"Belə əsərlər sifarişlə yazılmır" - Yazıçılar Mir Şahinə cavab verdi

"Belə əsərlər sifarişlə yazılmır" - Yazıçılar Mir Şahinə cavab verdi
12 aprel 2022
# 15:00

Kulis.az tanınmış yazıçıların Mirşahin Ağayevin "Qarabağ haqqında nə üçün əsərlər yazılmır?" çıxışına cavablarını təqdim edir.

Anar

Biz də çalışarıq ki, Lev Tolstoy səviyyəsində bir yazıçı yetişdirək, o da o səviyyədə əsər yazsın.

Elçin

44 günlük müharibədən sonra, zəfərimizlə əlaqədar, bəlkə də, 10-larla, 100-lərlə əsərlər yazılıb, publisistika, nəsr və nəzm nümunələri yaradılıb. Amma bu da həqiqətdir ki, çap olunan əsərlərin hamısı monumental və bədii keyfiyyətləri yüksək əsərlər deyil.

Ədəbiyyat nədir? Ədəbiyyat öz mənsub olduğu xalqını ifadə edir. 44 günlük Vətən müharibəsi, Azərbaycan xalqının taleyi və tarixi kontekstində elə geniş, elə böyük miqyasa sahibdir ki, mütləq böyük fundamental əsərlər də yazılacaq.

Şübhəsiz, həmin qələbənin miqyasına layiq olan, onu bədii cəhətdə ifadə edən əsərlər yazılacaq.

Amma həmin əsərlərin yazılmasında, istedadla, zəhmətkeşliklə, vətəndaşlıq hissi ilə bərabər həm də zaman lazımdır.

Hər dəfə söhbət düşdükdə “Hərb və sülhü” yada salırlar. Halbuki Tolstoya istedadı ilə, zəhmətkeşliyi ilə bərabər, həm də vaxt lazım idi ki, Tolstoy bunu öz təxəyyülündən keçirsin, bədii yaradacılığının predmetinə çevirsin.

Mən əminəm ki, bu cür böyük əsərlər yazılacaq, çünki bunsuz mümkün deyil. Nə qədər ki, Azərbaycan xalqı yaşayır, bu qələbə də onunla birlikdə olacaq. Onunla birlikdə olacaqsa, onun yazıçılarının da, qələm adamlarının da içində də olacaq, elə içi mən qarışıq.

Şübhəsiz ki, əsərlər yazmağa başlanılıb, bir çoxlarının masasında da bu əsərlərin başlanğıc nümunələri vardı. Amma buna vaxt lazımdır.

Seyran Səxavət

Mən Mirşahinin yazıçı və rejissorlarla bağlı çıxışına baxdım və heç bunu ondan gözləmirdim. Ümumiyyətlə, Mirşahinə demək istəyirəm ki, sən də məlumsan, biz də məlumuq. Jurnalistika da məlumdur, yazıçılıq da məlumdur. Sən nə ortada atlanıb düşürsən? Sən kimsən ki, yazıçıları ittiham edirsən? Bu bəyəm plandı, kolxozdu? Məndən olsa, Mirşahin öz işiylə məşğul olsun.

Yazıçıların da heç kəsin qarşısında belə bir borcu yoxdur. Bilmirəm o, nə məqsədlə belə qızışıb ağzı köpüklənə-köpüklənə danışır. Lev Tolstoyun vaxtında onun öz Mirşahini yox idi ona desin ki, Lyoşa, yəni Lev, əsər yaz! Belə bir şey var ki, deyir valideynləri seçmirlər, bir də görürsən ki, valideynin nazirdi, traktoristdir, hesabdardır. Bir də belə şeylər sifarişlə yaranmır, sən kimsən ki, sifariş verirsən? Sən yazıçıya sifariş verə bilərsən? Yazıçıya sifarişi ancaq Allah verə bilər.

İşi-gücü qurtarıb, niyə gedib öz işiylə məşğul olmur? Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, M.F.Axundov, M.Ə.Sabir, B.Vahabzadə bunlar bəyəm Mirşahinin sifarişiylə yazıblar? O, kimdir ki, mənə dərs verir, getsin öz işiylə məşğul olsun. Onun yazılan əsərlərdən xəbəri yoxdur, oxumur. Qarabağ haqqında kifayət qədər əsərlər yazılıb. Elə müharibə bitən kimi əsər yazılmalıdır, yox. Kim bunu deyirsə, aşağıdan-yuxarı başının razmerindən böyük səhv edir, Mirşahin kimi.

Hüseynbala Mirələmov

Mən qələbəmizdən əsər yazmışam. Adı “Lələtəpə səltənəti” adlanır. Yaxın günlərdə Kulis.az saytında çap olunacaq.

Aqil Abbas

Qələbəmizlə bağlı yazılar yazılır, amma Mirşahinin də dediyi kimi, ciddi yazılar deyil”. Vətən müharibəsi ilə bağlı elə bir ciddi roman, əsər yazılmayıb. Düzdür, məqalələr, publisistik yazılar var, amma onun dediyi ədəbiyyat nümunələri hələ ortada yoxdur. Ssenari yazılmayıb, film çəkilməyib. Hətta ssenari yazılıbsa da, film çəkilməyib. Dediklərində həqiqət var. Amma düşünürəm ki, yazılacaq. Hələ qələbənin eyforiyasındayıq. Yəqin ki, yazılacaq. Qələbəmizlə bağlı ssenari yazmışam, təqdim edəcəyəm.

Rəşad Məcid

Qələbəmizlə bağlı əsərlərin yazılmadığını söyləmək düzgün deyil. Yazıçılarımız, Qələbəmizə biganə qalmayıb, xeyli sanballı əsərlər yazıblar. Zəfərlə bağlı təkcə Yazıçılar Birliyinin təşəbbüsü ilə bir neçə kitab nəşr olunub.

Qələbəmizdən bir neçə ay sonra Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın təşəbbüsü ilə “Qarabağ Dastanı 30 ilin həsrəti 44 günün zəfəri” adlı sanballı bir kitab nəşr olunub. Orada işğaldan azad olunmuş rayonlarımızdan olan yazıçılarımız, xalq yazıçısı Elçin Əfəndiyev, Ramiz Rövşən, Seyran Səxavət, Aqil Abbas, bu kimi dəyərli yazarların təəssüratları, xatirələri dərc olunub.

Eyni zamanda Qarabağla bağlı həm işğal illərində, həm Zəfərdən əvvəl, həm də Zəfər vaxtı yazılan əsərlər yer alıb. Bundan əlavə, Yazıçılar Birliyi yenə “Bütün Yollar Şuşaya” adlı kitab çap etdirib”.

Azərbaycanda demək olar ki, hər bir şair Qarabağdakı Zəfərimizlə bağlı mövzuya müraciət edib. Bu günlərdə Yazıçılar Birliyində şair Ramiz Qusarçaylının “Vətən” poemasının təqdimatı olub. Bu, Azərbaycanın tarixi və Zəfərimizlə bağlı çox gözəl böyük poetik ruhlu, bədii səviyyəsi yüksək olan bir əsərdir. Tədbirdə çıxış edərkən bildirdim ki, Qələbəmizə layiq bədii əsərdir. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması da yüksək bədii keyfiyyətilə seçilən poeziya nümunəsidir. Səyyad Aranın, Yunus Oğuzun, Elçin Hüseynbəylinin zəfərimizə həsr olunmuş nəsr əsərlərini də xüsusi qeyd etmək istəyirəm. “Qarabağ Dastan”ı kitabını Qələbəmizə yazıçıların layiqli töhfəsi adlandırmışam.

Yazıçılar Birliyində bizim Vətən Müharibəsi qəhrəmanları ilə görüşlər keçirilib. Tez-tez tədbirlərdə, kitab təqdimatlarında qazilərimizi, şəhidlərimizi, Vətən Müharibəsi qəhrəmanlarımızı yad edirik. Bu mənada heç bir yazarın bizim Qələbəmizə biganə qaldığını söyləmək olmaz. Sadəcə, ədəbiyyatın əvvəlki kimi ictimai rəyə təsir etmək imkanları yoxdur.

İndi yeni texnologiyalar, yeni audiovizual materiallar ortaya çıxıb. Bu mənada xaotik və çoxlu məlumatların içərisində bədii dəyəri olan əsərlərin görünməməsi, itib-batması bəlkə də təbiidir”. Bu mövzuda bədii filmlər niyə çəkilməməsi isə başqa məsələdir. Bədii əsərlərdə, seriallarda Qarabağdakı Zəfərimizlə bağlı az məlumatların olması barədə bəlkə də razılaşmaq olar. Eyni zamanda, opera yaranması da qısa müddətin işi deyil.

Sədr müavini televiziyaların bu işdəki fəaliyyətinə də toxunub: “Qınayıram ki, bizim televiziyalarımızda bu cür əsərlərin təbliğinə yer az verirlər. Məsələn, Şuşa ilə bağlı mənim sözlərimə əməkdar artist Xumar Qədimovanın bəstələdiyi mahnı çox coşqun, cəngavərlik, vətənpərvərlik mahnıdır. Bu, Şuşa İlinə də ən sanballı hədiyyələrdən biridir. Amma təəssüf ki, bizim televiziyalarımız, radiolarımız bu cür vətənpərvərlik əsərlərinə geniş yer vermirlər. Bu gün yenə biz yazıçıların nəfəsi birinci növbədə Qarabağla, böyük Zəfərimizlə döyünür. Arzu edirəm ki, irad tutanlar da, yazıçıların əsərləri ilə maraqlansınlar”.

Elçin Hüseynbəyli

Elçin Hüseynbəyli - 60

Mirşahin Ağayevin o fikirlərinə yalnız təəssüflənmək olar. Mirşahin və onun kimiləri elə fikirləşirlər ki, nəinki Qarabağ, istənilən mövzuda ən gözəl əsərləri onlar yarada bilər. Maləsəf, bunu bacarmırlar. Hikkələri və mürtəce eqoları buna imkan vermir. Qarabağ savaşı barədə illərdir ki, incəsənətin müxtəlif janrlarında maraqlı əsərlər yaranıb və yaranacaq. Sadəcə bunu görmək istəmirlər. Ona görə də dəyərli ədəbi nümunələrimizi oxumurlar. Möhtəşəm qələbəmiz barədə yazılır və daha maraqlı və dəyərli əsərlər yaranacaq. Mən də o fikirdəyəm ki, buna zaman lazımdır. Çaparaq əsərlər konyukturaya və kampaniyaçılığa xidmət edir. Əsl sənət əsərinin yaranması üçün zamana və uzunmüddətli düşüncəyə ehtiyac var. Bunu dərk eləmək özünü peşəkar sayan jurnalist üçün elə də çətin olmamalıdır.

Cəlil Cavanşir

Ümumiyyətlə, sənət, ədəbiyyat sifarişlə yaranmır. Bunu bir vaxtlar Mirşahin də yaxşı bilirdi, indi unutsa da. Yazıçıya, şairə, bəstəkara, rejissora, ssenaristə ittiham tonunda “Niyə qələbəni vəsf etmirsən?” sualını vermək yüngül desək cahillikdir. Təbii ki, Vətən müharibəsi ərəfəsində, ondan sonra da bədii əsərlər yaranıb. Şəxsən mən müharibə dönəmində bir neçə şeir, müharibədən sonra da bir neçə esse, bir hekayə yazmışam. Hətta yazdığım esselərdən biri Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin əsas mükafatını alıb. “Müharibə rapsodiyası” adlı hekayəm dərgilərdə, qəzetlərdə saytlarda yayımlanıb, “TEAS Press” nəşriyyatında “44 fəsil. Payızda gələn bahar hekayələri” almanaxına daxil edilib.

Müharibədən bir müddət sonra Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizlə bağlı çəkilən “Vətən dastanı” adlı sənədli filmin ssenari müəllifiyəm. Bütün bunları ona görə qeyd edirəm ki, yazar olaraq heç nədən yaxamızı kənara çəkmirik, əgər yazmaq mümkündürsə, ehtiyac varsa, hadisələr bizi həyəcanlandırırsa, yazırıq.

Yəni yazmaq bizim işimizdir, Mirşahin bəy buna görə narahat olmasa yaxşı olar. Mənə elə gəlir ki, qələbə mövzulu kifayət qədər şeirlər, hekayələr, romanlar, povestlər yazılıb. Musiqilər də bəstələnəcək, filmlər də çəkiləcək.

İnanıram ki, gələcək nəsillər müharibənin ağrı-acısını bu əsərlər sayəsində daha dərindən dərk edə biləcək. Böyük qələbəni dünyaya təqdim etməyə gəldikdə isə bunun üçün ciddi maliyyə dəstəyi olmalıdır ki, yazılan əsərlər tərcümə edilib, nəşr edilsin. Bütün bunlar isə dövlətin siyasətinə uyğun həyata keçirilməlidir. Mirşahin bəyin bütün bunları bildiyinə şübhə etmirəm.

Mirşahin dildən-dilə dolaşan, hamının əzbəri olan mahnılar, şeirlər, əsərlər istəyir. Ancaq unudur ki, zaman başqadır. Ciddi əsərlər nədən bəhs edirsə, etsin populyarlaşmağı çətin prosesdir. İndi yazıçılardan, şairlərdən eybəcər tonda bunu tələb etmək sənətdən, müasir gedişatdan xəbərsizlikdir.

Mirşahin deyir: “Bəs hanı bizim “Den pobedi”miz?! Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?!” Deyəsən, ulduzu sönmüş keçmiş kumirim “День Победы(Zəfər günü)” mahnısının Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsindən 30 il sonra yazıldığından xəbərsizdir. Bəli, bəli. “День Победы” mahnısı Böyük Vətən Müharibəsində qələbənin 30 illik yubileyi münasibəti ilə təşkil edilən müsabiqə üçün yazılıb və müsabiqənin əsas mükafatın “Zəfər günü” mahnısının sözlərini yazan Vladimir Xaritonov, bəstəkarı David Tuxmanov alıb. Bəli, “Zəfər günü” kimi populyar, keçmiş SSRİ-nin hər yerində dinlənilən mahnın yazılması üçün 30 il lazım olub. Ən azından yaradıcı insanlar müharibə travmalarından qurtulub, qələbəni mənimsəyib, özünküləşdirə bilib. Tələm-tələsik “niyə qələbədən yazmırsan?” və ya “yazdığın niyə populyarlaşmır, kütləviləşmir?” – deyib yaradıcı insanların yaxasından yapışmaq, onları danlamaq, məzəmmət etmək sənətdən bixəbərlikdir.

# 6254 dəfə oxunub

Müəllifin son yazıları

# # #