Azərbaycan Animasiya Filmləri Festivalında təmsil olundu

Azərbaycan Animasiya Filmləri Festivalında təmsil olundu
20 iyun 2024
# 13:03

Fransanın Ansi şəhərində Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı keçirilib.

Kulis.az xəbər verir ki, ölkəmizi festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və Şahin Əliyev təmsil ediblər.

Bu il dünyanın ən böyük animasiya festivalına 17000-dən çox tamaşaçı və qonaq qatılıb. Festival qaliblərinin adı festivalın rəsmi saytında – www.annecyfestival.com yerləşdirilib.

Festivalın MIFA marketində Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə təmsil olunub. Stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasiya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim edilib. “Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasında idi.

Qeyd edək ki, ATA və TÜRKSOY-un müştərək stendi layihəsi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilib.

Annecy festivalında, həmçinin, animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edib. Onun festivalda iştirakı 6-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.

Qeyd edək ki, növbəti Annecy Beynəlxalq Animasiya Filmləri Festivalı 2025-ci ilin iyunun 8-dən 14-dək keçiriləcək.

# 570 dəfə oxunub

Müəllifin son yazıları

# # #