Anonim imza ilə yazan, evdə pivə və bal şərabı hazırlayan, ailə qurmayan qadın yazıçı...

Anonim imza ilə yazan,  evdə pivə və bal şərabı hazırlayan, ailə qurmayan qadın yazıçı...
18 iyul 2025
# 11:10

18 iyul tanınmış ingilis yazıçı Ceyn Ostinin anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı haqqında maraqlı faktları təqdim edir

İngilis ədəbiyyatının görkəmlıi ədiblərindən olan Ceyn Ostin cəmi altı roman yazsa da, dünya ədəbiyyatında iz qoymağı bacarıb.
“Qürur və Qərəz”, “Eşq və məntiq”, “Emma” kimi əsərlərində yer alan güclü qadın obrazları bu gün də öz aktuallığını qoruyur və oxucular tərəfindən böyük maraqla qarşılanır.

Ceyn Ostin 1775-ci ildə İngiltərənin Steventon kəndində, keşiş Corc Ostin və Kassandra Ostinin ailəsində dünyaya gəlib. Səkkiz uşaqdan ikincisi idi. Atasının zəngin kitabxanası onun ədəbiyyata marağını erkən yaşlardan formalaşdırmışdı. Corc Ostin qızlarının yaxşı təhsil alması üçün onları internat tipli məktəbə göndərmiş və Ceynə yazı yazmaq üçün lazım olan ləvazimatları da təmin etmişdi.

1797-ci ildə o, sonradan “Qürur və Qərəz” kimi tanınacaq “First İmpressions” əsərini yazanda atası bu romanı böyük fəxrlə tanınmış nəşriyyatçı Tomas Kadellə göndərmiş, lakin əsər heç oxunmadan rədd edilmişdi.

Ceyn Ostin uzun müddət anonim yazmağa üstünlük verib. İlk romanı “Eşq və məntiq”i “A Lady” (Bir Xanım) imzası ilə nəşr olunub.
Sonrakı əsərləri isə “Eşq və məntiq”in müəllifi tərəfindən” kimi təqdim olunurdu. O dövrdə qadın yazıçıların cəmiyyət tərəfindən ciddi qəbul edilməməsi və yazıçılığın kişi peşəsi sayılması buna səbəb idi.

Hətta yazı masasının üzərində işlərini gizlədər, ona sual verilməsin deyə yazılarını örtərdi.
Ostin, əsərlərində romantik münasibətlərə inam aşılayırdı, lakin özü heç vaxt ailə qurmayıb. 1802-ci ildə uşaq yaşlarından tanıdığı Harris Biq Viter onunla evlənmək istədi, Ceyn əvvəlcə razılaşsa da, sonradan bu fikrindən daşındı. 27 yaşında idi və nəşr olunmuş heç bir əsəri yox idi. Lakin sevgisiz evliliyin mənasız olduğuna inandığı üçün bu evlilikdən imtina etdi. Sonradan yaxin qohumuna yazdığı məktubda belə demişdi: “Sevgisiz bir evlilikdən başqa hər şeyə üstünlük vermək və dözmək olar.”

Ədəbiyyata olan marağına baxmayaraq, Ceyn Ostin yazıçılıq fəaliyyətində uzun fasilə vermək məcburiyyətində qaldı.
1801-ci ildə ailəsi ilə Bath şəhərinə köçdükdən sonra, 1805-ci ildə atasını itirdi və maddi çətinliklər, davamlı köçlər onun yaradıcılığına mane oldu. Yalnız qardaşı Edvardın evinə köçdükdən sonra yazı fəaliyyətini davam etdirə bildi.

Əvvəllər olduqca məhsuldar olan Ostin bu illərdə demək olar ki, heç nə yaza bilmədi. Yazılı sənədlərinin əksəriyyəti isə bacısı Kassandra tərəfindən məhv edilib, çünki həmin qeydlərdə cəmiyyətə uyğun olmayan fikirlərin olduğu düşünülürdü.

O dövrün qadınları kimi Ceyn də evdə pivə hazırlamaqda mahir idi. Ən çox hazırladığı içkilərdən biri şirin dadlı ladin pivəsi idi. Bal şərabı da hazırlayırdı və bir məktubunda bacısına belə yazmışdı: “Bu il bal yoxdur, bu, bizim üçün pis xəbərdir. Mövcud bal şərabımızı qənaətlə istifadə etməliyik. İyirmi qallonumuzun tükənmək üzrə olduğunu görmək məni kədərləndirir.”

Ceyn Ostin həm də çox oxuyardı. Aleksandr Pop və Samuel Consonun esselərinə valeh idi. Fransız romantikaları və qotik romanlar da maraq dairəsinə daxil idi.

Onun “Qürur və Qərəz” romanının adı isə başqa bir qadın yazıçı — Frensis Berninin “Sicilia” romanından ilhamla seçilmişdi. Həmin əsərin son cümlələrində “qürur və qərəz” ifadəsi üç dəfə böyük hərflərlə yazılmışdı.

Ceyn Ostin 1817-ci ildə, yalnız dörd romanının nəşr olunduğunu görərək, cəmi 41 yaşında vəfat edib.
Həkimlər onun xəstəlik simptomlarının Addison xəstəliyi və ya limfa xərçəngi olduğunu düşünsələr də, son illər yeni bir nəzəriyyə də irəli sürülüb. Britaniya Kitabxanasının 2017-ci ildə yayımladığı məlumatlara görə, Ostinin arsenlə zəhərlənməsi də mümkündür. Bu fikir onun göz xəstəlikləri və dərisindəki dəyişikliklərə əsaslanır. Lakin bu nəzəriyyəni qəbul etməyənlər sübutların kifayət etmədiyini bildirirlər.

Maraqlısı odur ki, Ostinin adı dəfələrlə məhkəmə qərarlarında çəkilib. Hüquqşünaslar onun yazılarını xüsusilə insan münasibətləri və sosial təbəqələşmə ilə bağlı məsələləri izah etmək üçün sitat gətirirdilər.

Ceyn Ostin yazdığı azsaylı əsərlərlə geniş analizlərə, müxtəlif şərhlərə və təkrar oxunuşlara yol açan bu yazıçı, XIX əsrdən bu günə qədər qadınların cəmiyyətdəki yeri ilə bağlı güclü mesajlar verməyi bacarmış qələm sahiblərindən biridir.

# 181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #