mənimcə, həyatda bir yaradıcı adam kimi, bir şair kimi adiliyin təntənəsini tapmaq lazımdır, anlaşılmaz olmaqdan daha almıram. Dünyada alilik deyə bir nəsnə yoxdur. Oxucuları da öz bilgilərinlə yormaq lazım deyil, hər fürsətdə sübut etməliyik ki, həqiqətdə biz də onlardan biriyik, adiyik, – eyniyik.
- Kitabın "Mənim ixlasım” şeiri ilə açılır. Həmin şeirin birinci bəndinin sonuncu misradan əvvəlki misrası belədir: "Yosunlar necə rəqs edər balıqların nəğməsinə?” Bu sualdan sonra yazırsan: "İhdinəs-siratəl-müstəqim”. Digər bəndlərdə də "Qurani-Kərim”dən alıntılar oxşardır. Sualım budur: Sanki mənaca bağlılıq yoxdur bu misralar arasında. Bəs "Qurani-Kərim”lə əlaqə hansı müstəvidədir və nə dərəcədə üzvüdür?
- Misal gətirdiyin misralardakı ayə "Fatihə" surəsindəndir. O şeirin misraları Quranla bənd-bənd bağlı deyillər, ümümi ruh, fikir, məntiq bucağından əlaqəlidirlər. Düzü, bununla mən yox, ədəbiyyatşünaslıq məşğul olmalıdır. Mənim işim şeir yazmaqdır bu müstəvidə. Onu deyim, Şərq ədəbiyyatında hər zaman Qurana çoxsaylı istinadlar olub, səmavi kitablara intertekstuallıq olub, dialoqlar olub. Sovet dövründə həmin ənənə zəiflədi, qırıldı, istəyirəm ki, mən də çağdaş dövrdə həmin ənənəni bacardığım qədər bərpa edim. Çağdaş Türkiyə poeziyasında məsələn, İsmət Özəlin, Sezai Karakoçun şeirlərində Qurana bu cür göndərmələr çoxdur. Sadəcə, bizdə yoxdur. Dəyərli alim, türkoloq Azər Turanın həmin şeirlərim barədə yazdığı məqalədə Türkiyə şeiri ilə mənim şeirimin arasındakı əlaqəni hər iki poeziyadakı ortaq nöqtə hesab etdiyini vurğulayıb, bu, çox doğru qənaətdir. Mən Türk dünyası poeziyasının ruhani mərkəzini yaratmaq istəyirəm əslində. Bizim poeziya çox möhtəşəmdir. Biz Türk dünyasının poeziya paytaxtı ola bilərik.
- "Darıxmağın adı”nda obraz kimi itlərdən bir neçə şeirdə yazmışdın, "Gecəniz şeirə...”də isə balıq obrazı daha çoxdur. Bu zooloji dəyişikliyin səbəbi nədir?
- Əla müşahidədir. Görünür, itlər daha çox səs-küylü olurlar, balıqlarsa, daha çox susqun. Bu həm də iki kitabı yazan şairlərin arasındakı fərqdir. Mən də hayqırtıdan susmaqlığa keçmişəm. Əvvəllər çox çılğın idim, darmadağın idim, indi isə öz intəhasız sükutuma dalmışam bir qədər.
- Klassik ədəbiyyatda "idi”, "isə”, "imiş” kimi hissəciklər ayrı yazılırdı. Sən də yenidən o intonasiyaya qayıtdın, "idi”, "isə”, "imiş”dən eyni ladda, amma bir az müasir təfəkkürə uyğun yararlandın. Səncə, bütün bunlar sənin poeziyana, onun intonasiyasına nələr qatdı?
- O hissəcikləri şeirdə mətnin intonasiyası özü yaradır. Bilirsiniz, mənim üçün intonasiya çox vacibdir. Şərtdir. Şeir dalğasının, ahənginin içində həmin hissəciklər ayrılırsa, mən də həmin hissəcikləri ayırıram. Mən əslində əruzu sərbəstləşdirirəm bir növ. Yaxud, hecalaşdırıram. Bu mənim öz nəğməmdir. O nəğmələr özləri təyin edir hər şeyi. Şeir İlahi faktdır, mən sadəcə vasitəçiyəm bu kontekstdə.
- Şeirlərini oxuyanda sözləri uzadırsan, şeir kitabındakı bəzi sözləri üç nöqtə ilə verməyindən anladım ki, oxucular da həmin sözləri uzadaraq oxusunlar – sənin kimi. Səncə, o şeirləri o cür oxunmayanda öz mənasından nə itirir?
- Bunu da dəqiq müşahidə etmisən. Sən gerçək bir ədəbiyyat ustasısan. Səninlə qürur duyuram! Şeirlərimin düzgün oxunmasını istəyirəm əlbəttə. O şeirləri mən düşündüyüm kimi oxumayanda həm mənasından, həm də intonasiyadan çox şey əksilir. Açığı bu fikirdəyəm ki, şeirin mənasını şair özü bilmir, şeir özü-özünü mənalandırır. Şeir öz mənasını özü diktə edir mətndə. Vaqif Bayatlı şeirlərini dəyişəndə bəzən aqressiya ilə yanaşmışıq ki, "Niyə bizim sevdiyimiz şeiri başqalaşdırırsan?" Biz əslində, oxucu kimi düz yanaşmışıq, amma şair kimi yox. Çünki o mətnlər özü başqalaşmaq istəyir. Bir daha deyirəm, mənə görə şeir İlahi faktdır. Şeir düşünən dildir. Dilin beyni şeirdir. Şair burada vasitəçidir, ona görə də gələcəkdə yazdıqlarımızın müəllifliyindən imtina etməliyik bəlkə də. Şeirin ən son müəllifi xalq olmalıdır – bayatılar, laylalar kimi.
- "Barı dost da ölmür yas saxlayasan”, yaxud "İlahi, heç bir balıq tilovuna yubanmasın” yazırsan. Bəd dualar yazmağa səni nə vadar edir?
- İlahi, bu sualın haçansa veriləcəyindən həmişə öz içimdə gizli-gizli qorxmuşam... (gülürük). Bilmirəm o qaramat, bəd misranı necə olub ki, yazmışam. Rəhmətlik Mövlud Mövlud ölməmişdən iki gün qabaq mənə facebook-da öz şeirimi yazmışdı ki, "Yerin dibinə aparır bu şaquli darıxmaq”. Onun intihar xəbərini alanda mənə qəribə gəldi ki, misranı mən yazdım, amma şeirin taleyini o yaşadı. İkinci Mahmud isə ölümündən üç gün əvvəl bu misranı facebook-da paylaşmışdı: "Barı dost da ölmür yas saxlayasan, hamı salamatdı, hamı yaxşıdı”. Onun da taleyi bəlli... Özümü qaramat adam hesab eləmirəm, həmişə həyata işıqlı baxmışam, heç zaman aqressiya saçmamışam, ironiyam daimi işləkdir, amma özümə də sirdir ki, görəsən şüuraltımda nə baş verib axı, mən o misraları yazmışam? Bilmirəm...
- Kitabının dizaynında bir məqam diqqətimi çəkdi: Səhifənin kənarında qayçı və məktub şəkli vurulub, sanki hər şeir bir məktubdu və hər oxucu onu kəsib kiməsə yollaya bilər…
- O mənim özümün yox, bir dostumun ideyası idi. Mənası bu ki, adı çəkilən kitabın ən böyük uğuru onda olacaq - onu adamlar vərəqlərə ayırıb, necə deyərlər, kitabı cırıq-cırıq edib bir-birinə məktub kimi göndərəcəklər...
- Kitabın son şeiri var: "Nəfs evində qul olanın tamahı daşdan keçər” misrası ilə başlayır. Sanki səni heca özünə çəkir, sərbəstlərin içindəki heca gedib-gəlmələri də bunu deyir... Doğrumu müşahidə etmişəm?
- Mənim sərbəst şeirlərimdə də bir ahəng var. O həmişə olub. Şeir mənə görə nəğmədir. Bəzən görürəm hansısa fikri hecada deyə bilməyəcəm, onda keçirəm öz sərbəstimə. Heç o da sərbəst deyil, mənim öz intonasiyamdır - elə bir nəhəng dalğa gəlir, görürsən o dalğanı aşa bilməyəcəksən, dalğa gələn anda batırsan suyun altına, dalğa üstündən keçir, sonra yenidən üzməyə davam edirsən. Sərbəst şeir isə nəsr hadisəsidir gerçəkdə. Qərb sərbəst şeiri elə hala saldı, elə adiləşdirdi ki, məlum sərbəst şeiri hamı yaza bilər artıq. Şeir isə heç vaxt tam mənada sərbəst ola bilməz. Sərbəst şeir sosial şəbəkə statuslatından başqa bir zad deyil. Şeir yaddaş hadisəsidir. Yaddaş da ritmik olur, harmonik olur, nəğməli olur, sərbəst olmur. Şeir yaddaşa hesablanan məsələdir. "Qurani-Kərim”in öz nəğməsi olmasaydı, onu əzbərləmək çətin olardı, bəlkə də mümkün olmazdı. O da olardı "Səfillər". Ona görə mən şeirlərimdə daha çox heca ritminə - ahəngə köklənmişəm. Hecada deyilən poetik fikirlər, məncə, həqiqətə daha yaxın olur. Mən nəsrə yox, nəzmə inanıram. Cümlələr yox, misralar həqiqətdir!
Söhbətləşdi: Fərid Hüseyn
/artkaspi.az/